Şəmsi Təbrizi minarəsi

Şəmsi Təbrizi minarəsi (fars. مناره شمس تبریزی‎) və ya Səfəvi sarayı minarəsi - İran Azərbaycanının Xoy şəhərində yerləşən Səfəvi dövrü memarlıq abidəsi. Əsər İranın Milli irs siyahısına 966 nömrəsi ilə qeydə alınmışdır. Minarə günümüzdə Xoyun turstik mərkəzlərindən biridir.

Şəmsi Təbrizi minarəsi
مناره شمس تبریزی
Ölkə
Şəhər Xoy şəhəri
Rayon Qərbi Azərbaycan ostanı
Yerləşir Xoy şəhəri, Şəmsi Təbrizi küçəsi
Aidiyyatı Səfəvilər dövləti
Hündürlüyü 18 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəmsi Təbrizinin həyatı

[redaktə | mənbəni redaktə et]

Şəmsi Təbrizi 1186-cı ildə Təbrizdə anadan olmuşdur. Adı Məhəmməd, ləqəbləri Şəmsəddin, Şəms, Şəms-i Təbrizi və Şəmsü'l-hak ve'd-dindir. Atası Əli bin Məlikdəd Xorasanın Bəzer vilayətindən ticarət məqsədilə Təbrizə gələrək Təbrizdə məskunlaşan tacir idi. Əhməd Əflakinin “Mənakıbü'l Arifin” və “Məkalat-ı Şəms-i ​​Təbrizi” əsərlərində onun gənclik illərində mədrəsə təhsili almadığı səma və zahidlik etdiyi bildirilir. Müxtəlif mənbələrdə onun Təbrizli Əbubəkir Sələf adlı şeyxə bağlı olduğu bildirilir. Səhih Əhməd Dədə əsərində qeyd edir ki, o, 22 yaşında şeyxinə xidmətinə bağlanıb və burada 14 il xidmət edib.[1]

Şəmsi ​​Təbrizinin mistik sözləri, fikirləri, rəvayətləri, Mövlana və digər sufilərlə söhbətləri və həyatına dair lhekayələr “Xirqə-i Şəms” və “Əsrar-ı Şəmsəddin” kimi əsərdə toplanılıb. Əsərin Sultan Vələd tərəfindən və ya onunla birlikdə bir çox adam tərəfindən tərtib edildiyi iddia edilir. İsmail Ankaravi və Məhəmməd Əli Müvəhhid onun Mövlana tərəfindən tərtib edildiyi qənaətindədirlər.

Onun harada öldüyünə dair fikirlər müxtəlif olsa da Qərbi Azərbaycan ostanının ən böyük şəhəri olan Xoy şəhərində dəfn edildiyi bilinən məlumatlardandır.[1]

İranın Xoy şəhərinin şimal-qərbində, Şəmsi Təbrizi küçəsində yerləşən minarə haqqında mənbələrdə ətraflı məlumat yoxdur. Bəzi qaynaqlara görə Şah İsmayılın Şəmsi ​​Təbriziyə olan bağlılığına görə Şəmsi Təbrizi türbəsinin yanında tikilmiş üç minarəli qış sarayı varimiş. Ovçuluqda mahir olan Şah İsmayıl ovladığı heyvanların buynuzlarını bu sarayın minarəsinə yerləşdiribmiş. Osmanlı şahı Sultan Süleyman Azərbaycana 2-ci səfəri zamanı türbə və minarəni ziyarət etmişdir. Sonrada saray Osmanlı İmperiyası ilə müharibədə dağıdılsa da günümüzə qədər yalnız bir minarəsi gəlib çata bilmişdir. Dövrün miniatür və şəkillərindən anlaşılır ki, bu minarə Şəmsi Təbrizi türbəsinin ətrafındakı 3 minarədən biri imiş. Sözü gedən 3 minarənin şəklinə Sultan Süleymanın Xoy səfərini təsvir edən "İraq səfərlərinin təyinat nöqtələrinin təsviri" kitabında rast gəlinir. Bundan başqa Qacar dövrü səyyahlarının və Cahangir Mirzənin Xoy haqqında qeydlərində , o cümlədən Əxbar əl Qəzvinin əsərlərində türbənin yanında yerləşən 2 minarədən bəhs olunur.[2]

Şəms Təbrizinin məzarının Xoydakı Şəms minarəsi yaxınlığında olduğunu ilk dəfə elmi şəkildə əsaslandıran "Xoy tarixi" adlı kitabın müəllifi Məhəmməd Əmin Riyahi olmuşdur. O, qeyd edir ki, Şəmsin Xoyda dəfn olunduğunu Fəsihi Herəvi hicri 698-ci (1299-cu) ilin hadisələrindən bəhs edərkən vurğulayır. Fəsihi Herəvi "Mücməli-Fəsihi" əsərində yazır:"Xoyda dəfn olunmuş Mövlana Şəmsəddin Təbrizinin vəfatı – Mövlanayi-Rum adı ilə məşhur olan Mövlana Cəlaləddin Bəlxi öz divanını onun adına bağlayıb."[2]

Riyahinin əsaslandığı digər bir mənbə Firudin bəyin "Münşəatüs-səlatin" əsəridir. Orada deyilir ki, Osmanlı hökmdarı I Süleyman 1526-cı ilin yayında Təbrizə növbəti yürüşdən qayıdarkən üç gün Xoyda qaldı və "rəbiül-əvvəl ayının 4-də cümə axşamı günü qoşunun komandanı İbrahim Paşa ilə birlikdə Həzrət Şəms Təbrizinin mübarək məzarını ziyarət etmək şərəfinə nail oldu".

Bir digər mütəxəssislərin fikrincə isə, Xoydakı minarə Səlcuqlar (ən azı erkən monqol) dövrünə aid bir abidədir. Səfəvilər dönəmində yenidən qurulan bu minarənin XV yüzillikdən etibarən Şəmsin adı ilə əlaqələndirildiyi dəqiq məlumdur. Bütün bunları nəzərə almaqla, 2007-ci ilin sonlarında Mövlananın 800 illiyi çərçivəsində Xoyda İran parlamenti sədrinin də iştirak etdiyi böyük tədbir keçirildi. Şəmsin məzar daşı yeniləndi, büstü qoyuldu, ərazidə qazıntı işləri aparılmağa başladı.[3]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bina bu gün düzbucaqlı bir ərazidə yerləşir. Minarə postament, gövdə, eyvan və pətək hissələrdən ibarətdir. Onlardan bəziləri dağılmışdır. Minarənin təxmini hündürlüyü 18.00 m, diametri 3.00 m-dir. Minarə yerdən pətək hissəsinin sonuna qədər silindrik formada tikilmişdir. Əsası üç sıra yonma daşlardan ibarətdir. Lakin yuxarı sıradakı daşların bəziləri günümüzə qədər gəlib çatmamışdır. Daşların ikinci cərgəsindəki hissə giriş açılışının qarşısındakı eniş hissəsi ilə birləşdirilib. Birləşmə xətlərindən də göründüyü kimi üçbucaqlı hissə binaya giriş açıqlığını qorumaq məqsədilə sonradan əlavə edilmişdir. Abidəyə giriş tək 0,35 m pillə ilə təmin edilir. Minarə qapısının eniş hissəsinin eni 0,60 m-dir. Minarəyə kürsü üzərindən eni 0,85 m olan qapıdan daxil olunur. Abidə bünövrəsindəki yonma daş hissəsi istisna olmaqla, kərpicdən tikilib.[4]

Qoç buynuzları minarənin gövdəsindən eyvanın aşağı hissəsinə qədər olan bissəyə yerləşdirilmişdir. Abidənin pətək hissəsi günümüzdə təmirdədir. Bundan əlavə, minarənin yanında Şəmsi ​​Təbrizi ilə yanaşı onun tələbəsi olan bir şəxsin də dəfn edildiyi bilinir.

İstinad siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Yelen, 2014. səh. 59
  2. 1 2 Riyahi, 1958. səh. 64
  3. Riyahi, 1958. səh. 65
  4. Kiani, 1969. səh. 223
  • M.Y.Kıanı. Iranian Arcitecture of The Islamic Period vol. 2 a List of Monuments. Tehran. 1989. səh. 296.
  • Resul Yelen. İran-Hoydaki Mimari Eserler. Van. T.C. YÜZÜNCÜ YIL ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ SANAT TARİHİ ANABİLİM DALI. 2014.
  • Məhəmməd Əmin Riyahi. Tarixi Xoy. Tehran. 1958.