Ələkbər Bayramov (Bayramov Ələkbər Əzizağa oğlu; 10 aprel 1959, Ocaqlı, Astraxanbazar rayonu) — Rusiya alimi; Tibb elmləri doktoru, professor. Kliniki endikrinologiya elmi‑tədqiqat laboratoriyasının müdiri. V.A.Almazov adına ürək, qan və endikrinologiya Federal Mərkəzinin Endikrinologiya İnstitutu direktorunun elmi iş üzrə müavini, Androloq-endokrinoloq həkim. Rusiya Psixoneyroendokrinoloqlar Cəmiyyətinin, Avropa Neyroendokrinoloqlar Cəmiyyətinin üzvü.
Ələkbər Bayramov | |
---|---|
Bayramov Ələkbər Əzizağa oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ocaqlı, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Kliniki endikrinologiya elmi‑tədqiqat laboratoriyası |
Təhsili | Leninqrad Sanitar-Gigiyena Tibb İnstitutu |
Bayramov Ələkbər Əzizağa oğlu 1959-cu il aprelin 10-da Azərbaycan Respublikası Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olub. 1986-cı ildə Leninqrad Sanitar-Gigiyena Tibb İnstitutunu (LSGTİ) (sonradan İ.İ.Meçnikov adına Sankt-Peterburq Dövlət Tibb Akademiyası, hazırda İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universiteti) fərqlənmə ilə bitirib. 1987-2009-cu illərdə Rusiya Tibb Elmləri Akademiyasının akademiki F.Q.Uqlovun akademik İ.P.Pavlov adına Leninqrad Tibb İnstitutunun subordinatorlar üçün hospital cərrahiyyə kafedrası nəzdindəki akademik qrupunda kardiologiya üzrə elmi işçi vəzifəsində çalışıb. 1987-ci ildə Ə.Bayramov klinik kardiologiya üzrə ixtisaslaşma keçib. 1991-ci ildə “ürək-damar cərrahiyyəsi” və “farmakologiya” ixtisasları üzrə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Cərrahi müalicə etapında gecikmiş mərhələdə olan birləşmiş mitral ürək qüsurlu xəstələrdə miokardın metabolik pozulmasının qiymətləndirilməsi və onların farmakokorreksiyası” mövzusunda dissertasiya müdafiə edib.[1]
2000-2005-ci illərdə Rusiya Tibb Elmləri Akademiyasının Elmi-Tədqiqat Eksperimental Tibb İnstitutunun S.V.Aniçkov adına neyrofarmakologiya şöbəsində çalışarkən “Cinsi funksiyanın mərkəzi holinerjik tənzimlənməsi mexanizmləri” mövzusunda doktorluq dissertasiyası üzrə elmi işini yerinə yetirib. Dissertasiyanı 2009-cu ildə S.M.Kirov adına Hərbi-Tibb Akademiyasının Dissertasiya Şurasında “urologiya” və “farmakologiya” ixtisasları üzrə müdafiə edib.
Ələkbər Bayramov 2009-cu ildən bu günədək V.A.Almazov adına ürək, qan və endikrinologiya Federal Mərkəzinin əməkdaşı, kliniki endikrinologiya elmi-tədqiqat laboratoriyasının müdiri, Endikrinologiya İnstitutu direktorunun elmi iş üzrə müavinidir. Novqorod Dövlət Universitetinin Tibb Təhsili İnstitutunun “Andrologiya, urologiya” kursu üzrə hospital cərrahiyyə kafedrasının professorudur.
Ələkbər Bayramov 4 monoqrafiyanın, o cümlədən “Sexual Dysfunctions – Special Issues” (2011, EU, Croatia), “Kişinin cinsi funksiyasının holinerjik tənzimlənmə mexanizmləri” (2013, SPb), ürək qüsurunun cərrahi müalicəsi mərhələsində miokardınişemik və reperfuzion zədələnməsinə, həmçinin ontogenez mərhələsində reproduktiv, cinsi funksiyanın neyroendokrin tənzimlənməsinə həsr olunan 90 elmi məqalənin müəllifidir.
Ələkbər Bayramov S.M.Kirov adına Hərbi-Tibb Akademiyası nəzdində Dissertasiya Şurasının, “Rossiyskiy biomedisinskiy jurnal - Medline.ru” jurnalının redaksiya heyətinin üzvüdür.
Ələkbər Bayramovun elmi marağı orqanizmin visseral funksiyalarının neyroendokrin tənzimlənməsinin öyrənilməsi, androgen və reproduktiv funksiyaların neyroendokrinologiya və ontogenez sahəsindəki tədqiqatı ilə bağlıdır.
Ələkbər Bayramov Rusiya Psixoneyroendokrinoloqlar Cəmiyyətinin, Avropa Neyroendokrinoloqlar Cəmiyyətinin üzvüdür.