Əhər mahalı

Əhər mahalıQaradağ xanlığının 18 mahalından birincisi.

Qaradağ xanlığının 18 mahalından birincisi olan Əhər mahalının inzibati mərkəzi Əhər şəhəri idi. Şəhər Əhər çayının sol yaxasında yerləşirdi. Uca dağlarla çevrələnən bu şəhər geniş bir düzənlik boyunca yayılır və dəniz səthindən təxminən 1546 metr hündürlükdədir. Bir çox tədqiqatçılar Əhər şəhərinin adını "hər" və "xur" köklü xurşid-yəni günəş sözündən törəndiyini yazırlar.[1]

Şəhərin salınma tarixi çox qədimdir. Yaqut əı-Həməvi (1179–1229) yazır: "Əhər-kiçik olmasına baxmayaraq gözəl qurulub. Ərdəbil və Təbriz arasında yerləşir. Oranın əmiri İbn Bişkin adlanır. Əhərlə Vəravi arası iki günlük yoldur".[2] Tarixçi Həmdulla Mustovfi Qəzvini (1281–1346) öz ünlü "Nüzhət əl-Qülub" adlı əsərində yazır: "Əhər soyuq iqlimli çox da böyük olmayan şəhərdir. Burda suyu Əşkənbər dağından başlayan çaylardan götürürlər. Onların şəhərdə yaxşı quyuları və kəhrizləri var. Əsasən taxıl əkirlər, bir az da meyvə becərirlər. Əhali şafii məzhəblidir. Onlardan yığılan vergi xəzinəyə gedir. Məhsuldan toplanan gəlir 10 min dinara yaxındır. Mahalın 5 min dinar ödəyən 20 kəndi var".[3]

Əhər şəhəri XVIII və XIX yüzillərdə Bağbanlı, Sadatlı və Naxçıvanlı məhəllərinə ayrılırdı.[4] Şəhərin qədim, cənub hissəsi isə "Ozanlar" adlanırdı. XVIII yüzilin ikinci yarısından etibarən şəhərin şimal hissəsi abadlaşmağa, Ozanlar seyrəkləşməyə başladı.[5] Qaradağ xanlığının ticarətindən bəhs olunarkən qeyd etmək lazımdır ki, tədqiq olunan dövrdə buranın ərazisində tez-tez feodal ara müharibələri getdiyindən dəfələrlə Qaradağ xanlığı müharibə meydanına çevrildiyindən və daha çox dağlıq hissə olduğuna görə rahat yollar olmadığından xanlığın ərazisində ticarət zəif inkişaf etmişdi.[6] Beləliklə, ticarətin aparılması üçün lazımi imkan olmadığından, təsərrüfatın genişlənməsinə, sənətkarlıq məhsullarının artmasına, bu sahədə əməyin intensivləşməsinə imkan olmadığına görə daxili ticarət də zəifləmişdi.

Əhər mahalının köklü sakinləri Qaradağlı tayfasındır. Sonra Bayburdlu eli bu mahalda sakin olub. Bayburdlu eli ünlü Qızılbaş tayfa birliyinin bir qoludur. Tarixçi Oruc bəy Bayat Bayburdlu elini Qızılbaş məmləkətinin əsas dayağı olan 32 tayfadan biri hasab edir.[7]

"Qızılbaşlar" tarixinin anonim müəllifi yazır ki, Bayburdlu tayfası Ərzincan yaxınlığında yerləşən Bayburddandır və I Şah İsmayıl (1501–1524) taxta çıxmamışdan öncə gəlib ona qoşulmuşdular.[8]

Bəs necə olub ki, Bayburdlu eli Əhər mahalında yerləşib? Bu suala cavab tapmaq üçün polkovnik Hüseyn Bayburdinin "Tarix və coğrafiyayi Ərəsbaran" kitabına müraciət etdik. Müəllif qeyd edir ki, Qaraca İlyas bəy Bayburdlu vəfat edəndən sonra oğlu Qaraxan bəy elə başçılıq etdi. I Şah İsmayıl və oğlu I Şah Təhmasib (1524–1576) hakimiyyət illərində Bayburdlu eli Osmanlı sınır-sərhədlərində uc gözətçisi idi. Çuxursəd əyalətinin Şuragil mahalı bu el başçısının tiyul mülkü idi.[9]

1578-ci ildə Osmanlı Sultanı III Murad (1574–1585) Qızılbaşlar məmləkətinə çoxlu sayda qoşun yollandı. Qoşunun başında Mustafa paşa dururdu. Mustafa paşanın öncül dəstələri yenildi. Məğlubiyyətdən xəbər tutan Mustafa paşa qızılbaşları qarşı təcili olaraq 20–30 min nəfərlik əlavə qoşun göndərdi. Bu dəfə Qızılbaş qoşunu yenilib geri çəkildi.[10]

Bayburdlu elinin Qorçulu, Kiçikli, Süleymanlı adlı oymaqları vardı.

Qaraxan bəyin başçılığı ilə bayburdlular Çuxursəddən köçüb Azərbaycana – Qaradağ vilayətinə gəldilər. Onlar Qaradağ və Savalan arasında yerləşən kəndlərdə sakin oldular. Qaraxan bəy və başqa böyüklər Əhər şəhərində əyləşdilər. Bayburdluların Əhər mahalında öz kəndləri bunlardır: Təzəkəndi Təhmasib, Şəmsabad, Yüzbaşılı, Qalabaşı Şahverdi qışlağı, Alpavut, Qorçu kəndi, Səfixanlı, Nəcəfxanlı, Xızır kəndi, Uluxanlı və qeyrilər…

Sadaladığımız kəndləri bayburdlular özləri saldılar. Onlardan başqa binəli kəndlərdə də yerləşdilər, həmin kəndlər – Əfil, Bəhli, Novduz, Əndab, Alu, Əbriq, Rəzin, Zərgər, Alman, Əliabad, Zəylik, Vənəabad, Qızılgəcli, Xəvəniq, Mərdəkətan, Goravan, Kosalar, Ənbərli, Əyuci və başqa məntəqələrdir.

Qaraxan bəydən sonra Bayburdlu soyunun sayılıb-seçilən əyanı Şahverdi bəy Şah Məhəmməd Xudabəndənin (1578–1587) və I Şah Abbasın söhbət yasavulu olmuşdu. I Şah Abbasın hakimiyyət illərində Muradxan sultan Bayburdlu Qaradağa hakimlik etmişdi. Ondan sonra növbə ilə bayburdlu tayfasına başçılıq edənlər bunlardır: Allahverdi sultan, İlyas sultan, Nəzərxan sultan, II Qaraxan sultan…

II Qaraxan sultan Nadir şah Qırxlı-Avşarın sərkərdələrindən idi. Şahla bərabər Hindistan yürüşündə iştirak etmişdi. Osmanlı dövlətinə qarşı bir çox savaşlarda Qaradağ qoşununun önündə dayanmışdı. Döyüşdə həlak oldu. Qəbri Şəhabəddin Şeyx Mahmud Əhərinin məqbərəsinin yanındadır.

II Qaraxan sultanın Abbasəli bəy, Fəramərz bəy, Məhəmməd bəy adlı oğlanları vardı.

Abbasəli bəy atasından sonra Bayburdlu elinin başçısı oldu. Nadir şahdan sultan ünvanı aldı. Şahın vəfatından sonra Məhəmmədkazım xan Qaradağlının qoşununda sərkərdə kimi xanlığın düşmənlərinə qarşı vuruşmuşdu. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət edəndən sonra xan onu Əhər mahalının hakimi təyin etmişdi.

Hacı Abbasəli sultanın Hüseyn bəy adlı oğlu vardı.

Hüseyn bəy Qaradağ xanı Mustafaqulu xanın yaxınları cərgəsində idi. Xandan sultan ünvanı almışdı. O, həm Bayburdlu elinə, həm də Əhər mahalına başçılıq edirdi. Qaradağ xanlığının ictimai-siyasi yaşamında mühüm rol oynamışdı. Sərkərdə kimi bir çox döyüşlərdə iştirak etmişdi.

Hüseyn sultanın Camı bəy, Zaman bəy, Həsən bəy, Məhəmmədbağır bəy, Həmzə bəy, Təhməz bəy, Fətulla bəy adlı oğlanları vardı.

  1. Hüseyn Dusti, Tarix və coğrafiyayi Ərəsbaran, Təbriz, 1373, səh.61.
  2. Йакут ал-Хамави. Му’джам ал-булдан. Хамдаллах Казвини. Нузхат ал-кулуб. – Баку: Элм, 1983, ст.13.
  3. Йакут ал-Хамави. Му’джам ал-булдан. Хамдаллах Казвини. Нузхат ал-кулуб. – Баку: Элм, 1983, ст.46.
  4. Hüseyn Bayburdi, Tarix və coğrafiyayi Ərəsbaran, Tehran, səh. 59.
  5. H. Ə. Dəlili, Azərbaycanın cənub xanlıqları XVIII əsrin ikinci yarısında, Bakı, Elm, 1979. səh. 45.
  6. H. Ə. Dəlili, Azərbaycanın cənub xanlıqları XVIII əsrin ikinci yarısında, Bakı, Elm, 1979. səh. 44.
  7. Книга Орудж-бека Баяата Дон Жуана Персидского, Баку, "Язычы", 1988, ст.31.
  8. Qızılbaşlar tarixi, Bakı, "Azərnaycan" nəşriyyatı, 1993. səh. 25.
  9. Hüseyn Bayburdi, Tarix və coğrafiyayi Ərəsbaran, Tehran, səh. 169.
  10. İskəndər bəy Türkman. Tarixi aləm arayi Abbasi. Tehran, 1334, səh. 234.
  • Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998, 192 səh.
  • Ənvər Çingizoğlu, Qaradağlılar, Bakı, "Şuşa", 2008, 160 səh.
  • Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.