Şuubilik

ŞuubilikƏməvilər, Abbasilər dövründə xalq hərəkatı.

Tarixi[redaktə | mənbəni redaktə et]

Rəvayətə görə, Əməvi xəlifəsi Əbdülmalik ibn Mərvan (685-705) sarayın baxçasındakı hovuzun kənarında dincələrkən Azərbacyanlı şair İsmayıl ibn Yəsar onun hüzuruna gəlir. Xəlifə ondan onu mədh etməsini istəyən bir qəsidə oxumasını xahiş edir. Bunun üzərinə İsmayıl “öz nəslini, əsl-nəcabətini, milli mənsubiyyətini mədh edən, ərəbləri isə təhqir edən” bir qəsidə oxuyur. Bərk əsəbləşən xəlifə şairin hovuzda boğulmasını əmr edir. Ayaqlarından tutularaq belinə qədər suya batırılan şair tam boğularkən, xəlifə anidən qərarını dəyişir və cəlladlarına İsmayılın Hizaca sürgün edilməsini tapşırır (1). Bu hadisə tarixdə ilk şuubi hərəkəti idi.

İLK ŞUUBİ ŞAİR AZƏRBAYCANLI OLUB[redaktə | mənbəni redaktə et]

İslam tarixində ilk Azərbaycanlı müsəlman şair İsmayıl ibn Yəsar olub. O, məvali şairlər arasında ən məşhuru idi. Məvali, ərəb olmayan müsəlmanlara verilən ümumi addır. Mənası “yaxın olmaq, bir kəsin ardınca getmək və ona qoşulmaq” deməkdir. İsmayılın atası Yəsar müsəlmanlarla döyüşlərin birində əsir düşmüş və qul kimi Mədinəyə gətirilmişdi. Burada İslamı qəbul edib, əsirlikdən azad olmuş və sərbəst buraxılmışdır. Mədinədə evlənən Yəsarın İsmayıl, Məhəmməd və İbrahim adında üç oğlu olmuş və hər üçü şair idi.

İsmayıl özü Qüreyş qəbiləsindən Bəni Teym ibn Mürrənin məvlası hesab edilirdi. Mədinədə dünyaya göz açmış və orada böyüşümdür. Əməvi hakimiyyəti uğrunda mübarizə aparan Zübeyrilər sülaləsi ilə yaxşı münasibətlər yaradmışdı və bu yolla saraya daxil olmuşdu. Yüz ildən artıq yaşadığı qeyd edilir (2). Səlis və gözəl ərəbcə nitq qabiliyyəti ilə hamını özünə heyran edirdi. O, eyni zamanda Əməvi xəlifələrinin məddahı idi. Əbul-Yəqzan Cuveyriyə əsaslanaraq belə yazır: “Mədinədə məvalilərdən elə bir şair yoxdur ki, o əslən Azərbaycandan olmasın. Sonra İsmayıl ibn Yəsar və onun qardaşının, Musa Şəhəvatın və Əbul-Abbasın adını çəkmişdir” (3).


ƏMƏVİLƏRİN NİFRƏT SİYASƏTİ[redaktə | mənbəni redaktə et]

İsmayıl xəlifə Əbdülmalikin hüzurunda oxuduğu qəsidə də Sasani və Xəzər-Sabir hökmdarlarını mədh etmiş, ərəbləri təhqir etmişdi. Əməvilər dövrünə ərəbləri təhqir etmək cinayət hesab edilirdi. Əməvilər ərəbləri bütün xalqlardan üstün hesab edir, müsəlman olsalar belə digərlərini özlərindən aşağı sayırdılar. İslam dinində bütün müsəlmanlar bərabərhüquqlu hesab edilsələr də, Əməvilər ərəb milliyətçiliyinə dayanan siyasət apararaq, ərəb olmayan bir müsəlmanın ərəblə evlənməsini belə qadağan etmişdilər. Əməvilərə görə, Quran ərəblərə gəlmişdir və onlar millətlərin ən şərəflisi idi. Hətta əməvilər başqa xalqların müsəlman olmasına da qarşı idilər. Akademik Ziya Bünyadov başda olmaqla Azərbaycan və sovet dövrü tarixçilərinin əsərlərində yer alan iddiaların əksinə əməvilər 100 illik xilafətləri dövründə əsla müsəlmanlaşdırma siyasəti aparmayıblar. Çünki, müsəlmanlaşma cizyənin qaldırılmasına və xəzinəyə gələn külli miqdarda vergilərin azalmasına səbəb olduğundan, əməvilər ərəb olmayanların müsəlmanlığı qəbul etməsini istəmirdilər. Hətta İslamı qəbul edənlərin belə müsəlmanlığını keçərsiz hesab edirdilər. Xəlifə Ömər ibn Əbdüləziz (715-717) əməvilərin bu zülmkarlığına son qoymaq istəmiş, ancaq özü bu siyasətin qurbanı olmuşdur (4).


ŞUUBİLİK NƏDİR?[redaktə | mənbəni redaktə et]

Əməvilərin ərəb milliyətçiliyinə əsaslanan siyasətinə ilk dəfə açıq şəkildə xəlifənin hüzurunda etiraz edən İsmayıl ibn Yəsar olub. İsmayılın bu davranışı ilk şuubi hərəkət hesab edilir. Əslində nə Quranda, nə də hədislərdə şuub adı keçmir. Quranda “şab” sözü var ki, “şuub”un tək halıdır (5). Şuubiyyə termini Abbasilər dövründə ortaya çıxıb. Bu söz “ərəb olmayan” mənasına gəlir. Mənbələrdə bu ad ilk dəfə Azərbaycanlı şair İsmayıl ibn Yəsar üçün istifadə edilib: “İsmayıl həddindən artıq əcəm təssübkeşi olan bir şuub idi” (6). Ərəblər İraqdan şərqə doğru uzanan oturaq əhaliyə (iranlı, türk, xorasanlı, sistanlı və s.) ümumi şəkildə əcəm deyirdilər. Əcəm ərəb dlində “kobud, pis, səviyyəsiz” mənasına gəlirdi. Əcəmlər də ərəblərə eyni mənada “tayy” deyirdi. “Tat” sözünün də buradan yarandığı iddia edilir. Abbasi Xilafəti ərəb olmayanlar, yəni məvalilər tərəfindən yaradılıb. Buna görə də ərəblər Abbasi xilafətini ərəb qəbul etməyib, hər zaman əməvilərin hakimiyyətdə olmasını istəyiblər. Abbasilər böyük ölçüdə türk və irani güclər tərəfindən yaradılmış və dəstəklənmişdir. Xəlifə Məmundan etibarən isə xilafətin idarəsi yavaş-yavaş türklərin əlinə keçmiş, hətta Xəlifə Mötəsim Samarrada türk əsgərlərinin qalması üçün xüsusi şəhər saldıraraq buranı xilafətin paytaxı elan etmişdi. Bu fürsəttən istifadə edən məvali şair və alimlər Ababsilər dövründə ərəblərdən əməvilərin intiqamı almağa başladılar. Artıq məvali ərəbləri təhqir edir, onları aşağı səviyyəli xalq adlandırırdı. Beləcə, bu dövrdə şuubiyyə “ərəb soyunu düşman hesab edib, onu dünya xalqlarının ən adisi adlandıran” intellektual bir cərəyanın adına çevrildi. Bu cərəyan Əndülüsdən (İspaniya) Orta Asiyaya qədər bütün İslam coğrafiyasına yayıldı. Əsla bir milli kimliyi ifadə etməyən şuubiyyə ərəb olmayan müsəlmanların (məvali) ərəblərə qarşı bir fikir üsyanı olmuşdur. Şuubiyyənin nümayəndələrinin çoxunu parisi, türk və rum (yunan) təşkil etdiyi halda, aralarında çox sayda süryani, nəbati, qopti, hətta ispan və slavyan da var idi (7). Şuubiyyənin siyasi və dini tərəfləri də olmuş, Ravəndilik, xürrəmilik, hətta qadəriyyə kimi siyasi cərəyanlara da təsir etmişdir. Şuubiyyənin ən güclü olduğu yerlər İraq, Xorasan və Əndülüs idi. İspaniyada Mozarap (Müsəlman-ispan) ədəbiyyatının formalaşmasına böyük təsir göstərmişdilər (8).


ŞUUBİLƏRİN “FARS” OLDUĞU HAQQINDAKİ İDDİALAR[redaktə | mənbəni redaktə et]

Müasir tarixşünaslıqda şuubilər farslar hesab edilir. Bu fikir, XIX əsr Avropa düşüncəsinin məhsuludur. Xüsusilə də bu cərəyanı ilk tədqiq edən Avropalı şərqşünas Gibbdən sonra şuubiliyyə fars damğası vurulmuşdur. Avropa İslam coğrafiyasını bir-biriylə düşmən ərəb, fars və türk olaraq üç böyük milli kimlik üzərində inşa etmək istəyirdi. Bu anlayışa görə İran farsların, Anadolu, Azərbaycan və Orta Asiya türklərin, İraq, Suriya, Ərəbistan və Misir isə ərəblərin vətəni hesab edilmişdir. Halbuki, nə İslamdan əvvəl, nə də sonra milli sərhədləri müəyyən edilmiş bir müsəlman coğrafiya anlayışı yoxdur. Hər şeydən əvvəl “fars” adı ərəblərin bəzi irani qruplara verdiyi addır. İranlılar özlərinə heç bir zaman fars adlandırmayıb. Firdovsinin “Şahnamə” əsərinin ilk əlyazmalarında “fars” adı keçmir. Pers və Sasani mənbələrində indiki İrandakı xalqlar üçün “parsi” və ya “parisi” adı işlədilir. Bu ad milli mənsubiyyət mənasında deyil, “Pers dövlətinə mənsub olan”, yəni vətəndaşlıq mənasına gəlirdi. Misal üçün, I Dara Bisütün kitabəsində imperiyanı təşkil edən 13 əyalətin və xalqlarının (Atropatena, Midiya, Sakarta, Parthia, Dahea, Aria və s.) adlarını çəktikdən sonra ancaq öz hərbi birləşmələri üçün “Pars” (yəni süvari) adını işlədir. Klasik ərəb mənbələrində də fars adı “süvari” (furs) mənasında keçir. Hətta şuubilərin əsərlərində belə (misal üçün İymayıl Yəsarın qəsidələrində) “fars” adı “süvari” mənasında işlədilib. Bəzi Avropa və sovet tarixçilərinin iddia etdiyi kimi Pars adının “parsua” tayfasının adından törədiyi haqqındaki iddialar da elmi cəhətdən hələ də əsaslandırılmayıb. Digər tərəfdən Sasanilər dövləti milli dövlət olmayıb. Sasanilərdə bir millətin üstünlüyü anlayışı yoxdur, əksinə Sasani imperiyası kast sisteminə əsaslanırdı və siniflər arasında üstünlük vardı. Buna görə, Sasani cəmiyyəti dörd sinifə ayrılırdı: maqan (din adamları), artişravan (ordu), debiran (idarəçilər, katiblər) və vastroşan (kəndlilər). İyerxiyanın başında isə Sasani ailəsi dururdu. Yəni Sasanilər sinifi cəmiyyət idi, ərəblər və türklər kimi qövmiyyətçiliyə əsaslanan siyasi-idari tərkibə sahib olmayıblar. Buna səbəb Sasani ailəsinin özünün iranlı olmamasıdır. Çünki, sasanilər ailəsi quşanların hakimiyyəti altında olan Xorasan ilə Soğdak arasındaki sərhəd zonada məskunlaşan sakalardan gəlirdi. Ailə daha sonra cənuba köç edərək Zərdüşt inancını qəbul etmiş və Makedoniyalı İskəndər zamanında dağıdılan İstəhr əyalətində hakim Parfiya-skif əsilli bir sülalə olan Vəzrənq xanədanından böyük ehtimalla türk olan Kutçurun (müasir İran mənbələri bu şəxsin adını farslaşdırıb Qotçehr yazırlar) himayəsi altına girmişdi. Ailənin başçısı Sasan, Kutçur tərəfindən Anahita məbədinin rəisi (mühafizəçisi) təyin edilmişdir. Anahita məbədi su ilahəsinin şərəfinə tikilmişdi və skif əsilli Parfiyalılar “yer və su”yu müqəddəs hesab ediridlər. Maraqlı cəhətdir ki Parfiya dövləti heç bir zaman Zərdüşt dinini rəsmi din olaraq qəbul etməyib, şaman inanclarına sadiq qalıblar. Dövlətin son dövründə isə Parfiya ailələri arasında xristianlaşma meylləri güclənmişdi. Roma tərəfindən sürgün edilən xristianlara sahib çıxan yeganə dövlət də Parfiya olub. Parfiya dövləti isə skiflərin bir qolu olan yüeçilər tərəfindən yaradılıb. Məbəd rəisi Sasan Vəzrənq sülaləsindən Deynək adlı bir qızla evlənmiş və bu münasibətlə özünü Parfiyalılarla qohum hesab etmişdi. Parfiya dövləti süqut etdiyi zaman İstəhr əyalətini ələ keçirən Sasan 224-cü ilə Artabanı məğlub edib Parfiya dövlətinə son qoyduqdan sonra özünə saxta şəcərə yaradaraq, güya Kəyani (Pers) imperatoru Quştəsbin yeddinci nəsildən nəvəsi olduğunu iddia etmişdir. Bu yolla öz hakimiyyətini hüquqi əsaslara dayandırma istəmişdir. Sasani ailəsi türklərlə qohumluğa böyük qiymət verirdi. Firuzdan etibarən Sasani hökmdarlarının demək olar ki hamısı türk hökmdar (Ağhun, Eftalit, Göytürk, Sabir və Xəzər) ailələrindən qızlarla evləniblər. Hətta Sasani şahı IV Hörmüz (579-596) “Türkzadə” adlanırdı. Hakimiyyətdən qovulan bütün Sasani hökmdarları da (Firuz, Qubad, Bəhram) türklərə sığınmış və onlardan hərbi kömək istəmişdilər (9). Maraqlı cəhətdir ki, Sasani ölkəsinin dini və sosial anlayışında qadının murdar hesab edildiyi halda dövlətin başına iki türk qadın hökmdar olaraq keçə bilmişdir. Üstəlik Sasani maqlarının (din adamlarının) böyük əksəriyyəri də babil əsilli idi. Ordu isə türklərdən və ərəblərdən təşkil edilirdi. Hətta Sasani taxtı uğrunda aparılan mübarizələrin hamsında türk hərbi dəstələri iştirak edib. Misal üçün Xosrov Pərviz, Bəhram və Mehran arasında hakimiyyət uğrunda müharibədə türklər Mehran və Bəhramın, ərəblər və bizans hərbi dəstələri isə Xosrovun tərəfində döyüşüblər. Döyüş zamanı Bəhram məğlub olub Orta Asiyaya Göytürk xaqanına pənah apararkən, Mehran da Xəzər xaqanına sığınmaq üçün Albaniyaya gəlmişdi. Xosrov Pərviz həm Xəzərlərdən, həm də Qərbi Göytürklərdən gələcək silahlı güclə mübarizə apara bilməyəcəyini başa düşdüyü üçün qardaşı Mehranı bağışlamış və Girdiman əyalətini ona vermişdi. Albaniyanın Girdiman əyalətinə gələn Mehranın ailəsi ilə birlikdə 30 minlik dəstəsinin yarısını uar-hunlar, sabirlər və kadeş türkləri təşkil edirdi. Bunlardan Kadeş adlanan hun tayfasının böyük bir hissəsini hələ Sasani hökmdarı IV. Hörmüz ərəb sərhəddində məskunlaşdırmışdı. Sasanilə ilə müsəlman ərəblər arasınca meydana gələn ilk müharibə olan Kadisiyyə döyüşü adını həmin kadeş türklərindən alırdı (10). Belə olan halda Sasaniləri “fars milli dövləti” adlandırmaq nə dərəcə məntiqlidir. Üstəlik Sasani ailəsini dindar bir ailə hesab etmək də doğru deyildir. Sasani ailəsində heçbir zaman bir din adamı (möbədani-möbəd) çıxmayıb. Əksinə Sasani hökmdarları arasında maniçiliyə, xristianlığa inanlar vardı. V. Bəham zərdüştçülərin təzyiq göstərdiyi xristianlara sahib çıxmışdı. Buna görə də, müsəlman ərəblərdən əvvəl indiki İran coğrafiyasını fars adlandırmaq heç bir elmi əsasa dayanmır. Bu cəhətdən də şuubiyyəni fars milli kimliyinə bağlamaq tamamilə müasir tarixşünaslığın əsassız iddialarından biridir.


ŞUUBİ – ƏRƏB MÜNASİBƏTLƏRİ[redaktə | mənbəni redaktə et]

Ərəblər şuubiləri “məcusi, zındıq, mülhid” hesab edirdilər. Misal üçün Abbasilər tarixinin ən böyük sərkərdəsi olan türk əsilli komandan Afşin şuubi idi və ərəblər tərəfindən məcusi və zındıqlıqla ittiham edilərək öldürülmüşdür. Yəhudi əsilli macar tədqiqatçı İ.Goldziher “şuubilər ilə ərəblər arasındaki münaqişə və mübahisələri boş şeylər” adlandırırdı (11). Şuubilər ilə ərəblər arasındakı mühabisələr artıq elə bir həddə gəlib çatdı ki, iki tərəfdə birbirini təhqir etməyə, söyməyə, alçaltmağa başladılar. Bu münaqişəyə Səlcuqlular son qoymuşdur. Misal üçün şuubilər ərəblərə belə deyirdilər: “ey ərəblər, siz körpə qızlarınızı diri-diri torpağa basdıran qövmün insanları deyilmisiniz? Nəyinizlə fəxr edirsiniz? Biz əcəmlər mədəniyyətlər, dövlətlər və şəhərlər yaratdığımız halda siz dəvə otarıb, südünü içirdiniz”. Hər şeydən əvvəl şuubiyyə dedikdə, məhdud intellektual dairədə gedən mübahisə əsas alınmalıdır. Çünki belə mübahisələr ancaq yüksək elmi dairələrdə aparılırdı. Bütün müsəlmanları bu çərçivəyə, hətta bütün müsəlman ailmləri buraya daxil etmək doğru deyildir. Bir çox alim ərəb, əcəm, süryani, qopti, türk olduğu halda bu mübahisələrin içində yer almayıb. Misal üçün Abbasilər dövründə böyük tərcümə hərəkatının başında yer alan, çox sayda pəhləvicə əsəri ərəbcəyə tərcümə edən, hətta zındıqlıqla da ittiham edələn İbn Müqəffa şuubi deyildir. Onun ərəb olmadığı halda ərəbləri tərifləyən fikirləri vardı (12). Bunun kimi, şuubilər arasında şiə inanclı olanlar da çox azdır. Şuubilərin böyük əksəriyyəti müsəlman olmadan əvvəl manixeist inanca yaxın insanlar olublar. Şuubiyyənin yayıldığı coğrafi areal ilə manixeizmin yayıldığı ərazi də eynidir. Şuubilərin əlindəki əsas mənbələr də manixeist mənbələr olmuşdur. Şuubi üsyan hesab edilən Üstadsız qiyamında güclü manixeist ünsürlar var.


ŞUUBİYƏNİN QOLLARI VƏ NÜMAYƏNDƏLƏRİ[redaktə | mənbəni redaktə et]

Şuubilik XIII, hətta sonrakı əsrlərə qədər (XV-XVI əsrlər) varlığını zəif də olsa davam etdirmişdi. Şuubilik haqqında müstəqil tədqiqatlara imza atmış tədqiqatçılardan Mustafa Kılıçlı, Əbdüləzizi əd-Duri, Cəlaləddin Humai və b. çox sayda şuubi alim, şair, elm və din xadiminin kimliyini müəyyən ediblər. Bunlar arasında ən tanınmışları şağıdakılardır: Əcəm qolu: Bəşşar b. Burd əl-Ukayli, Əbu Nuvas, Əbu Yaqub əl-Xürəmi, Dibil əl-Xüzayi, Əbu İshaq əl-Mütəvəkkil, Mihyar əd-Deyləmi, Allan əş-Şuubi, Səhl b. Harun, İshaq ibn Sələmə, əl-Xeysəm b. Adiyy v. b. Süryani qolu: İbn Vahşiyyə, Dikul-Cinn v. b. Rum qolu: İbn ər-Rumi və b. Əndəlüs (mozarap) qolu: İbn Qarsiyyə, Əbül-əla Səid əl-Əndəlüsi və b. Slavyan (səkalibə) qolu: Fatin İspan qolu: Ömər ibn Hafsun Qopti qolu: müəllifi bilinməyə ərəblərə qarşı qoptiləri tərifləyən bir neçə risalə var.

Qısaca, şuubilik Əməvilərin apardıqları ərəb qövmiyyətçiliyinə qarşı digər müsəlaman xalqların etiraz hərəkatı idi. Bu etiraz hərəkatı intellektuallar arasında özünü biruzə vermiş və elit qüvvələr arasında təsirini hiss etdirmişdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • 1.Əhməd Əmin, Duha-l-İslam, I-III, Beyrut (çap ili yox), c. I, s. 29.
  • 2. Əbul-Fərəc əl-İsfahani, əl-Əqani, I-XXV, Beyrut 1962-1964, c. IV, s. 409.
  • 3.Mahmudov M., Ərəbcə Yazmış Azərbaycanlı şair və ədiblər (VII-XII əsrlər), Bakı 2006, s. 35.
  • 4.Xəlifə Ömər ibn Əbdüləzizin əməvilər tərəfindən zəhərləndiyi qeyd edilir. Bax. İbn əl-Əsir, əl-Kamil fit-Tarix, c. IV, s. 156-157; Məhəmməd ibn Məşbəb, İdarətü Ömər ibn Əbdüləziz, Məkkə 1418 h., s. 352-417.
  • 5.Quran, əl-Xucurat, 13.
  • 6.əl-İsfahani, əl-Əqani, IV, 413.
  • 7.Browne Ed.G., A Literary History of Persia, I-IV, Cambridge 1969, I, s. 266.
  • 8.Abdüləziz əd-Duri, əl-Cuzurat-tarihiyyə liş-şuubiyyə, Beyrut 1981, s. 10-11.
  • 9. Sasanilər dövlətində türklərin rolu mənim “Səlcuqlular” adlı əsərimdə geniş izah edildiyində lazımı mənbələr üçün həmin kitaba baxmağı uyqun görürük. Bkz. Nəcəf Ə.N., Səlcuqlu dövlətləri və atabəyləri tarixi, Bakı 2010, s. 72-79.
  • 10. Kadeş türkləri məsələsi məşhur macar türkoloq K.Czegledy tərəfindən ətraflı tədqiq olunmuşdur. Baz. Czegledy K., Turan Kavimlerinin Göçü, Türkçe terc. G.Karaağaç, İstanbul 1999, s. 48-53.
  • 11.Goldziher İ., Muslim Studies, I-II, edited by S.M.Stern, translated from German by C.B.Barber and S.M.Stern, London 1962, c. I, s. 54.
  • 12. Əhməd Əmin, Duha-l-İslam, I, 51.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Əkbər Nəcəf, Şuubilik.