Ələkbər Həsənzadə

Ələkbər Əliheydər oğlu Həsənzadə (8 noyabr 1939, Bakı - 1 iyul 2019, Sankt-Peterburq) — "Lenfilm" kinostudiyasının səs rejissoru, Rusiya Federasiyasının dövlət mükafatı laureatı, "Nika" mükafatı laureatı, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Sankt-Peterburq Kino və Televiziya Universitetinin professoru, akademik.[1]

Ələkbər Həsənzadə
Ələkbər Əliheydər oğlu Həsənzadə
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Sankt-Peterburq, Rusiya
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti Səs rejissoru
Fəaliyyət illəri 1978-ci ildən
Mükafatları Rusiya Federasiyasının dövlət mükafatı Rusiya Federasiyasının əməkdar incəsənət xadimi
IMDb ID0015143

Ələkbər Əliheydər oğlu Həsənzadə 8 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olub. Atası Əliheydər Həsənzadə və anası Rüxsarə Ağayeva teatr aktyorları və 1930-cu illərdə Azərbaycanın bir sıra bölgələrində teatr sənətinin təbliği və inkişafı yönündə fəaliyyət göstərən sənət xadimləri idilər. Ə. Həsənzadənin təhsil aldığı 1 nömrəli məktəb o vaxtlar el arasında "Bağırov məktəbi" adlanırdı. Bura orta ümumtəhsil ocağı olmaqla yanaşı, həm də Suvorov məktəbi, ya da sonralar Azərbaycanda yaradılmış Naxçıvanski adına Hərbi Məktəb kimi, gənc hərbçilər hazırlayırdı. Ələkbər Həsənzadə də o dövrün əksər oğlan uşaqları kimi, təyyarəçi olacağı arzulayırdı.

İş elə gətirdi ki, məzun olmaqlarına 3 il qalmış məktəbi bağladılar. Onda Ələkbər iki sinif yuxarıda oxuyan yoldaşı ilə qaçıb İrəvana getdi. Orda təyyarəçilər hazırlayan ixtisaslaşmış məktəbə daxil oldu. Təlimlərin birində hətta ayağını möhkəm zədələndi də. Valideynləri onu Bakıya gətirdilər. Bir neçə ay xəstəxanada yatdı. O vaxtlar axı bütün yeniyetmələr, gənclər Maresyevin təsiri altında idilər. İrəvandakı məktəb də bağlandı. Ələkbər Həsənzadə də öz məktəbinə qayıtdı. 1958-ci ildə oranı bitirdi və o vaxtkı Leninqrad şəhərinin Kino və Televiziya İnstitutuna qəbul olundu.

Ələkbər Həsənzadə 1963-cu ildə institutu bitirəndən sonra Bakıya döndü və kinostudiyada işə qəbul olundu. Onun ixtisası imkan verirdi ki, həm səs mühəndisi kimi çalışsın, həm də səs rejissoru kimi "Azərbaycanfilm"də ilk işi Arif Babayevin çəkdiyi "İnsan məskən salır" filmində oldu. Bu film dövlət mükafatına layiq görüldü.

Ələkbər Həsənzadə "Səmt küləyi", "Ən vacib müsahibə" və başqa filmlərin səs rejissoru oldu. O, 1973-cü ildə Rusiya Kinematoqrafiya Komitəsindən təklif aldı və "Lenfilm"də çalışmağa başladı. Bu studiyanın istehsalı olan bir sıra ekran əsərlərinin səs rejissoru oldu.

Ələkbər Həsənzadənin “İtaliyalı” adlı son işi Berlin kinofestivalında əsas mükafata layiq görülüb. “Lennauçfilm” kinostudiyasının yüksək dərəcəli səs rejissoru olan Ələkbər Həsənzadə 2000-ci ildə Rusiyanın “Nika” mükafatını alan ilk azərbaycanlı kino ustası idi.

Ələkbər Həsənzadə 2019-cu il iyulun 1-də Rusiya Federasiyanın Sankt-Peterburq şəhərində vəfat edib.[2]

  1. Həsənzadə, Ə. "Lenfilm"in azərbaycanlı səs rejissoru: Ələkbər Həsənzadə: “Pedaqoq fəaliyyətdə olmalıdır”: [Sankt-Peterburqda yaşayan, "Lenfilm" kinostudiyasının səs rejissoru, Sankt-Peterburq Kino və Televiziya Universitetinin professoru, akademik ilə müsahibə] //Həftə içi.- 2009.- 24 fevral.- S. 6.
  2. "Azərbaycanın görkəmli kino xadimi Sankt-Peterburqda vəfat etdi". İstipress. 1 İyul 2019. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 İyul 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]