Əhməd Mühib Dıranas

Əhməd Mühib Dıranas (1907-1980) — Türkiyə şairi.

Şeirləri Tanpınar kimi çox sonralar, 1974-cü ildə "Şeirlər" adı ilə kitablaşdırıldı. Əhməd Mühib fərdi mövzular və gözəlliklər üzərində daha çox durmuşdur. Sosial və siyasi mövzulara o qədər də toxunmamışdır. Saf şeir anlayışını mənimsəmişdir. Sezgi, duyğu, müşahidə, təəssürat və lirizmə önəm vermişdir. Ədəbi cərəyan və qruplarla maraqlanmamış, müstəqil bir şair kimi qalmağı üstün tutmuşdur. Məsələn, qəribçilərə və II yeniçilərə qoşulmamışdır. Türk xalq şeirindən, Osmanlı ədəbiyyatından və fransız şairlərindən bəhrələnmişdir. Özəlliklə Yəhya Kamalın, Əhməd Həmdi Tanpınarın və Bodlerin təsiri altında olmuşdur.

Şeirlərində Anadoluya önəm vermiş, məmləkəti gerçəkçi tərəfləri ilə əks etdirməyə çalışmışdır. Anadolu türk xalqının sosial və iqtisadi problemlərini marksistlər kimi istismar etməmişdir. Siyasətlə felən maraqlanmasına baxmayaraq, şeirlərində siyasi mövzulara yer verməmiş, şəhərli bir şair kimi fərdi mövzulara diqqət yetirmişdir. Romantik eşqlərə, əskidə yaşanmış gözəl eşqlərin xatirəsinə, sevgilisi ilə birlikdə olmanın verdiyi xoşbəxtlik duyğusuna, zaman-zaman şəhvani səviyyədəki eşq duyğusuna, sevgilisindən ayrılığın gətirdiyi hüzn duyğusuna yer vermişdir. Sevgili tipi olaraq ümumən hüznlü bir duruşu olan şəhərli aristokrat qadınları, xatirələrdə qalmış əski sevgililəri seçir. Onun şeirində qadınlar, ümumən, gözəl bir təbiətlə birlikdə verilir. Buradan da anlaşılacağı kimi, Əhməd Mühibin digər bir mövzusu da təbiətdir. O, təbiətə daha çox pastoral və panteist baxış bucağından yanaşır. İstər qadın, istərsə də təbiət haqqında şeirlərində gözəlliyə və sənət dəyərinə önəm verir. Onda estetik dəyər hər zaman ön plandadır.

Əhməd Mühib türkcəni ən yaxşı işlədən şairlərdən biridir. Dilimizin incəliklərini, gözəlliklərini, zənginliklərini kəşf etməyə çalışmışdır. Xalqın canlı danışıq və yazı dilini əsas almışdır. Şeirlərində əski-yeni kəlmə ayırımına yol verməmiş, türk millətinin işlətdiyi hər kəlməni o da işlətmişdir. Rəsm sənətilə də yaxından maraqlanan şair şeirlərində canlı təsvirlər yaratmışdır. Bu baxımdan təsvirçi üslubu barizdir.