Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Cavanşir eli — Qarabağın aparıcı ellərindən biri, XVIII əsrdə xanlıq qurmuşdu.
Qədim monqol qurumlarında goran və orun adlı düzülüş sistemi vardı. Goranda və orunda xandan, xaqandan solda ən hörmətlilər dururdular. Bu sistem orduda da gözlənilirdi. Ordunun sol cinahında döyüşənlər "caban qar" — sol qol, sağ cinahında döyüşənlər isə "baran qar" — sağ qol adlanırdı. Savaşa həmişə sol qol başladığından bu qolda seçkin bahadırlar dayanırdılar. Azərbaycanda iqtidarda olmuş Elxanlılar, Çobanlılar, Cəlayırlar, Barlaslar (Teymurlular) və digər qurumların ağalıq dönəmlərində ordunun aparıcı qolu caban qar idi. Cabanqar adı get-gedə deyiliş nəticəsində ilkin biçimini dəyişərək Cavanşir şəklinə düşdü.
Cavanşir adını yozanlar arasında tarixçi Rzaqulu xan Hidayət də var. Rzaqulu xan "Rövzzətüs-səfa" adlı əsərində İbrahimxəlil xan Sarıcalı-Cavanşirdən bəhs edərkən yazır: "Cavanşir elinin əsli Türkistandan olaraq Oşir xan nəslindəndir. Oşir xan Oğuz xanın dördüncü oğlu bulunan Yıldız xanın oğludur ki, bunları Ovşar və Əfşar adları ilə adlandırmışlar. Məğul qanununca Cavanşir eli də digər Oşirxan elləri qəbilələri kimi Sağ qol ümərasından ədd edilərək cavanğardılar: Cavanğar-meymənə-Saq qol və Bərənğar isə meysərə-Sol qol deməkdir. Cavanğarlar həzərdə, yəni sülh vaxtlarında xanın sağında oturduqları kimi, hərb zamanlarında ordunun sağ qolunda vuruşmalıdılar. Cavanğarlar həzərdə, yəni sülh vaxtlarında xanın sağında oturduqları kimi, hərb zamanlarında ordunun sağ qolunda vuruşmalıdılar. Hərb, yaxud yasaq zamanı sağ və sol cinahlara bölündükləri üçün "cəvangar" və "bəranğar" adlandırılmalarının əsl səbəbi bunda idi ki, qədim hökmdarlar böyüklərin kəsmədikləri heyvanı kamil və cayiz hesab etmirdilər. Belə ki, qədim Iran farsında dəbdə olan Musəvi bəni-Israilə sirayət etmiş, Monqol soltan və hakimlərinə də yayılmışdır ki, heyvanı ya kamil peyğəmbər, ya adil padşah, yaxud da naib və xəlifə kəssin.
Bu səbəbdən Monqol şahları hamının qoyununu kəsir və sinəsini yarırdı. Qoyunu sultan kəsir, dərisini isə vəzir soyurdu. Qoyunun sağ qolu nəcabətli qəbiləyə nəsib olurdu, sol qolu və başqa əzaları mərtəbə təfavütü ilə başqa qəbilə və tayfalara paylanırdı. Belə ki, atlandıqları və döyüş zamanı da bu qayda qüvvədə idi. Yəni bir dəstə sağ, digəri isə sol cinahla gedirdi. Monqol dilində "sağ" və "sol"u "cəvanğar" və "bəranğar" adlandırırlar. Onların qulamları sultan və xanın arxasında dayanırdılar ki, buna "qol" deyirdilər. Hər halda Cavanşir və Oşar eli "cəvanğar"dandır. Onun tərkibinə Türkistandan 120 min nəfər daxil olub Hülakü xanla ölkələri işğal etməyə getdilər və hər yerdə qaldılar, Əmiri-kəbir Teymur və Gürganlının zamanında yenidən Rumdan geri qayıtdılar və Türkistan, Qəndəhar, Kabil və İrana yayılıb oranın sakini oldular. Onların çoxu Kabil və Qəndəharda məskunlaşdılar. Səfəvi dövləti zamanı, xüsusilə də II Şah Abbasın dövründə Qarabağ və Aranda olan dəstənin böyüyü və rəisinin adı İbrahim Xəlil ağa idi. Ondan sonra oğlu Pənah ağa və ondan da sonra övladı II İbrahimxəlil ağa, eləcə də II Pənah ağa, daha sonra isə Nadir şah Əfşar zamanında olmuş III İbrahimxəlil xan onların başçısı idi. Nadir şah onların elini köçürüb Sərxəsə daşıtdırdı və təhvil verdi…".
Cavanşir elini Avşar kökənli hesab edənlərin içində Rzaqulu bəy Vəzirov da var. Rzaqulu bəy atası Mirzə Camal Cavanşir Qarabağidən iqtibas etdiyi əsərində yazır: "Bu oymaq böyük Əfşar elindən, Əfşar eli dəxi böyük Türkmən elindəndir." Tarixçi İskəndər bəy Türkman Münşi Cavanşirləri Qarabağ tərəkəmələrindən (Türkmanlardan) Hesab edir.
Oyrat ulusunun böyük qollarından biri cunqar adlanır. Monqolustanda Cunqariya adlı əyalət də var.
Cavanşir elinin izlərinə türkün yaşadığı dürlü yerlərdə rast gəlinir. Orta çağda Anadolunun Amasiya, Toqat və Yozğad yörələrində Caunqar adlı bir el yaşayırdı. Caunqar eliylə Qazi Bürhanəddin Əhmədin ilişkilərindən bəhs edən tarixçi Yaşar Yücel yazır: "Ancaq onun cəHdləri xalq və əmirlər arasında böyük nufuz sahibi olan, sevilən, təcrübəli, qüdrətli vəzir Qazı Bürhanəddini əksildə bilmir. Əksinə, bu qüdrət müqavilə şərtlərinə əsasən Amasiya ərazisində yaşayan və Əli bəyin ölümündən sonra itaətdən çıxmış Caunqar oymaqlarından olan monqol qəbilələrinə qarşı apardığı geniş hərəkat nəticəsində ziyanın qismən də olsa ödənilməsi ilə daha da artdı.
Tarixçi Caunqar oymaqlarından danışarkən daha sonra qeyd edir ki, onlar Amasiya hakimi Əmir Əhməd bəyin müttəfiqi idilər. 1380-ci ildə Amasiyada yaşayan Caunqar ulusunun oymaqlarının başında Ulu bəy, Salamat bəy və Gözlər bəy adlı başçılar dayanırdılar.
1402-ci ilin iyul ayının 25-də Ankara altında Əmir Teymur Barlas Sultan İldırım Bəyazidi (1387–1402) məğlub etdi. Anadoluda yurd tutmuş oğuz və monqol-tatar kökənli bir çox elləri sürüb qışlağı Qarabağa gətirdi.
Əmir Teymur Qarabağa gətirən elləri bəzi qaynaqlar qara tatarlar, bəziləri isə ağ tatarlar kimi göstərirlər.
Tarixçi Şərəfəddin Əli Yəzdi "Zəfərnamə" adlı əsərində yazır: "Qara tatarlar Mənqu qaanın Hülaku xanı İIrana göndərdiyi vaxt onun qoşununa daxil edilmiş türk qəbilələrindəndirlər. Hülaku xan Təbriz taxtgahına yiyələndikdə onları malik olduqları şər xasiyyətlərinə görə köçürüb Rum və Şam sərhədlərində məskunlaşdırmışdır. Sultan Əbu Səidin ölümündən sonra, İranda ixtiyar sahibi qalmadığından onlar itaətsizlik göstərməyə başladılar və 52 dəstəyə bölündülər…
Əmir Teymurun yanına elçiliyə gəlmiş İspaniya elçisi Rui Qonsales de Klavixo öz gündəliyində yazır: "Teymur bəy oradan Babil sultanın torpağına tuşlandı. Ona qədər ağ tatar deyilən qəbilə ilə rastlaşdı. Bu adamlar həmişə yurddan yurda köçürlər. O, onlarla vuruşmağa başladı və savaş açdı, kimi yendisə əsir götürdü. Onların başçılarını, kişili-qadınlı əlli min nəfəri əsir götürdü. Hamısını özüylə apardı. Ordan Dəməşq (Şam) şəhərinə tərpəndi. Şəhərin sakinləri onu əsəbləşdirmişdilər. Həm təslim olmurdular, Həm də elçisini tutmuşdular. Əmir Teymur ordan götürdüyü türkmanları da Qarabağa gətirdi. Oğuz kökənli Rumlu və Şamlı ellərini xətrini əziz tutduğu Xacə Əli Səfəviyə bağışlayıb, Ərdəbil civarında yerləşdirdi. Yarı hissəsi monqol-tatar və yarısı isə oğuz kökənli olan Qacar və Cavanşir ellərini Qarabağda sakin etdi.
Qacarlar Bərdədən Şəmkirə qədər, cavanşirlər Bərdədən Arazbaradək torpaqlara yiyələndilər. Tarixi ədəbiyatda Bərdədən tutmuş Arazbaradək uzanan torpaqlar "Mülki-Cavanşir" adlanır.
Sonrakı dönəmlərdə Qarabağda qərar tutan oymaqlar Otuziki eli adı altında birləşdilər. Bu süni surətdə birləşmiş elin aparıcı və nəcib oymağı Cavanşir idi. El başçıları Cavanşir oymağından təyin olunurdu.
I Şah Abbas Səfəvinin (1587–1639) hakimiyyəti dönəmində Qarabağda iki ünlü Cavanşir əmiri vardı. Bu qardaşlar, Mirzəhüseyn bəy və Əlixan bəy saraya, şaha yaxınlıqları ilə seçilirdilər.
Mirzəhüseyn bəy Cavanşir oymağının və Otuziki elinin başçısı olmuşdu. Osmanlı ordusu 1588-ci ildə Qarabağı, Arazbarı alanda Mirzəhüseyn bəy qaçmayıb yurdunda qaldı. Fərhad paşa Mirzəhüseyn bəyi Arazbarın hakimi və Otuziki elinin başçısı təyin etdi. Mirzəhüseyn bəy bir müddətdən sonra qaçıb Qızılbaş ordusuna qoşuldu.
Əlixan bəy Cavanşir hərbi mühəndis idi. 1607-ci ildə şahın Şirvan səfərində Kür çayının üzərindən panton körpü salmışdı. 1613-cü ildə isə Gəncə qalasının təmirinə başçılıq etmişdi.
Tarixçi İskəndər bəy Türkman bu iki qardaşın başına gələn əhvalata öz ünlü əsərində xeyli yer ayırıb. Tarixçi yazır: "Ikinci qəziyyə Əlixan bəy Cavanşir və qardaşı Mirzəhüseyn bəyin ölümü ilə bağlıdır. Cavanşir eli Qarabağ tərəkəmələrindəndir. Cavanşir otuz iki oymaqdan ibarət olan Otuziki elinə bağlıdır ki, onların babaları o elin əmirləri olublar. Onların ailəsi, oymaq və elləri rumluların istilası zamanı Qarabağda qalmışdılar. Mirzəhüseyn bəy də rumlulara tabe idi.
Bir neçə il sonra kiçik qardaş olan Əlixan bəy caHanPənah şahın sarayına gələrək yaxınları zümrəsinə girdi və şahanə tərbiyə oldu. Dünyanı bəzəyən şah Azərbaycana hərəkət edəndə Mirzəhüseyn bəy mülazimləri içində idi, çünki o zaman könüllülər yox idi. Əmirlərin göstərişi ilə el ona tabe oldu. El və oymaqlar gəlib o tərəfdə dayanır. Əlixan bəy müxtəlif vəzifələr alaraq Gəncənin təmir işlərinə başlayır.
Günlərin bir günü Gəncə hakimi Məhəmməd xan Ziyadoğlu səfərə çıxır. Onun şəhərdə olmadığından istifadə edib qardaşını öldürmək fikrinə düşürlər. Cavanşir bir neçə nəfərlə Ziyadoğlunun evinə yollanır. Həmin vaxt Mirzəhüseyn bəy də orda idi. Ora yaxınlaşanda xanın qardaşı iztirabdan özünü Məhəmməd xanın hərəmxanasına atır. Əlixan bəy hörmət etməyib onun ardınca hərəmxanaya daxil olur və ordaca öldürür. Qacar qazilərindən bir neçə nəfər və Ziyadoğlu soyundan olan mülazimlər bu hörmətsizliyə narazılıqla yanaşırlar. Nəhayət adı çəkilən qazilər və xüsusən Saray bəy hücum edib ədəbsizlikdə iştirak etmiş altmış-yetmiş nəfərə yaxın cavanşiri qılıncdan keçirirlər. Elə Həmin anda Əlixan bəyi də tapıb qılınclayırlar və Həyatına son qoyurlar. O, özündən çox razı, məğrur və iddialı idi. Böyük qardaşının Hesabına Hünər göstərirdi və nəHayətdə öz mükafatını aldı.
Məhəmməd xan çöldən gəlib məsələdən halı oldu. Mirzəhüseyn bəy rumlular dönəmində çox fəsadlar törətdiyindən onu yanında saxlamağı məsləHət bilmir və ölümünə fərman verir".
1620-ci ildən sonra Cavanşir elini döyüşlərə Qafqaz dağı ətəklərindən enən, "Qara kafir" adlandırılan qulamlardan çıxmış Novruz sultan aparırdı.
Cavanşir oymağı güclənib Otuziki elinin tərkibindən çıxıb müstəqil oldu. 1593-cü ilə bağlı Osmanlı qaynağında Cavanşir Otuziki elinin tərkibində bir oymaq idisə, 1727-ci ilə aid qaynaqda 25 oymaqdan ibarət böyük bir eldir.
Bu oymaqlar və qışlaqlar aşağıdakılardır:
XVIII yüzilin önlərində elin aparıcı və nəcib tayfası Yağləvənd idi. Özündə 4 müstəqil oymağı və 2 qolu (Gecəgözlü və Seyidəhmədlini) birləşdirirdi. Çox zaman el başçıları Yağləvənd tayfasından çıxırdı…
1722-ci ildə qiyamçı əfqan qoşunu Hücum edib Səfəvi dövlətinin paytaxtını tutur. Osmanlı sultanı III Əhməd də Qızılbaş məmləkətindən ərazi qoparmaq məqsədilə yürüşə hazırlaşır. Tutarlı bəhanə bulan kimi orduya hücuma keçməyi əmr edir.
1724-cü ildə çoxsaylı Osmanlı ordusu Qarabağa girdi. Gəncə-Qarabağ bəylərbəyi azsaylı qoşunla sərhədi savuna bilmədi. Osmanlılar bir-iki həmlə-hücumla Gəncəni alıb Qarabağa yiyələndilər.
Şair Izzət Rumi bu münasibətlə "Tarixi-fəthi-Gəncə" adlı bir mənzum tarixçə yazıb. Tarixçədə deyilir:
Mən bu fətHü nüsrətin Izzət, dedim tarixini:
"Aldı əcəmdən Gəncəni Xan Əhmədi-valihiməm"
Böyük torpaq saHibləri, mal-mülk yiyələri, seçkin sultanlar, bəylər Arazı adlayıb güneyə sığındılar. Qarabağ bir sürə Osmanlıların əlində qaldı. Qarabağın valisi öncə İbrahim paşa, sonra Əli paşa idi.
Xorasanda işğalçı əfqanlara qarşı mübarizəyə başlayan Nadirqulu xan Qırxlı-Avşar qələbə qazanıb, tez bir zamanda İranı, Azərbaycanı istilaçılardan təmizlədi.
1734-cü ildə Qarabağa hücuma keçdi. Aşağı hissəsini bir hücumda alıb paytaxt Gəncəyə irəlilədi. Şəhəri səkkiz ay yarımlıq bir mühasirədən sonra aldı. Nadirqulu xan parlaq zəfərlərdən sonra Muğana gəlib otraq elədi. Seçkin əmirlər qurultay çağırıb Nadirqulu xanı şah seçdilər. Nadir şah adı ilə taxta əyləşən Avşar oğluna xəbər çatdırdılar ki, Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu-Qacar sənin şah olmağını istəmirmiş. Bu xəbərdən qəzəblənən şah öncə Uğurlu xanı öldürmək istədisə ulu uruq olduğunu düşünüb fikrindən daşındı. Lakin yamanlıq etməyi ağlından çıxarmadı.
Nadir şah dövlətində yeni inzibati-ərazi sisteminin əsasını qoydu. Səfəvilərdən qalma bəylərbəyiliyi ləğv edib 3 əyalət yaratdı. Bu əyalətlərdən biri Dərbənddən başlayıb Qaplankuhda bitən Azərbaycan idi. Azərbaycana qardaşı İbrahimzaman xanı başçı qoydu. Bununla ürəyi soyumayan Nadir şah Xəmsə məliklərini saraya tabe etdi. Qapanat, Çulundur mahallarını Qarabağdan ayırdı. Cavanşir, Otuziki və Kəbirli ellərini Xorasana sürdü. Uğurlu xanın idarə meydanı daraldı.
Cavanşirlər Xorasanın Sərəxs yörəsində məskunlaşdılar. Nadir şah Cavanşir elindən bir çox bəyləri yanına çağırıb dürlü vəzifələrə təyin etdi. Əmir xan Yağləvənd-Cavanşir Kəşmirin Hakimi, Fəzləli bəy Sarıcalı-Cavanşir eşikağası oldu.
Onlardan başqa bir neçə Cavanşir bəyi sarayda fərraş, külahdar, gülabdar, teştdar və sairə vəzifələri tuturdular.
Ən yüksək vəzifəyə nail olmuş Cavanşir əmiri Əmir xan Nadir şahın ölümündən sonra Kəşmiri müstəqil idarə etməyə başladı. Bir sürə sonra, 1773-cü ildə Əfqanıstanın şahı Teymur şah Dürraniylə düz dolanmadığından savaşmağa məcbur oldu. Öncə qalib gəlsə də, sonradan bəlluçların satqınlığı nəticəsində əsir düşdü.
Cavanşir eli Əfqanıstanda, Kabil şəhəri civarında yerləşmişdi. Əfqanlar çox zaman onları qızılbaş adlandırırdılar. Elin nümayəndələri Dürranilər dövlətində və sonrakı qurumlarda yüksək vəzifə tuturdular. Xanşirin xan Cavanşir Abdalilər sülaləsinin sevimlisi olmuşdu. Xanşirin xanın oğulları Həbibulla xan və Əmir Məhəmməd xan Əfqanıstan dövlətinin seçkin adamlarından sayılırdılar.
Həbibulla xanın oğlu Qulamhüseyn xan XIX yüzilliyin sonlarında Əfqanıstanın üzdə olan adamlarından biri idi.
Məhəmmədhüseyn xan Cavanşir 1884-cü ildə Hökumət tərəfindən Cəlalabad vilayətinin maliyyə məsələlərini yoxlamağa getmişdi. XIX yüzilliyin sonlarında Xanbaba xan Cavanşir Cəlalabad vilayətinin Kunnər qala-qəsəbəsinin hakimi olmuşdu.
Əfqanıstan cavanşirlərinin ünlü nümayəndələrindən biri də Musa xandır. Musa xanın qızı Zeynəb bəyim Sərəfraz xan Barakzayla ailə qurmuşdu.
Nadir şah Qırxlı-Avşarın sarayında eşikağası, başqa bir qaynağa görə carçı vəzifəsində xidmət edən Fəzləli bəy Sarıcalı-Cavanşir şahın zavalına gəldi. Bir saray münaqişəsi nədəniylə edam olundu. Vəzifəsini qardaşı Pənahəli bəyə verdilər.
Pənahəli bəy şahın qorxunc baxışlarından hiss etdi ki, gec-tez onun da sonu gələcək. Haray bəri başdan,-deyib qaçdı. Qaçıb doğma yurdu Qarabağda gizləndi. Sürgündən yayınıb yurdda qalan eldaşlarını başına yığıb, Nadir şahın ölümünədək, 1747-ci ilə qədər Qarabağda, Şirvanda qaçaqlıq etdi. Şahın ölümünü eşidib, Xorasana, Kabilə, Qəznə yörəsində saldıqları Qarabağ şəhərinə hay vurub eldaşlarını doğma yurda çağırdı. Axın-axın Cavanşir, Otuziki və Kəbirli elləri doğma yurda qayıtdılar. Tarixçi Mirzə Adıgözəl bəy yazır: "Hicri-qəməri tarixi ilə 1160-cı ilin (1747) Cəmadi-ülaxər ayında Nadir şahı Xorasan torpağında öldürdülər.
Bu xəbər hər tərəfə yayılıb camaatın dilinə, ağzına düşdü. Allahın himayəsinə sığınan Pənahəli bəy bundan sonra qızmış bir şirə və coşqun əjdahaya döndü. Onun zərbə və hücumlarının şiddətli küləyi hər tərəfə əsdisə, düşmənin vücudunu çör-çöp kimi puç etdi. Qüvvət və əzəmətinin sədası düşmənləri məğlub etdi. O kimə hücum edirdisə, qabağında dura bilməyib məhv olurdu. Cavanşir, Kəbirli, Otuziki və Gürcüstan ellərini Nadir şah tərəfindən Xorasana sürgün etmişdi. "Həbbul vətən min əl iman" (Vətəni sevmək imandandır) sözünün məzmununca, onlar vətən və yurdlarının eşq və arzusu ilə Xorasandan qayıdıb gəldilər. Bu vaxtadək Pənahəli bəyin güzəranı yuxarıda göstərilən kimi keçdi. Elat gəldikdən sonra o, gələnlərə yurd, mənzil və məskən mərhəmət etdi, onları Mehribanlıq qanadı altına aldı və ehtiyaclarını təmin etdi.
Bu qayda ilə cəmiyyət quruldu və o, öz istedadını göstərdi".
1747-ci ildə Azərbaycanda müstəqil xanlıqlar meydana gəldi. Bu xanlıqlardan biri də Qarabağ idi. Avşar şahlarından öncə sultan, sonra xan ünvanı alan Pənahəli bəy Sarıcalı-Cavanşir Qarabağ xanlığının başçısı oldu.
Pənahəli xan Sarıcalı-Cavanşir paytaxtını Bayat nahiyəsində, Bayat bazarında tikdi. Eldaşları cavanşirləri və nüfuzlu Otuziki elini dövlətinə şərik etmədi. Mühüm vəzifələri oymaqdaşları sarıcalılara və arvad qohumları kəbirlilərə payladı.
Cavanşir və Otuziki eli Xəmsə məlikləri ilə birləşib Şəki xanı Hacı Çələbini Qarabağa dəvət etdilər. Bayat yörəsində baş verən savaşda şəkililər və asi qarabağlılar yenildilər.
Pənahəli xan Sarıcalı-Cavanşir cavanşirləri parçalayıb, bir hissəsini yeni yaratdığı Cavanşir, bir hissəsini isə Cavanşir-Dizaq mahalında yerləşdirdi.