Əlixan bəy Cavanşir

Əlixan bəy Cavanşir – (?-1612), hərbi mühəndis

Əlixan bəy Cavanşir
Doğum tarixi XVI əsr
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri

Əlixan bəy Cavanşir hərbi mühəndis idi. 1607-ci ildə şahın Şirvan səfərində Kür çayının üzərindən panton körpü salmışdı. 1612-ci ildə isə Gəncə qalasının təmirinə başçılıq etmişdi. Tarixçi İskəndər bəy Münşi Türkman Əlixan bəy və qardaşı Mirzəhüseyn bəy Cavanşirin başına gələn əhvalata öz ünlü əsərində xeyli yer ayırıb.

Tarixçi yazır: "İkinci qəziyyə Əlixan bəy Cavanşir və qardaşı Mirzəhüseyn bəyin ölümü ilə bağlıdır. Cavanşir eli Qarabağ tərəkəmələrindəndir. Cavanşir otuz iki oymaqdan ibarət olan Otuziki elinə bağlıdır ki, onların babaları o elin əmirləri olublar. Onların ailəsi, oymaq və elləri rumluların istilası zamanı Qarabağda qalmışdılar. Mirzəhüseyn bəy də rumlulara tabe idi.

Bir neçə il sonra kiçik qardaş olan Əlixan bəy cahanpənah şahın sarayına gələrək yaxınları zümrəsinə girdi və şahanə tərbiyə oldu. Dünyanı bəzəyən şah Azərbaycana hərəkət edəndə Mirzəhüseyn bəy mülazimləri içində idi, çünki o zaman könüllülər yox idi. Əmirlərin göstərişi ilə el ona tabe oldu. El və oymaqlar gəlib, o tərəfdə dayanır. Əlixan bəy müxtəlif vəzifələr alaraq Gəncənin təmir işlərinə başlayır.

Günlərin bir günü Gəncə hakimi Məhəmməd xan Ziyadoğlu səfərə çıxır. Onun şəhərdə olmadığından istifadə edib, qardaşını öldürmək fikrinə düşürlər. (Əlixan bəy) Cavanşir bir neçə nəfərlə Ziyadoğlunun evinə yollanır. Həmin vaxt Mirzəhüseyn bəy də orda idi. Ora yaxınlaşanda xanın qardaşı iztirabdan özünü Məhəmməd xanın hərəmxanasına atır. Əlixan bəy hörmət etməyib, onun ardınca hərəmxanaya daxil olur və ordaca öldürür. Qacar qazilərindən bir neçə nəfər və Ziyadoğlu soyundan olan mülazimlər bu hörmətsizliyə narazılıqla yanaşırlar. Nəhayət, adı çəkilən qazilər və xüsusən Saray bəy hücum edib, ədəbsizlikdə iştirak etmiş altmış-yetmiş nəfərə yaxın cavanşiri qılıncdan keçirirlər. Elə həmin anda Əlixan bəyi də tapıb, qılınclayırlar və həyatına son qoyurlar. O, özündən çox razı, məğrur və iddialı idi. Böyük qardaşının hesabına hünər göstərirdi və nəhayətdə öz mükafatını aldı.

Məhəmməd xan çöldən gəlib, məsələdən halı oldu. Mirzəhüseyn bəy rumlular dönəmində çox fəsadlar törətdiyindən onu yanında saxlamağı məsləhət bilmir və ölümünə fərman verir".

Əlixan bəy 1612-ci ildə Saray bəy Ziyadoğlu-Qacar tərəfindən öldürülüb.

  • Ənvər Çingizoğlu. Cavanşir eli. "Soy" dərgisi, 10 (18), 2008.
  • Ənvər Çingizoğlu, Fazil Baxşəliyev. Qarabağın el və obaları. Bakı: "Şuşa", səh.82.
  • Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.