Əmir Hüseynov

Əmir Hüseynov (25 may 1914; Zəngəzur, Meğri, Rusiya imperiyası — 6 avqust 1998) — Azərbaycan alimi, biologiya elmləri namizədi (1954).

Əmir Hüseynov
Doğum tarixi
Doğum yeri Lök (Vartanizor), Zəngəzur qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (84 yaşında)
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu

Əmir Hüseynov 1914-cü il may ayının 25-də Zəngəzur mahalının Mehri rayonu Lök (Vartanizor) kəndində anadan olmuşdur. 1932-ci ildə İrəvan Pedaqoji Texnikumunu bitirmişdir. 1932–1935-ci illərdə Mehri rayonunun Nüvədi kəndində 7 illik məktəbdə müəllim və direktor vəzifələrində işləmişdir. 1935-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomiya fakültəsinə daxil olmuş və 1940-cı ildə onu fərqlənmə ilə bitirmişdir. 1940-cı ilin oktyabr ayından – 1941-ci ilin iyun ayınadək Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun torpaq şöbəsində baş aqronom vəzifəsində çalışmışdır.

4 iyul 1941-ci–24 avqust 1945-ci illərdə Böyük Vətən Müharibəsinin Şimali Qafqaz, 3-cü və 4-cü Ukrayna cəbhələrində bölüm, rota və eşelon komandiri vəzifələrində rəşadətlə vuruşmuşdu. 1944-cü il iyulun 4-də Moldovada ağır yaralanaraq II dərəcəli əlil olmuşdur. 1946-cı ildən Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun "Pambığın seleksiyası" şöbəsində baş elmi işçi vəzifəsinə qəbul olunmuşdur.

15 may 1953-cü il tarixində "Barbadenze pambıq formalarının xüsusiyyətləri və onların seleksiyada istifadəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və SSRİ Ali Attestasiya Komissiyası 17 mart 1954-cü il tarixli qərarı ilə biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1955–1960-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun Ağstafa Təcrübə Məntəqəsinə rəhbərlik edərək tezyetişən, qısa veqetasiya müddəti olan pambıq sortlarının seleksiyası ilə məşqul olmuşdur. 1960-cı ildən Gəncəyə qayıdaraq ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun Seleksiya şöbəsində pambığın seleksiyasını müvəffəqiyyətlə və yüksək səviyyədə davam etdirmişdir. Bir sıra tezyetişən və məhsuldar pambıq sortları yaratmışdır (bunlardan 3038, 3312, AzETPI-55 və s. Dövlət Sort Sınağına verilmişdir).

Onun yaratdığı 3038 pambıq sortu 1976-cı ildən Azərbaycanda rayonlaşdırılaraq 1983-cü ildə demək olar, ki bütün respublikada 230,000 hektar sahədə əkilmişdi. Hazırda da bu sort Azərbaycanda becərilir.

Əmir Hüseynovun rəhbərliyi altında 6 nəfər elmlər namizədi alimlik dərəcəsi almışdır.

Hüseynov Ə. M. Azərbaycan Genetika və Seleksiyaçılar Cəmiyyətinin idarə heyətinin üzvü, Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya Institutunun Əlaqələndirmə Şurasının üzvü olmuşdur.

1965-ci ildə o Qahirə universitetində pambıq bitkisinin Genetika və Seleksiyasından mühazirələr oxumuşdur.

O dəfələrlə kənd təsərrüfatı sərgilərinin mükafatçısı, bir sıra beynəlxalq seleksiyaçılar qurultaylarının iştirakçısı olmuşdur. Onun 51 elmi əsəri və 3038, 3312 pambıq sortlarının aqrotexnikasına aid təlimatları çap olunmuşdur.

Müharibədə rəşadətinə görə 1944-cü ildə Hüseynov Ə. M. 1-ci dərəcəli Vətən Müharibəsi Ordeni ilə və bir sıra hərbi medallarla təltif edilmişdir.

Elmi nailiyyətlərinə görə Hüseynov Ə. M. 1977-ci ildə "Əməkdar elm xadimi" fəxri adina layiq görülmüş, 1978-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.

3038 pambıq sortunun yaradılması və Azərbaycanın kənd təsərrüfatına tətbiqinə görə Hüseynov Ə. M. 1980-ci ildə Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür.

1998-ci il avqust ayının 6-da 84 yaşında dünayasını dəyişmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Ə. Hüseynov haqqında sənədli film