Əli Abdulla oğlu Qurbanov (14 may 1930, Ağkilsə – 27 mart 2004, Gəncə) — el şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü
ƏLİ QURBAN DASTANÇI | |
---|---|
Qurbanov Əli Abdulla oğlu | |
Doğum tarixi | 14 may 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 27 mart 2004 (73 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Əli Qurban Dastançı 1928-ci il may ayının 14-də Göyçə mahalının ulu Aşıq Ələsgərin doğulub boya-başa çatdığı Ağkilsə kəndində dünyaya gəlmişdir. Ədbiyyata 13 yaşında yazdığı "Hanı dağlar" (1943) şeiri ilə gəlib.
1948-ci ildə orta məktəbi bitirən gənc şair bir il həmin məktəbdə kitabxanaçı işləmişdir. Sonra Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuş və 1953-cü ildə ali təhsilini tamamlamışdır. Təyinatını Kəlbəcərə alıb ki, müddəti qurtarandan sonra Göyçəyə qayıtmaq asan olsun. Göyçə mahalı Ermənistan SSR ərazisinə daxil edildiyindən oraya birbaşa təyinat almaq mümkün deyildi. Həm də anası Gülsüm xanım Kəlbəcərin Kilsəli kəndindən idi. Burada yaxın qohumların yaşaması da bir növ işi asanlaşdırırdı.
Kəlbəcər rayonu Maarif şöbəsində inspektor kimi əmək fəaliyyətinə başlayan Əli müəllim (artıq onu belə çağırırdılar) 1989-cu ilə qədər burada qalıb işləməli olur, Oktyabr kəndində məktəb direktoru, rayon maarif şöbəsində inspektor, metodist, 1979-cu ildən 1986-cı ilə qədər rayon "Yenilik" qəzetinin redaktoru vəzifəsində çalışır. Kəlbəcər camaatının şerə, saza sevgisi, Aşıq Şəmşirlə burada yaxından tanış olması (aralarında ata-oğul münasibətlərinin yaranması) da Əli müəllimi Kəlbəcərə bağlayan əsas amillərdəndir.
Son vaxtlar rayonda yaranmış ictimai-siyasi vəziyyət onu sıxdığından müvəqqəti olaraq Gəncədə yaşamaq qərarına gəldi. Elə həmin dövrdə eyni səbəblər üzündən Bəhmən Vətənoğlunun Gəncəyə köçməsi bu qərara daha bir təkan verdi. Yenidən Kəlbəcərə qayıtmaq arzusuna 1993-cü ilin aprelində Kəlbəcərin ermənilər tərəfindən işğalı son qoyduğuna görə ömrünün sonuna qədər Gəncədə yaşadı.
Böyük şairin Göyçə, Kəlbəcər, Qarabağ həsrətinə dözməyən ürəyi 2004-cü ilin mart ayının 19-da əbədi dayandı. Gəncə şəhərində dəfn edilmişdir.
Əli Qurban Dastançının yaradıcılığından söz açmaq istəyəndə ilk növbədə onun dastan yaradıcılığı nəzərə çarpır. Onun özünə "Dastançı" təxəllüsü götürməsi də təsadüfi deyildi. Artıq "Koroğlu" dastanının bir hissəsi hesab edilən "Mərcan xanımın Çənlibelə gəlməyi" qolunu da o toplayıb işləmiş, araya-ərsəyə gətirmişdir. Bundan əlavə "Yetim Hüseyn dastanı", "Səməd ağa dastanı", "Məşdisə dastanı", "Dəli Alı dastanı", "Dəmirçi Abbas", "Allahverdi", "İsmayıl və Pəri", "Molla Umud" kimi dastanlar yaratmışdır.
Şair ilk dastanı olan "Yetim Hüseyn dastanı"nı Kəlbəcərdə qoçaq bir adam olmuş, rayona avtomobil yolu çəkilişində fədakarlıq göstərmiş Yetim Hüseynə həsr edib. Yetim Hüseyn elə bu yolun çəkilişində həlak olmuşdu.
Ə.Dastançı bir sıra lirik poemalar da yazmışdır. Bunların içində ən çox diqqəti cəlb edən1955-ci ildə dahi şair Səməd Vurğunun məşhur Kəlbəcər səfəri ilə bağlıdır. "Tanış səs" adlanan bu poemada böyük sənətkara ümumxalq məhəbbəti tərənnüm edilir.
1966, 1988, 2003-cü illərdə çap olunmuş "Deyişmələr, dərdləşmələr" ədəbiyyatımızın çağdaş və gələcək tədqiqatçıları üçün qiymətli mənbədir. Bu kitablarda Əli Qurban özü ilə bərabər, dövrün az və çox tanınmış el şairləri haqqında məlumatlar vermiş, orijinal tərzdə onların çoxlu şeirlərini çap etdirmişdir.
1976-cı ildə "Azərnəşr"in dərc etdiyi "Mərcan xanımın Çənlibelə gəlməyi" nəzərə alınmazsa, Ə.Q. Dastançının ilk mətbu əsəri "Yetim Hüseyn dastanı"dır. 2003-cü ilə qədər "Balasıyam bu dağların" (1989), "Beş dastan" (1996), "Deyişmələr, dərdləşmələr" (1996) "Koroğlular uzaqlardan gələn yolda" (1998), "Çıraqqala dastanı" (1999), "Müdriklik mücəssəməsi" (2003), "Kürən köhlən" (2003), "Qaxın möcüzələri" (2003) və s. kimi 22 kitab nəşr etdirmişdir.
Əli Qurban Dastançı 1976-cı ildə Bakıda keçirilən "Bədii söz ustası" festival-müsabiqəsinin laureatı olmuş, birinci yeri tutmuşdur. Dərin hafizəyə malik olan bu şəxs gözəl şair olmaqla bərabər, gözəl insani keyfiyyətlərə malik olmuşdur. Onun azman el şairi Bəhmən Vətənoğlu ilə səmimi dostluğu Səməd Vurğunla Osman Sarıvəllinin dostluq-qardaşlıq münasibətlərini xatırladır.
Böyük el şairi yazar qələmi və yanar ürəyi ilə xalqa xidmət elədi, xalq da onu sevdi, qiymətləndirdi. Bu gün Əli Qurban Dastançı təkcə Şimali Azərbaycanda deyil, soydaşlarımızın yaşadıqları hər yerdə tanınır, sevilir.
2009-cu ildə Təbrizli şair Həsən Savalan Əli Qurban Dastançının "Deyişmələr, dərdləşmələr" kitabını, şair Yusif isə onun lirik şeirlərini "Lalasıyam bu dağların" başlığı altında əski əlifba ilə Təbrizdə çap etdirmişlər.