Arachnida

Hörümçəkkimilər (lat. Arachnida) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. 70000 (70 min)-dən artıq növü vardır. Müxtəlif şəraitdə yaşamağa uyğunlaşdığından geniş yayılmışdır. Hörümçəkkimilərə meşələrdə, bağlarda, tarlalarda, həyətlərdə, evlərdə və müxtəlif yerlərdə rast gəlinir. Hörümçəklər tor qura bilmələri, əqrəblər qarıncıq buğumlarının çox olması və son buğumunda zəhər vəzisinin yerləşməsi, qısqacların çox güclü inkişaf etməsi, diri bala doğması ilə seçilir. Əqrəblər əsasən isti yerlərdə çox olurlar. Bövlərin zəhər vəziləri olmur. Onlar kənd təsərrüfatı zərərvericilərini məhv etdikləri üçün faydalı hesab olunur. Gənələr hörümçəkkimilərin zərərverici nümayəndəsidir. Bunlar bitkilərdə, heyvanlarda, insanlarda parazit həyat tərzi keçirirlər, digər qrupu isə xəstəlik keçiriciləridir. Torpaq gənələri, anbar gənələri, tor gənələri, qoturluq gənələri kimi növləri var. Otlaq gənəsi ensefalit xəstəliyini, qoturluq gənəsi qoturluq xəstəliyinin törədicilərini insanlar və heyvanlara keçirir. Habelə onlar bruselyoz, taun, spiroxetoz xəstəliklərinin törədicilərini insanlar və heyvanlar arasında yayır.

Hörümçəkkimilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Sinif:
Hörümçəkkimilər
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Hörümçəkkimilərin əksəriyyətinin bədəni baş-döş və qarıncıq hissədən ibarətdir. Baş-döş şöbədə bığcıqlar yoxdur, gözlər sadədir. Birinci cüt ətraflar baş-döş şöbədə ağızdan öndə yerləşmişdir. Bunlar xeliserlər olub, qısadır və iki buğumdan ibarətdir. Bəzi formaların xeliserində qısqac vardır. Baş-döş hissənin ikinci orqanı pedipalpdır. Pedipalpların üzəri tükcüklərlə örtülmüşdür, uc hissəsində tək caynağı vardır və ilk baxışda ayağa oxşayır. Onlar hərəkətə xidmət edir, qidanın tutulmasına xidmət edən iri qısqaclara da çevrilə bilir.

Hörümçəkkimilərin müxtəlif dəstələrinin təkamülü qarıncıq buğumlarının sayının azalması istiqamətində getmişdir. Bu dəstələrin nümayəndələrində xeliserlər və pedipalplar dəyişikliyə daha çox uğramış, dörd cüt ayaqlar isə dəyişikliyə daha az məruz qalmışlar.

Əqrəblərdə, yalançı əqrəblərdə və otbiçənlərdə xeliserlər qısqacla nəhayətlənir. Qısqaclar üst çənələrin funksiyasını yerinə yetirir, həmçinin qidanın tutulmasında da iştirak edir. Bövlərdə xeliserlər daha iri qısqaclara çevrilmişdir ki, onun vasitəsilə nəinki qida tutulur, eyni zamanda, şikar məhv edilir. Hörümçəklərdə isə xeliserlər caynaq şəklində olub, iki buğumdan ibarətdir. Əsas buğumu silindrşəkillidir, nisbətən iridir və iç tərəfində şırım vardır. Xeliserin daxili hissəsində hörümçək zəhərini xaric edən zəhər vardır. Bu kanal ikinci buğumun uc hissəsində xaricə açılır. Zəhər ifraz edən vəzilər nisbətən iridir və xeliserin əsasında yerləşmişdir. Vəzilər əzələlərlə təchiz olunmuşdur. Bu əzələlər yığıldıqda zəhər kanala, oradan isə şikarının bədəninə daxil olur.

Pedipalplar isə bövlərdə hərəkət ətraflarından çox az fərqlənirlər, əqrəblərin və yalançı əqrəblərin padipalplarının qurtaracağında iri qısqac vardır. Pedipalplar qidanın tutulmasında iştirak edir. Hörümçəklərdə pedipalpların uc hissəsində tək caynaq vardır və ilk baxışda ayağa oxşayır. Dişi hörümçəkdə pedipalplar çənə funksiyasını yerinə yetirir, qidanın çeynənməsində rol oynayır. Hərəkət ətrafları çanaq, burma, bud, baldır və pəncədən ibarətdir. Pəncə adətən caynaqla nəhayətlənir. Bütün hörümçəkkimilərdə qarıncıq ətrafları yoxdur. Bədəndə olan bəzi üzvlər isə ətrafların şəkildəyişməsindən əmələ gəlmişdir. Hörümçəkdə olan ağciyər, tor ziyili belə üzvlərdəndir. Hörümçəkkimilərin bədəni xitinli kutikula qatı ilə örtülüdür. Kutikulanın altında hipoderma və bazal membranı yerləşmişdir. Növlərin müxtəlifliyindən asılı olaraq bəzi növlərdə hipodermada zəhər, iy, tor və s. kimi vəzilər vardır. Zəhər vəziləri əsasən əqrəblərdə, hörümçəkdə, bəzi yalançı əqrəb və yalançı gənələrdə inkişaf etmişdir. Əqrəblərdə qarıncığın qurtaracağında şişmiş formada telson yerləşir. Telsonda zəhər ifraz edən bir cüt vəzilər vardır. Zəhər telsonda olan neştər vasitəsilə sahibinə yeridilir. Tor vəziləri əsasən hörümçəklər üçün xarakterikdir. Məsələn, xaçlı hörümçəyin (lat. Araneus diadematus) qarıncıq hissəsində üç cüt tor ziyilciyi vardır. Ziyilin ucunda tor boruları adlanan çoxlu miqdarda borular vardır. Bu borular vasitəsilə torun şirəsi axır. Boruların sayı 1000-ə qədər ola bilir. Tor vəziləri qarın boşluğunda yerləşir və yaxşı inkişaf etmişdir. Axarları tor borularına açılır. Tor vəzilərinin ifraz etdiyi şirə xarici mühitdə tez quruyur və incə sapa çevrilir. Tor vəziləri ancaq dişi fərdlərdə olur.

Hörümçəkkimilərin əksəriyyəti yırtıcı həyat tərzi keçirirlər, bəzi nümayəndələr isə bitki və heyvanlarda parazitlik edirlər. Onlar yarımmaye qida ilə qidalanmağa uyğunlaşmışlar.

Hörümçəkkimilərdə həzm sistemi üç şöbədən- ön, orta və arxa bağırsaqdan ibarətdir. Hörümçəklərdə ön bağırsaq ağız dəliyi ilə başlanır. Ağız dəliyi udlağa, udlaq nazik qida borusuna, o da mədəyə açılır. Mədə sorucu tipdədir və onun divarı dörd kutikulyar lövhələrdən əmələ gəlmişdir. Bu lövhələr möhkəm əzələlərlə təchiz olunmuşdur. Odur ki, hörümçəyin mədəsi şikarının daxili möhtəviyyatını sormaq üçün uyğunlaşmışdır. Udlaq, qida borusu və sorucu mədə bağırsağın ön hissəsini təşkil edərək ektoderma qatından əmələ gəlmişdir və daxili hissədən xitin örtüyə malikdir. Udlağa bir cüt ağız suyu vəziləri açılır. Vəzilərin ifraz etdiyi şirə zülalı parçalamaq qabiliyyətinə malikdir. Xaçlı hörümçəkdə qidanın həzmi bağırsaqdan kənarda baş verir. Orta bağırsaq baş-döş hissədə 5 cüt vəzili kor çıxıntıya malikdir. Onlardan 4 cütü qarın tərəfə əyilərək buraya qaraciyər vəzisinin axarları açılır. Orta bağırsaqda olan çıxıntılar bağırsağın səthini genişləndirir və sorulma prosesi daha yaxşı gedir. Arxa bağırsaq genişlənərək rektal kisəsi və ya kloaka adlanan hissəni əmələ gətirir. Arxa bağırsaq anusla nəhayətlənir.[2]

Hörümçəkkimilər quru həyat tərzi ilə əlaqədar olaraq, atmosfer havası ilə tənəffüs edirlər. Onlarda tənəffüs sistemi ağciyərtraxeyalar vasitəsilədir. Əqrəblərdə ön qarıncığın 3–6-cı buğumları cüt ağciyərlə təchiz olunmuşdur. Ağciyər qarın tərəfdə yerləşən stiqma adlanan dörd nəfəsgahla xarici mühitlə əlaqələnir.

Hörümçəklərdə ağciyər yarpaqşəkilli olub, bir cütdür və qarının əsasında yerləşmişdir. Onun stiqma adlanan iki yarığı vardır. Stiqma ağciyər boşluğuna açılır. Ağciyər boşluğunun divarı yelpikşəkilli kutikulyar cibciklərlə təchiz olunmuşdur. Buraya həm hava daxil olur, həm də qan dövr edərək qazlar mübadiləsi baş verir. Traxeya sistemi şaxələnməmiş iki borudan ibarətdir. Traxeya boruları tor ziyilinin ön hissəsində yerləşən yarıqla başlayır. Hörümçək atmosfer havası ilə tənəffüs edir. Bəzi kiçik hörümçəkkimilərdə isə tənəffüs orqanları ixtisar etmişdir və onlar bədən səthi ilə tənəffüs edirlər.

Qan-damar sistemi

[redaktə | mənbəni redaktə et]

Hörümçəkkimilərin qan-damar sistemi metamer quruluşdadır. Əqrəblərdə və əksər qamçıayaqlılarda ürək boruşəkillidir və yeddi cüt ostiyə malikdir. Hörümçəklərdə isə ostiy dəliklərinin sayı 5 və ya 2 cütdür. Gənələrdə qan-damar sistemi çox zəif inkişaf etmişdir. Ürək kiçikdir, ovalşəkillidir, iki ostiy dəliyinə malik olub, bel tərəfdə yerləşmişdir.

Ürəkdən önə doğru ön, arxa tərəfə doğru arxa aorta damarları çıxır. Aorta da öz növbəsində şaxələnərək bir neçə arteriya damarlarına ayrılır. Arterial damarların inkişaf dərəcəsi və şaxələnməsi tənəffüs orqanlarının quruluşundan asılıdır. Bövlərdə və otbiçənlərdə isə arterial damarlar güclü şaxələndiyi üçün qan damarları zəif inkişaf etmişdir və ya heç olmur. Gənələrdə ürəkdən önə doğru aorta uzanır. Aorta nazik damar olub, sinir düyünü ətrafında genişlənir və sinir sinusunu əmələ gətirir. Buradan qan bədən boşluğuna tökülür. Bu qan sonradan ostiy vasitəsilə ürəyə daxil olur.

İfrazat sistemi

[redaktə | mənbəni redaktə et]

Hörümçəkkimilərdə ifrazat sistemi özünəməxsus quruluşlu olub, ifrazat funksiyasını malpigi boruları, koksal vəziləri, nefrositquanosit adlanan xüsusi hüceyrələr yerinə yetirir. Malpigi boruları boruşəkilli olub, 4 şaxədən ibarətdir və kor qurtaracaqla nəhayətlənir. Malpigi boruları orta və arxa bağırsağın sərhədində rektal kisəsi və ya kloaka adlanan hissəyə açılır. Orqanizmdən xaric etdikləri ifrazat məhsulları maye şəklində olmayıb, quru kristal şəklindədir.

Koksal vəziləri mezodermal mənşəli olub, cütdür, kisəşəkillidir və birinci və üçüncü cü hərəkət ayaqlarının əsasında xaricə açılır. Koksal vəziləri cavan yaşlarda daha yaxşı inkişaf etmiş olur. Nefrosit və quanosit hüceyrələri bədən boşluğunda yerləşir və ifrazat məhsullarının xaric olunmasında iştirak edirlər.

Yaxşı inkişaf etmişdir. Əqrəblərdə baş-döş hissədə sinir düyünləri birləşərək sinir kütləsini əmələ gətirir və o da konnektivlər vasitəsilə cüt udlaqüstü sinir düyünü ilə birləşir. Baş-döş sinir kütləsi 2–6-cı cüt ayaqları sinirləndirir. Bundan sonra 7 sinir düyünü qarın sinir zəncirini əmələ gətirir. Hörümçəklərdə sinir sisteminin əsasını udlaqüstü və udlaqaltı sinir düyünləri təşkil edir. Udlaqüstü sinir düyünü beyin adlanır və ondan gözlərə, xeliserə sinirlər gəlir. Udlaqaltı sinir düyünləri isə bir cütü çənə ayaqlarını, dörd cütü isə ayaqları sinirləndirir. Hörümçəklərdə hiss orqanlarının əsasını görmə və toxunma hiss orqanları təşkil edir. Gözləri sadə göz tipində olub, bir neçə cütdür. Hörümçəklərdə 8 cütdür və iki cərgədə yerləşmişdir. Toxunma hiss orqanları sinir hüceyrələri ilə sıx əlaqəli olub, çoxlu miqdarda qıl və tükcüklərdən ibarətdir. Hörümçəkdə həmçinin iybilmə və dadbilmə orqanları da vardır.[3]

Cinsi orqanları və inkişafı

[redaktə | mənbəni redaktə et]

Hörümçəkkimilər ayrıcinslidir. Hörümçəklərdə və gənələrdə cinsi dimorfizm kəskin nəzərə çarpır. Hörümçəklərdə erkək fərdlər dişi fərdlərə nisbətən kiçik olurlar, onların pedipalpları isə cütləşmə orqanına çevrilmişdir. Əqrəblərin dişi fərdlərində cinsi vəzilər və cüt yumurta borusundan, erkək fərdlərdə isə cüt toxumlu və cütləşmə orqanından ibarətdir.

Hörümçəklərin erkək və dişi fərdlərində cinsi dəlik qarıncığın əsasında, ağciyərlərin stiqmalarının arasında yerləşmişdir. Dişilərin cinsi dəliyinin ön hissəsində epiqin adlanan cinsi şişkinlik vardır. Yumurtalıq və toxumluq cütdür. Yumurtalıqdan cüt yumurta borusu çıxır və genişlənərək balalığı əmələ gətirir. Toxumluqdan cüt toxum boruları çıxır və xüsusi dəliklə xaricə açılır. Əksər hörümçəkkimilərin inkişafı düzünədir. Gənələrdə inkişaf metamorfozladır. Bəzi nümayəndələrində partogenez çoxalma xarakterikdir. Rüşeymin miqdarı 5–6 və bəzən də onlarla ola bilir.

Hörumçəkkimilər 1 yarımsinfə və 10-dan çox dəstəyə bölünür:

  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. V. İ. Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007, səh.347
  3. B. İ. Ağayev, Z. A. Zeynalova "Onurğasızlar Zoologiyası". Bakı, "Təhsil", 2008, səh.357

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]