İtaliya-Azərbaycan sazişləri — Azərbaycan və İtaliya dövlətləri arasında iqtisadi-siyasi əlaqələri genişləndirmək məqsədilə bağlanmış sazişlər.
1919-cu ilin payızından etibarən, ağqvardiyaçı rus generallarının məğlubiyyəti ilə əlaqədar beynəlxalq vəziyyət yeni yaranmış müstəqil respublikaların xeyrinə dəyişməyə başladı. Azərbaycan Hökuməti ölkənin müstəqilliyinin dünyanın böyük dövlətləri tərəfındən tanınması məsələsinin həllini sürətləndirmək məqsədilə Beşlər Şurasına, o cümlədən İtaliyaya müraciət etdi.
İtaliyanın Azərbaycanda güclü iqtisadi marağı var idi. Lakin o, mandatlığa götürmək istədiyi əraziləri xarici təcavüzdən qorumaq iqtidarında deyildi. Gələcəkdə Rusiya və Türkiyə ilə qarşılaşmaq qorxusu İtaliyanı bu işdən çəkindirdi.
Azərbaycan Hökuməti İtaliya ilə iqtisadi-siyasi əlaqələri gücləndirmək məqsədilə general İbrahim ağa Usubovun başçılığı ilə Romaya nümayəndə heyəti göndərdi. Heyət "hərbi missiya" adlanırdı və əsasən, hərbi, iqtisadi məsələlərlə bağlı işlər aparmalı idi.
İtaliya hökuməti 1920-ci il yanvarın 17-də Azərbaycanı de-fakto tanıması haqda qərarını general İ.Usubova təqdim etdi və ölkəmizlə daimi əlaqə saxlamaq fikrində olduğunu bildirdi.
General İ.Usubov Romada sənayeçi-senator S.E.Konti ilə görüşdü. Görüşdən məqsəd Azərbaycan ordusu üçün İtaliyadan paltar və silah alınması idi. 1920-ci ilin fevralında S.E.Kontinin başçılığı ilə 35 nəfərdən ibarət İtaliya nümayəndə heyəti Azərbaycana gəldi. İtaliya Azərbaycandan neft, Azərbaycan isə oradan ordu üçün silah və hərbi geyimlər almaq niyyətində idi. İmzalanmış sazişə əsasən, İtaliyadan 6 ədəd sürətli kater, 12 ədəd mina düzən cihaza malik kater, 6 sualtı qayıq, 92 dəniz artilleriyası, piyada qoşunlar üçün 135 min mərmiyə malik 34 top, 12 hidroplan, 4 aeroplan, 5 tank, 20 zirehli maşın, 10 min cüt uzunboğaz çəkmə, 70 min cüt ayaqqabı, 40 min dəst şinel alınmalı idi. Azərbaycan isə İtaliyaya hər ay 500 min pud neft, yaxud mazut göndərməli idi. Azərbaycan neftin hər tonu üçün 35 dollar, mazutun hər tonu üçün isə 25 dollar almalı idi. İtaliya hökumətinin və ayrı-ayrı firmaların nümayəndələri 1920-ci ilin əvvəlində Azərbaycandan neft və neft məhsulları, pambıq, yun, ipək və digər məhsullar almaq barədə sazişlər imzalamışdılar. Lakin Aprel işğalı (1920) İtaliya-Azərbaycan sazişlərinin reallaşdırılmasma imkan vermədi.[1]