Əfsanə İbad qızı Məmmədova (17 sentyabr 1979, Bakı) — Azərbaycan şərqşünas alimi, filologiya üzrə fəlsəfə doktoru, tərcüməçi.
Əfsanə Məmmədova | |
---|---|
Məmmədova Əfsanə İbad qızı | |
Doğum tarixi | 17 sentyabr 1979 (44 yaş) |
Doğum yeri | Bakı |
Elm sahəsi | Ərəb filologiyası |
Elmi dərəcəsi | filologiya üzrə fəlsəfə doktoru |
İş yeri | AMEA Şərqşünaslıq İnstitutu |
Təhsili | |
Mükafatları | “Gənclər Mükafatı” [1] “İlin gənci” (2012)[2] |
Əfsanə Məmmədova Bakı şəhərində anadan olmuşdur. Orta təhsil aldığı 20 saylı litseyi fərqlənmə ilə bitirdikdən sonra 1996-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “Ərəb dili və ədəbiyyatı” şöbəsində təhsilini davam etdirmiş, 2000-ci ildə adı çəkilən fakültənin bakalavr, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə ilə bitirmişdir. 2004-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Dünya xalqları ədəbiyyatı şöbəsinin aspiranturasında təhsilini davam etdirmiş, ərəb ədəbiyyatı üzrə namizədlik dissertasiyası müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 yanvar 2009-cu il tarixli qərarı ilə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
Əfsanə Məmmədova 2003-2004-cü illərdə “Celt” Dil Mərkəzində ərəb dili müəllimi, 2004-2005-ci illər ərzində “İrşad” İslam Araşdırmalar Mərkəzində tərcüməçi və “Şəffaf Seçkilər” analitik mətbuat orqanında redaktor köməkçisi, 2006-2007-ci illərdə “İnterfax” İnformasiya Agentliyində şöbə redaktoru qismində çalışmışdır. 2009-2013-cü illərdə Sosial Maarifçilik və Milli Tərəqqi” İB-nin həmtəsisçisi və vitse-prezidenti kimi fəaliyyət göstərmişdir. Əfsanə Məmmədova 2008-2011-ci illər ərzində Azərbaycan Milli Məclisinin ştatdankənar tərçüməçisi qismində çalışmışdır. 2008-ci ildə Azərbaycan Parlamentinin 90 illik yubiley tədbiri, 2009-cu ildə Şərqşünaslıq İnstitutu rəhbərliyinin Çinə rəsmi səfəri, 2010-cu ildə Azərbaycan və Küveyt parlamentarilərinin qarşılıqlı səfərləri və 2011-ci ildə Küveyt kral ailəsinin rəsmi səfəri zamanı işçi heyətinin üzvü (tərcüməçi) olmuşdur. 2011-2012-ci illərdə "Gənclərin İntellektual İnkişaf Mərkəzi və Gənc Alim Aspirant və Magistrlər Cəmiyyəti"ndə layihə müəllifi, elmi-təşkilat komitəsinin sədri kimi fəaliyyət göstərmiş və bir neçə uğurlu layihələrə imza atmışdır. Hazırda Əfsanə Məmmədova AMEA-nın Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsində böyük elmi işçi vəzifəsində işləyir və eyni zamanda "Elm çırağı" İB-nin İdarə Heyətinin üzvüdür.
Əfsanə Məmmədova şərqşünas alim Aida İmanquliyevanın yubileyinə həsr olunmuş “Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri” adlı elm müsabiqəsində iki dəfə laureat adına layiq görülmüş, 2012-ci ildə elmdəki nailiyyətlərinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” fəxri adını almışdır. 2014-cü ildə MDB ölkələri gənc şərqşünaslarının II qurultayında Azərbaycan tərəfdən təltif olunmuş iki ən yaxşı məruzəçidən biri olmuşdur.
Əfsanə Məmmədova 3 kitab, 40-a yaxın elmi məqalə və onlarla sosial layihənin müəllifidir.