Əli Məmməd oğlu Əmirli (30 oktyabr 1948, Novruzlu, Ağdam rayonu) — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2003-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor
Əli Əmirli | |
---|---|
Doğum tarixi | 30 oktyabr 1948 (76 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Solmaz Əmirli |
Atası | Məmməd Əmirli |
Təhsili | Bakı Dövlət Universitetinin Filologiya fakültəsi |
Fəaliyyəti |
ssenarist dramaturq |
Fəaliyyət illəri | 1971-ci ildən indiyə kimi |
Əsərlərinin dili | azərbaycanca |
Janrlar |
komediya dram |
İlk əsəri |
"İrs" "Görüş" "Qağayı" |
Mükafatları |
"Humay İlahəsi" |
Əli Əmirli 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra Bakıda Elektrik maşınqayırma zavodunda fəhlə işləmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin axşam şöbəsində təhsil almışdır (1967–1973). Fəhlə işlədiyi 4 il ərzində zavodun çoxtirajlı "Elektrik" qəzetində oçerk və hekayələri ilə çıxış etmişdir. 1971-ci ildə "Qızıl Şərq" mətbəəsində korrektor vəzifəsində işləmişdir (1969–1971). 1971-ci ildən 2006-cı ilədək Əli Əmirli Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-tədqiqat, elmi-texniki informasiya institunda əvvəl ədəbi redaktor, sonra redaksiya-nəşriyyat şöbəsinin müdiri, daha sonra direktor müavini vəzifələrində çalışmışdır.
1974–1975-ci illərdə ali təhsili başa vurduqdan sonra əsgəri xidmətdə olmuş , leytenant rütbəsi ilə tərxis edilmişdir.
Əli Əmirli əmək fəaliyyəti ilə paralel olaraq ədəbi yaradıcılıqla məşğul olmuş, hekayə, povest və romanları ilə "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında çap olunmuş, kitabları dövlət nəşriyyatlarında nəşr edilmişdir. 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvüdür. Yeddi il Birliyin dramaturgiya seksiyasına rəhbərlik etmişdir. 2021-ci ildən Birliyin idarə heyətinin üzvüdür.
1990-cı ildən başlayaraq Əli Əmirli yaradıcılığını dramaturgiyaya yönəltmişdir. Onun 30-dan çox səhnə əsəri ölkənin, demək olar ki, bütün teatrlarında və 10-a yaxın xarici ölkə teatrında tamaşaya qoyulmuşdur. Ölkənin baş teatrı olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının son 30 illik repertuarında Əli Əmirli imzası görünməkdədir. Dramaturq 2003-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
2000-ci ildən başlayaraq Əli Əmirli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi-pedaqoji fəaliyyətə başlamış, əvvəl müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmış, gələcək kinoşünaslara və kinodramaturqlara dramaturgiyanın sirlərini təlim etmişdir. 2018-ci ildən Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professorudur.
Yaradıcılıq nailiyyətlərinə görə Əli Əmirli 2000-ci ildə "Humay İlahəsi" mükafatı, 2018-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı, 2017-ci ildə Cəfər Cabbarlının "Almas" əsərinin yeni səhnə redaksiyasına görə "Cəfər Cabbarlı mükafatı", çox sayda diplomlar və fəxri fərmanlarla təltif olunmuşdur. 2015-ci ildə isə Prezident sərəncamı ilə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.
13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[1]
Əli Əmirli 1971-ci ildən ədəbi yaradıcılıqla məşğul olur. Bu illər ərzində onun onlarla hekayəsi, povest və romanları dövri mətbuatda, o cümlədən "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında dərc edilmişdir. "İldırımötürən", "Axirətdən qabaq gəzinti", "Haram", "Meydan", "Sonalar gölü", "Bir il", "Ərizə", "Tapança", "Ölü doğan şəhər" kimi roman və povestlərin və iyirmidən yuxarı hekayənin müəllifidir. 1990-cı ildən başlayaraq dramaturji yaradıcılıqla məşğuldur. Pyesləri Azərbaycanın əksər teatrlarında, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Dövlət Musiqili Komediya Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında, Dövlət Gənclər Teatrında, habelə Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Qazax, İrəvan, Mingəçevir, Qusar dövlət teatrlarında tamaşaya qoyulmuşdur. "Onun iki qabırğası" komediyası Tbilisidə, "Varlı qadın" pyesi isə Tacikistanda V. Mayakovski adına Dövlət Rus Dram Teatrında (rus dilində) və Vohidov adına Tacikstan Dövlət Gənclər Teatrında tacik dilində tamaşaya hazırlanmışdır. Vohidov teatrının tacik dilində hazırlanmış tamaşası Almaatada keçirilmiş Yaxın Şərq ölkələrinin ll Beynəlxalq Teatr festivalında iki nominasiya üzrə mükafata və qızıl medala layiq görülmüşdür. Elə həmin festivalda digər teatrların diqqətini cəlb edən "Varlı qadın" 2009-cu ildə Qırğızıstanın paytaxtında A. Umuraliyev adına Bişkek şəhər dram teatrında rus və qırğız dillərində tamaşaya qoyulmuşdur. Həmin əsər üzərində Qazaxıstanın yeni paytaxtı Astanada M. Qorki adına Rus Dövlət Dram Teatrında tamaşa hazırlanır. Dramaturqun əsərləri rus, türk, tacik, qazax, qırğız və sair dillərə tərcümə olunmuşdur. 1993-cü ildə yazdığı "Bala bəla sözündəndir?" komediyası əsasında çəkilmiş "Bala – başabəla" televiziya tamaşası (1995-ci il) Azərbaycan televiziyası (AzTV) və ölkənin digər televiziya kanalları ilə dəfələrlə nümayiş etdirilmiş və böyük populyarlıq qazanmışdır.
|
|
26. İki aktrisa üçün baş rol 27. Nuri-didə Ceyhun (2018) 28. Gözəllik imperiyası (2014) 29. Kastinq və ya premyera (2012) 30. Sehirli alma (2017) 31. Hacı Murad (eyni adlı əsərin səhnələşdirilməsi, 2014) 32. Zalamca (eyni adlı əsərin motivləri əsasında dram, 2015) 33. Ah, bu uzun sevda yolu (2018) 34. Pərdəsiz (2020) 35. Mələk əmi (novella, monopyes, 2020)