Musa İsmayıl oğlu Rüstəmov (8 may 1930, Ordubad – 28 noyabr 2022, Bakı) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor, akademik, AMEA-nın Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neft və qazın kimyası və texnologiyası" şöbəsinin müdiri, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü.[1][2]
Musa Rüstəmov | |
---|---|
Musa İsmayıl oğlu Rüstəmov | |
Doğum tarixi | 8 may 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 28 noyabr 2022 (92 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | texnika üzrə elmlər doktoru |
Elmi adı | akademik |
İş yeri | AMEA-nın Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Sənaye İnstitutu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Musa İsmayıl oğlu Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. M. İ. Rüstəmov 1937-ci ildə Ordubad 1 saylı orta məktəbinə daxil olmuş və 1947-ci ildə həmin məktəbi medalla bitirmişdir. Həmin ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuşdur.[3]. Hələ o, tələbə olarkən institutun Tələbə Elmi Cəmiyyətində öz elmi fəaliyyətinə başlamışdır. Professor S. M. Voloxun rəhbərliyi altında elmdə ilk addımları öz müsbət nəticəsini verdi. N. A. Baklanov metodu ilə boruvari sobaların hesabat tənliyinə düzəlişlər edildi ki, bu da hesablamaların dəqiqliyini artırdı.
M. İ. Rüstəmov 1952-ci ildə institutu kimyaçı-texnoloq ixtisası üzrə qurtardıqdan sonra V. V. Küybışev adına AzETNEİ-yə işə qəbul olundu. Qeyd etmək lazımdır ki, V. V. Küybışev adına AzETNEİ-i 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının Y. H. Məmmədəliyev adına Neft-Kimyası Prosesləri İnstitutu kimi fəaliyyətini davam etdirdi.
1953–1959-cu illərdə M. İ. Rüstəmov əvvəlcə böyük mühəndis, sonra kiçik elmi işçi işlədi. 1959-cu ildə o, laboratoriya rəhbərinin müavini vəzifəsinə irəli çəkilmişdir.
M. İ. Rüstəmov 1961-ci ildə institutun Elmi Şurasında "Xırda dispers materialların yarımaxın xətti tətbiq olunmaqla kontakt katalitik heterogen proseslərin aparılması üçün yeni yüksək səmərəli sistemlərin işlənib hazırlanması" adlı mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etdi. Bu dövrdə M. İ. Rüstəmovun apardığı elmi-tədqiqat işlərinin əsas hissəsi 1966-cı ildə nəşr olunmuş "Katalitik krekinqin müasir vəziyyəti və katalitik krekinq prosesinin intensivləşmə yolları" adlı monoqrafiyada toplanmışdır.
M. İ. Rüstəmovun təşkilatçılıq qabiliyyəti erkən üzə çıxmışdır. 1967-ci ildən o, "Katalitik krekinq və piroliz" laboratoriyasına rəhbərlik edir, 1968-ci ildən isə institut direktorunun elmi işlər üzrə müavini vəzifəsinə irəli çəkilir.
AMEA Akad. Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru vəzifəsində 1987–2012-ci ilə kimi çalışıb. Hal-hazırda "Neft və qazın kimyası və texnologiyası" şöbəsinin müdiri vəzifəsində çalışır.
M. İ. Rüstəmovun elmi tədqiqatlarının istiqaməti heterogen-katalitik proseslərinin texnologiyasını, neft emalı və neft kimya prosesləri üçün katalizatorların yaradılmasını, neft emalı məhsullarının keyfiyyətlərinin yüksəldilməsini əhatə edir. O, heterogen-katalitik prosesləri aparmaq üçün lift reaktorlarının hidrodinamikasını, kiçik ölçülü mikrosiferik katalizatorların, qaynar lay və lift reaktorlar sistemində kimyəvi proseslərin effektivliyini nəzəri cəhətdən tətqiq etmiş, mikrosferik katalizatorların axıcılıq indeksinin proseslərin effektivliyinə təsirini öyrənmişdir. Akademik M. Rüstəmov yüksək effektivliyi Q. 43–107 katalitik krekinq kompleksinin müəlliflərindən biridir. Bu proses Bolqaristan, Rusiya, Ukrayna, Latviya, və Azərbaycan neft emalı zavodlarında istismar olunur. Onun tədqiqatlarının bir qismi neft emalı məhsullarının keyfiyyətini yüksəltmək məqsədi ilə hidrokrekinq, hidroizomerləşmə, destruktiv izomerləşmə, seolit katalizatorları iştirakinda oksigenli əlavələrin alınması proseslərinin yaradılmasına həsr edilmişdir. Nəticədə tərkibində qurquşun olmayan, ekoloji cəhətdən təmiz Aİ-93-, Aİ-95 avtomobil benzinlərinin alınma texnologiyası təklif etmişdir. M. Rüstəmov Azərbaycanda hidrogen energetikası sahəsində tədqiqatların əsasını qoymuşdur. Onun tərəfindən Azərbaycanda neft emalı qaz emalı və neft kimya sənayesinin inkişaf konsepsiyası yaradılmış və onun əsasında neft emalı zavodlarının 2010 ilə kimi koimpleks modernizasiyasının tərkib hissəsi və sxemi hazırlanmışdır. M. Rüstəmov bir çox Beynəlxalq və Respublikada fəaliyyət göstərən elmi şuraların və assosiasiyaların üzvi olmuşdur, Beynəlxalq konfranslarda, Simpoziymlarda Azərbaycanı təmsil etmişdir.
Akademik M. İ. Rüstəmov kataliz sahəsindəki görkəmli əsərləri ilə elmi zənginləşdirən alimdir. Onun əsas elmi tədqiqat işlərinin nəticələri 700-dən yuxarı elmi əsərdə, 60 patentdə, 130-dan artıq müəlliflik şəhadətnaməsində, 4 monoqrafiyada və 6 kitabda, 36 publitistik məqalədə öz əksini tapmışdır v’ onlardan 157-si xaricdə çıxmışdır.
Professor 7 elmlər doktoru, 45 elmlər namizədi hazırlamış və akademik M. İ. Rüstəmov məktəbi yaratmışdır.
Musa Rüstəmov 28 noyabr 2022-ci ildə 93 yaşında vəfat edib.[4]