Əbdülrəhman Adıgözəlov

Əbdülrəhman Məmmədhəsən oğlu Adıgözəlov ― əməkdar mühəndis, Bakı-Şollar su kəmərinin rəhbəri, Sənaye-Tikinti Materialları Nazirinin birinci müavini, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının dağ-mədən və metallurgiya sənayesinin idarə rəisi, Bakı Şüşə zavodu, Şüşətara zavodu və Mərmər zavodunun direktoru.[1]

Əbdülrəhman Adıgözəlov
Əbdülrəhman Məmmədhəsən oğlu Adıgözəlov
Əbdülrəhman Adıgözəlov iş yerində(XTS), 1962-ci il
Əbdülrəhman Adıgözəlov iş yerində(XTS), 1962-ci il
Doğum tarixi
Doğum yeri Bakı, Xırdalan qəsəbəsi
Vəfat tarixi (64 yaşında)
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı "Oktyabr inqilabı" ordeni "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Əbdülrəhman Adıgözəlov həyat yoldaşı Qazilə xanım Əkbər bəy qızı Qazıyeva ilə

Əbdülrəhman Adıgözəlov 31 iyul 1911-ci ildə Bakının Xırdalan qəsəbəsində anadan olub. İlk təhsilini həmin qəsəbənin məktəbində alıb. Anası Xədicə xanım Hacimurad qızı və atası Məmmədhəsən Adıgözəlov yeganə oğullarına mükəmməl tərbiyə və təhsil verməyə çalışırdılar. 1924-cü ildə 13 yaşında ikən anasının qəfil ölümündən sonra Əbdülrəhman bacısı Mina-xanım ilə atasının himayəsi altında böyüdülər. 1924-cü ildə gənc Əbdülrəhman Binəqədi rayonu Volodarski adına Fabrik-Zavod peşə məktəbinə (ФЗУ) daxil olur və 1928-ci ildə oranı müvəffəqiyyətlə bitirir. 1928-ci ildən 1930-cu ilə kimi Binəqədidə 20-ci mədənin çilingəri kimi çalışır. 1930–1932 illər arası Əbdülrəhman Adigözəlov Bakıda Lenin adına Texniki-Peşə Məktəbinin fəhlə fakültəsinin tələbəsi olur. 1933–1938 illər arası Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) mühəndislik fakültəsində təhsil alır və həmin fakültəni müvəffəqiyyətlə bitirərək birinci dərəcəli fərqlənmə diplomunu alır.

Peşə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Şollar su kəmərinin çəkilişi, rəssam: Çingiz Mehbaliyev

Ə.M.Adıgözəlov peşə fəaliyyətinə mühəndis kimi başlamışdır. O, öz tərcümeyi-halında yazır: "İnstitutu bitirdikdən sonra Budyonıy adına Maşınqayırma zavoduna göndərildim, ilk əvvəl kompressorların sınağı üzrə mühəndis, daha sonra Texniki Nəzarət şöbəsinin müdir müavini, 9 aydan sonra isə zavodun baş mühəndisi vəzifəsinə təyin olunmuşdum. 1941-ci ilə qədər həmin zavodda müvəffəqiyyətlə çalışmış, Böyük Vətən Müharibəsi ilə əlaqədar olaraq 1941-ci ilin avqustunda Bakı-Şollar su kəmərinin rəhbəri vəzifəsinə təyin olundum".

Əbdülrəhman Adıgözəlov oğlu Eldarla birlikdə

Əbdülrəhman Adıgözəlov 1930-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü idi. 1943-cü ilin sonunda Kommunist Partiyasının Bakı Komitəsinin qərarı ilə Azneftkombinatına keçirilmiş və maşınqayırma şöbəsində çalışmışdır.

Əbdülrəhman Adıgözəlov (soldan 2-ci) "Empire State Building"-in 101-ci mərtəbəsinin baxış meydanında, 1943-cü il, Nyu-York şəhəri

1943-cü ildə Sovet hökumətinin tapşırığı ilə ABŞ-da xüsusi ezamiyyətdə olmuş və 1944-cü ilin axırlarında geri qayıtmışdır. SSRİ-yə qayıtdıqdan sonra neft sənayesinin Xalq komissarının əmri ilə 423 nömrəli zavodun baş konstruktoru vəzifəsinə təyin olunmuşdur. Bu ezamiyyət Ə.M.Adigözəlovun tərcümeyi-halında parlaq səhifələrindən biri olmuşdur, "Empire State Building"-in 101-ci mərtəbəsinin baxış meydanında çəkilən şəkil çox güman ki, Ə.M.Adıgözəlovun İkinci dünya müharibəsi zamanı Sovet Hökumətinin tapşırığını yerinə yetirərkən ən yüksəyə qalxmış azərbaycanlılardan olmasına sübutdur.

İş otağı Nyu-Yorkun 5-ci prospektində(5th Avenue) nüfuzlu göydələnlərin birində olan Ə.M.Adigözəlovun şəxsən imzaladığı müqavilələrin məbləği bəzən 15 milyon ABŞ dollarına çatırdı.

Daha sonra Əbdülrəhman Adigözəlov öz tərcümeyi-halında yazır: "Bu zavodda, mən "Clark" və "Ingersoll Rand" şirkətinin idxal olunmuş qaz-mühərrikli kompressorlar üçün ehtiyat hissələri və qovşaqların texniki spesifikasiyaları haqqında sənədlərin yaradılmasında çalışmışam və göstərilən ehtiyat hissələri və qovşaqların istehsalının təşkilinə rəhbərlik etmişəm. Bunun nəticəsində bizim 423 nömrəli zavod neft sənayesini xarici firmalardan valyutaya alınan ehtiyat hissələrdən azad etmişdir". Yuxarıda qeyd olunan işlərə görə 1948-ci ildə neft sənayesinin işçiləri sırasından Ə.M.Adıgözəlov "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

1950-ci ildə respublikamızda kütləvi tikintilərin başlanması ilə bağlı olaraq təbii divar materiallarının istehsalı üçün güclü mexanikləşdirilmiş dağ müəssisələrinin yaradılmasına ehtiyac duyulurdu, bununla əlaqədar olaraq Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Əbdülrəhman Adıgözəlov respublikanın Sənaye-Tikinti materialları Nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş və 7 il həmin vəzifədə çalışmışdır.

1957-ci ilin iyununda Azərbaycan SSR Xalq Təsərrüfatı Sovetinin yaradılması ilə əlaqədar, o, Azərbaycan SSR Xalq Təsərrüfatı Sovetinə keçirilmiş və texniki istehsalat şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir.

1958-ci ilin iyulunda Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsin bürosunun qərarı ilə Xalq Təsərrüfatı Sovetinin baş mühəndisi və elə həmin ilin avqustunda metallurgiya və dağ-mədən sənayesi idarəsinin başçısı vəzifəsinə təyin edilmişdir.

1959-cu ilin oktyabrda həmin İdarə ləğv edilmiş və onun yerinə Xalq Təsərrüfatı Sovetinin dağ-mədən sənayesi şöbəsi yaradılmış və bu şöbənin rəhbəri Ə.M.Adıgözəlov təyin edilmişdir. 1962-ci ildə o, yenidən yaradılmiş metallurgiya və dağ-mədən sənayesi idarəsinin başçısı təyin olunmuşdur.

Əbdülrəhman Adigözəlov öz tərcümeyi-halında yazır: "Metallurgiya və dağ-mədən sənayesi idarəsinə rəhbərlik etdiyim müddətdə həmin sahənin inkişafı iki dəfə artmışdır. Azərbaycanın boru-prokat zavodunun, Sumqayıt alüminium zavodunun, Daşkəsən dəmir filizi mədəninin genişlənməsində və yenidən qurulmasında və həmçinin Kirovabad (Gəncə) alüminium zavodunun, Daşkəsən alunit mədənin tikilməsində qüvvəmi və biliyimi əsirgəməmişəm". Daha sonralar Xalq Təsərrüfatı Sovetinin elektrotexnika və cihazdüzəltmə şöbəsi başçısının müavini, onun ardınca Xalq Təsərrüfatı Sovetinin sənaye-tikinti materialları şöbəsi başçısının müavini vəzifələrində çalışmışdır. 1965-ci ilin avqustundan Bakı Şüşə zavodu, Şüşətara zavodu və Mərmər zavodunun direktoru vəzifələrində çalışmışdır. Ömrünün sonuna 5 yanvar 1976-cı ilə qədər həmin vəzifələrdə işləmişdir. Zavodda işlədiyi müddətdə Ə.M.Adigözəlovun başçılığı və birbaşa iştirakı ilə istehsalı dayandırmadan müəssisənin genişlənməsi və yenidən qurulması həyata keçirilmişdir. SSRİ-da ilk dəfə olaraq istiliyi-udan şüşənin istehsalı mənimsənilnmişdir. SSRİ-i Dövlət Bankının vəsaiti hesabına 1970-ci ildə, ildə 2 milyon stəkan istehsalı gücünə malik yeni sex istifadəyə verilmişdir.

Ə.M.Adigözəlovun rəhbərliyi altında işçilər və personal üçün yeməkxana, yataqxana, xammal üçün anbar, işçilər üçün 65 mənzildən ibarət yaşayış binası tikilmiş, ərazi asfaltlaşdırılmışdır.

  • Bakı Şüşə zavodu, Şüşətara zavodu və Mərmər zavodunun direktoru vəzifəsində işləyərkən, əldə olunan yüksək göstəricilərə görə "Qırmızı Bayraq" və digər mükafatlarla mükafanlandırılmışdır.
  • Yüksək nəticələrə görə SSRİ-nın 50 illiyinə, Bakı Şüşə zavodu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Ali Soveti Rəyasət heyətinin, Azərbaycan SSR Nazirlər Sovetinin və ASHİ-nin(Azərbaycan SSR Həmkarlar İttifaqı) Fəxri Fərmanları ilə təltif edilmişdir.
  • Ə.M.Adigözəlov Azərbaycan SSR-nin "Əməkdar mühəndis"i kimi yüksək ada layiq görülmüşdür.
  • 8-ci beşilliyin tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirdiyi üçün "Oktyabr İnqilabı" ordeni ilə təltif edilmişdir.
  • "1941–1945-ci illərdə Rəşadətli Əməyə görə",
  • "Qafqazın Müdafiəsinə görə",
  • "Almaniya üzərində Qələbənin 25 illiyi",
  • V.İ.Leninin anadan olmasının 100 il dönümünə görə "Rəşadətli əməyə görə" medalları,
  • ABŞ-da ezamiyyət müddətindəki fəaliyyətinə görə 1948-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

Fərqlənmə nişanları

[redaktə | mənbəni redaktə et]
  • İstiliyi udan şüşənin istehsalının mənimsənilməsinə görə XTNS-in (Xalq Təsərrüfatı Nailiyyəti Sərgisi) 1-ci dərəcəli Diplomu.
  • Neft sənayesi Nazirliyinin Fərqlənmə nişanı.
  • Azərbaycan SSR XTS-nin sosializm yarışında "Fərqlənmə nişanı" və bir çox Fəxri fərmanlara layiq görülüb.

Tərcümeyi-halın bu qısa sətirləri adi işçidən nazir müavini vəzifəsinə qədər yüksələn və hər zaman xalqının və vətəni Azərbaycanın mənafeyi üçün çalışan Azərbaycan xalqının şanlı oğlunun həyat yolunu açıqlayır. O atasının yanında, Xırdalan kənd qəbiristanlığında dəfn edilib.

Ə.M.Adıgözəlovun şəxsi arxivi və tərcümeyi-halı.

  1. "Bakı-Şollar su kəmərinə rəhbərlik etmiş şəxs" (az.)). www.anl.az (Azərbaycan Milli Kitabxanası). 24.06.2013. 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2013.