Şəhər Merlərinin Razılaşması

Şəhər Merlərinin Razılaşması[1]Avropa İttifaqı tərəfindən başladılmış kütləvi təşəbbüs olub, nəzarət etdikləri ərazidə enerji səmərəliliyinin və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması üçün könüllü öhdəlik götürmüş yerli və regional hakimiyyət orqanlarını ətrafında birləşdirir

Qəbul edilmiş öhdəliklərə əsasən, Razılaşmanı İmzalayanlar 2020-ci ilədək CO2 emissiyalarını azı 20% azaltmağa çalışacaq, bununla da iqtisadiyyatın ətraf mühitə zərər vermədən inkişaf etməsinə və həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcəklər.

Şəhər Merlərinin Razılaşması Avropa Komissiyası tərəfindən 2008-ci ildə ilk olaraq yerli hakimiyyət orqanları tərəfindən Aİ iqlim və enerji məqsədlərinin formalaşdırılmasına və icrasına yönəlmiş cəhdləri dəstəkləmək və təsdiq etmək məqsədilə başladıldı.

Daha sonra, hətta Argentina və ya Yeni Zelandiya kimi uzaq ölkələrin qoşulması ilə Razılaşmanın yanaşma və metodları Aİ sərhədlərindən kənarda da əks-səda doğurdu.

Yerli, regional və milli subyektləri enerji və iqlim məqsədlərinin yerinə yetirilməsi ətrafında birləşdirən yeganə belə hərəkat olan Şəhər Merlərinin Razılaşması öz unikal xüsusiyyətlərinə görə Avropa İttifaqı institutları tərəfindən müstəsna çoxpilləli idarəçilik modeli kimi təsvir edilir.

Şəhər Merlərinin Razılaşmasını imzalayanlar

[redaktə | mənbəni redaktə et]

Ölçüsündən asılı olmayaraq — kiçik kəndlərdən tutmuş Kiyev, London, Paris və ya Tbilisi kimi iri şəhər aqlomerasiyalarına qədər — bütün yerli hakimiyyət orqanları Şəhər Merlərinin Razılaşmasını imzalaya bilərlər.

Enerji istehlakının və CO2 emissiyalarının 80%-nin şəhər fəaliyyəti ilə bağlı olduğunu nəzərə alsaq, yerli özünü idarəetmə orqanları iqlim dəyişikliyinin nəticələrinin yüngülləşdirilməsində həlledici rol oynayırlar.

Mərkəzi hakimiyyət tərəfindən dəstəkləndikləri halda, yerli hakimiyyət orqanları həmçinin vətəndaşların davranışlarının dəyişdirilməsi, eləcə də iqlim və enerji məsələlərinin ətraflı şəkildə ələ alınması, xüsusən də dövlət və özəl sektor maraqlarının uzlaşdırılması, davamlı enerji məsələlərinin ümumi yerli inkişaf məqsədlərinə daxil edilməsi baxımından ideal mövqedə dayanırlar.

Şəhər Merlərinin Razılaşmasına qoşulmaq yerli hakimiyyət orqanlarına öz vətəndaşları üçün ekoloji, sosial və iqtisadi baxımdan sabit mühit təmin etmək, əraziləri daxilində CO2 emissiyalarının azaldılmasına yönəlmiş cəhdləri möhkəmləndirmək, Avropanın və dünyanın dəstəyindən və qabaqcıl təcrübələrindən yararlanmaq və tanınmaqimkanı verir.

Rəsmi öhdəliklər

[redaktə | mənbəni redaktə et]

Şəhər Merlərinin Razılaşması adi niyyət bəyannaməsi deyil.

Əslində, Razılaşmanı İmzalayanlar müəyyən etdikləri iddialı enerji və CO2 emissiyalarının azaldılması hədəflərinə nail olmaq məqsədilə bir sıra addımların atılması üçün öhdəlik götürür, hesabat verməyə və fəaliyyətlərinin izlənməsinə razılıq verirlər.

Onlar əvvəlcədən müəyyən edilmiş vaxt müddəti çərçivəsində aşağıdakıların yerinə yetirilməsi üçün rəsmi öhdəlik götürürlər:

  • Zərərli Tullantıların Əsas Kadastrını hazırlamaq, yerli davamlı enerji siyasətini formalaşdırmaq və icra etmək;
  • Bu siyasət çərçivəsində zəruri fəaliyyətlərin yerinə yetirilməsi üçün yetərli insan resurslarının cəlb edilməsi daxil olmaqla, adekvat inzibati strukturlar formalaşdırmaq;
  • Şəhər Merlərinin Razılaşması Təşəbbüsünə qoşulduqdan sonrakı bir il ərzində, 2020-ci ilə qədər CO2 emissiyalarının seçilmiş baza ili ilə müqayisədə azı 20%-ə qədər azalmasına yönəlmiş konkret tədbirlər daxil olmaqla, Davamlı Enerji Fəaliyyət Planını təqdim etmək;
  • Qiymətləndirmə, monitorinq və təsdiqetmə məqsədilə Davamlı Enerji Fəaliyyət Planını təqdim etdikdən sonra iki ildə bir dəfə planın icrasına dair hesabat vermək

Enerji istehlakının tənzimlənməsi potensialının yaradılması zərurətinə cavab vermək və Davamlı Enerji Fəaliyyət Planlarının hazırlanması üçün yerli maraqlı tərəfləri səfərbər etmək məqsədilə, razılaşmanı imzalayanlar həmçinin aşağıdakı öhdəlikləri öz üzərlərinə götürürlər:

  • Təcrübə və bilikləri digər ərazi vahidləri ilə bölüşmək;
  • Vətəndaşların davamlı inkişaf və enerji səmərəliliyi haqqında məlumatlılığının yüksəldilməsi üçün Yerli Enerji Günləri təşkil etmək;
  • Şəhər Merlərinin Razılaşmasının illik rəsmi mərasimində, tematik seminarlarda və müzakirə qrupunun üzvləri ilə görüşdə iştirak etmək;
  • Razılaşmanın ideyasını müvafiq qaydada yaymaq, ələlxüsus da başqa merləri Razılaşmaya qoşulmağa təşviq etmək

Davamlı Enerji Fəaliyyət Planları

[redaktə | mənbəni redaktə et]

İddialı enerji və iqlim məqsədlərinə nail ola bilmək və daha yüksək nəticələr əldə edə bilmək üçün, Şəhər Merlərinin Razılaşmasını imzalayanlar təşəbbüsə qoşulduqdan sonra bir il ərzində Davamlı Enerji Fəaliyyət Planı (SEAP) hazırlamaq öhdəliyi götürürlər.

Bələdiyyə Şurası tərəfindən təsdiq olunan bu fəaliyyət planı razılaşmanı imzalayanların müvafiq müddət və müəyyən edilmiş cavabdehliklər çərçivəsində nəzərdə tutduqları fəaliyyət və tədbirləri təsvir edir.

Müxtəlif texniki və metodoloji yolgöstərici materiallar ("SEAP təlimat kitabçası", şablonlar, mövcud metodologiyalar və alətlər barədə hesabatlar və s. daxil olmaqla") bütövlükdə Davamlı Enerji Fəaliyyət Planının (SEAP) hazırlanması prosesi ilə əlaqədar praktiki təlimatlar və aydın başa düşülən tövsiyələr təklif edir.

Yerli hakimiyyət orqanlarının praktiki təcrübələrinə əsaslanan və Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi ilə yaxın əməkdaşlıq çərçivəsində hazırlanan bu köməkçi materiallar Razılaşmanı imzalayanları əsas prinsiplərlə və aydın başa düşülən mərhələli yanaşma ilə tanış edir.

Bütün sənədləri www.eumayors.eu internet saytının kitabxanasından endirmək mümkündür.[2]

Koordinasiya və dəstək

[redaktə | mənbəni redaktə et]

Razılaşma Koordinatorları və Tərəfdaşları

[redaktə | mənbəni redaktə et]

Razılaşmanı imzalayan tərəflər heç də hər zaman Zərərli Tullantıların Əsas Kadastrını, yerli davamlı enerji siyasətini, əlaqədar Davamlı Enerji Fəaliyyət Planının layihəsini hazırlamaq, planda göstərilən fəaliyyətləri maliyyələşdirmək və nəticələri izləmək üçün adekvat potensiala (təşkilati struktur, peşəkar işçi heyəti, büdcə, məlumat bazaları, statistika, metodologiyalar, alətlər və digər resurslar) malik olmurlar.

Deyilənləri nəzərə alsaq, dövlət orqanları, əyalətlər, regionlar, bələdiyyə şəbəkələri və qruplaşmaları, eləcə də maliyyə donorları razılaşmanı imzalayanların öz öhdəliklərini yerinə yetirməsinə yardım etmək baxımından həlledici rola malikdirlər.

Razılaşma Koordinatorları müxtəlif səviyyələrdə (dövlət, region və ya əyalət) təmsil olunan, razılaşmanı imzalayan tərəflərə Davamlı Enerji Fəaliyyət Planlarının hazırlanması və icrası üçün maliyyə yardımı və texniki dəstək verən, habelə strateji rəhbərlik edən dövlət orqanlarıdır.

Komissiya desentralizasiya edilmiş submilli hakimiyyət orqanları (o cümlədən əyalət, region üzrə) olan "Ərazilər üzrə Koordinatorları" və milli enerji agentlikləri və yerli energetikanın inkişafına görə məsul nazirliklər kimi mərkəzi dövlət orqanlarının daxil olduğu "Milli Koordinatorları" bir-birlərindən fərqləndirir.

Razılaşma Tərəfdarları Merlərin Razılaşmasında əksini tapan təşəbbüsləri təbliğ etmək və razılaşma tərəflərinin öhdəliklərinin yerinə yetirilməsinə dəstək olmaq məqsədilə lobbiçilik, məlumat mübadiləsi, əlaqələrin yaradılması üzrə tədbirləri həyata keçirən, beynəlxalq, milli və regional şəbəkələr, habelə yerli hakimiyyət orqanlarının regional şəbəkələri və assosiasiyalarıdır.

Merlərin Razılaşması Ofisi

[redaktə | mənbəni redaktə et]

Merlərin Razılaşması Ofisi tərəfindən Razılaşmanı imzalayanlara və maraqlı tərəflərə gündəlik olaraq təşviqat məqsədli, texniki və inzibati yardım göstərilir.

Brüsseldə (Belçika) yerləşən əsas katibliklə yanaşı Lvov (Ukrayna) və Tbilisidə (Gürcüstan) yerləşən iki əlavə filial Şərq Tərəfdaşlığı Ölkələrinin yerli hakimiyyət orqanlarına yardım göstərir.

Həm Brüsseldəki katiblik, həm də Lvov və Tbilisi filialları yerli və regional orqanların şəbəkələrindən və mərkəzi orqanlardan təşkil olunmuş konsorsium tərəfindən idarə olunur.

Brüsseldəki Merlərin Razılaşması Ofisi təşəbbüsün ümumi koordinasiyasına görə cavabdehdir.

Avropa İttifaqının İnstitutları

[redaktə | mənbəni redaktə et]

Razılaşmanı imzalayan tərəflərin Davamlı Enerji Fəaliyyət Planlarının hazırlanmasına və icrasına dəstək məqsədilə, Avropa Komissiyası xüsusən Merlərin Razılaşmasını imzalayanları əhatə edən maliyyə mexanizmlərinin yaradılmasına töhfə vermişdir. Bura Avropa İnvestisiya Bankı ilə əməkdaşlıqda iri və kiçik layihələr üçün hazırlanmış, Enerji Sahəsində Həyata keçirilən Yerli Layihələrə Avropa Yardımı (ELENA) mexanizmi və Almaniyanın KfW bank qrupu ilə əməkdaşlıq çərçivəsində təsis edilmiş, Avropada kiçik və orta bələdiyyələrin davamlı investisiyalarının səfərbər olunması üçün əlavə imkanlar təklif edən ELENA-KfW daxildir.

Tezliklə start veriləcək ELENA-Şərq mexanizmi Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycanı təmsil edən razılaşma iştirakçılara bənzər yardım təqdim edəcək.

Razılaşma Avropa Komissiyası ilə yanaşı ilk gündən təşəbbüsə dəstək verən Regionlar Komitəsinin; Razılaşmanı imzalayan tərəflərin illik iclaslarının və imzalama mərasimlərinin keçirildiyi Avropa Parlamentinin; həmçinin yerli hakimiyyət orqanlarına investisiya potensiallarının üzə çıxarılmasına yardım edən Avropa İnvestisiya Bankının tam institusional dəstəyindən faydalanır.

Birgə Tədqiqat Mərkəzi

[redaktə | mənbəni redaktə et]

Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi təşəbbüsə texniki və elmi dəstəyin göstərilməsinə görə cavabdehdir.

Mərkəz Merlərin Razılaşması öhdəliklərinin yerinə yetirilməsinə yardım etmək, eləcə də müvafiq tədbirlərin icrasına və nəticələrinə nəzarət etmək məqsədilə razılaşmanı imzalayan tərəfləri aydın başa düşülən təlimat və şablonlarla təmin etmək üçün Merlərin Razılaşması Ofisi ilə sıx əməkdaşlıq edir.

  1. "Arxivlənmiş surət" (PDF). 2015-09-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-09-27.
  2. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-27.

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Covenant of Mayors official Website
  2. Directorate-General for Energy
  3. Joint Research Centre
  4. Energy Cities
  5. Climate Alliance
  6. Council of European Municipalities and Regions
  7. Eurocities
  8. Fedarene