Şeyx Əhməd Əfəndi 1839-cu ildə Zaqatala rayonunun Tala kəndində doğulub. Atası Mustafa, əkinçiliklə məşğul olurdu. Erkən yaşlarında atasını itirdiyindən, el arasında “Yetim Əhməd” deyə çağrılırmış. “Sən nə bilirsən ki, Qədir gecəsi nədir?!” Hələ uşaqlıqdan Əhmədin dinə böyük marağı vardı. Odur ki, yaşıdlarından fərqli olaraq, Talada kənd ağsaqqallarının təşkil etdikləri dini mərasimlərin demək olar ki, hamısında iştirak edib, orada danışılan söhbətlərə, edilən zikrlərə maraqla qulaq asardı. Əvvəlcə Mürsəl müəllimdən, sonra isə Suvagildə Hətəm Əfəndidən dərs aldı. Daha sonra isə İlisuda Səid Əfəndinin yanında elmini bir qədər də dərinləşdirdi. 1862-ci ildə mənəvi cəhətdən daha da kamilləşmək və tasəvvüf elminin dərinliklərinə varmaq üçün dostu Həmzət Əfəndi ilə birlikdə Nəqşibəndiyyə Şeyxi Mahmud Əfəndiyə mürid oldular. Altı ay mürşidinin xidmətində duran Əhməd Əfəndi, seyr və sülukunu tamamlayaraq, məzun oldu. Şeyx Mahmud Əfəndi Talada irşad fəaliyyəti göstərmək üçün Əhməd Əfəndiyə xilafətnamə (İcazənamə-müəllif) verdi. Həmin dövrdə onun əqidədaşı olan Şeyx Şamil çar hökumətinə qarşı muridizm hərəkatına rəhbərlik etdiyindən, ruslar Zaqatala şeyxlərinin də onlara qoşulacağından ehtiyat edib, 1863-cü ildə Şeyx Əhməd Əfəndini həbs edib, İrkutsk vilayətinə sürgün etdilər. Bir müddət çar həbsxanasında saxlanan Əhməd Əfəndini 1866-cı ildə sərbəst buraxdılar. Sürgündən qayıdandan sonra, Əhməd Əfəndi Aşurə adlı qızla ailə qurdu. Daha sonra iki dəfə Həcc ziyarətində oldu. İkinci həcc ziyarətindən qayıdanda İstanbula gəldi. Səkkiz il İstanbulda yaşayan Şeyx Əhməd, burada ikinci dəfə evləndi və Abidət adlı qızı oldu (Abidətin qəbri Talada atasının yanındadır). İstanbulda yaşadığı dövrdə Şeyx Sultan Əhməd camisində dərs deyirdi. Sonralar o, Misirin Əl-əzhər universitetinə müəllim kimi dəvət alsa da, xanımı vəfat etdiyindən, Talaya qayıtdı. İstanbulda olarkən İmam Şamilin oğlu Qazı Məhəmməd Əhməd Əfəndi ilə görüşərək, “Qazavat” etmək istədiyini bildirdi və Şeyxdən məsləhət istədi. Əhməd Əfəndi Şeyx Şamilin oğluna yazdığı məktubda belə tövsiyə edirdi: “İndi vuruşmağın əhəmiyyəti yoxdur. Atan 30 il vuruşdu, lakin o da, lazım olanda qılıncı yerə qoydu. Avar xalqı böyük xalqdır, amma yenə deyirəm ki, hər işin öz vaxtı var.” Əhməd Əfəndi insanlara xeyirxahlığı təbliğ etdiyi kimi, özü, bu xeyirxahlığın nümunəsi idi. Belə ki, öz vəsaiti və rəhbərliyi ilə Talaya 14km uzunluğunda su xətti çəkdirdi. Bu gün də insanlar həmin sudan istifadə edirlər. Şeyx Əhməd 1901-ci ildə Talada əsasını qoyduğu və vəsaitini ayırdığı məscid, 1910-cu ildə tamamlanmaqla, keçmiş SSRİ-də iç sahəsinə görə ən böyük məscid idi. Kəramətli övliya və Nəqşibəndiyyə Şeyxi olan Əhməd Əfəndi 1904-cü ildə dünyasını dəyişdi. Cənazə namazına 1500-ə yaxın adam dayanmışdı. Dəfn mərasimində iştirak edənlər isə 15 minə yaxın idi. Şeyx Əhməd Əfəndinin başdaşının ərəbcə kitabəsinin tərcüməsi belədir: “Hökmranlıq vahid, qüdrətli Allaha məxsusdur. İki dünyanın hökmdarına eşq olsun. Bu məzar pirlik məqamına çatmışların çırağı, bu torpaq xalqın günəşi, böyük xilaskarların və əzəmətli şeyxlərin qütbü, qüdrətli və hakimiyyət sahibi, Allaha qovuşanların və ariflərin tacı, öz əsrinin vahidi, zəmanəsinin yeganəsi, Allahı dərk etmiş, Allahın rəsulunun canişini, xalqın və dinin mürşidi, on dörd məsumənin dini uğrunda zəhmət çəkən alim, əl-Məhəmmədi, əl-Xadrai ənNəqşibəndi əl-Mücəddədi əl-Xalidi, əl-Mahmudi (Almalı Mahmud Əfəndi nəzərdə tutulur.) Talalı Şeyx Əhməd Əfəndi 1321-ci ildə zilhiccə ayının onu gecəsi vəfat etmişdir (27 fevral 1904-cü il) Torpağı pak olsun”.
Şeyx Əhməd | |
---|---|
Əhməd Mustafa oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Zaqatala rayonunun Tala kəndi |
Vəfat tarixi | |
Vəfat yeri | Zaqatala rayonunun Tala kəndi |
anl.az/el/y/yp_ns_3pdf.p… |
Əhməd Əfəndinin Tala kəndindəki evini 30-cu illərdə sovet hökuməti müsadirə edərək, MTS idarəsinə verdi. Şeyxin Abdulla və Məhəmməd adlı iki oğlu olub. Abdulla uşaq yaşlarında dünyasını dəyişib, din xadimi olan Məhəmməd isə Ruqiyyət adlı qızla evlənib. Onların nigahından Əhməd (1905) və Mustafa (1906) adında iki oğlu, Aşurə (1923), Xatimət, Əminəxatun, Minəsona adlı dörd qızı olub. Atasının yolunu davam etdirdiyinə görə Rus hökuməti Məhəmməd Əfəndini də təqib etməyə başladı. 1930-cu illərdə həbs olunan Molla Məhəmməddən sonralar heç bir xəbər çıxmadı. Onun həbsinin səhərsi günü isə arvadı Ruqiyyəti, oğlanları Əhmədi və Mustafanı, körpə qızları Aşurəni, Xatiməti, Əminəxatunu da həbs edərək, sürgünə göndərdilər. Qızlardan biri- Minəsona ərdə olduğu üçün, onun özünü yox, ərini sürgün etdilər. Qızlardan yeganə sağ qayıdan Aşurə söhbət edirmiş ki, Qazaxıstan çöllərində çox ağır sürgün həyatı keçiriblər. Azov dənizindən qamış qırıb, ocaq yandırırmışlar. Çox çətinliklə əldə etdikləri kəpəyi həmin ocaqda qaynadıb, horra bişirib, içirlərmiş. Anası və iki bacısı bu məşəqqətlərə dözməyərək, vəfat ediblər. On yaşlı Aşurə isə vətənə qayıdıb. (Sonralar o, Həbibullah adlı şəxslə ailə qurub.) Molla Məhəmmədin oğlanları Mustafa və Əhməd 1933-cù ildə sürgündən qayıdandan sonra , yenə də təqib olunduqlarını görüb, dağlara çəkiliblər. 1937-ci ilə qədər qaçaq həyatı yaşayandan sonra, qonşularından biri öyrədilərək, onların yanına göndərilib və aldadılaraq, aşağı endirilib. Evlərinə qayıdan kimi Əhmədi və Mustafanı həbs edərək, güllələnməyə göndəriblər. Həmin vaxt Əhməd subay idi. Mustafanın arvadı isə hamilə idi. 1938-ci ildə Mustafanın bir oğlu oldu ki, adını Abdulla qoydular. 1992-ci ildə vəfat edən Abdullanın Məcamət xanımla nigahından Məhəmməd və Mustafa adlı iki oğlu var.