İt gənəsi

İt gənəsi lat. Ixodes ricinus gənələrin parazit qrupuna aid olub, bilavasitə qan sormaqla qidalanır.

İt gənəsi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
???:
İt gənəsi
Beynəlxalq elmi adı

Qısa təsviri[redaktə | mənbəni redaktə et]

Parazit həyatla əlaqədar olaraq bədənin bütün hissələri tamamilə birləşmiş, bel-qarın istiqamətdə yastılaşmış, oval formaya malikdir. Xeliserpedipalp birləşərək xortuma çevrilmişdir. Bədənin ön hissəsinin qarın tərəfində dörd cüt ayaq yerləşir. Ayaqlar arasında, bədənin orta hissəsində cinsiyyət dəliyi vardır. Arxa hissəyə yaxın yerdə isə anal dəliyi yerləşir. İt gənəsində cinsi dimorfizm çox aydın görünür. Bədənin yan tərəfində tənəffüs dəliyi - stiqma yerləşir. Dişi fərd qan sormamış 4 mm, qan sorduqdan sonra isə 10–12 mm olur. Erkək fərdin uzunluğu 2,5 mm-ə çatır. Xortumun əsasından hipostom başlayır, yan tərəflərində çənə ayaqların şəkildəyişmiş forması olan dördbuğumlu palplar yerləşir. Xortumun əsasının daxili tərəfində hipostomun üzərində xeliserin qın yerləşir.

Sinir sistemi[redaktə | mənbəni redaktə et]

Udlaq ətrafında sıx yerləşmiş sinir düyünlərindən ibarət sinir halqası və qarın sinir zəncirindən ibarətdir.

Hiss orqanları[redaktə | mənbəni redaktə et]

Əsasən qoxu və toxunma hissiyyatı inkişaf etmişdir. İt gənəsində göz yoxdur. Qoxu orqanı ön ətraflarının ucunda yerləşmiş çuxurcuq olub, dibində nazik divarlı çıxıntılar yerləşir və xüsusi sinir hüceyrələri ilə sinir tənzimi alır.

Həzm sistemi[redaktə | mənbəni redaktə et]

Ağız dəliyi hipostomun arasında, xeliserin altında yerləşir. Ağız sıx kutikula ilə örtülüb, qan sormaq üçün əzələli udlağa açılır. Udlağa gənənin sancdığı yeri keyləşdirən böyük vəzilər də açılır. Udlaq nazik qida borusuna, o isə orta bağırsağa keçir. Sorulmuş artıq qanı yerləşdirmək üçün orta bağırsağın 6 cüt axarı olmayan çıxıntısı vardır. Dişi fərd bir dəfəyə 400 mq-a qədər qan sora bilir və özünün kütləsini 300-400 dəfə artırır. Orta bağırsaq və Malpigi boruları rektal qovuqcuğa, o isə qısa arxa bağırsağa keçir. Arxa bağırsaq anal dəliyinə açılır.

Tənəffüs və qan-damar sistemi[redaktə | mənbəni redaktə et]

Tənəffüs orqanı bədənin yan tərəfində yerləşmiş traxeya borularından ibarətdir. Traxeya iki istiqamətdə topaşəkilli şaxələnərək daxili orqanları əhatə edir. Qan-damar sistemi açıq olub, zəif inkişaf etmişdir. Bel tərəfdə yerləşən ovalşəkilli ürək bir cüt dəliyə malikdir. Ürəkdən önə doğru yönələn aorta, sinir düyünü ətrafında genişlənir. Qan bədən boşluğuna açılır. Oksigenlə zənginləşən qan bədən boşluğundan ürəyin bir cüt dəliyi vasitəsilə ürəyə daxil olur.

İfrazat sistemi[redaktə | mənbəni redaktə et]

Uzun Malpigi borularından ibarət olub, axarları rektal qovuqcuğa açılır. İfrazat məhsulları bağırsaqla xaric edilir.

Cinsiyyət sistemi[redaktə | mənbəni redaktə et]

Dişidə tək yumurtalıqdan, yumurta borusundan, tək balalıqdan və balalıq yolundan ibarətdir. Cinsi yetişkənlik dövründə yumurtalar yetişdiyindən onların həcmi qismən böyüyür və bununla əlaqədar yumurtalığın həcmi də böyüyür. Yumurtalar tək balalığa və oradan da balalıq yolu vasitəsliə cinsiyyət dəliyinə gətirilir. Erkəkdə cinsiyyət orqanları bədənin uzununa yerləşmiş cüt toxumluqdan, onlardan çıxan toxumçıxarıcı borulardan və toxumfırladıcı borudan ibarətdir. Bu boruya dörd əlavə vəzi və toxum kisəsi açılır. Əlavə vəzilərin ifraz etdiyi maye spermatoforun əmələ gəlməsində iştirak edir. Mayalanma zamanı erkək öz spermatoforunu dişinin cinsiyyət yoluna daxil edir.

Biologiyası və inkişafı[redaktə | mənbəni redaktə et]

Dişi gənə müxtəlif heyvanlarının, xüsusən itin qanını sorub yerə düşür, qanı həzm etdikdən sonra torpağa çoxlu miqdarda yumurta qoyur. Bu yumurtalar vəzili orqanlarını ifraz etdiyi yapışqanlı maddə ilə əhatə olunur. Dişi fərd bütün ontogenezində bir dəfə yumurta qoyur. Yumurtaların miqdarı bir neçə min olur. Yumurtadan çıxan sürfədə dördüncü cüt ətraf, tənəffüs stiqması və cinsiyyət dəliyi olmur. Bu sürfə qabıq dəyişərək dörd cüt ətrafa və stiqmaya malik olan, amma cinsiyyət dəliyi olmayan nimfaya çevrilir. Nimfa qabıq dəyişərək yetkin gənəyə çevrilir. Hər qabıqdəyişmə prosesi zamanı sürfə müxtəlif sahib orqanizmlərdən (gəmiricilərdən, quşlardan, kərtənkələdən) qan sormalıdır. İt gənəsi tulyaremiya və Şotlandiya ensefalitinin keçiricisidir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı - 2008, 839 səh.

  1. Guglielmone A. A., Robbins R. G., Apanaskevich D. A., Petney T. N., Estrada-Peña A., Horak I. G., (not translated to en), Barker S. C. The Argasidae, Ixodidae and Nuttalliellidae (Acari: Ixodida) of the world: a list of valid species names (ing.). // Zootaxa / Z. Zhang Magnolia Press, 2010. Vol. 2528, Iss. 1. P. 1–28. ISSN 1175-5334; 1175-5326 doi:10.11646/ZOOTAXA.2528.1.1