Şərifan yaşayış yer — Zəngilan rayonu ərazisində qədim şəhər xarabalığı.
Şərifan şəhər yeri Həkəri çayının sağ sahilində, onun Araz çayına töküldüyü yerin yaxınlığında, Zəngilan rayonunun Şərifan kəndindən şimal-qərbdə yerləşir. Düzbucaqlıya yaxın plan quruluşuna malik ş əhər yeri təxminən 9 hektar sahəni əhatə edir. Şəhər xarabalıqları bir tərəfdən dağla, digər tərəfdən isə çay ilə hüdudlanır. Abidənin ərazisinin şimal-qərb sərhədində, təpə üzərində XIV əsrə aid türbənin qalıqları vardır.
1974-cü ildə Şərifan şəhər yerinin mərkəzində iki sahədə aparılan arxeoloji qazıntılar orada mədəni təbəqə yatımının qalınlığının 3 m-ə çatdığını göstərmişdir. Üzə çıxarılan tikili qalıqları arasında bişmiş kərpicdən inşa olunmuş hamam kompleksi diqqətəlayiqdir.
1979-cu ildə şəhər yerində daha iki sahədə geniş qazıntılar aparılmış və abidə ərazisində 6 yerdə yoxlama qazıntıları qoyulmuşdur. Şimal yamacda 144 kv.m-lik ərazini əhatə edən, şərti olaraq III qazıntı adlanan sahədə mədəni təbəqə yatımının qalınlığının 2-2,75 m olduğu müəyyənləşdirilmişdir. Aparılmış qazıntılar nəticəsində yaşayış evlərinin bünövrələri, çəltik anbarı, təndirlər və külli miqdarda məişət əşyaları aşkara çıxarılmış, metalişləmə istehsalı ilə bağlı qalıqlar qeydə alınmışdır. Tapıntılar əsasən saxsı qab qırıqları, İran 216 və Çindən gətirilmə fayans və seladon qab parçaları, şüşə məmulat və bir neçə sikkədən ibarətdir.
Arxeoloji materiallar XIII-XVII yüzilliklər üçün səciyyəvi olduğundan Şərifan şəhər yeri də həmin dövrə aid edilir.