Ərəb dili

Ərəb dili (ərəb. اللغة العربية‎, ərəb. عربي‎) — Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Zəngin samit sisteminə malikdir (velar, farinqal, larinqal samitlər). Sadə sait sistemi mövcuddur. Söz sırası bir qayda olaraq belədir: XMT (xəbər-mübtəda-tamamlıq).

Ərəb dili
Orijinal adı اللُّغَة العَرَبِيّة
Ölkələr
Danışanların ümumi sayı
  • 295.000.000 nəf. (2010)[30]
  • 315.421.300 nəf. (2019)[31]
Təsnifatı
afroasiya dilləri[d]
sami dilləri
ərəb dili
Dil kodları
QOST 7.75–97 ара 050
ISO 639-1 ar
ISO 639-2 ara
ISO 639-3 ara
Ethnologue ara
Linguasphere 12-AAC
ABS ASCL 4202
IETF ar
Glottolog arab1395
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur. Bunlar bir-birlərindən və habelə ədəbi dildən ciddi şəkildə fərqləndiyi üçün müxtəlif ölkə ərəblərinin bir-birini anlamaması, müvafiq hazırlığı olmayan ərəblərin isə çox zaman ədəbi dili başa düşməməsi adi hal hesab edilir.

Ərəb dili tarixən üç inkişaf mərhələsi keçmişdir: qədim (V əsrədək), klassik (V–XVIII) və müasir (XIX əsrdən indiyədək) ərəb dili kimi təmsil edilmişdir. Qədim ərəblər haqqında ilk yazılı məlumata hələ eramızdan əvvəl Assuriya şahı Sarqonun (715-ci il) kitabəsində təsadüf edilmişdir. Qədim ərəb dili əsasən Suriya ərazisində tapılmış Lihyan, Əs-Səfa, Ən-Nəmarə, Zəbəd, Hərran və s. kitabələrdə əks olunmuşdur.

Əvvəllər müxtəlif məhəlli dialektlərdən ibarət olmuş qədim dilin sonrakı inkişaf mərhələsində ədəbi dil kimi formalaşmasında Qureyş (Məkkə) dialekti mühüm rol oynamışdır. Həmin dil İslamdan bilavasitə qabaq, İslam alimlərinin cahiliyyə adlandırdıqları dövrdə yaranmış şifahi poeziya nümunələrində və habelə çox qiymətli abidə hesab olunan Quranda artıq sabitləşmiş qramatik quruluşa və zəngin söz ehtiyatına malik ilk klassik ərəb dili kimi təsbit edilir. Sonrakı inkişaf prosesində ərəb dili bir-birindən getdikcə daha çox fərqlənən ədəbi dilə və dialektlərə ayrılır. Ədəbi dil yaranmaqda olan ərəb imperiyasında yazı dili kimi hələ də işlədilməkdə olan arami və yunan dillərini sıxışdıraraq, ümumimperiya yazı dilinə çevrilir və beynəlxalq əhəmiyyət kəsb edir. Təqribən XIX əsrdən başlayaraq bu günədək klassik dil əsasında inkişaf etməkdə olan müasir ərəb dili öz sələfindən arxaizmlərin atılması hesabına lüğət tərkibinin xeyli məhdudlaşması, yeni məfhumları əks etdirən söz və ifadələrin yaranması, qramatik quruluşun daha da sabitləşməsi ilə fərqlənir.

Ərəb dili filektiv dillərə mənsubdur. Hər bir ilk qramatik forma əksər halda üç, bəzən də dörd samitdən ibarət olan kökə istinad edir. Kökdən daxili fileksiya yolu ilə müxtəlif formalı sözlər əmələ gətirilir. (Məsələn: hkm kökündən-hakim, həkim, hökm, ehkam, hikmət, məhkum, təhkim, möhkəm, mühakimə, məhkəmə, hökumət və s.)

İsim, sifət, say kimi ad qruplu sözlərin yalnız adlıq, yiyəlik və təsirlik halları, əsasən üçhallı və ikihallı olmaq üzrə iki növ hallanması, iki qramatik cinsi (müzəkkər və müənnəs) və üç qramatik sayı (tək, təsniyə və cəm) vardır.

Ərəb əlifbası ilə yazılmiş mətn.
Ərəb əlifbası ilə yazılmış mətn.

Ərəb dilində müxtəlif söz birləşmələri vardır. Bunların içərisində ərəb qrammatiklərinin izafət adlandırdıqları uzlaşmayan təyini söz birləşməsi ifadə etdiyi məna çalarlıqlarının çoxluğu və ərəb dilində geniş işlədilməsi ilə başqa söz birləşmələrindən xeyli fərqlənir. Burada xəbəri ad qruplu söz və söz birləşmələri ilə ifadə edilən ismi cümlələr də çox işlənir. Xəbəri mübtədadan əvvəl gələn cüttərkibli feli cümlələrdə xəbər daim təkdə olur.

Dilin zənginliyi və Qurani Kərimin ərəb dili üzərində təsiri

[redaktə | mənbəni redaktə et]

Ərəb dili söz ehtiyatının genişliyi cəhətdən dünyanın zəngin dillərindən hesab edilir. Burada sinonim sözlər çox geniş təmsil olunduğundan eyni məfhum çox vaxt ən azı bir neçə söz, bəzən isə onlarla, hətta yüzlərlə sözlə ifadə edilə bilir. Bununla belə, ərəb dilində bəzən bir-birindən ciddi şəkildə fərqlənən mənaları olan polisemantik (çoxmənalı) sözlər də az deyildir. Hətta tərkibində zidd mənalar olan sözlərə də çox təsadüf edilir.[32] Sözlərin böyük əksəriyyəti əsl ərəb mənşəli olduğu halda alınma sözlər cüzi bir miqdar təşkil edir. Bəşəriyyətin inkişafı ilə paralel olaraq inkişaf edən ibrahimi dinlərin ən sonuncusu olan İslam dininin əsas qaynağı Qurani Kərimdir. O təmsilçilərinin qəlblərini fəth, həyat tərzlərini təyin edərək, nitqlərinə təsir etmiş ve onların həyat qaynağı olmuşdur.[33] Belə ki, müsəlmanlar onu həyatlarının hər bir sahəsində öndər bilərək, qoyduğu və göstərdiyi qaydalara görə yaşamağa çalışmışdır. Təmsilçilərinin qəlblərini təsəvvür olunmayacaq dərəcədə fəth edən bu kitab, ərəb dili ilə nazil olmuşdur.[34] Buna görə də ədəbiyyat tarixçiləri ilk növbədə, başlanğıc mərhələdə "furqan", "küfr", "iman", "işraq", "islam", "nifaq", "səvm"(oruc), "salət"(namaz), "zəkat", "ruku", "sücud"(səcdə) kimi kəlmələr üzərində sistemləşmişlər. Bütün bunlarla yanaşı ərəb dili müəyyən bir toplumun dili olmaqdan çıxaraq, bütün müsəlmanların ortaq ibadət dili halına gəlmişdir. İndi isə Qurani Kərimin ərəb dili üzərindəki təsirlərindən bəhs edəsi olsaq, onların bir neçəsi maddələr halında qısa şəkildə belə ifadə edilir:

a. Dildə meydana gətirdiyi toplama

Qurani Kərimin bu dil üzərindəki ən əsas təsirlərindən biri şübhə yoxdur ki, dildə təmin etdiyi birlikdir. O, bütün ərəbləri Qüreyş ləhcəsi üzərində toplayaraq Qüreyş ləhcəsini ərəb dilinin lideri halına gətirdi. Halbuki Qurani Kərim nazil olmağa başlamazdan əvvəl ərəb dili Qureyş ləhcəsi ətrafında birləşmə yolunda inkişaf edir və zirvəyə yüksəlirdi. Ancaq hələ də bütün ləhcələr toplanmamışdı.[35] Qurani Kərimin enməsi ilə birlikdə Qureyş ləhcəsinin liderliyi tamamlanmışdır. Bununla da cahiliyyə dövründən başlayan sözdə birləşmə cəhdləri hədəfinə çataraq dildə toplama təmin edilmiş oldu.

b. Yeni sözlər qazandırması

Qurani Kərim ərəb dilinə bir çox yeni dini leksikon və terminlər qazandırmışdır.[36] (Qeyd:Lakin "namaz" və "abdəst" kimi sözlər fars mənşəli olub, ərəb sözləri kimi düşünülməməlidir)

c. Ərəb dilinin yayılmasındakı təsiri

Ərəb dili, Quran nazil olmazdan əvvəl ərəb yarımadasında yaşayan müəyyən bir millətin dili idi. Ərəb yarımadasının çərçivəsində sıxılıb qalmışdı. Qurani Kərimin ərəb dili üzərə nazil olması onu səmavi bir dinin dilinə çevirmiş və ona ibadətin bir parçası vəsfini qazandırmışdı. Beləliklə hər bir müsəlman namaz, zikr, təkbir və təşəhhüd kimi ibadətlərində ərəb dilini istifadə edirdi. Fəthlər və xilafətin böyüməsi nəticəsində insanların qrup-qrup İslam Dininə yönəlməsi ilə yanaşı ərəb dili ərəb yarımadasının xaricinə çıxmağa başlayaraq müsəlmanların çata biləcəkləri qədər yayıldı. Nəticədə ərəb dili, İslamın yayılması ilə paralel olaraq yayılmağına davam edirdi. İslam Aləmində istifadə olunan dillər arasında birinci dil halına gəlmişdi.

d. Yeni elmlərin ortaya çıxmasına səbəb olması.

Quran ərəb dilinin ədəbiyyat sahəsində zirvəyə çatdığı bir dövrdə nazil olmağa başladı. Beləliklə Qurani Kərimin enməsi ilə yanaşı yeni elmlərin doğması üçün qapılar aralanmış oldu.

Quranın icazını təyin edib, dərk etmə məqsədilə beyan, bədi və məani, səhv oxuma və təğyirdən qoruma məqsədilə sarf və nahv, qarib (mənası eşidilməyən alınma sözlər) sözlərini izah edərək mənasını başa düşmə məqsədi güdən lüğət və ədəbiyyat, insanların gündəlik həyatlarında tabe olmaları lazım olan qanun-qaydaları ondan istinbat edərək təyin etmək məqsədilə Hədis, Fiqh Üsulu və Fiqh kimi elmlər ortaya çıxmışdı. Qurani Kərim, kəlmələrin aid olduqları mənalarda yeni mənalar ifadə etmə qabiliyyəti verərək, onlara yeni məna üfüqləri açmışdı. Bundan başqa ərəb dilini müxtəlif dövrlərdə bəzi dövlətlərin rəsmi dili halına gətirmiş və müsəlmanların ona qarşı ehtiram göstərmələrinə səbəb olmuşdur.[37]

Əhməd Həsən əz-Zəyyad, Tarixul Ədəbil Arabi, s.90

Yusif 12/2, Şura 42/7, Zuxruf 43/3

Şevqi Dayf, Tarixul Ədəbil Arabi, II/32

Əhməd Həsən Zəyyad, Tarixul Ədəbil Arabi, s.204

Hüseyn Küçükqalay, Quran Dili Ərəbcə, s.162,

Əhməd Həsən Zeyyad, a.k.ə., s.90

Şevqi Dayf, a.k.ə., s.31

Şahməddin Özdəmir, Qurani Kərimdə ədatlarla işlənən fellər, s.16–20, İstanbul 1999,

Ərəb dilində 28 samitin və müxtəlif saitlərin olmasına baxmayaraq, ərəb əlifbasında yalnız 28 hərf vardır. Qısa saitlər və habelə həmzə samiti əlifbada təmsil edilməmişdir. Əlifbada müxtəlif vəzifələr daşıyan hərflər də vardır.

Qısa saitləri göstərən hərflər olmadığına görə yazıda sözlərin yalnız samitlərdən və uzun saitlərdən ibarət "skeleti" əks etdirilir. Yazını düzgün oxumaq üçün müvafiq qrammatik və leksik qaydaları qabaqcadan, həm də praktik şəkildə bilmək lazımdır.

Ərəb hərfləri əsasən sağdan sola yazılır və oxunur. Bu istiqamətə uyğun olaraq kitab, məcmuə və qazetdə sağdan sola tərtib olunur və səhifələnir. Bununla belə, ərəb hərfləri üfqi, şaquli, maili, dairəvi və s. handəsi şəkillərdə də olduğu üçün bəzən sağdan sola deyil, yuxarıdan aşağıya və ya soldan sağa da yazılır.

Latın və rus hərflərindən fərqli olaraq ərəb hərfləri təkcə əlyazmasında deyil, çapda da bir-birilə bitişdirici xətlər vasitəsilə birləşdirilir. Belə birləşmə nəticəsində hərflərin ilkin yazılışı (qrafikası) çox vaxt ciddi dəyişikliklərə uğradığı üçün hər hərf həqiqətdə müxtəlif şəkillərdə təzahür edir ki, bunlar əlifba cədvəlində, birləşməyən, soldan birləşən, sağdan və soldan birləşən və sağdan birləşən adları altında qruplaşdırılır.

Ərəb hərflərinin altısının (ﻭ,ﺰ,ﺮ,ﺪ,ﺫ,ﺍ) iki, qalanlarının isə dörd şəkli vardır. İkişəkilli hərflər soldan birləşmədikləri üçün II və III şəkilləri yoxdur.

Ərəb əlifbasında baş hərflər yoxdur. Ümumi adlardan fərqləndirmək üçün xüsusi isimləri bəzən dırnaq və ya mötərizə içərisində yazırlar.

Hərf birləşməsində hərflərin qrafikası dəyişdiyi üçün ərəb əlifbasında sözün hissələri bir sətirdən digərinə keçirilə bilməz: sətrin sonuna sığmayan söz bütünlüklə sonrakı sətrə keçirilir, sətrin sonunda qalan boşluq irəlidəki gəlmənin bəzi hərflərinin üfqi hissəsini və ya bitişdirici xətlərini uzatmaq yolu ilə doldurulur.

Miqdar sayları

[redaktə | mənbəni redaktə et]

0-sıfr

1–10

Vaḥid, İṭnən, Ṭələtə, ʿArba'a , Xamsə, Sittə, Səb'a, Ṭəməniyə, Tis'a, ʿAşara

20 — Işrûn 30 — Ṭəlâtun 40 -ʿArbaun 50 — Xámsun 60 — Sittun 70 — Sa'bun 80 — Ṭəmanun 90 — Tis'un

100 — miə 200 — miəteyn 500 — Xámsa miə

1000 — Əlf 2000 — Əlfeyn (yaxud Əlfən) 5000 — Xámsa elf 10,000 -ʿAshara elf

1,000,000 — Vaḥid milyun, əl-milyun, milyun

Ərəb dilində saylar aid olduqları isimlərlə müxtəlif növ söz birləşmələri əmələ gətirir. Bu nöqteyi-nəzərdən miqdar sayları dörd qrupa bölünür: Birinci qrup (1–2): Bu qrup saylar təyin etdikləri isimdən sonra gəlir. Məsələn: Bir kitab-كتاب واحد İkinci qrup (3–10): Üç sayından etibarən miqdar sayları növlərindən asılı olmayaraq adətən sayılan isimlərdən əvvəl gəlir. İkinci növdə təkliklər sayılan isimlə əks qrammatik cinsdə olur. Həm də isim cəmdə qeyri-müəyyənlikdə olur. Məsələn: Altı gün-,ستة أيام on gün-عشر ساعات Üçüncü qrup (11–99): Bu mürəkkəb saylar tək və qeyri-müəyyənlikdə olan ismi təsirlik hal vasitəsilə idarə edir. Burada bir və ikini çıxmaq şərtilə təkliklər sayılan isimlə əks cinsdə olur. Bu qrup saylar 11–19 və 21–99 olmaq üzrə iki növə ayrılır. İkinci növdə (11–19) təkliklər sayılan isimlə əks qrammatik cinsdə olmaq şərtilə əvvəl, sonra isə onluq gəlir. Hər iki tərəfi daim [ə] saiti ilə bitir. Məsələn: on beş oğlan-خمسة عشر فتيان. İkinci növ mürəkkəb saylarda (21–99) təkliklər yenə də onluqlardan əvvəl gəlir, lakin aralarında و bağlayıcısı olur. Dördüncü qrup(100 və artıq): Bu qrup saylar isimlə uzlaşır ancaq isim təkdə olur.

Ərəb dili və İslam

[redaktə | mənbəni redaktə et]

Ərəb dili eyni zamanda Quran dilidir. Ərəb dili İslam dini ilə sıx bağlıdır, buna baxmayaraq Xristian və Yəhudi ərəblər bu dildə danışır. Dünya müsalmanlarının əksəriyyətinın ana dili ərəb dili deyil, ancaq onlar Quranı oxuya bilirlər. Əksər hallarda Ərəb olmayan müsəlmanlar Quranın tərcüməsindən istifadə edirlər. Bəzi müsəlmanlar isə ərəb dilini Allah tərəfindən seçilmiş müqəddəs dil hesab edirlər. Bəzi İslam alimlərinə görə ərəb dili cənnətin dilidir.

Ərəb dünyasında dialekt fərqləri

Müasir ərəb dili faktiki müstəqil dil hesab edilə bilən 5 dialektdən ibarətdir. Danışıq ərəb dili Ərəb dünyasında istifadə ədəbi baxımdan köklü fərqlənən müxtəlif növ ərəb dillərinin birgə terminidir. Dialektlərin arasında fərq ən çox ərəb yarımadasından kənardadır. Ərəb istilasından sonra ləhcələrin sayı xüsusilə artmışdır. Ən böyük dialekt fərqi qeyri misirli Şimali Afrika dialektləri arasındadır. Dialektlərə təsir etmiş əsas faktorlardan biri də, əvvəllər həmin ərazilərdə başqa dillərdə danışılmasıdır. Bəzi ərazilərdə hətta söz sırasıda fərqlənir. Ərəb dilindəki əsas dialektlər aşağıdakılardır:

Masri dialekti kimi də tanınır. Misir dialekti Hami-Sami dillər ailəsinin Sami qoluna aiddir. Onun kökü paytaxt Qahirə ətrafında Nil deltasından gəlir. Dilə ən çox təsiri Kopt dili etmişdir. Daha sonralar türk, fransız və ingilis dillərinin də təsiri olmuşdur. Bütün Ərəb dünyası bu dialekti başa düşür. Misirdə 52 milyon insan bu dialektlə danışır. 24 milyon insanın isə ikinci dilidir. Livanlı müğənnilər öz mahnılarını bu dialektlə ifa edirlər. Misir dialektinin heç bir rəsmi statusu yoxdur. Klassik ərəb dili (Qurana əsaslanan ərəb dili) Misirdə rəsmi dildir.

Məğrəbi dialekti

[redaktə | mənbəni redaktə et]

Mərakeş, Əlcəzair, Saxara, Tunis və Liviyada 75 milyon insan bu dialektlə danışır. Yaxın Şərq ərəbləri çətinliklə bu dialekti başa düşürlər. Bu dialektə danışanlar öz dillərini ərəbcə dialekt mənasını verən Əddəricə adlandırırlar. Fransız müstəmləkəsi dövründə məktəblərdə başqa dil kimi tədris edilirdi. Fransız, ispan və italyan dillərinin bu dialektə təsirləri olmuşdur.

Mesopotamiya dialekti

[redaktə | mənbəni redaktə et]

Bu dialekt özü də iki yerə ayrılır. İraq dialekti və Şimali Mesopotamiya dialekti.

İraq ərazisində danışılan bu dialektə özü üç yerə ayrılır (Bağdad, Mosul və Bəsrə dialektləri). Vaxtilə burada ərəbcə danışan yəhudilərin də öz dialekti olub. İraqda eyni zamanda qeyri ərəblər — kürdlər, farslar, türkmənlər, assurlar yaşayır. Bunların da dialektin formalaşmasında əhəmiyyətli rolu olmuşdur. İraqda, şərqi Suriyada və qərbi İranda 29 milyona yaxın insan bu dialektdə danışır.

Şimali Mesopotamiya dialekti

[redaktə | mənbəni redaktə et]

Şimali Mesopotamiya dialekti: Bu dialekt əsasən Bağdadın şimalında, uzaq şərqi Suriyada və şərqi Türkiyənin bəzi vilayətlərində danışılır. Orta əsrlərin İraq dialektindən törəmişdir və yəhudi dialektinin bəzi xüsusiyyətlərinə malikdir. 7 milyona yaxın insan bu dialektdə danışır.

Şərq dialekti də adlanır. Şərqi Aralıq dənizinin 100 kilometrlik sahili bu 35 milyon insan bu dialektdə danışır. Şami dialekti 6 müxtəlif dialektlərə ayrılır.

Körfəz dialekti

[redaktə | mənbəni redaktə et]

İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Oman, Yəmən, Qətər və Bəhreyndə 4 milyon insan bu dialektdə danışır.

  1. 1 2 ScriptSource - Egypt.
  2. 1 2 ScriptSource - Algeria.
  3. 1 2 ScriptSource - Sudan.
  4. 1 2 ScriptSource - Iraq.
  5. 1 2 ScriptSource - Morocco.
  6. 1 2 ScriptSource - Saudi Arabia.
  7. 1 2 ScriptSource - Yemen.
  8. 1 2 ScriptSource - Syria.
  9. 1 2 ScriptSource - Tunisia.
  10. 1 2 ScriptSource - Somalia.
  11. 1 2 ScriptSource - Chad.
  12. 1 2 ScriptSource - United Arab Emirates.
  13. 1 2 ScriptSource - Jordan.
  14. 1 2 ScriptSource - Eritrea.
  15. 1 2 ScriptSource - Libya.
  16. 1 2 ScriptSource - Lebanon.
  17. 1 2 ScriptSource - Palestine.
  18. 1 2 ScriptSource - Oman.
  19. 1 2 ScriptSource - Mauritania.
  20. 1 2 ScriptSource - Kuwait.
  21. 1 2 ScriptSource - Qatar.
  22. 1 2 ScriptSource - Bahrain.
  23. 1 2 ScriptSource - Djibouti.
  24. 1 2 ScriptSource - Comoros.
  25. 1 2 ScriptSource - Israel.
  26. 1 2 ScriptSource - South Sudan.
  27. 1 2 ScriptSource - Mali.
  28. 1 2 ScriptSource - Niger.
  29. 1 2 ScriptSource - Iran.
  30. Nationalencyklopedin (швед.). 1999.
  31. Ethnologue (ing.). 25, 19 Dallas, Texas: SIL International, 1951. ISSN 1946-9675
  32. Əhməd Həsən əz-Zəyyad, Tarixul Ədəbil Arabi, s.90
  33. Yusif 12/2, Şura 42/7, Zuxruf 43/3
  34. Şevqi Dayf, Tarixul Ədəbil Arabi, II/32
  35. Əhməd Həsən Zəyyad, Tarixul Ədəbil Arabi, s.204
  36. Hüseyn Küçükqalay, Quran Dili Ərəbcə, s.162
  37. Şahməddin Özdəmir, Qurani Kərimdə ədatlarla işlənən fellər, s.16–20, İstanbul 1999