Əfqanıstanda futbol — Əfqanıstanda iki ən məşhur idman növündən biri[1]. Tarixi qədim olsa da Əfqanıstan milli futbol komandası bir çox illər ərzində fəaliyyətsiz olmuş[2], Əfqanıstan Futbol Federasiyası 1948-ci ildən FİFA-ya üzv olmuşdur. Təhlükəsizlik məsələlərinə görə ölkədə futbolda iştirak yüksək səviyyədə deyil.
"Taliban"ın hakimiyyəti illərində Əfqanıstanda idmana ciddi qadağalar qoyulmuşdu.[3] Ölkədəki stadionların çoxu edam qərarlarının icrası zamanı istifadə olunurdu.[3] Həmin dövrdə Əfqanıstanda futbol qarşılaşmaları məhz ölkədə baş verən hadisələrin fonunda keçirilirdi. "Taliban" tərəfdarları futbolçuların müasir geyimini "ədəbsiz" sayaraq, onlara şort geyinməyi qadağan etmişdir. Oyunçular isti yay aylarında belə, meydanda şalvarla mübarizə aparmağa məcbur edilirdilər. Amma hər şeyə baxmayaraq, əfqan xalqı yenə də "Qazi" stadionunu doldurur, özlərini sevimlilərinin oyunlarına baxmaqdan məhrum etmirdilər. Amma tribunalara əllərindəki şallaqla nəzarət edən taliblər, yüksək səslə azarkeşlik edənləri, görüşü izləməyə gələn qadınları aşkar edir, cəzalandırırdılar.
Belə vaxtlarda "Qazi" stadionu təkcə futbol matçlarının deyil, həm də kütləvi edamların məkanı idi. Belə ki, çox vaxt İslama zidd əməllər törətmiş şəxslər oyunun fasiləsində nəqliyyat vasitələri ilə meydana gətirilir, minlərlə insanın gözləri önündə daş-qalaq edilir, ən yaxşı halda isə güllələnirdilər. Stadionun səsucaldanlarından isə mahnı və ya azarkeşləri coşdurmaq üçün şüarlar yox, "Quran" ayələri səslənirdi.[4]
İlki 1946-cı ildə keçirilmiş çempionat 2012-ci ilə qədər Kabil Şəhər Liqası adlandırılıb.[5] 2008-ci ildə davam edən müharibə səbəbi ilə keçirilməyən çempionatın formal olara qalibi "Ordu Kabil" klubu seçilib. Ümumilikdə isə Kabil Premyer Liqasını 3 dəfə "Ordu Kabil", 3 dəfə "Feruzi", 2 dəfə isə "Biq Beə" klubu qazanıb. 2012-ci ildə çempionatın Əfqanıstan Premyer Liqası adlanmasına qərar verilir və elə həmin ilin avqust ayında iştirak üçün 8 yeni klub təsis olunur. Çempionatın adı dəyişsə də, indi də çıxış edən klubların hamısı paytaxt Kabili təmsil edir. 2014-cü ildə baş tutan son çempionat formata uyğun olaraq cəmi 1 ay (28 avqust - 3 oktyabr) davam edib və qrup sistemi ilə keçirilib və liqanın bütün qarşılaşmaları "AFF Stadium"da keçirilib. Çempionatda aşağıdakı 8 komanda iştirak edib:[6]
Çempionatda 17 qarşılaşma keçirilib, 70 qol vurulub (matç başına 4.12 qol). Ən bol qollu oyun oktyabrın 3-də "Ded Spirinq Bazan" və "Ded Maivan Atalan" komandaları arasında 5:5 hesabı ilə başa çatan üçüncülük uğrunda qarşılaşma idi. Finalda "Oqaban Hindiquş" komandasını 3:2 hesabı ilə məğlub edən "Şahin Azmayi" isə tarixində 2-ci dəfə bu titula sahib çıxdı. Həmin mövsümün bombardiri çempion klubun futbolçusu M.Rza Rezayi (6 qol) olub.[6]
Onu da qeyd edək ki, Əfqanıstan çempionatının yayım hüququ "Tolo Tv" və "Lemar Tv" kanallarına məxsusdur.[4]
Ölkədəki 2-3 beynəlxalq stadiondan biri olan "Qazi" stadionu hazırda azarkeş tutumuna görə (30000 nəfər[7]) ölkənin ən böyük stadionudur. Burada ilk matç 1 yanvar 1941-ci il tarixində Əfqanıstan və İran milli komandaları arasında keçirilib və qarşılaşma 0:0 hesabı ilə başa çatıb. 2011-ci ildə meydança bərpa edilib - təbii ot örtüyü süni ot örtüyü ilə dəyişdirilib. Bunda əsas səbəb yay aylarında Əfqanıstanda havaların çox isti keçməsi, eləcə də içməli su problemi idi. 15 dekabr 2011-ci ildə isə Əfqanıstan Milli Olimpiya Komitəsi stadionda açılış mərasimi təşkil etdi. Sözügedən mərasimdə ABŞ-nin bu ölkədəki elçisi Ryan Kroker və Əfqanıstan Milli Olimpiya Komitəsinin prezidenti Məhəmməd Zahir Əkbər kimi şəxslər vardı. Stadiondan hazırda Əfqanıstan milli futbol komandası ilə yanaşı, qonşu əyalət və ölkələrin qarşılaşmaları üçün də istifadə olunur.[4]
2013-cü ilin sentyabr ayında UEFA prezidenti Mişel Platini də bu stadionu ziyarət edib. Burada xüsusi mərasimlə qarşılanan Platini təşkil olunan mətbuat konfransında əfqan futbolçu və məşqçilərin təhsilinə UEFA tərəfindən yardım ediləcəyini bildirmişdi. Əfqanıstan Futbol Federasiyasının prezidenti Əli Rza Akazada də UEFA-nın onlara yardım vəd etdiyini bildirmişdi.[4]
2014-cü ildəki liqanın bütün qarşılaşmalarının keçirildiyi "AFF Stadium" isə 2012-ci ildə istifadəyə verilib və tutumu 7.000 nəfərdir. Bu arenanın da ot örtüyü sünidir.[4]
Əfqanıstan yığma komandası 1922-ci ildən mövcud olsa da, ölkənin futbol federasiyası yalnız 1948-ci ildə FİFA-ya üzv ola bilib. 1954-cü ildə isə qurucu üzvlərdən biri kimi Asiya Futbol Konfederasiyasına qatılıb. 1996-2001-ci illərdə "Taliban" rejiminin təzyiqlərinə məruz qalan milli komanda rəsmi oyunlara çıxmayıb. Nəhayət, 2002-ci ildə Cənubi Koreyada keçirilən Asiya Oyunlarında iştirak edən milli komanda ilk matçında meydan sahibinə 0:2 hesabı ilə məğlub olub. Hazırda bosniya və herseqovinalı baş məşqçi Slaven Slekedziçin çalışdırdığı milli komanda FİFA-nın reytinq cədvəlində 134-cü pillədə yer alıb (2015 sentyabr). Bu siyahıda milli komandanın tarixində ən yüksək göstəricisi 2014-cü ilin aprel ayında qeydə alınmış 122-ci pillədir.[4]
Əfqanıstan millisinin ən böyük uğuru 2013-cü ildə keçirilən Cənubi Asiya Kubokundakı çempionluqdur və bu, həddindən artıq çətin vəziyyətdə olan ölkə üçün dünya çempionluğuna bərabər nailiyyət hesab olunur. Elə həmin il 2013-cü ilin "Qızıl Top" mükafatının təqdimetmə mərasimində Əfqanıstan Futbol Federasiyasının təmsilçisinə FİFA-nın "feyr-pley" mükafatı verilmişdi.[4]
Əfqanıstanda milli baryerləri aşmağa müvəffəq olan futbolçu qadınlar arasında 2014-cü ildə futbol üzrə ilk ölkə çempionatı keçirilib.[9] Ölkə tarixinin həmin ilk qadın premyer liqasında 8 müstəqil klubu təmsil edən komandalar mübarizə aparıb.[9] İlk çempionatın ilk yarımfinalçıları "Əfqan Klubu" və "Ədalət Klubu" olub.[9] Paytaxt Kabildə baş tutan matç o qədər də diqqət çəkməyib və qadın futbolçular tamamilə boş olan tribuna qarşısında oynayıblar.[9]