Şixbala Əbülfəz oğlu Əliyev (28 mart 1910, Bakı – 9 iyul 1960, Bakı) — Azərbaycan-sovet alimi. Azərbaycanda kimya üzrə ilk elmlər namizədi və ilk kimya elmləri doktoru, professor.
Şixbala Əliyev | |
---|---|
Əliyev Şıxbala Əbülfəz oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahələri | Üzvi kimya, Neft-kimya |
Elmi dərəcəsi | Kimya elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Pedagoji Universiteti, Leninqrad Dövlət Universiteti |
Elmi rəhbərləri | A.Y.Favorski-SSRİ Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, Leninqrad Kimya-Texnologiya İnstitunun laboratoriya müdiri, Leninqrad Dövlət Universitetinin kafedra müdiri, D.İ.Mendeleev adına Cəmiyyətinin sədri. |
Tanınır | Azərbaycanın ilk kimyaçı-alim |
Mükafatları | |
ru.wikipedia.org/… |
1931-1934-cü illərdə Leninqrad Dövlət Universitetinin aspirantı olmuş, 1934-cü ildə həmin institutun Elmi Şurasında elmlər namizədi elmi dərəcəsi alaraq, 24 yaşında Azərbaycanda kimya elmləri üzrə ilk alim olmuşdur. 1942-ci ildə SSRİ Elmlər Akademiyasının Neft İnstitutunun Elmi Şurasında Ş. Əliyev "Krekinqin buxar fazasında toluolun və stirolun yaranma mexanizmi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək 32 yaşında kimya elmləri doktoru olmuşdur. 1946-cı ildə respublikada "üzvi kimya" sahəsində ilk olaraq professor adını almışdır.
Əliyev Şixbala Əbulfəz oğlu 1910-cu ildə mart ayinin 28-də Bakinin Binəqədi kəndində anadan olmuşdur[1]. O, 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin aspiranturasına daxil olmuş, 1934-cü ildə isə Leninqrad Dövlət Universitetinin Elmi Şurasinda kimya elmləri üzrə elmlər namizədi adını almaq ücün dissertasiyanı uğurla müdafiə edib, Azərbaycan elmi tarixində kimya elmləri üzrə ilk elmlər namizədi alimlik dərəcəsini qazandı
Şıxbala Əbülfəz oğlu Əliyevin elmi fəaliyyəti nəzəri, təcrübi, tədbiqi xarakter daşıdığı kimi, həm də onun elmi fəaliyyəti tarixi baxımdan böyük mənası vardır. Onun kəşfləri, elmi axtarışları, elmi tədqiqatları müharibə illərində neft senayesində inqilabi irəliləyişlərə səbəb olmuşdur. 1941-ci ildə Ş.Əliyev Kimya İnstitutuna direktor vəzifəsinə təyin edilir. Ona bir sıra müdafiə əhəmiyyətli elmi işlərin yerinə yetirilməsi və institutun tematik planının hərbi məqsədlərə uyğunlaşdırılması kimi mühüm və məhsuliyyətli vəzifə tapşırılır.
Böyük Vətən Müharibəsi dövründə Şıxbala Əbülfəz oğlu Əliyev neft kimyası sahəsində böyük müdafiə və təcrubi mənalı bir sıra vacib işlər görmüşdür. Onun gördüyü ən vacib məsələlərə aşağıdakıları aid etmək olar: 1941-1943-cü illərdə Kimya İnstitutunda kömür məmulatlarının və yerli materialların, elektroizolyasiya olunmuş lakların istehsalı, yangından qorunma rənglərin istehsalı, kobaltın turşlaşması, sulfat turşusunun qalıqlarından istehsal olunan vanadium katalizatorunun alınması, yeraltı sulardan yeyici natrium, yod, bromun alınması, lüminoforların, stirolun və polistirolun alınması, sabun emalı ücün suiti piyinin təmizlənməsi və müharibə dövrünün bir çox vacib layihələri.
Şıxbala Əliyev neft və neft məhsullarından üzvi maddələrin alınmasının perspektiv metodlarını işləyib hazırlamışdır, bunun nəticəsində Azərbaycan mədənlərində buruqların neft və axın xətlərinin deparafinizasiya metodu istifadə olunmağa başlamışdır, bu da bu buruqların məhsuldarlığını artırmışdır. Onun tərəfindən xlorlu alyuminiumla krekinq prosessi nəticəsində və krekinqin buxar fazasında toluol və stirolun əmələ gəlmə mexanizmlərini işləmişdir. Ölkənin müdafiə sənayesinin sifarişi ilə Ş. Əliyevin yerli neft məhsullarından stirolun və polistirolun alınması ilə bağlı unikal elmi iş öz praktiki tədbiqini tapmışdır. Bununla bərabər kerosinlərin qrup tərkibinin müəyyən edilməsi üçün ekspres üsulun tədbiqi üçün çox mühüm elmi tədqiqat həyata keçirilmişdir. Professor Şıxbala Əliyev Azərbaycanda neft kimyası sahəsində məşhur və vacib olan bir çox elmi tədqiqatları həyata keçirmişdir.Müharibə dövründə Ş. Əliyevin elmi fəaliyyətində yüksək kolorili və yüksək sıxlığa malik yanacaq məhsullarına, yeni, istiliyə dözümlü polimer məhsullarına, kerosinin xlorlu alyuminiumla krekinqinə, Azərbaycanda yanan suxurların öyrənilməsinə və bir çox başqa məsələlərə xüsusi diqqət yetirilirdi. Kimyəvi zəhərləyici turş maddələrin yerli palçıq növləri ilə əvəz edilməsi, Quba rayonunda yanan suxurların tədqiqi, toluol fraksiyasının yerli palçıq növləri ilə təmizlənməsi, B-70 benzinin xlorlu alyuminiumla buxar formasındakı katalitik reforminqini, benzolun təkəvəzedicilərinin parçalanma mexanizminin araşdırılması, toluolun və metilstirolun yaranması kimi düşmən üzərində qələbəyə xidmət edən vacib dövlət tapşırıqlarını Ş. Əliyev qısa vaxt ərzində yerinə yetirmişdir. Onun elmi fəaliyyətinin səciyyəvi cəhəti onun bütün elmi yaradıcılığında nəzəri və təcrübi ideyalarla zəngin mövzulara üstünlük verməsində idi. Bun tipli yeni növ süni kauçukun əsas komponenti olan stirolun neftdən alınması ilə bağlı professorun elmi tədqiqatı böyük elmi-təcrübi maraq doğurmuşdur.
Professor Ş. Əliyev tərəfindən həmçinin Azərbaycanın yanan suxurları da tədqiq edilmişdir. Onun hazırladığı monoqrafiyada Azərbaycanın yanan suxurlarının fiziki və kimyəvi təbiətini və onlardan yanma mühərrikləri üçün yüksək keyfiyyətli yanacağın və digər müxtəlif assortimentli kimyəvi maddələrin alınması üçün emal üsülları da ətraflı araşdırılmışdır. 1942-ci ildə, Ş. Əliyev SSRİ Elmlər Akademiyasının Elmi Şurasında dünya şöhrətli alim, akademik A. E. Favorskinin rəhbərliyi ilə "Krekinqin buxar fazasında toluolun və stirolun yaranma mexanizmi" mövzusunda böyük uğurla doktorluq dissertasiyasinı müdafiə etmişdir və Azərbaycanın kimya elmləri üzrə ilk elmlər doktoru olmuşdur. Gənc alimin toluolun sintezi ilə bağlı elmi tədqiqatlarının əhəmiyyəti müharibə illərində xüsusi olaraq artmışdır. Bu illərdə həmin kimyəvi birləşmələrə tələbat çox yüksək idi. Ş. Əliyevin ixtirasının tədbiqi ölkə üzrə toluolun istehsalının artmasına şərait yaratmışdır. SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə 1944-cü ildə Ş. Əliyev "Ümumi kimya" ixtisası üzrə Azərbaycanın ilk professoru yüksək adına layiq görülmüşdür. Ş. Əliyev SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Prezidiumu və müxtəlif hərbi təşkilatlar tərəfindən Kimya İnstitutunun elmi tematik planının hərbi məqsədlərə uyğunlaşdırılmasına görə çoxsaylı təşəkkürlər almışdır. Qiymətli elmi işlərinə görə, o cümlədən müasir aviasiya texnikası üçün yüksək sıxlıga malik və yüksək kolloidli yanacağın və turş qudronların tullantılarından briketləşdirilmiş. Onun elmi fəaliyyətinin əsasını kimya sahəsində çalışa biləcək istedadlı və savadlı gənc nəslin tərbiyələndirilməsi və yetişdirilməsi kimi mühüm tezis təşkil etmişdir. Müharibə illərində də alim pedaqoji fəaliyyətini davam etmişdir.
O, eyni zamanda Azərbaycan Pedaqoji İnstitutunun kafedra müdiri və M. Əzizbəyov adına Azərbaycan İndustrial İnstitutunun (indi ADNA) kimya və neft texnoloqiyası kafedrasının professor vəzifələrində çalışmışdır. 1950-ci ildə Ş. Əliyev yeni yaradılmış Azərbaycan Politexnik İnstitutunda "ümumi kimya" kafedrasını təşkil etmişdir. Şıxbala Əbülfəz oğlu Əliyevin geniş elmi və pedaqoji fəaliyyəti layiqincə qiymətləndirilmişdir. 1945-ci ildə o, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Həmin ildə Azərbaycanın Ali Soveti tərəfindən ona "Qafqazın müdafiəsinə görə" medalı verilmişdir. Şıxbala Əliyev müharibə illərində göstərdiyi əmək fədakarlığına görə Dövlət və Elmlər Akademiyasının Prezidiumu tərəfindən bir sıra təşəkkür və mükafatlar almışdır. Kimya İnstitutunun elmi tematik planının hərbi məqsədlərə uyğunlaşdırılmasına görə və müdafiə əhəmiyyətli mövzuların yerinə yetirilməsinə görə Ş. Əliyev Azərbaycanın Ali Soveti tərəfindən "1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində fədakar əməyinə görə" medalla təltif edilmişdir. 1946-cı ildə Azərbaycan Respublikasının yaranmasının 25-ci ildönümü münasibətilə Ş. Əliyev "Fədakar əməyinə görə" medalla təltif edilmişdir. Ölkə ictimayəti tərəfindən Ş. Əliyevin fəaliyyəti xüsusi olaraq qiymətləndirilmişdir. Onu tanıyan insanlar Ş. Əliyevin xeyirhaqlığını ətrafdakılara qarşı diqətcil olduğunu qeyd edirdilər.
O, hər zaman ölkənin digər Respublika və şəhərlərindən olan mütəxəssislərdən öz elmi məsləhətlərini və yardımını əsirgəmirdi. Ş. Əliyev 1950-1960-cı illərdə yorulmaz ictimai xadim olmuşdur. D.İ. Mendeleyev adına Ümumittifaq Cəmiyyətinin sədr müavini olmuş və bu vəzifədə fəal ictimai işlər aparmışdır. O, bir çox beynəlxalq konfransların iştirakçısı olmuşdur. 1960-cı il iyulun 9-da onun həyatı gözlənilmədən faciəvi şəkildə qırıldı: rəhbərlik etdiyi laboratoriyada elmi-tədqiqat işləri üzrə eksperimentlər aparkən baş vermiş bədbəxt hadisə nəticəsində alim həlak olmuşdur.
2010-cu il, aprelin 15-də Milli Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Azərbaycanda neft-kimya elminin inkişafında böyük xidmətləri olmuş kimya elmləri doktoru, professor Ş. Əliyevin 100 illiyinə həsr edilmiş tədbir kecirilmişdir. Tədbiri açan İnstitunun direktoru akademik Musa Rüstəmov alimin elmi fəaliyyəyindən bəhs edərək onun vəzifə borcunu yerinə yetirərkən faciəli şəkildə həlak olduğu qeyd etdi və alimi "elmin şəhidi". Ş. Əliyevin həyat və elmi fəaliyyəti haqqında professor Arif Həsənov geniş məruzə ilə çıxış etdi. Qısa, lakin mənalı və zəngin elmi həyat yaşamış alim 1935-ci ildən Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda işə başlamış və ömrünün axırına qədər orada işləmişdir.