Əhməd Həmdi Tanpınar

Əhməd Həmdi Tanpınar (23 iyun 1901[1], İstanbul24 yanvar 1962[1], İstanbul) — Türkiyə şairi.

Əhməd Həmdi Tanpınar
türk. Ahmet Hamdi Tanpınar
Doğum tarixi 23 iyun 1901(1901-06-23)[1]
Doğum yeri
Vəfat tarixi 24 yanvar 1962(1962-01-24)[1] (60 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Aşiyan qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti yazıçı, siyasətçi, universitet müəllimi[d]
Tanınmış əsərləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Hamdi Tanpınar 1901-ci ildə İstanbulda anadan olub. Türkiyənin muxtəlif şəhərlərində orta təhsil aldıqdan sonra İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinə daxil olub və 1923-cü ildə bu fakültəni bitirib.

1942–1946-cı illərdə Maraşdan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Estet şair Əhməd Həmdi Tanpınarın şeirləri çox sonralar, 1961-ci ildə "Şeirlər" adı ilə kitablaşdı. Tanpınara görə, şeir şair ruhunun əzəli həqiqətlə təmasından doğan bir söhbət, gözəllik adlanan idealla bir an baş-başa qalmanın verdiyi bir sərxoşluqdur. Şeir kəlmələrin tərkibindən doğan ritm, ahəng kimi vasitələrlə dillə ifadə edilməsi mümkün olmayan iç vəziyyətlərimizi, daxili aləmimizi, həyəcanlarımızı, sevinc və kədərimizi ifadə edən və beləliklə, bizdə bədii maraq dediyimiz sehri ortaya çıxaran bir sənətdir. Dolayısı ilə, poeziya şairin başqasına yönələn təlqinlərindən, öyüdlərindən, yönləndirmələrindən uzaq olan, tamamilə şairin öz ruhunu hiss etmək, öz-özünü dinləmək, öz-özünü ifadə etmək səyidir. Şeir ruhi bir aramlıq və dərinlikdən doğur. Şair başqalarına, topluma necə faydalı ola bilərəm təşvişi ilə xaricə dönük bir fəaliyyət yerinə öz içinə yönəlib özünü dinləməyi və özünü ifadə etməyi bacarmalıdır. Tanpınar şeiri məhz şeir olaraq dəyərləndirən nadir saf şairlərdən biridir. Şeirə, şeirin xaricində heç bir maddi, dünyəvi, sosial, siyasi funksiya yükləmir. Şeiri, sosial və siyasi təşvişlərlə cəmiyyəti bir yerə istiqamətləndirmə və nəzarət vasitəsi kimi görmək istəmir. Şair cəmiyyəti irşad edən bir vaiz də deyildir. Nəsrin ifadə sahəsi ilə nəzminkini dil baxımından bir-birindən kəskin şəkildə ayırır. O, şeirlə nəsrin etmək istədiklərini etməyə çalışan, ağladan, düşündürən, öyrədən, coşduran nəzm arasına da dəqiq bir xətt çəkir.

Sürrealistlərin şüur altına yönələn çalışmalarını o, röya ilə etməyə çalışdı. Hər iki metodda da məqsəd insan gerçəyini kənar ünsürlərin, ağlın və məntiqin məhdudlaşdırıcı təsirindən uzaq bir şəkildə verməkdir. İçində yaşadığımız konkret, qatı, qaranlıq, çərçivəsi və hüdudları bəlli, dar, sonlu bu dünya həyatına, bu şəhadət aləminə qarşı çıxarılan dünya sənətçinin hər mənada manevr imkanlarına açıq konkret, sərhədsiz, sonsuz, çərçivəsiz, qaydasız, saf, təmiz, büllur bir dünyadır. Tanpınar bu mücərrəd və konkret iki dünya arasında gedib gəlir.

Tanpınar öz sənətini daim "oyaq həyat" və "röya" arasındakı ziddiyyət və bunun doğurduğu ritm üzərində qurur. Oyaq həyat nəsrlə ifadə edilir, röya aləmi isə şeirlə… Oyaq həyat günəş aydınlığı altında bütün hüdudları bəlli olan, görünən, donmuş konkret varlıqların və konkret həyatın aləmidir. Röya isə tənhalığın, sükunətin, sonsuzluğun, zamansızlığın, iç-içə çoxalmanın, saflıq və şəffaflığın, dərinliyin aləmidir. Röyada zaman keçmiş-indi-gələcək deyə parçalanmamış, sonsuz bir bütövdür. İnsanın hərəkət sahəsini məhdudlaşdıran qapı, divar, yüksəklik, alçaqlıq yoxdur, maneə yoxdur. Bura tam bir azadlıq sahəsidir. Sərhəd və say anlayışıları olmadığı üçün insanın mənliyi saysızdır. Röya sənətçiyə sonsuzluqla pərdəsiz söhbət etmək imkanı verir. Röyalar insanların arzu, kin, ehtiras, şöhrət, vüslət kimi bütün istək və duyğularının yerinə yetməsi üçün maneənin olmadığı bir sərhədsizlik və özgürlük ölkəsidir. Sənətçi varlığın özünü qavrayır, Allah, cənnət, cəhənnəm kimi anlayışılar bilinən bütün təriflərindən azad olur, hamısı özünü konkret bir sintez içində sənətçidə tapır. Röya insana özünün də böyük bir röyanın bir parçası olduğunu xatırladır. Bütün miflər röyalardan doğmuşdur. İnsan röyanı oyaqkən də görə bilər. Oyaq şüurun o biri tərəfinə keçməklə adam oyaq ikən də röya görməyə başlayır.

Tanpınarda röya insanı ölümün qorxuncluğundan və soyuqluğundan uzaqlaşdıran bir qaçış vasitəsidir. Şair gerçək həyat və ölüm reallığına qarşı çarəni röyaya sığınmaqda tapır. Tanpınar sonsuza qədər qalacaq bir gözəllik və yaşama arzusunun, sonsuzluğun, əbədiyyətin röyasını görən insandır. Bu da dinlərin təqdim etdiyi sonsuz axirət aləmi şəklində deyil, bu dünya gözəlliklərinin ortaya qoyduğu şəffaf, lətif, konkret mənadakı eşq, gözəllik və sənət sonsuzluğudur. Tanpınarın şeirində metafizik ürpərti vardır. "Allaha inanıram. Lakin tam bir müsəlman olub-olmadığımı bilmirəm" desə də, (Tanpınarın "Hatıra defterinden", Nokta Der., 1 iyun 1990) dini mənada metafizik imana bağlı bir davranış içinə girmir. Təsəvvüfi mistisizmə yer verməyən şair qərbli mənasınada idealıst fəlsəfə və spiritualist düşüncəyə daha yatqındır. Onda mistik dünya motivi müəyyəndir, ancaq bu, dinə dayanaraq qurulmuş mistik bir dünya deyil, tamamən fərdi, öz ruhuna, duyğularına bağlı, profan bir mistisizmdir.

Tanpınar həm duyğu, həm də kültür şairidir. Mədəni arxa plan onun şeirinin hüceyrəsini təşkil edən önəmli ünsürlərdan biridir. Onun yaradıcılığında Şərq və Qərb kültürü diffuz bir sintez halında hiss edilir. Tanpınarın da aralarında olduğu Cahid Sidqi Tarançı kimi bodlerçi şairlərdə ölüm faciəsinə qarşı yaşama sevinci motivini önə çıxarma bəlirgin bir özəllikdir. Ancaq Tanpınarın yaşama sevinci anlayışına baxışı bir az fərqlidir. O, fiziki mənadakı həyata və ölümlə bağlı deyildir. Bunları bir reallıq kimi qəbul edir, o qədər… Bunun ötəsində həyatın, məhəbbətin, təbiətin sürəkliliyi ilə təmin olunan bir ölümsüzlüyün sorağındadır. Ölüm düşüncəsi onun həyatı şərh etməsində bir məhək daşı olmuşdur. Onun şeirlərində ölümdən sonra davam edəcək əbədi bir həyat düşüncəsi o qədər də sezilmir. Zatən dünyaya, dünyanın gözəlliklərinə bu qədər bağlılığının arxasında ölümdən sonrakı həyat mövzusunda tərəddüdünün bir təsiri ola bilər.

Tanpınarın varlığa yanaşma tərzi idealıst düşüncəyə yaxındır. Xarici aləmi, varlığı, maddəni, əşyanı zehnin, ruhun, düşüncənin, görüşün bir məhsulu kimi, bir təsəvvürü kimi qəbul edir. Maddədən öncə məna, obyektdən öncə subyekt gəlir. Aparıcı olan konkret varlıq deyil, şairin duyma, görmə, düşünmə, təxəyyül və təsəvvür etmə tərzidir. Əşya bizim duyma prizmamızdan keçərək məna və tərif qazanır. Xarici aləm bizim daxili dünyamızı ifadə etməyə yarayan bir simvollar aləmidir. Xarici aləmi fikrimizlə, hissimizlə, idrakımızla, röyalarımızla mənalandıra bilərik. Göründüyü kimi, Əflatundan bəri davam edən idealıst düşüncə onda bariz bir şəkildə hiss edilir.

Tanpınar təbiəti o qədər də konkret özəlliklərilə təsvir etmir. Onun üçün təsvir edilən ya da gösətərilən təbiət ünsürləri öz içində qurduğu gözəlliklər dünyasını parlaq bir formada əks etdirmək üçün bir vasitədır. Estetik mənada konkret təbiət gözəllikləri ümumən yenə gözəl bir qadınla birlikdə təqdim edilir. Qadın və təbiət gözəlliyi bir-birini tamamlayan iki önəmli gözəl duyğu vasitəsidir. Tanpınarda qadın ümumiyyətlə iki çöhrəsi ilə qarşımıza çıxır: ana və sevgili. Tanpınar qadını saf bir estetik dəyər kimi, bir gözəllik ünsürü kimi qəbul edir və onun gözəlliyi və qadınlığı üzərində sənəti ülviləşdirərək, ölümsüzləşdirərək həyatın müvəqqətiliyini unutmağa çalışır. Gözəl qadın təxəyyülü, həyatın faniliyi insan faciəsini önləməyin yollarından biridir. Sevilən qadın obrazı da iki şəkildə qarşımıza çıxır: mücərrəd qadın və canlı qadın. Tanpınar gözəl qadın obrazını bir çox şeirində olduğu kimi vermək yerinə dolaylı olaraq estetik bir görüntü içində təqdim etməyə çalışır. Ya dondurulmuş bir heykəl, ya aynaya düşən surət, ya da medalyona nəqş edilmiş şəkli ilə verir. O, qadını doğrudan-doğruya maddi bir varlıq, bir qadın kimi təqdim etmək əvəzinə çox vaxt sənətə dönmüş / dönüşdürülmüş, sənətlə əlaqədar olaraq yenidən yaradılmış şəkli ilə təqdim etməyə, beləliklə, fani qadını sənətlə əbədiləşdirməyə üstünlük verir.

Tanpınar şeirlərində sosial, siyasi mövzulardan uzaq durmuş, tarixi mövzulara da yer verməmişdir. Bəlkə "Bursada zaman" şeirində bir ölçüdə Yəhya Kamaldan gələn bir təsirlə tarixi bir mövzuya toxunsa da, bu şeirdə tarix daha çox estetik planda dəyərləndirilmişdir. Tanpınar tarixi təcrübənin daha çox estetik dəyəri, sənət dəyəri, gözəllik dəyəri üzərində durur. O, tarixə, keçmiş zamana nostalji duyğular bəsləmir. Tarixin məhsulu olan sənət əsərlərinin gözəlliyi əbədiləşdirən və beləliklə, axıb gedən zamanı donduran tərəfi üzərində durur.

Tanpınar zahiri aləmin şərtlərinin məhsulu olan və keçmiş-indi-gələcək deyə üç yerə bölünən bir zaman idrakı daşımır. O, zamanda bir parçalanmışlığı və bölünmüşlüyü qəbul etmir. Onun fikrincə, zaman, öncəsiz və sonrasız, əbədi bir bütövlükdür. Özünü bu dünyanın deyil, ruhi bir dünyanın şairi olaraq gördüyü üçün də fiziki dünya zamanına həbs olunmur. Dolayısı ilə, bu zamanın nə içində, nə də büsbütün kənarındadır. Onun zaman anlayışında Berqsonun fikirlərinin önəmli bir təsiri vardır. Berqsona görə, zaman bütün varlıq və olaylardan öncə var olan bir şeydir, onun varlığı başqa bir səbəbə bağlı deyildir, yəni öz-özünə var olan bir varlıqdır. Bü səbəbdən də həyatın, varlığın və olayların qaynağı zamandır. İbn Ravəndinin önçülük etdiyi və islam materialistləri kimi tanınan dəhriyyun cərəyanı tərəfdarları da təqribən buna bənzər bir görüşü müdafiə edirlər. Onlar da "dəhr"i müqəddəsləşdirmiş və bütün varlığı sərhədsız zaman olan dəhrin yaratdığını düşünmüşlər. Tanpınarın zamana yanaşması ilə həm Berqsonun, həm də dəhrilərin yanaşmaları arasında bəzi bənzərliklər görmək mümkündür.

Şeirlərində heca vəznini işlədən Tanpınar bu vəzni quru, mexanik bir vəzn olmaqdan qurtarıb, klassik şeirdə əruzun bacara bildiyi ahəng və intizamı gerçəkləşdirməyə çalışdı. Şair əruzun davamı olan bir heca vəzni qurmaq arzusunda olduğunu söyləyir. Tanpınar öz ustadı Yəhya Kamalın şeir görüşündən və anlayışından böyük ölçüdə fərqlənir. Ancaq bir sahədə, özəlliklə də dili dəyərləndirmək məsələsində, dil işçiliyi, türkcə zövqü məsələsində ondan ciddi mənada təsirlənmiş və bəhrələnmişdir. Bundan başqa, Tanpınarın əski kəlmələrə çox və rahatlıqla yer verməsinin əsil məqsədi o kəlmələrin əsrlər boyunca yükləndikləri zənginliklə zamanı dondurmuş olmasıdır. Bu kəlmələr zamanda bir parçalanmaya səbəb olmur, tam tərsinə, geniş və sonsuz zamanı daşıyırlar. Bu kəlmələr yaratdıqları assosiasiyalarla, sehrləri ilə, qoxuları ilə, mənaları ilə, incəlikləri ilə, səsləri ilə zamanın ən yaxşı şahidləridir.

Kəlmə işçiliyində olduqca titizdir. Onun leksikonu daha çox gözəllik, eşq, qadın, təbiət və kosmik aləm və ruhi-hissi məzmunlı kəlmələrdən ibarətdir. İçində yaşadığımız fiziki dünyanın maddi, sosial və siyasi terminologiyasına deyil, öz qurduğu konkret gözəllik aləminin işarələri və materialı olan kəlmələrə yer verir. Ulduz, parıltı, gümüş, dəniz, günəş, ay, billur, su, işıq, yaqut, zaman, röya, gül, qədər, ayna kimi. Real dünyanın kəlmələrilə danışmamağa xüsusi bir diqqət göstərmişdir. Tamamən saf şeir anlayışına uyğun bir dili və üslubu vardır. Nəsrində belə onun orijinal şeir üslubu hakimdir. Ümumiyyətlə, qapalı, mübhəm, özünü dərhal hiss etdirməyən bir üsluba sahibdir. Onun yaradıcılığını anlamaq və hiss edə bilmək, daxili aləminə vaqif olmaq üçün dərin bir mədəni təcrübə və anlama cəhdi lazımdır. Onun sakit, yumşaq bir üslubu vardır. Bağırmaz, hayqırmaz, nitq irad etməz, axan su kimi danışar, pıçıldayar, söylər… Üslubu dışa dönük deyil, içə yönəlikdir. O, sükutun musiqisini hiss etdirməyə çalışır.

  1. 1 2 3 4 Ahmet Hamdi Tanpınar // SNAC (ing.). 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]