Əmirxan türbəsi

Culfa rayonun Xanəgah kəndində zəmanəmizədək gəlib çatan memarlıq abidələrindən biri də Əmirxan türbəsidir.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Əlincəqalanın yerləşdiyi Əlincə dağının şərq yamacında XV yüzillikdə inşa edilmiş türbə zaman keçdikcə yağış və qar sularının yuyub gətirdiyi lillə dolmuş və demək olar ki, torpağın altında qalmışdı. Abidə 1978-ci ildə ərazidə təsərrüfat işləri aparılarkən təsadüfən aşkar olunmuş, içərisi və ətrafı torpaqdan təmizlənmişdir. Abidə kiçik istisnalar nəzərə alınmazsa demək olar ki, tamamilə salamat vəziyyətdə qalmışdır.

Memarlıq quruluşu

[redaktə | mənbəni redaktə et]

Bina planda dördbucaqlı formasındadır. Üstü iri həcmli günbəzlə örtülmüşdür. Elə abidənin əhəmiyyətli hissəsi də qırmızımtıl rəngli bişmiş kərpicdən inşa edilmiş bu günbəzli örtmədir. Azərbaycan memarlığının Naxçıvan məktəbinə mənsub usta tərəfindən inşa edilmiş abidənin kvadrat əsasdan günbəzə keçid sistemi çox yüksək səviyyədə həll olunmuş, bu zaman memarın yüksək sənətkarlığı və məharəti özünü qabarıq şəkildə göstərmişdir. Memar bunu künc trompları vasitəsilə həll etməklə, bu adi künc trompların daxili quruluşunun mükəmməl formasına nail ola bilmişdir. Trompları birləşdirən yelkənlər müəllif tərəfindən olduqca orijinal halda – stalaktitə bənzər həll olunmuşdur. Abidəni memarlıq baxımından tədqiq edən akademik Ə. Salamzadə və sənətşünaslıq doktoru K. Məmmədzadə onu dərvişlərin yaşayış binası — təkyə adlandırmış və XIV əsrdə inşa edilməsi qənaətinə gəlmişlər[1].

Kompleksin ətrafı təmizlənərkən türbənin inşası haqqında məlumat verən və tarixi baxımdan çox qiymətli olan bir ədəd kitabə (83x41x7 sm) də aşkar olunmuşdur. Ancaq kitabə əvvəlki yerinə, yəni giriş qapısının baş tərəfinə qoyulmamış, türbənin içərisində saxlanılmışdır. Bozumtul rəngli daşa həkk edilən kitabə nisbətən yaxşı vəziyyətdə qalmışdır. Ancaq aşağı hissədə müəyyən dağıntılar olduğu üçün kitabənin axırıncı sətrini tam oxumaq mümkün olmamışdır. Süls elementli nəsx xətti ilə həkk edilmiş kitabənin salamat qalan hissəsinin mətninin tərcüməsi belədir: "Bu şərəfli günbəzin bina olunmasına mərhum, xoşbəxt şəhid, Əmir Seyyid Əhməd əl-Oğulşaminin oğlu, sahib əl-əzəm Hacı Məhəmməd vəfat etmiş oğlu Əmirxan üçün ən böyük sultan, Sultan Cahanşah Bahadur xan zamanında — Allah onun hökmranlığını əbədi etsin — əmr etmişdir. Adı qeyd edilən bani (günbəzi tikdirən Hacı Məhəmməd — H. S.) dəvət edən məqbərəyə üç vəqf etmişdir: əkilmiş yer … bu dəfn yeri olan günbəzə ildə …"

Tarixi dövrləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Kitabənin tarix yazılan hissəsi sınıb itdiyi üçün onun nə vaxt yazıldığını və abidənin inşa tarixini dəqiq təyin etmək mümkün olmamışdır. Ancaq mətndə əks olunan faktlara əsasən onun dövrünü təxmini də olsa müəyyənləşdirmək mümkündür. Kitabədən aydın olur ki, günbəz "ən böyük sultan, Sultan Cahanşah Bahadur xan zamanında" inşa edilmişdir. Məlurndur ki, Qaraqoyunlu hökmdarı, "Həqiqi" təxəllüsü ilə şeirlər yazan Cahanşah 1435–1467-ci illərdə hakimiyyətdə olmuşdur. Deməli günbəz onun hakimiyyəti zamanı, qeyd olunan illər arasında inşa edilmişdir[2].

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
  1. Salamzadə Ə., Məmmədzadə K. Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri. Bakı: Elm, 1985, 268 s., s. 203–204
  2. Səfərli F. Əmirxan türbəsinin kitabəsi. Naxçıvan Regional Elm Mərkəzinin əsərləri. Bakı:Elm, 2003-I, s.23–27., s. 23–25