Şəfəq (Azərbaycan qəzeti)

"Şəfəq"Qubada nəşr olunmuş qəzet.

Şəfəq
Sahibi Quba Rayon İcra Hakimiyyəti
Baş redaktor Qəhrəman Qasımov
Yaranma tarixi aprel 1921
Nəşrini dayandırıb 2022
Ünvan Quba

"Şəfəq" qəzeti 1921-ci ilin aprel ayından fəaliyyətə başlayıb. Sovet dövründə Azərbaycan bölgələrindəki ilk mətbu orqanı olub. Qəzetin ilk adı "Əxbar" olub. Sonralar isə adı dəyişərək "Xəbər", daha sonra isə "Şəfəq" adlanıb.

Redaksiyanın nəzdində “Gülüstan”, “Ay işığı” ədəbi məclisləri fəaliyyət göstərib. Durğunluq dövründə “Qızıl Quba” bölgə qəzetləri içərisində ədəbiyyat nümunələri dərc edən mətbu orqan olub.

Leninin bağışladığı çap maşını sonralar muzeyə təhvil verilib, mətbəə ləğv edilib. Əvəzində redaksiyaya kompüter, “Niva” markalı avtomobil bağışlanılıb. Sovet dövründə həftədə 3 dəfə 10 min tirajla çıxan qəzet, sonralar ayda 2-3 dəfə əsasən 1000 nüsxə ilə çap olunur.

1920-ci ildə Moskvada keçirilən VIII Ümumrusiya Sovetlər Qurultayına nümayəndə kimi gedən o vaxt Quba Qəza İnqilab Komitəsinin sədri olan Qasım İsmayılov Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Leninə bir xurcun Quba almasını sovqat aparıb və bu payı Leninin köməkçisi Qarbunova verib.

Sonralar “Pravda” qəzetində RSFSR Xalq Komissarları Sovetinin işlər müdiri N. P. Qorbunovun “Kubinskie nastroeniya” (Quba əhval-ruhiyyəsi) adlı məqaləsi dərc olunur: “Bu almalar adi almalar deyillər. Bu almalar Şərqin azadlığa çıxarılmasını istəyən Quba qəzası kəndlilərinin arzusunu ifadə edir” [1].

Quba almasından dadan Lenin də qubalıların hədiyyəsinə bu rayona bir çap maşını göndərməklə cavab verib. Rayona çatan çap maşını mətbəədə yerləşdirilib və mətbəəyə Leninin adı verilib. 1921-ci ilin aprel ayının 21-də Qubada ilk rayon qəzeti “Əxbar” adı ilə nəşrə başlayıb.

Qəzetin əldə olan ilk sayı 23 noyabr 1922-ci ilə aiddir. Üzərindəki qeyddən məlum olur ki, bunadək 43 sayı işıq üzü görüb və onlardan 22-si 1921-ci ildə çap olunub. Kiril əlifbasına keçid və yeni qeydiyyatdan sonra “Qızıl Quba”nın nəşrə başlama tarixi 1931-ci il göstərilib. Amma bu yanlışlıq elə sovet hakimiyyəti illərində də aradan qaldırılıb.

Qəzet sovet ideologiyasına uyğun olaraq "Yeni dirilik", "Kollektivləşmə yolu", "Quba", "Qızıl Quba" adları ilə nəşr olunub və 1995-ci ildən isə "Şəfəq"adı ilə çap olunub. 1996-cı il iyul ayının 27-də o dövrdəki prezident Heydər Əliyev qəzetin 75 illik yubileyini təbrik edib.

2021-ci ilin aprel ayında "Şəfəq" qəzetinin 100 illiyi rayon icra hakimiyyətinin o vaxtki rəhbəri Ziyəddin Əliyevin təşəbbüsü ilə qeyd edilib.

2022-ci il avqust ayının 25-də Azərbaycan Prezidenti İlham Əliyev "Media haqqında" yeni qanunu təsdiq edib və yeni qanunla rayon icra hakimiyyətinin hər hansı mətbu orqana təsisçilik etməsi qadağan edilib. Beləliklə, Azərbaycanın əksər rayon qəzetləri kimi, "Şəfəq" qəzeti də 2022-ci ilin oktyabr ayından icra hakimiyyətlərinin təsisçiliyinin ləğvindən sonra fəaliyyətini dayandırıb.

  1. “Pravda”, 5 yanvar 1921-ci il
  • Aytəkin Alxaslı. "Qubanın 102 yaşlı rayon QƏZETİ: Onun faəliyyəti niyə DAYANDIRILIB? - FOTO". bizim.media (az.). 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
  • Ayaz Yaşılyarpaq. "Bir xurcun alma hesabına çıxan qəzet..." Sputnik Azərbaycan (az.). 2016-07-23. 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
  • Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]