Əl-Mütənəbbi

Əbu ət-Tayyib əl-Mütənəbbi Əhməd ibn əl-Hüseyn ibn əl-Həsən ibn Əbd əs-Səməd əl-Cufi əl-Kindi əl-Kufi (ərəbcə: أبو الطيب المتنبي أحمد بن الحسين بن الحسن بن عبد الصمد الجعفي الكندي الكوفي ; 920[2][3][…] və ya 915[4], Kufə23 sentyabr 965) — X əsrin dahi ərəb şairi[5]

Əl-Mütənəbbi
ərəb. أبو الطيِّب المُتنبِّي[1]
Doğum adı أبو الطيِّب أحمد بن الحُسين بن الحسن بن عبد الصَّمد الجعفي الكندي الكُوفي
Doğum tarixi 920[2][3][…] və ya 915[4]
Doğum yeri
Vəfat tarixi 23 sentyabr 965
Vəfat səbəbi hərbi toqquşma
Fəaliyyəti şair
Vikimənbənin loqosu Əl-Mütənəbbi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əslən Cufə qəbiləsindən olan şair Kufə şəhərinin əl-Kində məhəlləsində kasıb bir ailədə anadan olmuşdur və nəsəbini də elə bu yerin adından götürmüşdür. Əl-Mütənəbbinin Kufə kimi elm və mədəniyyət ocağında böyüməsi onun hərtərəfli bir şəxsiyyət, müdrik bir insan kimi formalaşmasında böyük rol oynamışdır. Ədib ilk təhsilini də məhz burada — Kufədə, şiə yönlü məktəbdə almışdır. Əksər orta əsr tədqiqatçıları əl-Mütənəbbinin hələ uşaqlıqdan şeir yazdığını və gözəl nitq qabiliyyətinə malik olduğunu bildirirlər. Gənc Əhməd öz həmyaşıdlarından gözəl şeir duyumu və hazırcavablığı ilə fərqlənirdi.[6]

924-cü ildə doğma şəhəri qərmətilər tərəfindən işğal olunduğuna görə, ailəsi ilə birlikdə buranı tərk edib, 2 ilə yaxın Suriya bədəviləri arasında yaşayıb. Köçərilərin əhatəsində keçirdiyi illər onun həyat prinsiplərinin, ictimai-siyasi görüşlərinin, bədii zövq və meyllərinin formalaşması və müəyyənləşməsinə əhəmiyyətli təsir göstərib. Burada – şəhərdəkindən fərqli bir dil mühitinin hökm sürdüyü səhrada o, yaxşı qorunmuş, korlanmamış, canlı klassik ərəb dilini mənimsəyir. Yeri gəlmişkən, təmiz ərəbcəni bədəvilərdən öyrənmək o dövrün şair və dilçiləri arasında yayılmış hal idi.

Gənc Mütənəbbi Kufəyə qayıtdıqdan və ilk şeirlərini yazdıqdan sonra, istedadı üçün daha geniş meydan tapmaq ümidi ilə Bağdad, Şam və başqa mərkəzlərə səfərə çıxır, müxtəlif saraylara yol axtarır. Bütün cəhdləri boşa çıxan narahat təbiətli cavan təzədən səhraya dönür, bədəviləri Abbasilər xilafətinə qarşı üsyana çağıran moizələr söyləyir, bu işi Kufədə və Suriya səhralarında da davam etdirir. Əleyhdarlarının, o vaxtlar təqib olunan şiə məzhəbi əsasında yeni bir din icad etməkdə ittiham etdiyi şairə, ərəbcə "yalançı peyğəmbər" mənası verən "Mütənəbbi" ləqəbi də məhz bu illərdə qoyulub. Üsyankar çıxışlarına görə onu tutub 2 illiyə zindana da salıblar.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əl-Mütənəbbi yaradıcılığının erkən dövründə dövrün təsiri çox güclü duyulur. O, şeirlərində moizəçi və cəsarətli ideyaların yayıcısı kimi çıxış edir, poeziyası qəhrəmanlıq xarakteri daşıyır, şair özünü qəhrəman obrazında təqdim və təbliğ edir. Bu mərhələnin sonuna doğru, fəaliyyətində uğursuzluğa düçar olan Mütənəbbininin yaradıcılığında onun məyusluğunun təsiri ilə ilk kədər motivləri meydana gəlir.

Ömrünün sonrakı dövründə şair müxtəlif saraylarda yazıb-yaradıb. 9 il Hələb əmiri Seyf əd-Dövlənin sarayında yaşayan Mütənəbbinin məğrur təbiəti əmirin təkəbbürlü xasiyyəti ilə uyuşmasa da, onların qarşılıqlı güzəştlər hesabına başa gələn anlaşması dünya poeziyasına gözəl nümünələr – mədhiyyələr bəxş edib. Bu münasibətlərə də son qoyulduqduqdan sonra Mütənəbbi bir müddət, Misirdə hakimiyyəti zəbt etmiş zənci Kafurun sarayına sığınır. Əsl-nəsəbsiz bu xacə hökmdarın məşhurlaşmaq və mədh olunmaq üçün Mütənəbbi kimi güclü qələm sahibinə ehtiyacı vardı. Ərəb təəssübkeşi olan şair başı üzərində bir qeyri-ərəbin durmasına öz şöhrətpərəstliyini və hakimiyyət ehtirasını təmin etmək məqsədi ilə, hansısa əyalətə vali təyin olunmaq ümidi ilə dözürdü. Zənci hökmdarın bununla bağlı öz vədinə əməl etmədiyini görən Mütənəbbi məddahlıqdan əl götürüb ona bir neçə kəskin həcv yazaraq Misirdən qaçır. Şair həyatının son illərini İraq və İranda yaşayır, Buveyhi şahı Ədud əd-Dövlənin Şirazdakı sarayında fəaliyyət göstərir. Amma vətəni üçün bərk darıxdığından bir gün İraqa dönmək qərarına gəlir. Onu Bağdad yolunda, həcvlərindən birinin qəhrəmanı qətlə yetirir.

Daim özünə həyatda yer axtaran, lakin heç yerdə qəlbi aram tapmayan, şəxsiyyəti və istedadı barədə — haqlı olaraq – yüksək fikirdə olan, daim həqiqi arzu və iddiaları gözündə qalan Mütənəbbinin yaradıcılığı üçün, ümumiyyətlə, tənhalıqdan, cəmiyyətə qovuşa-uyuşa bilməməkdən, başa düşülməz qalmaqdan doğan bədbin əfval-ruhiyyə xarakterikdir. Onun ləqəbinin bir izahı da belədir ki, "Mütənəbbi" kəlməsi şairi mühitləri tərəfindən anlaşılmayan, tənqid, təhqir və təcrid olunan peyğəmbərlə tale oxşarı saymaqdan yaranıb. Ən müxtəlif janrlarda yazdığı əsərlərində şairin kədəri, həyata keçməyən arzuları və puç olan xəyalları öz ifadəsini tapıb. Öz zəmanəsindən şikayət motivləri Mütənəbbi yaradıclığında mühüm yer tutur. Harda, kimlərin arasında olursa-olsun, həmişə özünü tənha hiss edən şair bunun səbəbini dünyaya vaxtsız – ya tez, ya gec gəlməyində görürdü. Şairin şikayəti nəinki ancaq dövründən və cəmiyyətdən, bütün dünyadan idi, o bütün dünyadan küsmüşdü. Dünyanı vəfasız adlandırıb ona aldanmamağı məsləhət bilirdi: "Kim ki, dünyayla uzun müddət dostluq edir, ona inamının yalan olduğunu görən kimi dünya onun gözündə dəyişir".

Mütənəbbi elə hesab edirdi ki, tale ona hər cür istedad verib, odur ki, toplumu idarə etmək qabiliyyətinə və haqqına sahibdir. Lakin getdiyi yerlərdə onun iddiaları həyata keçmir, haçansa həyata keçəcəyi də qeyri-mümkün görünürdü. Həmişə sərt üzü ilə qarşılaşdığı zəmanəyə, məhz buna görə nifrinlər yağdırır, "zəmanə adamı" olan müasirlərini həqarətlə qamçılayırdı: "Mən bu adamları məzəmmət edirəm, çünki bunların ən biliklisi küt, ən qabiliyyətlisi isə nadandır. ən şərəflisi köpək, ən bəsirətlisi kordur. Ən ayığı bəbir, ən şücaətlisi isə meymundur. Dünyanın alçaqlığını gör ki, ləyaqətli adam öz aşkar düşməni ilə xoş rəftar etməyə məcburdur".

Şair hər şeyin – hörmət-izzətin, şan-şöhrətin maddiyyatla ölçüldüyü dünyaya acıyır: "Qayğısı çox olan kəs Allahın ən yorğun bəndəsidir. O onların nəfsini, arzularını ixtisara salır. Sənə aid olan hər şey şöhrətlə həll olunmur. Düşmənlər müharibə edərkən varları qığılcım olur. Bu dövrdə varı olanın şöhrəti yoxdur, şöhrəti olanın varı ".

Kafuru mədh elədiyi illərlə bağlı o, belə yazırdı: "Heç bilməzdim elə bir zəmanəyədək yaşayacağam ki, mənə pislik edən bir köləni tərifləyəcəyəm. Heç zənn etməzdim ki, insanlar beləcə yoxa çıxacaq və Əbu-l-Bayza kimi birisi taxt-tac yiyəsi olacaq".

Mütənəbbinin öz dövrünün insanları barədə bu dərəcədə sərt hökm verməsi bir tərəfdən şairin özü haqda çox yüksək fikirdə olmasından qaynaqlanırdısa, digər tərəfdən ancaq özünü layiq bildiyi mərtəbələri ədalətsiz olaraq zəbt eləmiş mənsəb adamlarına hiddət, nifrət və ikrahından irəli gəlirdi.

Hələ islamdan qabaqkı şairlərin yaradıcılığında, habelə 8–9-cu əsr poeziyasında (Əbu-l-Ətahiyə, Əbu Təmmam) mühüm yer tutan ənənəvi ərəb janrı "risə"də yazmaqda davam edərək, əl-Mütənəbbi ona fəlsəfi çalar verib və bununla, Kraçkovskinin bildirdiyi kimi, əl-Məərrinin lirikasını qabaqlayıb.

Seyf əd-Dövlənin oğlanlarından birinin ölümünə həsr etdiyi mərsiyyədə şair yazır: "Biz ölüləri ağlayırıq. Çünki onlar bu dünyanı öz istəkləri ilə və ya sərvət axtarmaq üçün tərk etmirlər.

"Əgər sən taleyin dəyişgənliyi haqqında fikirləşsən, başa düşərsən ki, bu elə qətldir. Bu dünya nə həyatdan məyus olmağa, nə ona nəsil saxlamağa heç dəyməz ".

Mütənəbbi söyləyir ki, hər kəs üçün, istər cəsur olsun, istər qorxaq, döyüşkən olsun, ya sülhsevər – həyatın sonunda ölüm var. Həyat qısadır, o adam məqsədinə çata bilmir ki, daim ölümün onu yaxalayacağı qorxusundan əsir.

Esat Ayyıldız (2020), "el-Mutenebbî’nin Seyfüddevle’ye Methiyeleri (Seyfiyyât)", BEÜ İlahiyat Fakültesi Dergisi , 7 (2) , 497–518 . DOI: 10.33460/beuifd.810283

Əfsanə Məmmədova [1] "Əl-Mütənəbbi dünyası. Poeziya və hikmət" [ölü keçid]

  1. https://adab.wiki/%D8%A7%D9%84%D9%85%D8%AA%D9%86%D8%A8%D9%8A.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 al-Mutanabbi // Encyclopædia Britannica (ing.).
  4. 1 2 https://www.aldiwan.net/cat-poet-Mutanabi.
  5. Ayyıldız, E . (2020). el-Mutenebbî’nin Seyfüddevle’ye Methiyeleri (Seyfiyyât) . BEÜ İlahiyat Fakültesi Dergisi , 7 (2) , 497–518 . DOI: 10.33460/beuifd.810283 Arxivləşdirilib 2021-04-28 at the Wayback Machine
  6. səh. 382, 1881, البغدادى عبد القادر بن عمر. خزانة الادب و لُبُّ لُبَابِ لسان العرب: ج.1، القاهرة: مطبعة بولاق