Şahrəddin İsabala oğlu Əsgərov (7 oktyabr 1966, Ardanış, Krasnoselsk rayonu) — "Aerostar" Ukrayna aviasiya şirkətinin prezidenti. SSRİ, Avropa və dünya çempionu.
Şahrəddin Əsgərov | |
---|---|
Əsgərov Şahrəddin İsabala oğlu | |
Doğum tarixi | 7 oktyabr 1966 (57 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Mükafatları | Luxury Lifestyle Awards |
Şahrəddin Əsgərov 1966-cı il oktyabrın 7-də Ermənistan SSR-nin Artanış kəndində anadan olub. 1984-cü ildə Ş.Əsgərov "S7 sinfi"ndə raket modelləşdirməsi ilə peşəkarcasına məşğul olmağa başlayıb. Bu sahədə əla nəticələr əldə edib. SSRİ, Avropa və dünya çempionu olub. 1984-cü ildə Bakıda orta məktəbi qızıl medalla bitirib. Elə həmin il Kiyev Mülki Aviasiya İnstitutuna daxil olub və 1992-ci ildə təhsilini "aviasiya avadanlığının texniki istismarı" ixtisası üzrə qırmızı diplomla bitirib və mühəndis-elektrik ixtisası alaraq 1992-ci ildə aspiranturaya qəbul edilib.[1]
Əmək fəaliyyətinə 1992-ci ildə "Aviatexnika" müəssisəsində başlayıb, burada kommersiya direktoru vəzifəsində çalışıb. 1993-cü ildə aviabrokerliklə məşğul olmağa başlayıb. Bu biznesin mahiyyəti kiçik "An-28", "Yak-40" sovet təyyarələri, yaxud Çexoslovakiya istehsallı "L-410" təyyarələrinə sahib olan daşıyıcılar üçün fərdi müştərilər tapmaqdan ibarət idi. Hər bir belə reys üçün vasitəçi sifariş məbləğinin 5–6 faizini əldə edirdi. İki il ərzində əsasən Zaporojye, Mariupol, Xarkov, Donetsk və Dnepropetrovsk kimi iri sənaye şəhərlərinə 3 min biznes uçuş təşkil edən Ş.Əsgərov 750 min dollar qazanıb. 1995-ci ildə o, "Tsentr delovoy aviatsii" Qapalı Tipli Səhmdar Cəmiyyətinə rəhbərliyə gəlib.
Ş.Əsgərov Ukraynada işgüzar aviasiyanın banisi, biznes-sərnişinlərə xidmətin müasir Ukrayna konsepsiyasının müəllifidir. Uzun illər boyu fəal elmi fəaliyyətlə məşğuldur və bir sıra elmi əsərlərin müəllifidir. Bir neçə xarici dil bilir. 1997-ci ildən Ş.Əsgərov "Aerostar" Ukrayna aviasiya şirkətinin prezidentidir. Bu gün biznes-klass təyyarələrində şəxsi uçuşların həyata keçirilməsi üçün "Aerostar" şirkətinin sərəncamında böyük hava donanması var.
2012-ci ildə "Aerostar" şirkəti, başda prezidenti Ş.Əsgərov olmaqla, "Ukraynanın milli liderləri" Ümumukrayna proqramının təqdimatında Ukraynanın ən yaxşı müəssisə və təşkilatları sırasında fəxri yer tutub.
2010-cu ildə Ş.Əsgərov nüfuzlu "Luxury Lifestyle Awards" mükafatının nominantı olub. "Dəbdəbə bazarına peşəkar töhfə" nominasiyasında mükafat Ukraynanın dəbdəbə bazarının inkişafına əhəmiyyətli töhfə verən şəxsə təqdim olunur. Qiymətləndirmə meyarları sırasında Ukraynanın dəbdəbə bazarında şəxsin məşhurluğu, nüfuzu (sahə üzrə həmkarların gözəl rəyləri) yer alıb. "Luxury Lifestyle Awards" Ukraynada dəbdəbə sənayesində nailiyyətlərə görə təqdim edilən ilk və yeganə mükafatdır.