Əlimuxtar Əliyev

Əlimuxtar Ağakişi oğlu Əliyev (Mirzə Muxtar) — XX əsrin əvvəllərində fəaliyyət göstərən ilk azərbaycanlı həkimlərdən biri.

Əlimuxtar Əliyev
Doğum tarixi 1884
Doğum yeri
Vəfat tarixi 1963

Əlimuxtar Əliyev 1884-cü ildə Bakıda anadan olmuşdur. Tiflis şəhərində gimnaziyanı bitirən Əlimuxtar Kiyev Tibb İnstitutuna daxil olur və oranı 1914-cü ildə terapevt kimi bitirir. İnstitutu bitirən kimi gənc həkim Ə. Əliyev Birinci dünya müharibəsinə göndərilir. Müharibədə göstərdiyi xidmətlərinə görə Əlimuxtar Əliyev Georgi xaçı ordeni ilə təltif edilir. Georgi xaçı ilə, əsasən, general və zabit heyəti, həmçinin hərbi hissələr təltif olunurdu. Azərbaycanlı hərbçilərdən Ə. Şıxlinski, S. Mehmandarov, Ə. Əlibəyov Georgi xaçı ordeni ilə təltif olunmuşlar. Əlimuxtar Əliyev yeganə azərbaycanlı həkimdir ki, çar Rusiyasının ən yüksək ordeni olan Georgi xaçı ilə təltif olunmuşdur. Müharibədə olarkən Ə. Əliyev artilleriyanın atası, həmyerlimiz general Əliağa Şıxlinski ilə tanış olur. 1917-ci ildə müharibədən qayıdan Əliyev Bakada həkimliklə məşğul olmağa başlayır, 1921-ci ildə keçmiş Mixaylovsk xəstəxanasına baş hakim təyin olunur və 1937-ci ilə qədər bu müalicə ocağına başçılıq edir. Gözəl insan, həqiqi həkim Mirzə Muxtar – xalq onu belə adlandırırdı – Bakıda və onun qəsəbələrində məşhurlaşır, Mirzə Muxtarı nəinki azərbaycanlılar, başqa millətlərdə də sevir, hörmətini saxlayırdılar. Mirzə Muxtar bu xalq məhəbbətini öz səxavəti, həkimlik bacarığı, insanpərvərliyi sayəsində qazanmışdır. Mirzə Muxtarın aptekdə müəyyən miqdar pulu olardı. Əgər kasıb xəstənin dərmana verməyə pulu olmazdısa, müəyyən işarə qoyulmuş reseptlə xəstə aptekdən pulsuz dərman alardı. Ya da Mirzə Muxtar kasıb xəstəyə baxıb, müxtəlif üsullarla ona dərman pulu verərdi. Xalqın Mirzə Muxtara olan məhəbbəti və onun belə şöhrət qazanması bəzi millət "qəhramanlarının" gözündən yayınmadı və bu gözəl sənətkar 1937-ci ildə Sibirə sürgün olundu. 1940-cı ildə Mirzə Muxtar azad edildi. Bakıya qayıdıb yenidən həkimliyə başladı. Xalqın sevimlisi, həqiqi xalq həkimi Mirzə Muxtar 1963-cü ildə vəfat etdi.

  • Ənvər Həmidov. Loğmanlar yurdu. – Bakı. – İşıq. – 1991 – s. 79–81.
  • Ənvər Mete. Loğmanlar. – Bakı. – Nurlan. – 2008 – s. 81–82.