Bu məqalənin giriş hissəsi çox qısadır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan mədəniyyəti |
---|
Dil • Yazı sistemi • Folklor • Dastanlar • Ədəbiyyat • Fəlsəfə • Mifologiya • Memarlıq • Ev • Bağ • Təsviri incəsənət • Miniatür • Kalliqrafiya • Keramika • Xalçaçılıq • Heykəltəraşlıq • Milli geyim • Kosmetika • Musiqi • Muğam • Aşıq sənəti • Rəqs • Balet • Teatr • Yumor • Kino • Animasiya • Mətbuat • Radio • Televiziya • Təhsil • İdman • Döyüş sənətləri • Oyunlar • Dövlət bayramları • Festivallar • Tarixi təqvimlər • Mərasimlər • Milli Yeni il • Evlilik • Atəşfəşanlıq • Kulinariya • Çay mədəniyyəti • Şərabçılıq • Köçərilik • Ziyarətgahlar • Xalq təbabəti • Mentalitet • Milli kimlik • Tayfa quruluşu • Aristokratiya |
Azərbaycan ədəbiyyatı — Azərbaycan dilində yazılan ədəbiyyata və ya Azərbaycan yazıçıların, şairlərinin və ya azərbaycanlı mühacirlərin yazdığı ədəbiyyata aiddir.[1]
Qafqaz Albaniyası dilində yerli yazı və ədəbiyyatın yaranması ermənilərdə və gürcülərdə olduğu kimi, ölkənin xristianlaşması ilə bağlı idi. Dini ədəbiyyatın alban dilinə ilk tərcümələri siryani dilindən olmuşdur. Albanların öz doğma dillərində yazı və ədəbiyyatın olması obyektiv tarixi zərurətdən irəli gəlirdi. Sosial-iqtisadi və siyasi şərait Albaniyanın öz ədəbiyyatının yaranması üçün zəmin hazırlamışdı. V əsrin başlanğıcında arami qrafikası əsasında alban yazısı — əlifbası təkmilləşdirildi. Antik müəlliflərə[hansı?] görə, albanlar hələ e.ə. I əsrdə öz yazılarından istifadə edirdilər. V yüzilin əvvəllərində təkmilləşdirilmiş 52 fonemli alban əlifbası fısıltılı və boğaz səsləri ilə zəngin idi.[2]
Məhz bu dövrdə alban hökmdarı Yesuagenin, alban patriarxı İyereminin yardımı ilə "Tövrat" və "İncil"in, "Liturgiya" (xristianların əsas ibadət ayini) və başqa dini kitabların tərcüməsi üzrə uğurlu işlər görüldü. V–VII əsrlər alban yazısının çiçəklənmə dövrü hesab olunur. Erkən alban ədəbiyyatı əlverişli tarixi-mədəni şəraitdə təşəkkül tapdı. Ədəbiyyatın inkişafı nəticəsində maraq dairəsi genişlənmiş, bu isə öz əksini müxtəlif janrlarda tapmışdı: agioqrafik əsərlər, tarixi xronikalar, hüquqi sənədlər — kilsə qanunları və dünyəvi qanunlar yaranmağa başladı. V–VI əsrlərdə siyasi səbəblər üzündən ədəbiyyatda ellinpərəst istiqamət nəzərə çarpır. Dövrün alban ədəbi ənənələrinə bizə yetişmiş aşağıdakı tarixi narrativ mənbələr aiddir: Moisey Kalankatlının "Alban ölkəsinin tarixi", VII əsr şairi Dəvdəkin elegiyası, alban hüquqi mənbələri olan kilsə qanunları (V əsr Aquen kilsə məclisinin qanunları və Simeonun qanunu adı ilə tanınmış 705-ci il Partav məclisinin qanunu).[2]
VII–XII əsrlərdə təşəkkül tapan alban ədəbiyyatı mədəni-ideoloji mübarizədə islamlaşma və qriqoriyanlaşmaya və nəhayət, erməniləşməyə qarşı kəskin zəifləyib. Lakin bununla belə IX–XII əsrlərə aid alban xaçkarlarında (xaçdaşlarında) yerli alban mədəniyyətinin ənənəvi komponentləri — dünyəvi süjetlər hələ də əks olunur, kiçik təqvim hələ də işlədilirdi.[2]
Ərəb işğalı nəticəsində Xilafət tərkibinə qatılmış bütün ölkələrdə olduğu kimi, VIII yüzilin əvvəllərindən Azərbaycanda da rəsmi dövlət dilinin ərəb dili olması, bu dilin tabe edilmiş xalqların ünsiyyət vasitəsinə çevrilməsi, onun çox keçmədən ədəbi-elmi yaradıcılıqda da hakim dil olmasına gətirib çıxartdı.[2]
Ədəbiyyatda "şuubilik" — "xalqçılıq" meyilləri özünü islamaqədərki yerli mədəni ənənələri ərəb mədəniyyəti dairəsinə daxil etmək yolu ilə qoruyub saxlamaq cəhdində göstərirdi.[2] Beləliklə, Azərbaycan qarışıq bütün müsəlman dünyasında baş qaldırmış və VIII yüzilin ikinci yarısında xüsusilə genişlənmiş bu siyasi-dini mübarizə ərəbmüsəlman ədəbiyyatının yeni dövrü ilə sıx bağlı idi.[2] Azərbaycanın ən erkən ərəbdilli şair və ədiblərinin yaradıcılığı VII–VIII əsrlərin hüduduna aiddir.[2] İki mədəniyyətlərin — öz milli Azərbaycan və ərəb mədəniyyətinin təmsilçisi olan bu şairlərdən İsmayıl ibn Yəsar, eləcə də onun oğlu İbrahim və qardaşı Məhəmməd haqqında IX–X əsrlərdə yaşamış və yaratmış ərəb filoloqları İbn Quteybənin, Əbu-l-Abbas əl-Mübərrədin, Məhəmməd əl-Mərzubaninin və ən çox Əbu-l-Fərəc əl-İsfahaninin və başqalarının əsərlərində məlumat verilir.[2] Müasir tədqiqatçıların bəzən "iranlı" hesab etdikləri bu şairlərin mənşəcə Azərbaycandan olmaları etibarlı mənbə kimi qiymətləndirilən İbn Quteybənin məlumatı ilə təsdiq edilir.[2]
X–XII əsrlər ərəb-müsəlman mədəniyyətinin, o cümlədən onun mühüm tərkib hissəsi olan ədəbiyyatın tarixində ən məhsuldar dövrlərdən biri kimi qiymətləndirilir.[2] Bu mədəniyyətin yaradıcılarından olan Azərbaycan ziyalıları bir çox sahələrdə olduğu kimi, ədəbiyyat sahəsində də böyük nailiyyətlər qazanmış, ərəb və fars dillərində yazdıqları elmi-bədii əsərlərlə dövrün ümummüsəlman mədəniyyətini ən yüksək səviyyəyə qaldıra bilmişdilər.[2]
XII yüzil Azərbaycanda farsdilli poeziyanın təntənəsi zamanı hesab edilsə də, ərəbdilli ədəbiyyat hələ də öz mövqelərini qorumuş və hətta mahir qələm ustalarının simasında özünə qızğın tərəfdarlar tapa bilmişdi.[2] Əsasən farsca yazan görkəmli Azərbaycan şairləri Xaqani Şirvani və Mücirəddin Beyləqani öz yaradıcılıqlarında ərəb dilindən də istifadə edirdilər.[2] XII əsrdə Azərbaycan xalqı ərəbdilli ədəbiyyata Şihabəddin Yəhya Sührəvərdi kimi görkəmli şəxsiyyətləri bəxş etmişdir.[2]
Azərbaycanın görkəmli mütəfəkkirlərindən biri olan Şihabəddin Yəhya Sührəvərdi fəlsəfi traktatlardan başqa poetik divan da yaratmışdı.[2] Onun şeir yaradıcılığı ərəbdilli Azərbaycan poeziyası ilə sıx şəkildə bağlı idi.[2] Lirizm, həsrət və çıxılmazlıq əhvali-ruhiyyəsi, lakoniklik Sührəvərdi poeziyasının başlıca xüsusiyyətlərindəndir.[2]
XII yüzilin məşhur şairi və ədəbiyyat tənqidçisi Nizami Əruzinin fikrincə, şah və soltanlar, hakimiyyətlərini möhkəmlətmək və nüfuzlarını xalqlar arasında artırmaq üçün öz saraylarında istedadlı şairlər saxlamalı, onları istədikləri kimi tərbiyələndirməli, həmin şairlərin dili və qələmi vasitəsilə öz istək və arzularını təbliğ edirdilər.[2] Saray ədəbiyyatının geniş intişar tapdığı bu dövrdə Qətran Təbrizi də əvvəlcə Gəncədə, Şəddadilər sarayında, sonra isə Naxçıvanda, naxçıvanşah Əbu Duləfin sarayında yaşamışdır.[2] Elə buna görə də onun yaradıcılığının bu dövründə hökmdarları mədh edən qəsidələr daha başlıca yer tuturdu.[2] Qətran böyük mədhiyyələr toplusundan başqa zəmanəmizədək yetişməyən "Qövsnamə" (və ya "Quşnamə") məsnəvisinin və "Ət-Təfasir" ("Təfsirlər") adlı fars dilinin ilk izahlı lüğətinin müəllifidir.[2]
XII yüzilin əvvəllərindən başlayaraq Azərbaycan ədəbiyyatının Əbül-Üla Gəncəvi, Fələki Şirvani, İzzəddin Şirvani kimi dahisöz ustaları bu ədəbiyyatın zəngin xəzinəsinə yeni üslub, yeni şivə gətirərək, Gəncə və Şirvanda fəaliyyət göstərən Azərbaycan ədəbi məktəbinin əsasını qoyurlar.[2] Bu məktəbdə ədəbisənətlə real həyat arasında bağlılığı, uzlaşmanı təmsil edən, Rudəkidən başlayaraq Firdovsi və b. şairlər, o cümlədən Qətran Təbrizi tərəfindən inkişaf etdirilən farsdilli şerin Xorasan-Türküstan səpkisindən — üslubundan (səbkindən) fərqliolaraq yeni poetik "səbki təmtəraqi" adlı Azərbaycan üslubu yaradıldı.[2]
Ədəbi irsindən yalnız bir neçə şeri qalmış Əbül-Üla Gəncəvi dövrünün hökmdarlarını vəsf etsə də, XI əsrin sonu, XII əsrin I yarısında epik janrı inkişaf etdirən böyük fars şairi Sənai (1050–1140) poeziyasının mütərəqqi ənənələri ilə bağlı olmuş, Azərbaycan ədəbiyyatında ictimai-fəlsəfi şerin ilk nümunələrini yaratmışdır.[2] Əbül-Üladan sonra Şirvan ədəbi məktəbini şairin ən savadlı və istedadlı şagirdi, kürəkəni Əfzələddin Xaqani (1126–1199) idarə etməyə başladı.[2] Vaxtilə məhz Əbül-Üla, Xaqanini Şirvanşah III Böyük Mənuçöhrə (1120–1160) təqdim etmiş, ona "Xaqani" təxəllüsünü vermişdi.[2] Xaqani öz yaradıcılığı ilə Yaxın və Orta Şərq xalqlarının bədii təfəkkür tərzində yeni bir mərhələ açdı.[2] O, dövrün farsdilli Azərbaycan poeziyasına yeni üslub, təmtəraqlı obrazlar, parlaq təşbehlər, ifadələr, bədii təsvir vasitələri, çətin rədif və qafiyələr, nadir sözlər və terminlər, söz oynatmaları gətirib, şeir sənətində söz sənətkarlığı kimi estetik bir konsepsiya yaratdı.[2]
XII əsr Azərbaycan poeziyasının maraqlı və ən çox mübahisə doğuran siması şairə Məhsəti Gəncəvidir.[2] Fars dilində, əsasən rübai janrında yazan Məhsətinin şeirlərinin əksər hissəsi Gəncə mühiti ilə bağlıdır.[2] Yaradıcılığında məhəbbət lirikasının əsas yer tutduğu Məhsətinin rübailəri dünyəviliyi, humanizmi, nikbinliyi ilə seçilir. Məhz ondan sonra Azərbaycan şerində rübaiçilik geniş inkişaf yoluna qədəm qoyur.[2] Azərbaycanlı rübaiçilər içərisində qadın sənətkarların — Rəziyyə Gəncəvi kimi şairələrimizin yetişməsi Məhsəti təsirinin və yaradıcılığının ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirilə bilər.[2]
Azərbaycanın farsdilli poeziyasının "qızıl əsri"nin görkəmli şairlərindən biri, Xaqaninin yetirməsi, mahir mədhiyyəçi-şairlərdən olan Mücirəddin Beyləqani idi.[2] Şirvan ədəbi mühitinin yetişdirməsi olan bu şair qəsidələrinin əksəriyyətini ona himayəçilik edən Azərbaycan atabəyləri sülaləsinin nümayəndələrinə və II Toğrulun oğlu soltan Arslan şaha həsr etmişdir.[2] Onun lirikasında sonsuz iradə və qürur, özünün və başqalarının yaradıcılığına qarşı tələbkarlıq hakim idi.[2]
Bu dövrdə Nizami Gəncəvinin adı xüsusi çəkilir. Nizami öz dövrünün biliklərinin bütün məcmusuna sahib idi.[2] Fəlsəfi ədəbiyyatla, astronomiya və astrologiya ilə, coğrafiya və kosmoqrafik ədəbiyyatla, müəyyən dərəcədə riyaziyyat, fizika və kimya ilə tanış olmuşdu. Onun əsərlərində çox qiymətli tibbi, bioloji, təbii-elmi məlumatlara təsadüf olunur.[2] Nizami "Xəmsə"si ilə şeir sənətini saraylardan və məddahlıqdan uzaqlaşdırıb, bədii ədəbiyyat yaratdı.[2] O, insanı özünün qəhrəmanı edib, onun hiss və həyəcanlarını, duyğu və düşüncələrini, arzu və istəklərini tərənnüm edirdi.[2] Şəxsiyyət, onun həyatı, mahiyyəti, təfəkkür tərzi və fəlsəfəsi Nizamini düşündürən, onun poemalarının əsas xəttini təşkil edən mövzular idi. Nizami əsərlərində sənətkarlıq, forma və məzmun vəhdətdə olub bir-birini tamamlayırdı.[2] Nizami yaradıcılığı Şərq xalqları ədəbiyyatının inkişafına böyük təsir göstərmişdir.[2] Onun əsərləri orta çağ mədrəsələrində əsas dərslərin bir hissəsi olmuş, şairlər, ədiblər və tələbələr onlardan elm öyrənmiş, onları əzbərləmişlər.[2] Əmir Xosrov Dəhləvini, İmad Kirmani, Əbdürrəhman Camini, Əlişir Nəvaini, Məhəmməd Füzulini və başqalarını Nizami məktəbinin davamçıları hesab etmək olar.[2]
XII əsrin Azərbaycan şairləri və nasirləri arasında Gəncə ədəbi məktəbinin daha bir nümayəndəsi, Nizami Gəncəvinin dostu Əbubəkr ibn Xosrov əl-Ustad diqqəti xüsusilə cəlb edir.[2] Onun "Munisnamə"nin nadir əlyazması hazırda Londondakı Britaniya muzeyində saxlanır və hələlik Əbubəkr ibn Xosrovun həyatı, yaradıcılığı haqqında yeganə məlumat mənbəyidir.[2] Bu məlumata görə, şair Azərbaycan atabəylərinə xidmət etmiş, gənc şahzadələrin müəllimi və tərbiyəçisi olmuş, əsərlərini Azərbaycan atabəyləri Cahan Pəhləvana, Qızıl Arslana və Atabəy Əbu Bəkr ithaf etmişdir.[2]
XIII–XV əsrlərdə Azərbaycan ədəbiyyatı çox çətin şəraitdə inkişaf etmişdir.[3] XIII–XV əsrlər saray ədəbiyyatının, qəsidə şerinin nisbətən zəiflədiyi bir dövrdür.[3] İmadəddin Nəsimi kimi görkəmli şairlər yaradıcılığın ideya istiqaməti baxımından saray ədəbiyyatına, məddahlığa yabançı idilər.[3] Lakin Zülfüqar Şirvani, Arif Ərdəbili kimi şairlər saray şerinin ənənələrini davam etdirirdilər.[3]
XIV əsrdə Azərbaycan şeri nisbətən daha sürətlə inkişaf edirdi.[3] Bu əsrin ədəbiyyatı məzmun etibarilə də əvvəlki əsrlərin ədəbi nümunələrindən fərqlənirdi.[3] O dövrdə həyatı daha geniş surətdə əks etdirən epik dastanlar meydana çıxmışdı.[3] Bu əsərlərdə yaradılmış həyat lövhələri, insan surətləri poeziyanın mistikadan uzaqlaşdığını, onun həyatla əlaqələrinin gücləndiyini göstərir.[3] Arif Ərdəbilinin "Fərhadnamə"si və Əssar Təbrizinin "Mehr və Müştəri" adlı poeması bu keyfiyyətləri parlaq surətdə əks etdirən əsərlərdir.[3]
Bu dövrün Azərbaycan şerində sufizm ideyaları daha çox yayılırdı.[3] Bunu daxili və xarici təzyiqin, istismarın artması ilə izah etmək olar.[3] Müsibətlər, ölkənin maddi sərvətlərinin qarət edilməsi, aclıq və yoxsulluq xalq kütlələri içərisində etiraz doğurmuş, müəyyən ziyalı təbəqələrində və sənətkarlarda da həyatdan narazılıq, məyusluq, ümidsizlik meyillərini gücləndirmişdi.[3] Bu vəziyyət bəzi şair və alimlərin sufizm ideyalarına meyil etməsinə şərait yaradırdı.[3] Bu dövrdə inkişaf edən sufi poeziyasının ən görkəmli nümayəndələrindən biri Mahmud Şəbüstəridir.[3] O, mədrəsə təhsili almış, ərəb və fars dillərini, təbiyyatı, nücumu, orta əsrlərin dini-mistik fəlsəfəsini öyrənmiş, Yaxın Şərq ölkələrinə səyahət etmiş və min beytə yaxın məşhur "Gülşəni-raz" əsərini yaratmışdır.[3] Bu əsər sufizmin nəzəri-fəlsəfi məsələlərinə həsr edilmiş və sual-cavab şəklində yazılmışdır.[3] Burada panteizmin əsasları, mütəfəkkir şairin dünyagörüşü əks olunmuşdur.[3]
XIII–XIV əsrlərdən etibarən Azərbaycan dilində yaranmış poeziya nümunələrinin artması ilə əlaqədar olaraq ərəbcə və farsca bədii əsər yazmaq ənənəsi tədricən zəifləməyə başladı.[3] Azərbaycan dilində yazılmış əsərlər sırasında İzzəddin Həsənoğlunun iki qəzəli və Nəsir Bakuvinin Sultan Məhəmməd Ulcaytuya (1304–1316) həsr etdiyi müxəmməsi diqqətəlayiqdir.[3] XIV əsrdə Azərbaycan dilində yaradılmış şeir nümunələri içərisində Qazi Bürhanəddinin (1344–1398) əsərləri böyük maraq doğurur. Sənətkarın məhəbbəti tərənnüm edən şerlərində folklorun təsiri duyulmaqdadır.[3]
XIV əsrin ikinci yarısında — XV əsrin əvvəllərində Azərbaycan şerinin inkişafında mühüm rol oynamış şairlərdən biri də İmadəddin Nəsimidir.[3] Nəsimi Azərbaycan dilində böyük divan yaratmışdır.[3] O, ərəb və fars dillərində də şeir yazmış, lakin Azərbaycan dilində yazdığı şeirlər doğma dilin tarix səhnəsinə çıxmasını, elm və mədəniyyət vasitəsi kimi möhkəmlənməsini təmin etmişdir.[3] Nəsimi Azərbaycan ədəbi dilini canlı xalq dili hesabına zənginləşdirmiş, şeri bədii ifadə vasitələri, janr, vəzn və ahəng cəhətdən inkişaf etdirmişdir.[3]
XV əsrdən etibarən Azərbaycan ədəbiyyatı əsasən doğma dildə inkişaf etməyə başladı.[3] XV əsrdə Azərbaycanın ictimai və mədəni həyatında görkəmli rol oynamış şəxsiyyətlərdən biri də şair Cahanşah Həqiqidir.[3] Həqiqi şerə, musiqiyə, folklora böyük həvəs göstərmiş, dövrünün mütərəqqi şəxsləri ilə yaxın əlaqə saxlamış, elmə və maarifə rəğbət bəsləmişdir.[3] Şair klassik Azərbaycan şerinin ənənələrini davam etdirmiş, öz lirik qəhrəmanını incə ifadələr, gözəl təşbihlər, rəngarəng bədii boyalarla təsvir etmişdir.[3]
Cəlalilər hərəkatına başçılıq edən rəhbərlər arasında Koroğlu xüsusilə seçilirdi. Koroğlu şəxsiyyəti və onunla əlaqədar hadisələr Azərbaycan folklorunda özünün geniş əksini tapmışdır.[3] Koroğlu dastanı müxtəlif qollardan ibarətdir.[3] Eposun hər bir qolu müstəqil və mükəmməl hekayət səciyyəsinə malikdir.[3] Lakin əsərin bütün qollarını birləşdirən ümumi ideya mövcuddur.[3] Bu ideya Koroğlu ilə, onun xalqı əzən feodallara, işğalçılara qarşı mübarizəsi xətti ilə möhkəmlənmişdir.[3] Qolların böyük bir qismi Koroğlunun müxtəlif yürüşlərinə həsr olunmuşdur.[3]
XV əsrdə Hamidi, Bəsiri, Kişvəri kimi Azərbaycan dilində əsərlər yaratmış Azərbaycan şairlərinin bədii irsi XVI əsrdə də inkişaf etdirilirdi.[3] Səfəvi dövlətinin təşkilindən etibarən Azərbaycan dilində şer yazmağa xüsusi əhəmiyyət verilirdi.[3] Şah İsmayıl Xətainin sarayında fəaliyyət göstərmiş şairlər məclisində Süruri, Şahi, Matəmi, Tüfeyli, Qasimi kimi sənətkarlar iştirak edirdilər.[3] Məclis "məliküş-şüəra"nın — Həbibinin başçılığı ilə keçirilirdi.[3] Həmin dövrdə ədəbiyyatda hürufi ideyalar da sərbəst inkişaf zəmini tapmışdı.[3] XVI əsrdə hürufi şairlər Səfəvi dövləti ətrafında cəmləşir və şiəlik təriqəti ilə uyuşmağa çalışırdılar.[3] Bu baxımdan Süruri və Tüfeyli təxəllüsü ilə yazmış şairlərin yaradıcılığı daha səciyyəvidir.[3]
Şah İsmayıl Xətainin ədəbi irsi Azərbaycan dilində yazılmış "Divan"dan, ibrətamiz mənzumələrdən, lirik qoşmalardan, "Nəsihətnamə" adlı məsnəvidən və "Dəhnamə" poemasından ibarətdir. Xətai öz yaradıcılığında xalq dilindən, əruz və heca vəznlərindən, folklordan istifadə etmişdir. XVI əsrdə xalq yaradıcılığı, xüsusilə aşıq ədəbiyyatı yalnız xalq içərisində deyil, hətta sarayda da rəğbətlə qarşılanırdı. Heca vəzni ilə yazılmış və "varsağı" adlanan şeirlər I Şah İsmayılın sarayında keçirilən ədəbi məclislərdə bəyənilirdi.[3]
Azərbaycan ədəbiyyatının inkişafı tarixində Məhəmməd Füzulinin yaradıcılığı müstəsna yer tutur.[3] Onun əsərləri dərin məzmunu ilə Azərbaycan xalqının ictimai və bədii fikir tarixində yeni bir mərhələnin başlanğıcıdır.[3] Füzuli Azərbaycan mədəniyyətinin çoxəsrlik ədəbi ənənələrini mənimsəmiş, onları inkişaf etdirmiş, Azərbaycan ədəbiyyatına yeni məzmun, bədii keyfiyyətlər gətirmişdir.[3] Onun əsərləri sırasında Azərbaycan, fars və ərəb dillərində yazılmış divanlar, "Söhbətül-əsmar", "Həft cam", "Ənis ül-qəlb" adlı poemaları, "Səhhət və Mərəz", "Rindü zahid" adlı nəsr əsərləri, "Mətləül-etiqad" adlı fəlsəfi risaləsi məşhurdur.[3] 2017-ci ildə Məhəmməd Füzulinin "Divan"ının əlyazmasının surəti UNESCO-nun "Dünya Yaddaşı" Proqramı Reyestrinə daxil edilib.[4]
XVII əsr Azərbaycan ədəbiyyatı yazılı poeziya ilə yanaşı, folklorun müxtəlif forma və janrlarının geniş inkişafı ilə səciyyəvidir.[3] Zülmə, məhrumiyyətlərə tab gətirən zəhmətkeş kütlələrin xeyirxah hissləri məhz folklor əsərlərində özünün parlaq ifadəsini tapırdı.[3] XVII əsr ədəbiyyatı tarixində folklor və aşıq poeziyası sahəsində baş vermiş ümumi yüksəliş prosesi əsas məqamlardan biri hesab edilməlidir.[3] Əski dövrlərin ənənələrinə, xüsusilə XVI əsrin uğurlarına istinad edən nəğməkarlar və təhkiyəçilər incəsənətin folklor növlərini inkişaf etdirirdilər.[3] Dəyərli qəhrəmanlıq və məhəbbət dastanlarının tam şəkildə təşəkkülü prosesi XVI əsrin sonu — XVII əsrin başlanğıcına təsadüf edir.[3] XVII əsrdə "Şah İsmayıl", "Aşıq Qərib", "Əsli və Kərəm", "Novruz" kimi məşhur dastanlar tam şəkildə formalaşdı.[3]
XVI–XVII əsrlər aşıq sənətinin yüksəliş dövrüdür.[3] Aşıqların sənəti və hafizəsi sayəsində folklor əsərləri ilkin gözəlliyini saxlamış, müasir zəmanəyə qədər gəlib çatmışdır.[3] Aşıqlar epik və lirik əsərlərin yaradılması işində başlıca simalar olmuşlar.[3] Aşıqlar əski zamanlardan etibarən böyük nüfuza malik idilər, lakin yalnız XVI–XVII əsrlərdə aşıq poeziyası geniş inkişaf yoluna çıxmışdı.[3]
XVIII əsr poeziyasının diqqətəlayiq xüsusiyyəti əsasən müxəmməs formasında yazılmış, dövrün gerçək hadisə və şəxslərinə həsr olunmuş irihəcmli şeirlərin meydana gəlməsidir.[3] Tarixi həqiqiliyi ilə seçilən bu əsərlər əsrin bir çox hadisələrini və ictimai-siyasi həyatın faktlarını aydınlaşdırmağa, dərk etməyə kömək edir.[3] Bunlar XVIII əsr Azərbaycanlılarının taleyinə düşən həyat sarsıntılarının bir növ aynasıdır.[3] XVIII yüzillik bizə bir sıra maraqlı nəsr nümunələri də vermişdir.[3] Bunlardan ən əhəmiyyətlisi xalq dastanı "Şəhriyar və Sənubər" əsasında naməlum müəllif tərəfındən yazılmış "Şəhriyar" əsəridir.[3] Dastanda sevgililərin məhəbbətinə mane olan ictimai bərabərsizliyin amansızlığı təsvir edilir.[3] XVIII əsr nəsr janrının digər maraqlı nümunəsi "Oğru və qazı" novellasıdır.[3] Bu əsər qanun keşiyində duran şəxslə xırda dələduz arasında gedən dialoq üzərində qurulmuşdur.[3]
XVIII əsrdə də ədəbiyyatın başlıca növü nəzm olaraq qalırdı.[3] XVII əsr kimi, XVIII yüzillik də aşıq poeziyasının yüksəlişi dövrüdür.[3] XVIII əsrdə Xəstə Qasım, Saimi, Saleh, Ürfani, Məlali və b. aşıqlar, habelə üslubca onlara yaxın şairlər yazıb-yaratmışlar.[3] Onların poeziyasını xalqın ümid və arzularına olan yaxınlıq fərqləndirir.[3] Mövzu baxımından bu şeirlərdə real fəaliyyətdə olan insanla bağlı məhəbbət motivləri və dünyəvi qadının gözəlliyinin tərənnümü üstünlük təşkil edir.[3] Lakin bu şairlər ictimai bərabərsizlikdən, sadə insanların ağır güzəranından bəhs edən didaktik-əxlaqi şeirlərə də az yer verməmişlər. İbrətamiz poeziyanın ən böyük ustası aşıq Xəstə Qasım idi.[3] Onun bir çox ustadnamələrindən həm XVIII əsrdə, həm də sonrakı əsrlərdə yaradılmış müxtəlif dastanların giriş hiss ələrində geniş istifadə olunmuşdur.[3]
Əvvəllər olduğu kimi, XVIII əsrdə də Şərq lirikasının klassik ənənələrinə əsaslanan nəzm geniş yayılmışdır.[3] Nişat Şirvani öz incə məhəbbət qəzəlləri ilə geniş şöhrət tapmışdı.[3] Arif Şirvani, Arif Təbrizi, Ağa Məsih Şirvani, Məhcur Şirvani, Şakir Şirvani və başqaları əruzun müxtəlif forma və növlərində bir çox lirik əsərlər yaratmışlar.[3] Bu şairləri qüssə, tənhalıq, yer üzünün qayda-qanunlarından narazılıq, zalım insanlara qarşı hiddət notları bir çox cəhətdən birləşdirir.[3]
XVIII əsrin poeziya zirvəsində iki görkəmli sənətkar — Molla Pənah Vaqif və Molla Vəli Vidadi durur.[3] Bu iki dost şairi çox amillər yaxınlaşdırır.[3] Onlar birlikdə poeziya dilini, şeir formasını dəyişmiş və xalq üçün daha anlamlı etmişlər.[3] Məhz Vaqif və Vidadi yaradıcılıında klassik və xalq ənənələri birləşdirilmişdir.[3] Lakin onların hər biri özünəməxsus tərzdə, bir-birindən fərqli halda həyatı qavramış, dərk etmişdir və bu da onların yaradıcılığında təkrarolunmaz iz buraxmışdır.[3] Vidadinin lirikasında qüssə-kədər əhvali-ruhiyyəsi üstünlük təşkil edir.[3] Xalqçılıq, obrazlar zənginliyi, cilalanmış bədii sənətkarlıq, canlı və ifadəli dil, gerçəkliyi nikbin dərketmə — bütün bunlar Vaqifin yaradıcılıq simasının ən əhəmiyyətli xüsusiyyətləridir.[3]
XVIII əsr Azərbaycan poeziyası, xüsusən aşıq sənəti və üslubuna görə ona yaxın olan yazılı ədəbiyyat qonşu Qafqaz xalqlarının poeziyasına da müəyyən təsir göstərmiş, onların bir çox aşıqları öz qoşmalarının bütöv və ya bir hissəsini Azərbaycan dilində yaratmışlar.[3] Qafqaz xalq ədəbiyyatının qarşılıqlı təsirinə parlaq nümunə Azərbaycan, erməni, gürcü dillərində eyni uğurla yaradan erməni şair və aşığı Sayat Novanın yaradırıcılığıdır.[3]
Azərbaycan nəsrində roman janrının ən kamil örnəkləri XX yüzildə yaranmışdır.[5] Əsrin birinci yarısında Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər", "Qılınc və qələm", Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında", "Qızlar bulağı", Əbülhəsən Ələkbərzadənin "Yoxuşlar", Süleyman Rəhimovun "Şamo", "Saçlı", Mehdi Hüseynin "Səhər", Əli Vəliyevin "Qəhrəman" və digər romanlar tarixi mövzuda qələmə alınmışdır.[5]
XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı olduqca çoxcəhətli idi.[6] Bu dövrün ədəbiyyatında çox mühüm hadisə o idi ki, ədəbiyyatda xalq kütlələrinin azadlıq istəyi, inqilabi hərəkatın güclən məsi, milli şüurun güclü oyanışı ilə əlaqədar olaraq tənqidi realizm aparıcı istiqamətə çevrilmişdi.[6] Bu istiqamətin əsas meyli mütləqiyyətin mövcud dövlət quruluşunu ifşa etməkdən, qabaqcıl ictimai ideyaları yaymaqdan ibarət idi.[6]
Realist Azərbaycan ədəbiyyatında xalq mövzusu mərkəzi yer tuturdu.[6] Realistlər zəhmətkeşlərin həyatını olduğu kimi işıqlandırmağa çalışır, xalqın ən yaxşı oğullannın obrazını yaradır, onların vətənpərvərlik və qəhrəmanlıq ənənələrini əks etdirir, xalqı azadlıq mübarizəsinə çağırırdılar.[6] Realist ədəbiyyat ailə probleminə, qadınların hüquqsuzluğu, maarifin təbliği, cahilliyin, fanatizmin tənqidinə və s. məsələlərə böyük diqqət yetirir, onları mühüm ictimai-siyasi cəhətlə sıx əlaqədə nəzərdən keçirirdi.[6]
XX əsrin əvvəlinin realizmi Azərbaycanın klassik ədəbiyyatının qabaqcıl ənənələrinə və şifahi xalq yaradıcılığına əsaslanırdı.[6] XX əsrin realist yazıçıları Xaqani və Nizaminin, Füzuli, Vaqif və M. F. Axundovun irsinə yaradıcı surətdə müraciət edir, bu klassiklərin ədəbiyyata gətirdikləri müsbət və qabaqcıl ideyaları qəbul edirdilər.[6] Onlar eyni zamanda Şərq, rus və Qərbi Avropa ədəbiyyatını öyrənir, Homerin, Firdovsinin, Ömər Xəyyamın, Sədi Şirazinin, Hafiz Şirazinin, Vilyam Şekspirin, Aleksandr Puşkinin və Nikolay Qoqolun yaradıcılığına müraciət edirdilər.[6] Amma ədəbiyyatda rus ədəbiyyatının təsiri ilə yaranan meyillər özünü daha qabarıq şəkildə büruzə verirdi.[6]
Azərbaycan tənqidi realizminin korifeylərindən biri, M. F. Axundovun realist ənənələrini davam etdirən Cəlil Məmmədquluzadə publisist fəaliyyəti ilə yanaşı, bir sıra parlaq bədii əsərlər yaratmışdı. C. Məmmədquluzadə Azərbaycan ədəbiyyatında realist hekayəçiliyin əsasını qoyanlardan biridir.[6] Onun "Usta Zeynal", "Poçt qutusu", "Qurbanəli bəy", "İranda hürriyyət" və başqa psixoloji hekayə və novellaları Azərbaycan ədəbiyyatının klassikasına aiddir.[6] Yazıçının əsas əsərləri xalqda özbaşınalığa və hüquqsuzluğa qarşı etiraz hissləri oyadır, ədalətli gələcəyə ümidi möhkəmləndirirdi.[6] C. Məmmədquluzadənin köhnə dünyaya, çar hakimiyyətinə, Qərb imperializminə və Şərq despotizminə qarşı ən kəskin silahı satira idi.[6] Onun felyetonları nəinki Azərbaycanda, həmçinin çar Rusiyasında və onun hüdudlarından kənarda da böyük müvəffəqiyyət qazanaraq, özünün siyasi kəskinliyi, mövzu aktuallığı və kompozisiyasındakı ustalığı ilə həmişə fərqlənmişdi.[6]
XX əsr Azərbaycan ədəbiyyatında realist istiqamətin inkişafında dahi xalq şairi Mirzə Ələkbər Sabirin müstəsna rolu olmuşdur.[6] Onun şeirləri zəhmətkeş kütlələrin istək və arzularını, azadlıq ideyalarını tərənnüm edən xalq poeziyasıdır.[6] Novator-şair olan Sabir realizminin canı humanizm və azadlıq ideyalarında idi.[6] Bakıxanov, Zakir və Şirvaninin ənənələrini davam etdirən böyük sənətkar Azərbaycanda satirik poeziyanı yeni zirvələrə qaldırmışdı.[6] Tədqiqatçılar Sabir satirasının Saltıkov-Şedrin, Nekrasov, Beranje, Heyne satirası ilə ideya birliyini qeyd edirlər.[6] XX əsrin əvvəllərində N. Nərimamovun ədəbi yaradıcılığı əsasən publisist istiqamət almışdı.[6] O, özünün məqalə və felyetonlarında Rusiya zəhmətkeşlərinin ən rəzil düşməni hesab etdiyi mütləqiyyətə qarşı çıxırdı.[6] N. Nərimanovun qələminin məhsulu olan və bədii ədəbiyyatda özünəməxsus yer tutan əsərlərindən biri də onun "Pir" povesti idi. 1915-ci ildə isə o, adi insanların ağır həyatından bəhs edən "Bir kəndin sərgüzəşti" hekayəsini nəşr etdirmişdir.[6] XX əsr Azərbaycan ədəbiyyatında realizmin inkişafında Ə. Haqverdiyevin əsərlərinin də böyük rolu olmuşdur.[6] 1901-ci ildə "Pəri cadu" pyesini başa çatdıran Ə. Haqverdiyev 1907-ci ildə ən böyük əsərlərindən biri — "Ağa Məhəmməd şah Qacar" faciəsini tamamlamışdı.[6] Bu əsərində o, böyük ustalıqla zülmkar şah obrazı yaratmış, İrandakı despotik quruluşu tənqid atəşinə tutmuşdur. Bu əsər uzun müddət Azərbaycan teatr səhnəsindən düşməmiş və böyük şöhrət qazanmışdı.[6]
Realist yazıçılar sırasına 1904–1907-ci illərdə qəzet və jurnal səhifələrində xeyli şer, felyeton və məqalələri çap olunmuş Məmməd Səid Ordubadi də daxil idi.[6] O, "Molla Nəsrəddin" jurnalında xüsusilə fəal iştirak edirdi.[6] 1907-ci ildə Ordubadinin şeirlər külliyyatı nəşr olunmuşdu.[6] Həmin ildə o, "Bədbəxt milyonçu" əsərini çap etdirmiş, milli roman yaratmaq yolunda qələmini sınamışdı. Bu məktəbin nümayəndələrindən biri də Əli Nəzmi olmuşdur.[6] Dövrünün bir çox sosial və ictimai-siyasi problemlərinə toxunan şair "Molla Nəsrəddin" jurnalında satirik şeir və felyetonlarla çıxış etmişdi. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınmış yazıçı-dramaturq Nəcəf bəy Vəzirov 1909–1912-ci illərdə də bir sıra əsərlər yazmış, onlarda ailə və mənəviyyat məsələlərinə toxunmuş, "Keçmişdə qaçaqlar" pyesində isə çar üsuli-idarəsinə, yerli əsarətçilərə öz nifrətini bildirmişdir.[6] O, özünün publisist məqalə və felyetonlarında xalqlar dostluğunu təbliğ edir, fəhlələrin ağır həyat şəraitinin mənzərəsini yaradır, İran despotizmini lənətləyib, Səttarxanın başçılıq etdiyi milli-azadlıq hərəkatını alqışlayırdı.[6]
Öz yaradıcılığının ilk illərində Sultan Məcid Qənizadə realist ədəbiyyat mövqeyində dayanmış, XX əsrin əvvəllərində yazdığı "Allah xofu", "Qurban bayramı" əsərlərində fəhlələrin acı həyatını, xalqın azadlıq uğrunda mübarizəsini əks etdirmişdir.[6] Bu ədəbi cərəyanın görkəmli nümayəndələrindən biri də Yusif Vəzir Çəmənzəminli idi.[6] Onun əsrin əvvəllərində yaratdığı hekayələr Azərbaycan ədəbi nəsrinin parlaq nümunələri idi.[6] Bu hekayələrdə müəllif zəhmətkeşlərin ağır vəziyyətini, qadınların acı taleyini, tələbə həyatının mənzərəsini verir, çar məmurlarının rüşvətxorluğunu ifşa edirdi.[6] Ceyhun Hacıbəylinin ədəbi yaradıcılığında, o cümlədən 1909–1911-ci illərdə "Kaspi" qəzetində çap etdirdiyi "Hacı Kərimin səhəri" povestində Azərbaycan ədəbiyyatının realist ənənələri davam etdirilmişdir.[6]
Molla nəsrəddinçilərin mövqeyinə yaxın olan mövqedən çıxış edənlərdən biri də Seyid Hüseyn Sadiq idi. O, öz hekayə və məqalələrində mürtəce qüvvələrin əleyhinə çıxır, qadın azadlığı, dilin təmizliyi uğrunda mübarizə aparır, ictimai bərabərsizliyi ifşa edir, inkişafa və maariflənməyə çağırırdı.[6] Yazıçı "Həyat üçün incəsənət" nəzəriyyəsini müdafiə və təbliğ edirdi.[6] Bu dövrün digər ədəbi cərəyanı romantizm və onun ən görkəmli nümayəndəsi Əli bəy Hüseynzadə idi. Şairlərdən Ağadadaş Müniri, Əliabbas Müznib, Səməd Mənsur və başqaları ona yaxın mövqedə olmuşlar.[6] Romantiklərin nümayəndələrinin ədəbi yaradıcılığında tarixi keçmiş, din, xalqın azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi mövzuları əsas yer tuturdu.[6] Mütəfəkkir şair Məhəmməd Hadinin bədii irsi orijinal yaradıcılıq xüsusiyyətlərinə malik idi. Onun poeziyasında azadlıq, insanpərvərlik arzuları, əsarətə, zorakılığa və ədalətsizliyə qarşı üsyankar etiraz diqqəti cəlb edir.[6] O, əsarət altında olan xalqların ədalətsizlik əleyhinə apardığı mübarizəyə və milli-azadlıq hərəkatına hüsn-rəğbət bəsləyən xeyli əsər yazmışdı.[6]
XX əsrin əvvəllərində romantizmin görkəmli nümayəndəsi şair və dramaturq Hüseyn Cavid idi. Cavidin ilk şeirlər külliyyatı 1913-cü ildə çapdan çıxmışdı. Bu dövrdə Cavidin yaradıcılığında dramaturgiya mühüm yer tuturdu. O, Azərbaycan ədəbiyyatında şeirlə yazılmış ilk dram əsərinin müəllifidir.[6] Cavid Azərbaycan dramaturgiyasında yeni mərhələnin əsasını qoydu, milli teatr mədəniyyətinin inkişafına güclü təkan verdi.[6] Onun dramaturgiyasında ümumbəşəri əhəmiyyətə malik olan vacib problemlər öz əksini tapdı. Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biri də Abbas Səhhət idi.[6] Onun lirik əsərləri vətənə hədsiz məhəbbətlə yoğrulmuşdur. Səhhət Azərbaycan ədəbiyyatında vətən təbiətinin parlaq tərənnümçüsü, eyni zamanda ictimai çatışmazlıqların bacarıqlı tənqidçisi idi.[6]
Realist və romantik meyillərin çulğalaşması Abdulla Şaiq yaradıcılığı üçün səciyyəvidir.[6] Onun bir sıra lirik şeirlərində köhnə dünya ilə barışmazlıq hiss olunur.[6] Bunu "Məktub yetişmədi" hekayəsində daha parlaq şəkildə görmək olar.[6] Uşaq ədəbiyyatı A. Səhhət, A. Şaiq, M. Ə. Sabir, C. Məmmədquluzadə və S. S. Axundovun qələmindən çıxmış bir sıra əsərlər sayəsində XX əsrin əvvəllərində ədəbi fəaliyyətin müstəqil istiqaməti kimi meydana çıxdı.[6]
XX əsrin əvvəllərində mətbuat və ədəbiyyat Azərbaycanın ictimai-siyasi və mədəni həyatını əks etdirir, 1905–1907-ci illər inqilabi hərəkatının təsiri altında mütləqiyyəti, polis sistemini, çarizmin milli-müstəmləkə zülmünü tənqid atəşinə tutur, zəhmətkeş kütlənin ağır iş şəraiti və güzəranına biganə qalmırdı.[6] Bununla yanaşı, mətbuat və ədəbiyyat nümayəndələri ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə (17 Oktyabr Manifesti, Dövlət duması və s.), Rusiya fəhlə hərəkatının məqsəd və vəzifələrinə, Rusiyanın gələcək dövlət quruluşu və s. məsələlərə müxtəlif mövqelərdən yanaşırdılar.[6] Mətbuatda və ədəbiyyatda rus çarizminin, Qərb dövlətlərinin qəsbkar planlarının, həmçinin İran və Türkiyədə mütləqiyyət quruluşunun tənqidinə də geniş yer verilirdi.[6] Bu dövrdə realist ədəbiyyat sürətlə inkişaf edir, romantik sənətkarlar yetişir, hətta simvolizm, futurizm kimi cərəyanlara qoşulanlar da olurdu.[6]
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı ictimai mühitin təsiri altında formalaşırdı.[7] Romantizmin görkəmli nümayəndələri (Məhəmməd Hadi, Abdulla Şaiq və b.) bu dövrdə forma baxımından mətbuatda daha çox yer tutan poeziyada mənəvi azadlıqdan doğan təəssüratların, "milli azadlıq duyğuları" ilə bərabər türkçülük, mübarizlik, milli ruh və turançılıq ideyalarının təbliğinin daha çox ədəbiyyatda ifadəsini tapmasına fikir verirdilər.[7] XX yüzilin əvvəllərində ədəbiyyatın inkişafına təkan verən realizm və romantizm ədəbi məktəblərin paralel inkişaf etməsi və dövrün aktual ədəbi proseslərini özündə əks etdirməsini "Molla Nəsrəddin" və "Füyuzat" kimi jurnalların fəaliyyətlərində müşahidə olunur.[7] "Molla Nəsrəddin" jurnalı (Cəlil Məmmədquluzadə) ətrafında realist şair və yazıçıları, "Füyuzat" jurnalı (Əli bəy Hüseynzadə) romantikləri toplayırdı.[7] Molla Nəsrəddinçilər ədəbi dili xalqın danışıq dilinin bazası əsasında yaradılmasını, füyuzatçılar isə "ortaq türk dilinin formalaşdırılması ideyası"nı və "bu məsələdə Türkiyə türkcəsini" əsas götürməyi iddia edirdilər.[7]
Azərbaycan sovet romantizmindən fərqli olaraq, istiqlalçı ədəbiyyatına aid yazarlar romantizmə modernist baxışları ifadə edirdilər.[7] Bunu Hüseyn Cavidin, Abbas Səhhətin yaradıcılıqlarında müşahidə etmək olar.[7] 1930-cu illər dramaturgiyasına toxunarkən, bu dövr dramaturgiyasının hibrid janrlarda formalaşmış dram əsərlərini sıxışdırıb çıxardığını, əvəzində isə yeni dramaturji təmayüllərin formalaşdığını göstərir.[7] Bu dövrdə sosialist realizminə əsaslanan dramaturgiyanın "sosialist ictimai varlığın təsvirinə" yönəldiyi də müəllif tərəfindən vurğulanır.[7]
1920-ci illərdə Azərbaycan sovet ədəbiyyatı klassik rus və sovet ədəbiyyatının ideya bədii təsirini azaltmağa cəhd göstərənlərə qarşı kəskin mübarizə şəraitində inkişaf edirdi. Azərbaycanda sovet ədəbiyyatının inkişafında bütün mədəni irsin rolunu inkar eden "proletkultçuluq" mənfi rol oynadı.[8]
1920-ci illərin sonu 30-cu illərin əvvəlləri romana keçid təkamül prosesində yaranmış romanlar mövzu və problematika baxımından maraq doğururdu.[7] Dövrünün epoxal hadisə və gerçəkliklərini əhatə edən bu romanların mövzu və problematika baxımından üç dövrü əhatə edir.[7] Bu illərdə "Ya müttəfiq, ya düşmən" siyasi çağırışı cəmiyyətin əsas ideologiya şüarlarından birinə çevrildi.[7]
Azərbaycan sovet ədəbiyyatı və Cənubi Azərbaycan ədəbiyyatı arasında ideoloji qarşıdurmalar isə daha çox 1945-ci il 12 dekabrda yaranmış Azərbaycan Milli Hökumətinin süqutundan sonra baş verir.[7] Belə ki, Azərbaycan Milli Hökumətinin süqutundan sonra Cənubi Azərbaycan ədəbiyyatının nümayəndələri olan Əli Fitrətin, Cəfər Kaşifin və başqalarının edamlarından sonra Cənubi Azərbaycan ziyalılarının Sovet Azərbaycanına mühacirəti baş verir.[7] Bu mühacir ədiblərin (Balaş Azəroğlu, Mədinə Gülgün, İsmayıl Cəfərpur, Əli Tudə və b.) yaradıcılıqlarında xalqın birlyinə, azadlığına və istiqlalına çağırışlar səslənirdi.[7] Bu da ki, marksizm-leninizm ideologiyasına yad idi.[7] Cənubi Azərbaycan ədəbiyyatının sovet Azərbaycan ədəbiyyatında "özgələşməsi" prosesi də özünü göstərir.[7] Məhəmmədhüseyn Şəhriyar kimi Cənubi Azərbaycan şairinin Sovet Azərbaycan ədəbiyyatında təbliğ edilməməsi Cənubi Azərbaycan ədəbiyyatının "özgələşmə"sinə atılan addımlar idi.[7]
İkinci dünya müharibəsindən sonra Azərbaycan ədəbiyyatına toxunarkən, bu dövr Azərbaycan ədəbiyyatını sosialist realizmi metodu çərçivəsində zorən şəxsiyyətə pərəstiş və ehkamçı baxışlar müstəvisində inkişaf edir.[7] Azərbaycan Yazıçılar İttifaqının bilavasitə ədəbi prosesə fəal müdaxiləsi gücləndi.[9] Təşkilatın qurultay və plenumlarında, xüsusi müşavirələrində nəsr, poeziya və dramaturgiyanın yaradıcılıq problemlərinə həsr olunmuş müzakirələr keçirilirdi.[9]
Poeziya, xüsusilə siyasi lirika fəal mövqe qazanmışdı.[9] Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Nigar Rəfibəyli və başqaları müasirlərinin daxili aləmini əks etdirən lirik və epik əsərlər yazdılar.[9] S. Vurğunun "Muğan" və "Zəncinin arzuları", R. Rzanın "Lenin", M. Rahimin "Leninqrad göylərində", S. Rüstəmin "Qafurun qəlbi" kimi poemaları yazıldı. Azərbaycan romanının da mövzu dairəsi genişləndi, müasir həyata və tarixi keçmişə həsr edilmiş yeni əsərlər oxuculara çatdırıldı.[9] Müharibə zamanı Sevastopol şəhəri müdafiəsinin iştirakçısı olan Əbülhəsən Ələkbərzadə qələbədən sonra "Müharibə" romanının birinci hissəsini çap etdirdi.[9] Süleyman Rəhimov müharibə ərəfəsində başladığı "Saçlı" romanını bitirdi.[9] Mehdi Hüseynin "Abşeron", Manaf Süleymanovun "Yerin sirri", Mir Cəlalın "Yaşıdlarım", Əli Vəliyevin "Gülşən" əsərləri nəşr edildi.[9] Xalq tarixinin mühüm səhifələrinə, azadlıq uğrunda mübarizə mövzusuna maraq gücləndi. Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" epopeyasının son hissəsi çap olundu, "Qılınc və qələm" oxuculara təqdim edildi.[9] M. Hüseyn "Komissar" povestini tamamladı, S. Rəhman isə "Nina" romanını yazdı.[9] Dramaturgiya sahəsində də müasirliyə maraq gücləndi.[9] İlyas Əfəndiyevin "Bahar suları", İmran Qasımovun "Xəzər üzərində şəfəq", Cabbar Məcnunbəyovun "Böyük məhəbbət", Sabit Rəhmanın "Aydınlıq", Ənvər Məmmədxanlının "Şərqin səhəri" əsərləri oxucularda böyük maraq oyatdı.[9]
1950-ci illərdə zəngin həyat materialına və sənətin tarixi təcrübəsinə arxalanan yazıçılar yeni ədəbi nailiyyətlər qazandılar.[9] S. Vurğunun "Aygün" poemasında əməyin qüdrəti və şəxsiyyətin fərdi duyğuları bədii təhlil predmetinə çevrilir.[9] Bu illərdə epik təsvirlərə xüsusi maraq göstərən Azərbaycan nəsri S. Rəhmanın "Böyük günlər", M. Cəlalın "Yolumuz hayanadır", Ə. Vəliyevin "Çiçəkli", M. Hüseynin "Səhər", İ. Qasımov və Həsən Seyidbəylinin "Uzaq sahillərdə", S. Rəhimovun "Ağbulaq dağlarında" romanları ilə zənginləşdi. Stalinin vəfatından sonra cəmiyyətdə baş vermiş ictimai prosesləri dərindən öyrənib, onları yüksək qiymətləndirən bir çox yazıçılar yeni, aktual əsərlərlə çıxış etdilər.[9] Mirzə İbrahimovun "Böyük dayaq", İ. Şıxlının "Ayrılan yollar", İ. Hüseynovun "Yanar ürək", B. Bayramovun "Yarpaqlar", İ. Əfəndiyevin "Söyüdlü arx", Ə. Əbülhəsənin "Tamaşa qarının nəvələri", H. Seyidbəylinin "Telefonçu qız" əsərlərində, şairlərin poema və silsilə şeirlərində, habelə Ə. Məmmədxanlının "Şirvan gözəli" komediyasında yadda qalan bədii obrazlar yaradıldı.[9] Bu əsərlərin əksəriyyətində nöqsanlara, cəmiyyətin inkişafına maneə olan əngəllərə, məişətdə və psixologiyada özünü göstərən əyintilərə, meşşanlığa qarşı kəskin tənqidi münasibət vardı.[9] Azərbaycan dramaturgiyası müasirliyə dönüşü daha da gücləndirməklə, bədii kamillik kəsb etdi. Ə. Məmmədxanlının "Od içində", İ. Əfəndiyevin "Atayevlər ailəsi", R. Rzanın "Qardaşlar", İ. Qasımov və H. Seyidbəylinin "Dəniz cəsurları sevir", İ. Səfərlinin "Göz həkimi" əsərlərində bir sıra bitkin ədəbi surətlər yaradıldı.[9] Əldə edilmiş müvəffəqiyyətlərə baxmayaraq, dramaturgiya yaradıcılığı pyeslərin məzmununa, həm də bədii formasına görə açıq-aydın geri qalırdı.[9]
İkinci dünya müharibəsindən sonra Azərbaycan dilinə tərcüməsi dövlət əhəmiyyəti kəsb edən mədəni tədbirlərdən idi.[9] Klassik və müasir Azərbaycan sənətkarlarının ədəbi irsinin rus dilinə tərcüməsi də genişləndi.[9] 1950-ci illərdən başlayaraq, qarşılıqlı tərcümə dövlət əhəmiyyətinə malik vüsət aldı.[9]
1960-cı illərdə "Yeni nəsr" ədəbi məktəbi meydana gəldi.[9] Bu məktəb yeni estetik və siyasi qayəsi, əxlaqi problematikası ilə fərqlənirdi.[9] Onun qəhrəmanları əvvəlki stereotip qəhrəmanlara oxşamayan, mühitində yad görünən "qəribə adamlar" idi.[9] Cəmiyyətdəki dərin barışmaz ziddiyyətləri, insan hüquqlarının tapdalanmasını, qanunsuzluğun baş alıb getməsini, bəşəri və milli dəyərlərin deformasiyasını, saxtakarlığı və başqa eybəcərlikləri mövcud idarəçilik sisteminin labüd nəticəsi kimi təqdim edən əsərlər yaranmışdı.[9] Cəmiyyətdə, ailədə, nəsillər arasında olan ziddiyyətlərin müxtəlif aşkarlıq formaları və əsas səbəbləri S. Rəhmanın "Yalan", İsa Muğannanın "Yanar ürək", "Doğma və yad adamlar", Anarın "Molla Nəsrəddin-66", Elçinin "Ağ dəvə", "Sos" əsərlərində, Rüstəm və Maqsud İbrahimbəyovların roman və povestlərində məharətlə açıqlanırdı.[9] Xalqın zəngin qaynaqları olan mənəvi aləmi öz poetik əksini Rəsul Rzanın, Osman Sarıvəllinin, Bəxtiyar Vahabzadənin, Mirvarid Dilbazinin, Əhməd Cəmilin, Nəbi Xəzrinin, Hüseyn Arifin, Əliağa Kürçaylı, İslam Səfərli, Qasım Qasımzadənin və başqalarının əsərlərində ustalıqla tapmışdı. Əliağa Vahidin qəzəlləri geniş yayılmışdı.[9]
Milli şüurun oyanmasında Cənub mövzusunda əsərlərin xüsusi əhəmiyyəti vardı.[9] Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı silsilə şeirlər böyük poetik və siyasi təsir gücünə malik idi. M. İbrahimovun "Gələcək gün", "Pərvanə", P. Makulunun "Səttarxan" romanları maraqla qarşılanmışdı.[9] Balaş Azəroğlunun, Əli Tudənin, Söhrab Tahirin, Mədinə Gülgününün əsərlərində parçalanmış vətən, ayrılıq, həsrət mövzuları əsas yer tuturdu.[9] Xaricdə yaşayan azərbaycanlı yazıçıların yaradıcılığı da Azərbaycan ədəbiyyatının zənginləşməsinə töhfə idi.[9] Ümbülbanu Mirzə (Banin) 1945-ci ildə Parisdə çap olunmuş "Qafqaz günləri" romanı ilə istedadlı yazıçı kimi tanınmışdı.[9] Onun sonrakı illərdə nəşr olunmuş "Paris günləri", "Sonra", "Yad Fransa", "Son ümidin harayı" və s. əsərləri də maraqla qarşılanmışdı.[9]
1970–80-ci illərdə Azərbaycan ədəbiyyatının inkişafında da mühüm nailiyyətlər qazanılmışdı. Xalq şairi Mirvarid Dilbazinin "Bənövşələr üşüyəndə", "Ana qanadı", "Dağ çiçəyi", "Yasəmən fəsli", "Seçilmiş şeirlər" şeir kitabları və üç cilddə seçilmiş əsərlərində Vətən məhəbbəti, ana torpağa bağlılıq ideyalarının tərənnümü əsas yer tuturdu.[9] Azərbaycanın gözəl təbiət mənzərələri, Azərbaycan qadınlarının mənəvi zənginliyi, vətənpərvərlik, azadlıq ideyaları xalq şairi Nigar Rəfibəylinin "Günəşdən gənclik istədim", "Bizə bahar yaraşır" kitablarındakı şeirlərin əsas mövzuları idi.[9] İslam Səfərlinin "Çiçək təranəsi", "Dan ulduzu, bir də mən", "Ədəbi beşik", Əli Kərimin "Qaytar ana borcunu","Uşaqlar və ulduzlar", "Pillələr", "Qayıt" şer kitabları oxucuların rəğbətini qazanmışdı.[9] Nəbi Xəzrinin "Dərələr", "Ulduz karvanı", "Heykəlsiz abidə", "İnam", dördcildlik seçilmiş əsərləri və b. şeir kitablarında vətənin, onun təbii gözəlliklərinin, insanların nəcib arzu və ideallarının tərənnümü əsas yer tuturdu.[9] Xalq şairi Rəsul Rzanın şeirlərində ümumbəşəri hiss və düşüncələr başlıca yer tuturdu.[9] Bu, "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər", "Üzüküləyə" kitablarındakı şeirlərin əsas mövzusu idi.[9] Xalq şairi Bəxtiyar Vahabzadənin fəlsəfi poeziyası xalqa olduqca yaxın idi.[9] Onun "Muğam", "Atılmışlar" və b. poemaları bu baxımdan daha səciyyəvi idi.[9] Qabilin "Nəsimi" poeması və şeirləri Azərbaycan poeziyasının o dövrdə yaranmış ən yaxşı nümunələrindəndi.[9]
1970–80-ci illərdə Azərbaycanın bədii nəsri zəngin bir inkişaf yolu keçmiş, ictimai həyatı müxtəlif cəhətlərdən əks etdirən çoxlu roman və povestlər yazılmışdı.[9] Süleyman Rəhimovun "Ana abidəsi" (1967–1980), "Qafqaz qartalı", "Qoşqar qızı", İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı", Əzizə Cəfərzadənin "Aləmdə səsim var mənim", "Bakı-1501", İsa Muğannın "Nəsimi" romanları, Ələviyyə Babayevanın "Adamlar və talelər" əsəri oxucular tərəfindən böyük maraqla qarşılanmışdı.[9] Anarın "Ağ liman", "Macal" (1978), "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərlərində mühüm mənəvi-əxlaqi problemlər qaldırılmışdı.[9] Elçinin "Gümüşü narıncı", "Bu dünyada qatarlar gedər", "Bir görüşün tarixçəsi", "Dolça" və b. hekayə və povestlərində, "Mahmud və Məryəm", "Ağ dəvə" romanlarında həyatın mənəvi-əxlaqi problemləri əsas mövzu idi.[9]
Xalqda milli şüurun oyanmasında Cənubi Azərbaycan mövzusunda yazılmış əsərlərin xüsusi əhəmiyyəti vardı.[9] M. İbrahimovun "Pərvanə" romanı, "Cənub hekayələri" silsiləsi maraqla qarşılanmışdı.[9] Azərbaycan dramaturgiyası bir sıra nailiyyətlər əldə etmişdi.[9] Mirzə İbrahimovun "Bəşərin komediyası", İ. Qasımovun "Nağıl başlananda", "Dairəni genişləndirin", Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" pyeslərində mənəvi-əxlaqi problemlər əsas yer tuturdu.[9] İlyas Əfəndiyevin müasir mənəvi-əxlaqi dəyərlərdən söhbət açan "Qəribə oğlan", "Bağlardan gələn səs", "Büllur sarayda", "Sevgililərin cəhənnəmdə görüşləri", "Geriyə baxma, qoca", "Üçatılan" pyesləri psixoloji dramın gözəl nümunələri idi. Anarın "Şəhərin yay günləri", "Adamın adamı", "Səhra yuxular", "Sizi deyib gəlmişəm" pyesləri oxucular tərəfindən rəğbətlə qarşılanmışdı.[9]
Müstəqillik uğrunda mübarizə və sonrakı illərdə ədəbiyyatda Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və Məmməd Araz zirvələri daha aydın görünürdü.[9] Xəlil Rzanın "Davam edir 37" şeirlər toplusu, Bəxtiyar Vahabzadənin "Şəhidlər" poeması, "Göytürklər" pyesi böyük poetik və tərbiyəvi təsir gücünə malik idi. Nəbi Xəzri, Fikrət Qoca, İsa İsmayılzadə, Söhrab Tahir, Cabir Novruz, Nəriman Həsənzadə, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Fikrət Sadığın şeirləri dərin məzmunu və lirizmi ilə fərqlənirdi.[9]
Gənc poeziya axtarış yollarında idi.[9] Onun nümayəndələri "realistpublisistik", "mediativ", sufiliyə, dərvişliyə meyil edən "romantik", "urbanist", habelə "avanqardçı" poeziya nümunələri yaradırdılar.[9] Ədəbiyyata müharibə, yeni iqtisadi münasibətlərə keçid, 1990-cı illərin birinci yarısındakı siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə şəraitində cəmiyyətdə, insanların mənəviyyatında baş verən dəyişiklikləri əks etdirən yeni mövzularda kitablar çıxmışdı.[9] İsmayıl Şıxlının "Ölən dünyam", "Sapı özümüzdəndir", Anarın "Otel otağı", İlyas Əfəndiyevin "Hökmdar və qızı", Bəxtiyar Vahabzadənin "Hara gedir bu dünya", Elçinin "Ah, Paris, Paris!", İsa Muğannanın "Cəhənnəm", Sabir Rüstəmxanlının "Ömür kitabı", Nəriman Həsənzadənin "Pompeyin Qafqaza hücumu", Vidadi Babanlının "Ana intiqamı", Afaq Məsudun, Vaqif Nəsibin və başqalarının əsərləri bu dövrün ədəbi hadisələri idi.[9] Detektiv roman ustası Çingiz Abdullayevin əsərləri bütün dünyada böyük maraqla qarşılanmışdı.[9]
Ənvər Məmmədxanlının, Əzizə Cəfərzadənin, Aqil Abbasın tarixi romanları xalqın qəhrəman, ibrətamiz keçmişini işıqlandırır, böyük tərbiyəvi əhəmiyyət kəsb edirdi.[9] İsi Məlikzadənin "Qırmızı şeytan", Aqşin Babayevin "Dünyanın axırı", Arif Abdullazadənin "Qanlı yaddaş", Əli Əmirlinin "Meydan", Məmməd Orucun "Köçürmə" əsərləri xalqın yaxın tarixinin realist səhnələrini əks etdirirdi.[9]
Rövşən Abdullaoğlunun "Bu şəhərdə kimsə yoxdur" adlı ilk psixoloji romanı 2016–2018-ci illər ərzində Azərbaycanda ən çox satılan kitab olmuşdur.[10]
Vahid Məmmədli Azərbaycan ədəbiyyatında fentezi, mistik realizm və post-sürrealizm, Dünya ədəbiyyatında isə qansız döyüş romanı janrlarının banisidir. Onun “Atropatena dastanı” trilogiyası, “Tunc Allahın yükü” dilogiyası, “Leyli və Məcnun”, “Şəhrizad”, ”Palıda sarılmış üzüm”, “Milanda ölüm”, “Buddanın qayıdışı”, “Qırmızı ilə selfi”, “Cənnətdəki otel”, “Adəmin lüğəti” və sair əsərləri dünyanın bir çox tanınmış nəşriyyatlarında, elektron kitab platformalarında nəşr edilməklə o, Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur.[11]
Azərbaycan uşaq ədəbiyyatının ilk kamil nümulərini Mirzə Ələkbər Sabir, Abbas Səhhət və Abdulla Şaiq kimi sənətkarlar yaratmışlar.
XX əsrin əvvələrindən başlayaraq Abdulla Şaiq uşaq ədəbiyatı ilə ardıcıl məşğul olmuş, uşaq ədəbiyyatının təməlini qoymuşdur. Onun yerli mündərəcəli poetik yaradıcılığına gənc nəslin nəcib mənəvi keyfiyyətləri, vətənə sədaqət və əməyin qüdrəti bədii əksini tapmışdır. Gənc müasir şairlər Abdulla Şaiqin açdığı cığırla irəliləyiblər. Mikayıl Müşfiq, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Mirmehdi Seyidzadə, Mirvarid Dilbazi, Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə, Əyyub Abbasov, Əhməd Cəmil kimi şairlərin yeni uşaq şeirinin yaranmasında misilsiz xidmətləri olmuşdur.
İlk təşəkkül illərində uşaq poeziyasına diqqət və qayğı ilə yanaşan Mikayıl Müşfiq müxtəlif yaşlı məktəblilər üçün silsilə şeirlər, "Şəngül, Şüngül, Məngül", "Kəndli və ilan", "Vuruşmalar", "Qaya" kimi poema və mənzum nağıl qələmə almışdır. Nigar Rəfibəyli ("Qoçaq Kərim"), Məmməd Rahim ("İldırımın kitabı") xalq yaradıcılığı motivlərindən istifadə yolu ilə bir sıra mənzum nağıllar və poemalar yaratdılar.
Azərbaycanda fentezi janrının banisi Vahid Məmmədlinin “Atropatena dastanı” trilogiyası, “Qırmızı ilə selfi” romanı Azərbaycan uşaq və gənclər ədəbiyyatının ən çox oxunan əsərlərindəndir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |