Şükriyyə taleyim — Ülviyyə Tahirin Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavad (Axundzadə)[1] barədə tarixi romanı.
Şükriyyə taleyim | |
---|---|
| |
Müəllif | Ülviyyə Tahir |
Janr | Tarixi roman |
Mövzu | Stalin repressiyası |
Orijinalın dili | Azərbaycanca |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | 2021 |
Rəssam | Ramin Həsənəlizadə |
Tərtibat | İsmayıl Süleymanlı |
Seriya | Müasir Azərbaycan ədəbiyyatı |
Nəşriyyat | Parlaq İmzalar |
Səhifə | 264 |
Əvvəlki | ALJİR |
ISBN | ISBN 978-9952-5259-22 |
Romanın adı Əhməd Cavadın güllələnməsindən sonra Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə sürgün edilən həyat yoldaşı Şükriyyə xanıma[2] hələ sağlığında həsr etdiyi şeirindəki "Şükriyyə taleyim"[3] sözlərindən götürülüb.
Kim ki Vətən-millət dedi, kim ki Azərbaycan dedi, yurdundan-yuvasından didərgin düşdü, güllələndi, sürgün olundu, mühacirətə üz tutdu. Bu şəxslər son nəfəslərinə qədər Azərbaycan naminə, onun istiqlaliyyəti üçün mübarizə apardılar, çalışıb-vuruşdular.
Bir çox Vətən sevdalısını qara kölgəsi altına alan məşum 1937-ci ilin bir gecəsi Əhməd Cavad və Şükriyyənin də qapısı döyüldü. İztirablı günlər başladı... Cavada qarşı ağır ittihamlarla kifayətlənmədilər, onun ömür-gün yoldaşı Şükriyyə də həbs olundu, təzyiqlərə məruz qaldı. Bir gün onun qarşısına sənəd qoyuldu, “imzala, canını qurtar”, – dedilər. O isə Azərbaycan qadını adına sədaqət yolunu seçdi. Dörd övladından ayrı və onlardan xəbərsiz, tək-tənha halda dəhşətli ALJİR düşərgəsinə sürgün olundu.
Zərif qadın çiyinləri bu qədər ağır yükə tab gətirəcəkmi? Roman knyaz qızı Şükriyyənin – Əhməd Cavadın vəfalı yoldaşının zəmanəyə, onun iti caynaqlarına qarşı necə mübarizə aparmasından bəhs edir. Şükriyyənin öz sevgisinə sadiq qalması, qadınlıq vüqarını, izzətini qoruyub saxlaması yolunda göstərdiyi misilsiz fədakarlıqlar, çəkdiyi əziyyətlər insanı riqqətə gətirir. Bu əsər, eyni zamanda Əhməd Cavad və Şükriyyənin sevgi dastanıdır.
Yazıçı Ülviyyə Tahir bu dəfə də tarixi faktlar əsasında bir ALJİR qəhrəmanının həyatına işıq salır.