Əbdülqədir üsyanı[1] — 1832–1847 illərdə Əmir Əbdülqadirin rəhbərliyi ilə Əlcəzairdə fransız işğalçılarına qarşı xalq üsyanı. Üsyanın gedişində Oran vilayətinin ərəb-bərbər tayfaları fransızları dəfələrlə məğlubiyyətə uğratmış, onları 24 fevral 1834-cü il və 30 may 1837-cü ildə sülh müqavilələri bağlamağa məcbur etmişdilər. Fransa Əbdülqadirin hakimiyyətini tanımışdı. Üsyançılar Qərbi Əlcəzairin çox hissəsində əmirlik yaratmışdılar. Əmirliyin müxtəlif tayfalarının könüllüləri ilə yanaşı, nizami ordusu da var idi. Silah və hərbi sursat istehsalı nizama salınmış, bir neçə müdafiə xətti yaradılmışdı. 18 oktyabr 1838-ci ildə Fransa hökuməti 1837-ci il sülh müqaviləsini pozmuşdu. General Büjonun 100 minlik ordusu 1843-cü ildə iri feodalların satqınlığı nəticəsində zəifləyən əmirliyin ərazisini işğal etmişdir. Əbdülqadir Mərakeşdə gizlənmişdir. 1845–1846 illərdə mübarizəni davam etdirən Əlcəzair xalqı yenidən işğalçılara qarşı çıxdıqda, Mərakeşdən qayıdan Əbdülqadir üsyana başçılıq etmişdir. Buna baxmayaraq, 1847-ci ildə qeyri-bərabər mübarizədə üsyançı dəstələr darmadağın edilmiş və Əbdülqadir əsir alınmışdır.[2]