Şıx Baba piri — Qəbələnin Həmzəlli kəndi ərazisində yerləşəir.[1] . Qəbələ rayonunun qədim tarixə malik kəndlərindən olan Həmzəlli kəndi özünün gözəl təbiəti, həm də tarixi abidələri ilə məşhurdur. Belə tarixi abidələrdən biri də el arasında Şıx baba kimi tanınan Seyyid Şeyx Molla Məhəmməd piridir. O, həm rayona gələn qonaqlar, həm də turistlərin diqqət mərkəzində olan abidələrdəndir. Abidənin əsas özəlliyi məhz bu abidədə olan ağacların "Qırmızı kitab"a düşməsi və abidənin cox qədim tarixə malik olmasıdır.[2]
Şıx Baba piri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Qəbələ |
Yerləşir | Həmzəli kəndi |
Aidiyyatı | sufizm |
Tikilmə tarixi | XVI əsr |
İstinad nöm. | 5870 |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
El dilində İşıq baba kimi tanınan ən ağır ocaq Həmzəlli kəndindədir. Şıx Baba piri XVI əsrin abidəsidir. Pirdəki şeyxə məxsus məqbərə, içəridəki məzar və üzərindəki kitabələr hazırda mühafizə olunur. Bu abidələr kompleksinin yaranması tarixi haqqında dəqiq məlumat yoxdur.[3] Məqbərədə saxlanılan Şeyxə aid sənəd oxunarkən məlum olub ki, şəhadətnamə hicri tarixi ilə 1283-cü ilin ramazan ayının əvvəllərində (7.1–6. 11. 1867 ildə) yazılıb. Şəhadətnamədə Həmzəlli kənd sakinlərindən Seyyid Hacı Əli Əfəndi və Seyyid Lütfəli qardaşlarının əsrlərdən bəri ziyarətgah kimi şöhrət tapmış məqbərədə dəfn olunmuş alimin nəslindən olmaları və pirdə mücövürlük haqqına malik olmaları göstərilib. Şəhadətnamə Nuxa qəzasının Qəbələ mahalına daxil olan Qəbələ, Vəndam, Bum, Mıxlıqovaqlı, Tikanlı kəndlərindən olan 33–dən çox yüzbaşı, kəndxuda, ruhani və bəylərin möhür və imzası ilə təsdiq edilmişdir. Sənəddə şeyxin adı — deyə qeyd edilib.
Ariflərin qütbü, mövlana, Seyyid Şeyx Məhəmməd |
Beləliklə, Şeyx Məhəmmədin sağlığında daşıdığı "ariflərin qütbü, "mövlana", "şeyx" ləqəb-lərinə, məqbərəsinin müqəddəs məkan kimi ziyarətgaha çevrilməsi və digər amillərə görə, onun ruhani-alim, ictimai-siyasi xadim kimi xalq kütlələri arasında böyük nüfuza malik olduğunu göstərir.[4]
Bu bir daha şeyxin məqbərəsi ətrafında böyük bir qəbiristanın meydana gəlməsi ilə izah edilə bilər. Ətrafda Şirvan-Abşeron bədii daşyonma sənəti və xəttatlıq məktəbi ustalarına məxsus XV–XVI əsrə aid sənduqə formalı xatirə abidələri mövcuddur. Məqbərənin şərq divarı önündə alim Mövlana Sədrəddin dəfn olunub. Onun qəbri üzərində mərmər başdaşı və sinə daşı qoyulub. Abidə çox nəfis işlənmiş nəbati naxışlarla və kitabə motivləri ilə bəzədilmişdir. Sinə daşının haşiyəsində Qurandan 2-ci surənin 39-cu ayəsi, 29-cu surənin 56-cı ayəsi yazılıb. Haşiyədən içəri xalça ornamentləri həkk olunub. Düzbucaqlı kitabə motivində ərəbcə mərhumun adı və vəfatı tarixi yazılıb. "Bu qəbir alim, fazil Mövlana Sədrəddinindir. 1012 il" (1603/1604). Başdaşında (0,95X0,41X0,5 m) Qurandan 97, 1–5; 29, 56 ayələr yazılıb. Alimlərin qənaətinə görə yüksək dərəcəli alimlərə məxsus ləqəblərlə qeyd edilmiş Şeyx Sədrəddin Mövlana Şeyx Məhəmmədin davamçılarındandır. Ətrafdakı abidələrə əsasən qeyd edilir ki, məqbərə sosial-siyasi və iqtisadi əhəmiyyəti olan bir mərkəz kimi XIV əsrin əvvəllərindən fəaliyyət göstərib (Müasir dövrdə bu ocağa göz xəstəliklərinə düçar olan insanlar daha çox niyyət olunurlar).[5]
Abidə Şirvan-Abşeron memarlıq məktəbinə aid türbədən və sənduqələrdən ibarətdir. Orada olan qəbirlərin üstündə və sənduqələrin üzərində nəfis işlənən kitabələr və yazılar həkk olunub. Burada çox nəfis surətdə müxtəlif mürəkkəb çiçək və həndəsi naxışlarla işlənən qəbir daşlarına və yazılı sənduqələrə rast gəlmək mümkündür. Bu abidələrin təqribən XV–XVI əsrlərə aid olması haqqında fikir söylənilir. Lakin türbələrin ətrafında aparılan arxeoloji qazıntılar və tədqiqatlar zamanı təxminən 2000 il bundan əvvəllərə aid edilən qəbirlər də aşkarlanıb. Həmzəlli kəndində dövlət tərəfindən qorunan bu tarixi abidə demək olar ki, dağılmaq üzrədir. Sonuncu dəfə 1976-cı ildə akademik Həsən Əliyev tərəfindən burada araşdırmalar aparılıb və abidənin həm yaşı, həm də onunla bağlı digər maraqlı nüanslar ortaya çıxıb. İnsanların inanc yeri olan bu tarixi abidə özünün 1200–1500 yaşlı iynəyarpaqlı ağacları ilə də diqqəti cəlb edir. Bu abidəni hər il Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Rusiya və ərəb ölkələrindən gələn minlərlə turist ziyarət edir. Burada bitən ağacları çoxaltmaq məqsədilə digər yerlərə əksələr də, onlar ya bitmir, ya da öz təbii strukturunu dəyişir.[6]