Əmənulla xan Ziya əs-Soltan və ya Əmənulla xan Dünbüli Nəzər ul-Ayalə Ziya əs-Soltan — təbrizli aristokrat və Qacar şahı Müzəfərəddin şah Qacarın, Məhəmmədəli şah Qacarın və Əhməd şah Qacarın hakimiyyəti dövründə sarayda çalışmış şəxs. O, Məşrutə inqilabının qəhrəmanlarından biri hesab edilir.
Əmənulla xan Ziya əs-Soltan | |
---|---|
Doğum tarixi | at Tabriz, died on 11 February 1931 by cancer in Hamburg when on a visit to see medical specialists, and was buried |
Doğum yeri | Təbriz, Qacar imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Hamburq, Almaniya |
Dəfn yeri | Ohlsdorf məzarlığı |
Vətəndaşlığı |
Qacar dövləti Pəhləvi İranı |
Dini | Şiə İslam |
Fəaliyyəti | Dövlət xadimliyi |
Əmənulla xanın ailəsi Nadir şahın ölümündən sonra formalaşan Təbriz və Xoy xanlıqlarını idarə etmişdilər. 1799-cu ildə Təbriz xanı Hüseynqulu xanın ölümündən sonra Xoya dönən Cəfərqulu xan Fətəli şah Qacarda özünün Xoy hakimi kimi tanınmasını istəmişdir. Fətəli şah bu təklifi rədd etmiş və oğlu Abbas Mirzəni Dünbülililərlə döyüşmək üçün göndərmişdir. Döyüş nəticəsində Abbas Mirzə qalib gəlmiş və Təbrizə daxil olmuşdur. 17 sentyabrda isə Xoya Qacar ordusu daxil olmuşdur. Bununla da, Xoy və Təbrizdə dünbülililərin əsas qüvvə olmasına son verilmişdir. 1809-cu ildə Təbriz xanlığı da yeni yaradılmış varis vilayətinə daxil edilmiş, onun mərkəzi olmuşdur.[1][2][3]
Əmənulla xan 1863-cü ildə Təbrizdə anadan olmuşdur. Onun atası olan Səfər xan Dünbüli tayfasından idi. Dünbüli tayfası və xan ailəsi uzun müddət Təbriz və Xoy xanlıqlarının xanları olmuşdur. Varlı torpaq sahibi olan Əmənulla xan Təbriz şəhərinin böyük bir hissəsinin sahibi idi. Eyni zamanda onun Cənubi Azərbaycanın Ələmdar bölgəsində də böyük torpaq sahələri var idi. Təbrizdə doğulduğuna və ailəsinin kökəni Təbriz olduğuna görə o, bəzən Təbrizi deyə də adlandırılırdı. Daha sonralar Müzəffərəddin şah Qacar ona dövlət işlərində göstərdiyi fəaliyyətə görə Ziya əs-Soltan titulu da verdi. İlk evliliyini o, Qacar sülaləsinin Şimali Azərbaycan qolundan olan Şazdeh Xanım Maleykə-Afaq Bəhmən-Qacar ilə etmişdir. Şazdeh Xanım Bəhmən-Qacarın babası Abbas Mirzə Qacarın oğlu Bəhmən Mirzə Qacar idi. Bu evlilikdən onun Şahzadə Nüsrət ül-Mülk Xanım Bəhmən və Əbdülqasım Bəhmən adlı övladları dünyaya gəlmişdir. İlk xanımının 1917-ci ildə vəfat etməsindən sonra o, 1923-cü ildə Damğandan olan varlı bir xanımla evləndi. İkinci arvadının adı Türkan Ağa Xanım idi. Onların bu evlilikdən övladları olmamışdır.[4]
Müzəffərəddin Mirzə hələ varis şahzadə kimi Təbrizdə fəaliyyət göstərən zaman Əmənulla xan onun xidmətinə daxil olmuş və Nazer ul-Ayeleh titulu ilə əyalətin mülki işlərinə baxmışdır. 1896-cı ildə Müzəffərəddinin şah olmasından sonra Əmənulla da Tehranda yaşamağa başladı. Müzəffərəddin şahın özünün Təbrizdən gətirdiyi Türk fraksiyası ilə Tehrana girməsi zamanı onu müşayət edən imperial keçiddə Əmənulla xan da iştirak etmişdi. Bundan sonra Əmənulla xan saray daxilindəki vəzifələrdə yüksəldi və şah tərəfindən Ziya əs-Soltan tituluna layiq görüldü. Qacar şahzadəsı ilə evləndikdən sonra Əmənulla xan imperial evə yaxın yaşamağa başladı. O və ailəsi 1903-cü ildə Tehranın elektrik verilən məhəlləsi olan Çeraq-Bərq küçəsində yaşamışdır. Buna görə də, bəzi qaynaqlarda Əmənulla xana. Çeraq-Bərqi deyə də müraciət edilir.
Qacar aristokratiyası içərisində liberal qanadı təmsil edən Əmənulla xan Məşrutə inqilabı zamanı formalaşdırılan parlamentdə Təbrizin nümayəndəsi olmuşdur. Bu parlament 15 avqust 1906-cı ildə Müzəffərəddin şahın konstitutsiya formalaşdırılacağını elan etməsindən yaradılmışdı. Əmənulla xan bu parlamentdə demokratik islahatlara tərəfdar olan ectemaiyun qanadında təmsil olunmaqda idi. 1908-ci ildə Müzəffərəddin şahın varisi Məhəmmədəli şah dövründə inqilabın əldə etdiyi demokratik qazanclar mütləqiyyət tərəfindən ortadan qaldırılmağa başlanıldı. Bu zaman Əmənulla xan Qacar əsilzadələri içərisində demokratiyanı müdafiə edən şəxslərdən biri idi və mütləqiyyətə qarşı çıxış edirdi.[5]
1906-cı ildə hakimiyyətə gələn Məhəmmədəli şah Qacar xüsusən Böyük Britaniya olmaqla, xarici qüvvələrin parlament vasitəsiylə öz təsirlərini artıracağından qorxurdu. Beləliklə, Məhəmmədəli atasının atdığı demokratik addımları geri çəkib parlamenti ləğv etdiyini açıqladı. Buna görə də, Tehranda və Təbrizdə ona və hökumətinə qarşı üsyan başladı. 4 iyun 1909-cu ildə Məhəmmədəli şah öz təhlükəsizliyindən qorxaraq Gülüstan sarayını tərk edərək Bağ-e Şaha yollandı. O, burada Kazak briqadasının qoruması altında olacaqdı.
Bu hadisədən bir neçə gün sonra Əmənulla xan və başqa bir neçə Qacar şahzadəsi şaha sui-qəsd etmək üçün bombalı hücum hazırlamaqda ittiham edilərək həbs edildilər. Hər məhbus üçün gündə yeganə yemək bir dəyirmi çörək və xiyar idi. Onlara təzə soyuq su verilmədiyi üçün kiçik hovuzun çirkli suyundan içməyə məcbur olurdular. Hər gün onların gözətçisi olan Soltan Bağer onları səkkiz-səkkiz zəncirlə çıxarıb müstəntiqlərın yanına gətirirdi. Bunları edən şəxs şahın mütləqiyyətçi hakimiyyətini müdafiə edən və Tehran valisi olan Muayyed əd-Dövlə idi. Bu çevrəyə daxil olan şəxslər Şahzadə Moayyed əs-Səltənə, Seyid Möhsen Sədr ol-Əşrəf, Mir Pənc Ərşad üd-Dövlə, Mirzə Əbdül Motalleb Yəzdi (royalist Ədəmiyyət qəzetinin redaktoru) və Mirzə Əhməd xan daxil idi. Tribunal üç məsələni araşdırırdı və işgəncə və təzyiq yolu ilə bu barədə məlumat almaq istəyirdi: 1) Bombanı şaha kim atmışdı? 2) Əli Rza can Qacar Əmirsüleymani Azad ül-Mülkün (Qacar ağsaqqalı və qəbilə başçısı, sonradan gənc Əhməd şahın naibi olmuş elxan. Şübhələnirdilər ki, o, Məhəmmədəli şaha qarşı sui-qəsd hazırlayaraq onu əmisi Məsud Mirzə Zell-e Soltanla əvəzləməyə çalışır) evindəki əncümənin (mason lojasının) banisi kim idi? 3) Mücahidlərə kim tüfəng verirdi? Bundan başqa onları məclis və məşrutə hadisələri maraqlandırmırdılar.[6]
Bütün bu araşdırmalar zamanı həbs edilənlərə şiddətli işğəncə verildi. Xüsusən Ruh ol-Qodos qəzetinin redaktəri Sultan ul-Uləma Xorasani Ruh ol-Qodos ilə Əmənulla xana daha şiddətli işöıncə verildi. Çünki inanılırdı ki, bu iki şəxs şahın həyatına edilmiş sui-qəsd cəhdinin arxa planı barədə məlumata sahibdirlər. Hər gecə onları çölə çıxarıb taburelərə bağlayaraq şiddətlə döyürdülər və onların fəryadları bütün Bağ-e Şahda rezonans doğursa da, orada olan generallar və nazirlərdən heç biri onların köməyinə gəlmirdi.[5]
Nəhayət, Əmənulla xan, Məhəmmədəli Şahın həyatına qəsddə günahkar bilinən başqaları, o cümlədən, Heydər Əmioğlu, İsmail Qafqazi, Mirzə Musa xan Zərgər və bomba atmış Rza Azərbaycani ilə birlikdə sərbəst buraxıldı. Bunun baş verdiyi zaman, yəni 1909-cu ilin iyulunda inqilabçı ordu britaniyalıların da müdafiəsini almış bir şəkildə Tehrana doğru irəliləməkdə idi. Bu ordu şəhəri ələ keçirdi və məhbusları azad etdi. Üç gün sonra Məhəmmədəli şah rus səfirliyində sığınacaq istədi və bu istək ruslar tərəfindən qəbul edildi. Şah taxtdan əl çəkməyə və sürgünə getməyə məcbur oldu. Onun yerinə taxta oğlu Əhməd şah Qacar (1909–1925) çıxdı. Beləliklə, bundan sonrakı 10 il ərzində Əmənulla xan yeni gənc şahın siyasi işlər müşavirliyini yerinə yetirdi.[7]
1923-cü ildə Ziya os-Soltan da Soltan Əhməd şahın gözlənilən yoxluğunda hökumət qurmaq niyyətində olan Rza Xan Sərdar-Sepahın məsləhətləşdiyi şəxsiyyətlərdən biri idi. Lakin daha sonra 1925-ci ildə Rza Xan nəhayət özünü Rza şah Pəhləvi kimi monarx elan etdi və yeni bir sülalənin əsasını qoydu. 1926-cı ildə Əmənulla xan yenidən Rza şahın kabinetində nazir vəzifəsinə namizəd göstərildi. Bu illərdə Əmənulla xan yeni şahın islahatçı təbiətinə və demokratik istəklərinə güvənməkdə idi. Beləliklə, o, öz ailəsi ilə yeni sülalə arasındakı yaxın münasibətləri göstərmək üçün şaha hədiyyə olaraq öz imzası olan xalis qızıldan hazırlanmış kasa təqdim etdi. İndi bu hədiyyə İran Mərkəzi Bankının Tehran Milli Cəvahirat Muzeyində digər xəzinələr arasında görə bilərsiniz. Lakin 1926-cı ilin sonlarında münasibətlər dəyişdi. Əmənulla xan Rza şahın mütləqiyyətçi xislətli olduğunu və əldə edilmiş bütün demokratik hədəflərin onun tərəfindən yox edilməsinı gördüyü üçün onun vəzifə təklifini rədd etdi. Rza şah digər Qacar şahzadələrinə etdiyi kimi Əmənulla xanın da Cənubi Azərbaycandakı torpaqlarının böyük bir qismini ələ keçirdi və bu torpaqları sülaləsi torpağı, yəni öz torpağı etdi. Torpaqların qəsb edilməsi başladıqdan sonra Əmənulla xan daha siyasi hədəflərlə yox, özünün mülklərini qorumaqla maraqlanmağa başladı. O, Tehranın Bağ-e Şah bölgəsindəki villası, Rza şah tərəfindən ona buraxılmış son iki böyük kəndi — Təbriz yaxınlığındakı Ələmdar və Xəzər sahilində Semnan və Damğan arasında yerləşən Mehmandust kəndləri — qorumaq istəyirdi. Həmçinin, Əmənulla xanın ailəsinin bildirdiyinə görə, bir gün Rza şah Əmənulla xanı Bağ-e Şahdakı villasında ziyarət etmişdir. Şahın gözü Əmənulla xanın tam incə yaqutdan düzəldilmiş təsbehinə düşür. Təsbeh şahın o qədər xoşuna gəlir ki, Əmənulla xana bu barədə sual verir. Ailənin bildirdiyinə görə, bu əslində şahın təsbehi almaq barədə üstüörtülü əmr verməsi demək idi.[8]
Əmənulla xan xərçəng xəstəliyindən müalicə almaq üçün Almaniyaya yollanmışdı. Lakin o, 1 fevral 1931-ci ildə Hamburq şəhərində vəfat etdi. Onun nəşi bu şəhərdəki Ohlsdorf məzarlığının müsəlmanlara ayrılmış hissəsində dəfn edildi.[8]