Bununla yanaşı, İtaliya Respublikası istər beynəlxalq, istərsə də regional təşkilatlar çərçivəsində dövlətlərlə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. İtaliyanın xarici siyasətində prioritet sahələr isə aşağıdakılar hesab olunur:
İnsan hüquqları
Tərksilah
Ətraf-mühit
Enerji təhlükəsizliyi
Terrorizmə qarşı mübarizə
NATO – 1955-ci ildən NATO-nun üzvü olan İtaliya Respublikasının bu təşkilata qoşularkən əsas məqsədi təhlükəsizliyinin təmin olunması idi. İtaliya NATO-nun rəhbərliyi altında həyata keçirilən əməliyyat və missiyalara öz əsgərləri ilə töhfə verən 4-cü NATO ölkəsidir. İtaliya Əfqanıstandakı "Azadlığa dəstək" missiyasına 2000 nəfərdən artıq qoşun göndərmişdir. Bununla yanaşı, İtaliya 2006-cı ilin noyabr ayında İraqdan qoşunlarını çıxarsa da, ölkədə vəziyyətin sabitləşdirilməsi üçün görülən tədbirlərə dəstək verir. İtaliya həmçinin, NATO çərçivəsində Aralıq dənizi regionunda terrorçuluğa qarşı keçirilən hərbi dəniz missiyasında da iştirak edir. İtaliya NATO-nun genişlənməsini dəstəkləyir, lakin bu genişlənmə prosesi zamanı Rusiyanın təhlükəsizlik maraqlarının nəzərə alınmasının tərəfdarıdır.
ABŞ – İtaliya ilə ABŞ arasında ümumi liberal dəyərlərə əsaslanan dostluq əlaqələri mövcuddur. Siyasi sahədə ABŞ ilə İtaliya arasında bütün səviyyələrdə sıx əlaqələr qurulmuşdur və bu, heç vaxt İtaliyanın Avropa inteqrasiya proseslərində iştirakı ilə ziddiyyət təşkil etməmişdir. ABŞ və İtaliya azadlıq, inkişaf, insan hüquqlarına və ümumi dəyərlərə hörmət prinsiplərinə əsaslanan eyni fundamental dəyərləri və maraqları bölüşür. S. Berluskoni hökuməti ABŞ ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir. Berluskoninin 2001–2006-cı illərdə Baş nazir olduğu dövrdə İtaliya ABŞ-nin Əfqanıstanda və İraqda əməliyyatlarını dəstəkləmiş, hər iki dövlətə hərbi qüvvələr göndərmişdir. İraqdan qüvvələrin çıxarılması isə R. Prodinin hakimiyyəti illərinə (2006-cı ilin noyabr ayı) təsadüf etmişdir. ABŞ İtaliyanın terrorçuluğa qarşı mübarizədə və çoxtərəfli sülhməramlı qüvvələrdə iştirakını yüksək dəyərləndirir. İtaliya terrorçuluqla mübarizədə ABŞ-nin qabaqcıl tərəfdaşlarındandır. Hər iki dövlət NATO və digər təşkilatlar çərçivəsində sülh, təhlükəsizlik və tərəqqi naminə əməkdaşlıq edirlər. İtaliyanın ərazisində — Viçenza və Livornoda ABŞ quru qoşunları, Avianoda hava qüvvələri, Siqonella, Qaeta və Neapolda isə ABŞ-nin 6-cı hərbi dəniz donanması yerləşdirilmişdir.
Avropa İttifaqı (Aİ) – İtaliya Avropa İttifaqının təsisçi dövlətlərindən biridir. Təşkilatın yarandığı ilk dövrlərdən İtaliya onun fəaliyyətində fəal iştirak edir. İtaliya Aİ-nin bir sıra tədbirlərinə ev sahibliyi etmişdir. Avropa Birliyinin formalaşmasında böyük rolu olan Avropa Atom Enerji Birliyi və Avropa İqtisadi Birliyinin yaradılması haqqında müqavilə 1957-ci ildə Romada imzalanmışdır. S. Berluskoni hökuməti Aİ ilə əlaqələrə bir qədər skeptik yanaşsa da, İtaliya avropameylli xarici siyasət aparmaqdadır. İtaliya bir tərəfdən Avropa inteqrasiya proseslərini dəstəkləyir, digər tərəfdən də avro-atlantik münasibətlərini möhkəmlətməyə və qorumağa çalışır. İtaliya həm ABŞ, həm də Aİ ilə möhkəm əlaqələrin qurulmasında maraqlıdır. İtaliya Aİ-nin "açıq qapılar" siyasətinin tərəfdarlarından olsa da, namizədlərin Aİ üzvlüyünə qəbul edilməsi üçün eyni siyasi, iqtisadi meyarlara cavab verməli olduğu qənaətindədir. İtaliya Aİ-də struktur islahatlarının aparılması tərəfdarıdır. İtaliya rəsmi dairələrinin fikrincə, islahatların aparılacağı təqdirdə Aİ-nin fəaliyyəti daha səmərəli olacaqdır. İtaliyanın Aİ dövlətləri ilə sıx iqtisadi əlaqələri vardır. Məhz iqtisadi və ticarət maraqları İtaliyanın xarici siyasətində Avropanın prioritet region olmasını şərtləndirən amillərdən biridir. 2007-ci ildə İtaliyanın ümumi ticarət dövriyyəsində Aİ dövlətlərinin payı 60,3% təşkil etmişdir. İtaliyanın Aİ dövlətləri arasında əsas ticarət tərəfdaşları Almaniya (14.9%), Fransa (11.1%) və Böyük Britaniyadır (5.3%).
Yaxın Şərq və Aralıq dənizi regionu – İtaliyanın Yaxın Şərq və Aralıq dənizi regionuna olan marağı onun siyasi və geostrateji əhəmiyyəti ilə izah olunur. Yaxın Şərq və Aralıq dənizi regionu İtaliya üçün enerji təhlükəsizliyinin təminatı aspektindən vacib əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən İtaliya regionda sabitliyin bərqərar olunmasında maraqlıdır. Regionda sabitlik İtaliya üçün təhlükəsiz və stabil enerji təminatı deməkdir. Regiondakı sabitliyə terrorçuluq, mütəşəkkil cinayətkarlığın genişlənməsi, qeyri-qanuni miqrasiya kimi bir sıra amillər mane olur. İtaliya Aralıq dənizi regionu dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərini inkişaf etdirir. Çoxtərəfli əlaqələr əsasən, Aralıq dənizi regionu Birliyi təşkilatı çərçivəsində həyata keçirilir. Son illərdə Birliyin üzvü olan İtaliya, İspaniya və Almaniyanın səyləri nəticəsində Birlik daxilində region dövlətləri ilə əlaqələr genişlənmiş və intensiv xarakter almışdır.
Balkan regionu – Balkan dövlətləri ilə münasibətlər İtaliyanın xarici siyasətinin təbii prioritetlərindəndir. Bu, siyasi ənənə, coğrafi yerləşmə və mədəni yaxınlığın nəticəsidir. Adriatik dənizi regionunda baş verən hadisələr İtaliyanın daxili təhlükəsizliyinə və xarici əlaqələrinə dərhal təsir göstərir. Regionda tarazlığın yaradılması bütövlükdə qitədəki sabitlik üçün əhəmiyyətli elementdir. Coğrafi yaxınlıq, təhlükəsizlik və miqrasiya məsələləri ilə bağlı qarşılıqlı asılılıq bu regionun İtaliya üçün önəmli olmasını göstərən əsas amillərdir. Balkanlarda sabitliyi təmin edilməsi ilə bağlı İtaliyanın strateji məqsədləri aşağıdakılardır:
1. mütəşəkkil cinayətkarlığa qarşı mübarizə;
2. region dövlətlərində daxili sabitliyə nail olmaq və demokratikləşmə prosesinin
sürətləndirilmək;
3. region dövlətlərinin Avropa İttifaqı və NATO-ya inteqrasiyasına nail olmaq;
4. iqtisadi inkişafı dəstəkləmək.
Rusiya – Rusiya iqtisadi sahədə İtaliyanın əhəmiyyət verdiyi ölkələr sırasına daxildir. Hazırkı dövrdə, enerji təhlükəsizliyinin təmin edilməsi İtaliya üçün böyük əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən İtaliya əsas qaz ixracatçısı olan Rusiya ilə əlaqələrə önəm verir. Rusiya İtaliyanın enerjiyə olan ehtiyacının təxminən 30%-ni ödəyir. İtaliya Rusiyanın Avropada Almaniya və Niderlanddan sonra üçüncü iqtisadi tərəfdaşıdır. 2007-ci ildə Rusiya ilə İtaliya arasında ümumi ticarət dövriyyəsi 36 milyard ABŞ dolları, 2008-ci ildə isə 53 milyard ABŞ dolları dəyərində olmuşdur. Bu, 2007-ci illə müqayisədə 47% çoxdur. Lakin baş vermiş iqtisadi böhranın təsiri ilə 2009-cu ilin yanvar ayında 2 dövlət arasında ticarət dövriyyəsi 41,2% aşağı enmişdir.5 Bütün Avropa dövlətlərinə olduğu kimi, İtaliyaya da Rusiya qazı Ukrayna vasitəsilə çatdırılır. 2006-cı və 2009-cu ilin qışında Rusiya və Ukrayna arasında baş verən gərginliklər səbəbindən Avropada yaranan qaz qıtlığı digər Aİ dövlətləri kimi, İtaliyanın da narahatlığına səbəb olmuşdur. Bu səbəbdən yeni infrastrukturların yaradılması vasitəsilə (neft və boru kəmərlərinin inşası) enerji təminatının genişləndirilməsi və diversifikasiyası məsələsi aktual hal almışdır. İtaliya Nabukko qaz kəməri layihəsi ilə yanaşı, Cənub Axını qaz boru xətti layihəsinin də həyata keçirilməsi tərəfdarıdır. Bu kəmərin Balkan regionundan keçməklə, təxminən 31 milyard kub metr həcmində Mərkəzi Asiya və Rusiya qazını İtaliyaya gətirəcəyi gözlənilir. Bu layihəni Rusiyanın Qazprom və İtaliyanın Eni şirkətləri birgə həyata keçirəcəklər.