Tolerantlıq qanunu — Orqanizmin hər-hansı ekoloji amilin dəyişkənliyinə münasibətdə dözümlülüyüdür.
Mühitin limitləşdirici amilləri növün arealını müəyyən edir. Əgər qarşılıqlı təsirdə olan amillər məcmusundan ibarət mühitdə kəmiyyətcə müəyyən minimumdan az və ya maksimumdan çox olan ekoloji amil varsa belə mühitdə orqanizmin fəal həyat fəaliyyəti mümkün deyil. Bu amilin minimal və maksimal qiymətləri məhdudlaşdırıcı (limitləyici) rol oynayır. İki pessimum arasındakı məsafə-tolerantlıq zonası adlanır. Orqanizmin hər-hansı ekoloji amilin dəyişkənliyinə münasibətdə dözümlülüyü tolerantlıq adlandırılır. Əlverişsiz mühit şəraitinə dayanıqlı olan növlər tolerant növlərdir. Növün verilmiş coğrafi ərazidə mövcud olma imkanını müəyyən etmək üçün mühit amillərinin hər-hansı birinin ekoloji valentlik həddini aşıb-aşmamasını öyrənmək çox vacibdir. İlk dəfə bu qanunauyğunluğu amerikan alimi V. E. Şelford irəli sürmüşdür. 1913-cü ildə V. E. Şelford "tolerantlıq qanununu" formalaşdırmışdır. Bu qanuna görə, istənilən kənar amilin həm çatışmazlığı, həm də izafiliyi bioloji obyekt üçün zərərli hesab edilir.
Tolerantlıq qanunu 1975-ci ildə Y. Odum tərəfindən daha tam izah olunmuşdur: Belə ki, orqanizmlər bir amilə münasibətdə daha geniş, digər amilə münasibətdə isə daha dar tolerantlıq diapazonuna malik ola bilərlər. Bütün ekoloji amillərə münasibətdə geniş diapozonda tolerantlığa malik növlər adətən daha çox yayılanlardır. Əgər, bir ekoloji amil üzrə şərait qeyri-optimaldırsa, onda digər ekoloji amillərə görə də tolerantlıq diapozonu daralır. Həmçinin ayrı-ayrı amillərə və onların kombinasiyasına tolerantlıq diapazonu müxtəlif olur. Xüsusən də onu deyə bilərik ki, bütün orqanizmlər üçün artıb-törəmə dövrü böhranlı olduğuna görə, məhz bu ərəfədə limitləyici amillərin sayı da artmaqdadır.
Müasir ekoloji ədəbiyyatlarda (Odum,1975,1986; Fyodorov, Gelmanov,1980; Leviç və b.,1997) Şelfordun "tolerantlıq qanununa" Libix prinsipinin davamı və genişlənməsi kimi baxılır.[1]
1913-cü ildə isveçrəli botanik V. E. Şelford kəşf etmişdir ki, müəyyən yerdə hər hansı canlının ləng inkişaf etməsinə səbəb ətraf mühit faktorlarının təkcə çatışmazlığı deyil, həm də artıqlığıdır. Ona görə də orqanizmin ətraf mühitdən tələbi iki şərtlə ölçülür: a)minimal ekoloji tələb, b) maksimal ekoloji tələb. Bu iki tələb arasındakı şərait orqanizmin dözümlülük həddi adlanır. Hər bir faktorun təsirinə qarşı orqanizimdə müəyyən dözümlülük həddi əmələ gəlir. Deməli faktorun orqanizmə təsiri nə az, nə də çox deyil optimal olmalıdır.
Dözümlülük həddi konsepsiyası biosferlə insanın əlaqəsini optimallaşdırmaq üçün vacibdir. Ona görə ki, bu işdə həlledici rol oynayan çox vaxt antropogen faktor olur. Canlıların dözümlülük həddi ilə əlaqədar bir neçə ekoloji qanunauyğunluq müəyyən edilmişdir: