Şirvan (qədim şəhər)

ŞirvanAzərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Xəzər dənizi sahilində - Şamaxı-Dərbənd ticarət yolu üstündə yerləşirdi. Tarixi Şirvan vilayətinin mərkəzi idi.

Əlİstəxri,[1] ibn-Havqəl [2] və əl-Müqəddəsi[3] ŞəmaxiyyəŞəbəranla yanaşı, Şirvan şəhərinin də adını çəkirlər. İbn Havqəlin xəritəsində [4] Şəbərandan başlayaraq Şirvan və Şəmaxiyyədən keçib, Bərdicə, oradan da Bərdəyə gedən yol qeyd edilmişdir. Həm də, Şəbəranla Şirvan arasındakı məsafə Şirvanla Şəmaxiyyə arasındakı məsafədən üç dəfə çoxdur. Müqəddəsi (təqribən 985-ci ildə yazmışdır) Şirvan haqqında aşağıdakı məlumatları verir: "Düzənlikdə böyük şəhərdir. Binaları daşdandır, bazar meydanında Cümə məscidi vardır. Şəhərin içindən çay keçir".[5] V. F. Minorskinin fikrincə, Şirvanşah şəhərinin bu təsviri Şəbərana aiddir, belə ki, İstəxrinin əsərinin bizə gəlib çatmayan, lakin Yaqut tərəfindən istifadə olunmuş nüsxəsində Şirvan əvəzinə Şəbəran yazılmışdır. İstəxrinin de Quye tərəfindən nəşr olunmuş nüsxəsində getmiş bu səhvi Müqəddəsi də təkrar etmişdir. Onun Şirvan kimi təsvir etdiyi Şəbərana uyğun gəlir. Mənbələrdə Şirvan haqqında məlumat cüzi olduğundan onun yerini müəyyənləşdirmək çətindir. V.F.Minorski hesab edir ki, əgər bu ad İstəxrinin nüsxəsində (de Quyenin nəşri) və onun ardınca ibn Havqəl və Müqəddəsi tərəfindən Şəbəranla qarışıq salınmayıbsa, onda çox ehtimal ki, Şamaxıdan üç mərhələ aralı belə bir şəhər mövcud olmuş və Şirvan vilayəti də onun adı ilə adlanmışdır.[6]

  1. Ə1-İstəxri, s.188, 192
  2. İbn Havqəl. Kitab əl-Məsalik. s.244.
  3. Əl-Müqəddəsi, s.51, 374, 376, 380.
  4. İbn Havqəl. Kitab surət əl-ard, xəritə № 15.
  5. Əl-Müqəddəsi, s.376.
  6. S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007