Şəhrəngiz və ya Şəhraşub – qədim və orta əsrlər Şərq poeziyasında, o cümlədən Azərbaycan ədəbiyyatında şəhәr hәyatının, mәişәtinin, müxtəlif sənət adamlarının tәsviri vә tәrәnnümü ilә bağlı şeir.[1]
Azərbaycan poeziyasında Məhsəti Gəncəvi şəhrəngiz poetik janrının gözəl nümunələrini yaratmışdır.[2][3] Bu janrda əsasən sadə zəhmət adamları, müxtəlif peşə sahibləri vəsf edilir.
Füzulinin «şəhraşub» və «şəhrəngiz» adlanmalı bir silsilə şeiri vardır.
«Şəhraşub» musiqidə də olub, «Şur» muğamında ayrıca bir guşə imiş və çalına-çalına orta əsrlərdən günümüzə qədər gəlib çatmışdır.
Orta əsrlərin dərinlərində şairlər ayrı-ayrı şəhərləri və şəhər sənətkarlarını söz meydanına çəkən silsilələr yaradaraq adına da şəhraşub demişlər. Əvvəllər bu şeirlər daha çox satirik, ifşaçı biçimdə yazılırmış ki, hər birinin doğulması şəhəri də vəlvələyə salırmış, ədəbiyyatda da hay-küy doğururmuş. Şəhraşub yazdığına görə müxtəlif cəzalara məruz qalanlar, hətta dili kəsilənlər barədə tarixin şahidliyi var.
Sam Mirzə «Töhfe-yi Sami»sində Hərfi İsfahani deyilən şairin Gilan əhlinin həcvinə şəhraşub yazdığını, buna görə də müttəhim bilindiyini, dili kəsildiyini yazır.
Türkdilli ədəbiyyatda bu şeir şəklinə həvəslə müraciət edilmiş və onun bir sıra maraqlı örnəkləri yaradılmışdır. Türkiyəli araşdırıcı Agəh Sırrı Ləvənd «Türk ədəbiyyatında şəhrəngizlər və şəhrəngizlərdə İstanbul» adlı əsərində XV əsrdən XIX yüzilə qədər bəzilərinin tam mətnini, bəzilərinin parçalarını, bəzilərininsə sadəcə adlarını əldə etdiyi onlarca şəhrəngizdən söz açır.
Şəhrəngiz və şəhraşublar hər yerdə və hər dövrdə yaranmamışdır. Bu şeir şəkli o vaxt dirçəlib dəbə girirmiş ki, həmin yerdə şəhər tərəqqiyə başlayır, sənətkarlıq çiçəklənirmiş. Və belə çiçəklənmə, firavanlıq dönəmlərində həmin şəhər, o şəhərin əsnafı vəsf edilir, bu silsilələrə bir şuxluq, hərdənsə lap açıq-saçıq ifadə tərzi xas olurmuş.
Füzulinin yaradıcılığında rübai, qitə, qəzəl və qəsidə şəklində olan şəhrəngiz və şəhraşublara rast gəlinir. Ümumən Füzulinin bu şeir növü üçün seçdiyi əsas şəkil elə bütöv yaradıcılığının ahənginə uyğun olaraq qəzəldir.
İndiyədək bilinən təzkirələrin ən əskisində – Məhəmməd Oufinin «Lübab ül-əlbab»ında ən köhnə tarixli şəhraşubların nümunələri mövcuddur. Bunlar Məhəmməd ibn Ömər Fərqədinin neyçalan və dərzi oğlan haqqında rübailəridir. Lakin həmin təzkirədəcə daha bir neçə şairin şəhraşublarının varlığı – Əbu Əli ibn Hüseyn Mərvəzinin, Əsiləddin Nəsib Səmərqəndi, Məcdəddin Əyyuq və digər şairlərin cavan sənətkarlara həsr edilən eyni mayalı rübailəri artıq XI yüzillikdə bu şeir növünün yetərincə geniş yayıldığına dəlalət etməkdədir.
Təzkirələr, adətən, hər şairdən qısa bilgi, yaradıcılıqlarından da ən səciyyəvi xırda parçaları örnək gətirir. Bir neçə şair haqqındakı gödək təzkirə oçerkində onların şəhraşublarının da buraya əlavə edilməsi qətiyyən təsadüfi deyil və həmin dövrdə şəhraşubun ədəbi həyatdakı işləkliyinə birbaşa işarədir.
Bir sıra Avropa xalqlarının ədəbiyyatında da şəhraşuba oxşar şeirlər silsiləsi olmuşdur.
Şəhraşublar rəsmi ədəbiyyatla şifahi ədəbiyyatın aralığında dayanan şeir növü idi. Bu şeirlərin özünəməxsus dili və üslubu da vardı. Sanki rəsmi ədəbiyyatın ölçülü-biçili ədalarından, yıpranmış deyiş tərzindən usanan əsnaf şairlər bu silsilələrə meydan-bazar havasını (həm də dilini) gətirirdilər. Məqsəd yüksək ədəbiyyatı saya deyişlərlə soldurmaq, adilik səviyyəsinə endirmək deyil, ikinci dərəcəli kimi görünəni böyük ədəbiyyat orbitinə daxil etmək idi. Əgər şəhraşub bədii sözün aşağı növ məhsullarından olsaydı, Qətran Təbrizi və Xaqani Şirvani kimi şairlər ona müraciət etməzdilər.
«Şəhraşub» da, «şəhrəngiz» də mənası təxminən eyni olan kəlmələrdir, hər ikisi də farscadan gəlir. Bu kəlmələr bir məşhur şeir növünün ünvanı olmaqdan daha əvvəl gözəllərə şamil edilən təşbehdir. Anlamı – şəhəri heyran qoyan, şəhəri qatışdıran, şəhəri vəlvələyə salan deməkdir.