Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Şuşa Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi — Şuşada ilk şəhər kitabxanası 1897-ci ilin fevralında yaradılmışdır. Təməli Mir Möhsün Nəvvab tərəfindən qoyulan bu kitabxana-qiraətxananın çoxlu sayda ziyalı üzvləri olmuşdur. M. M. Nəvvab özünün daş mətbəəsində Şuşa şairlərinin şeirlərini çap etdirmişdir. Kitabxananın yaradılmasında şairə Xurşidbanu Natəvanın oğlu Mehdiqulu xanın, həkim Kərim Bəy Mehmandarovun böyük xidmətləri olmuşdur Sovet hakimiyyəti dövründə M. M. Nəvvabın yaratdığı kitabxananı Miriş ağa işlətmişdir[1]. Daha sonralar Şuşa şəhərində daha 2 kitabxana: şəhər və uşaq kitabxanaları fəaliyyət göstərmişdir[2].
1977-ci ilin may ayında Şuşa şəhər kitabxanasının fəaliyyəti genişləndirilərək Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılmışdır. Yaradılan zaman MKS 1 Mərkəzi Kitabxananı, 1 şəhər kitabxanasını, 17 kənd kitabxana filialını əhatə etmişdir. Sonralar əhali sayının artması, oxucu tələbatının çoxalması şəhərdə yeni şəhər, uşaq və gənclər filiallarının açılmasına şərait yaratmışdır. Rayon MKS-nin tərkibində 32 kitabxana binası mövcud olmuşdur. 1991-ci ilin məlumatına görə rayon MKS-də işçilərin sayı 103 nəfər, kitabxana fondunun ümumi həcmi 200 min nüsxə, oxucularının ümumi sayı 10 min nəfər təşkil etmişdir. Şuşa rayon MKS-i respublika əhəmiyyətli "Xarı Bülbül" musiqi festivalının keçirilməsində daim fəal iştirak etmişdir[3].
1992-ci il may ayının 8-də erməni silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində rayon ərazisində etnik təmizləmə əməliyyatı aparılmış, Şuşa rayon MKS-in saxlanılan kitab fondu məhv edilmişdir[4]. İşğal zamanı rayon ərazisindəki 32 kitabxana və bu kitabxanalarda saxlanılan qədim və unukal kitablar, o cümlədən 200 min nüsxədən artıq çap məhsulu yandırılmış və məhv edilmişdir. Kitabxanaların dağıdılması nəticəsində dövlətə 1 milyon 106 min manat həcmində ziyan vurulmuşdur[5].
Şuşa rayon MKS 1993-cü ildə Bakı şəhəri, Nərimanov rayonundakı bir binanın zirzəmisində öz fəaliyyətini davam etdirməyə başlamışdır[1]. Kitabxana 3 otaqdan ibarətdir. Sahəsi 100 kv/mdir. Şuşa rayon MKS-nin 35528 min kitab fondu oxucuların istifadəsinə verilmişdir. Hazırda yeni struktur dəyişiklikləri əsasında MKS-nin şəbəkəsində oxuculara xidmət şöbəsi, metodika və biblioqrafiya şöbəsi, komplektləşdirmə və kitabişləmə şöbəsi, informasiya-resurs şöbəsi, uşaq şöbəsi, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi fəaliyyət göstərir[6].
- İnformasiya-resurs şöbəsi — oxuculara müasir kitabxana xidmətinin təşkilini həyata keçirir. Şöbə kitabxananın veb-saytının idarə olunmasını lokal və internet şəbəkəsinin, həmçinin şəbəkənin antivirus proqramının fəaliyyətini təşkil edir[2].
- Kitabişləmə və Komplektləşdirmə şöbəsi — MKS-nin fonduna daxil olan yeni ədəbiyyatın kitabxana qaydası ilə işlənməsi, baş kataloq, əlifba və sistemli kataloqların təşkili və redaktə olunması ilə məşğul olur. Həmçinin MKS-nin struktur bölmələri arasında oxucu sorğusunu və profilini nəzərə alaraq paylanması prosesini həyata keçirir[2].
- Metodika və biblioqrafiya şöbəsi — şöbə hər ay keçirilən seminar müşavirələrin planını hazırlayır, MKS-nin əhatə etdiyi şöbə və filiallara metodik cəhətdən xidməti həyata keçirir, filiallarda fondun kitabxana qaydası ilə düzülüşünə nəzarət edir, filial kitabxanaların işini əlaqələndirir. Eyni zamanda köhnəlmiş ədəbiyyataın silinməsini həyata keçirir[2].
- Oxuculara xidmət şöbəsi — oxuculara xidmət şöbəsi əhaliyə oxu zalı və abonement vasitəsilə xidmət göstərir, oxucuların sorğularını ödəməyə çalışır. Şöbənin əsəs məqsədi oxucu kütləsini kitabxanaya cəlb etmək, fondda olan kitab və kitabçalar , dövri mətbuat, kataloq və kartoteka sistemi vasitəsilə oxucu sorğularının ödənilməsi işini həyata keçirirmək, onların müxtəlif mövzularda keçirilən tədbirlərdə fəal iştirakını təşkil etməkdir. Oxu zalında oxucuların pulsuz istifadə edə biləcəyi WI-FI internet zonası yaradılmışdır. Şöbənin fondunda 22700 nüsxə kitab vardır. İl ərzində Şöbənin fonduna 620 nüsxə yeni ədəbiyyat daxil olmuşdur[2].
Kitabxananın fondu latın qrafikası ilə 23475 nüsxədir[6].
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə fevral ayında Azərbaycan Milli Kitabxanasında Şuşa Şəhər Kitabxanasının 120 illik yubileyi qeyd edilmişdir[7][8].
MKS-in filialları Bakıda — şuşalı qaçqınların kompakt yaşadığı yerlərdə fəaliyyətini davam etdirir:
- Malıbəyli kənd kitabxana filialı — 1910-cu ildə yaradılmışdır. Şuşanın işğalından sonra kitabxana Yeni Ramana — 450 qəsəbəsindəki Musiqi məktəbinin nəzdində öz fəaliyyətini davam etdirir. Kitabxana 2 otaqdan ibarətdir. Sahəsi 80 kv/m-dir. Telefon xətti olmadığı üçün kitabxananın e-maili də yoxdur. Kitabxananın 2 nəfər işçisi var. Malıbəyli kənd kitabxana filialının fondu latın qrafikası ilə 8599 nüsxədir.
- Quşçular kənd kitabxana filialı — 1966-cı ildə yaradılmışdır. Məlum hadisələrdən sonra kitabxana öz fəaliyyətini Sabunçu rayonu Pirşağı qəsəbəsidəki "Gilavar" sanatoriyasında davam etdirir. Kitabxana 1 otaqdan ibarətdir. Sahəsi 24 kv/m-dir. Kitabxanada telefon xətti olmadığı üçün e-maili də yoxdur. Kitabxananın 2 nəfər işçisi var. Quşçular kənd kitabxana filialının fondu latın qrafikası ilə 2635 nüsxədir.
- Xəlifəli kənd kitabxana filialı — 1928-ci ildə yaradılmışdır. Məlum hadisələrdən sonra kitabxana öz fəaliyyətini Şəki şəhəri, Yeni Çələbixan qəsəbəsində davam etdirir. Kitabxana 1 otaqdan ibarətdir. Sahəsi 32 kv/m-dir. Telefon xətti olmadığı üçün kitabxananın e-maili də yoxdur. Kitabxananın 2 nəfər işçisi var. Xəlfəli kənd kitabxana filialının fondu latın qrafikası ilə 2242 nüsxədir.