Bu məqalə Culfa rayonu haqqındadır. Şəhər üçün Culfa şəhəri səhifəsinə baxın. |
Culfa rayonu — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati-ərazi vahididir. İnzibati mərkəzi Culfa şəhəridir.
Rayon | |
Culfa rayonu | |
---|---|
38°56′ şm. e. 45°38′ ş. u.HGYO |
|
Ölkə | Azərbaycan |
Daxildir | Naxçıvan |
İnzibati mərkəz | Culfa |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi |
|
Hündürlük | 1.290 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-CUL |
Telefon kodu | 36 546 |
Poçt indeksi | 7200 |
Avtomobil nömrəsi | 72 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon respublika paytaxtından cənub-qərbdə, muxtar respublika paytaxtından şərqdə yerləşir. Şimal-şərqdə Ermənistan, cənubda İran İslam Respublikası ilə həmsərhəddir. Culfa rayonu, həmçinin qərbdən Babək, şimal-qərbdən Şahbuz, şərqdən isə Ordubad rayonları ilə də həmsərhəddir.
Culfa ərazisində aparılan arxeoloji tədqiqat işləri nəticəsində b.e.ə. III minilliyin ortalarından başlayaraq son orta əsrlərə qədər olan dövrlərə aid xeyli maddi-mədəni nümunələr aşkar edilmişdir. Bu tapıntılar bölgə sakinlərinin əkinçilik, maldarlıq, ovçuluqla məşğul olduqlarını sübut edir. Araşdırmalara görə b.e.ə. bu ərazidə (Ərəfsə, Bənəniyar, Göydərə və s.) boyalı qablar mədəniyyəti, b.e.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində Xocalı-Gədəbəy mədəniyyəti yayılmışdı (Boyəhməd, Ağsal, Ləkətağ, Culfa və s.).[1]
Tarixçi Şərafəddin Əli Yəzdi "Zəfərnamə" əsərində yazır ki, Culfa şəhəri Azərbaycanın şimal və cənub torpaqlarının göründüyü yerdə, Araz çayının dağın ətəyindən keçdiyi ərazidə yerləşir. Burada məşhur Ziya-ül-mülk körpüsü də salınmışdır.
Culfa şəhəri qədim dövrlərdə onun indi yerləşdiyi ərazidən bir qədər aralıda qərar tutmuşdur. Araz çayı boyunca uzanan karvan yolu üzərində yerləşən Qədim Culfa o dövrdə bölgənin iqtisadiyyatının tənzimlənməsində mühüm rol oynayırdı. Qədim Culfa indiki Culfa şəhərindən 4 km qərbdə yerləşmişdir. Araşdırmalar zamanı burada yaşayış binaları, qala divarları, karvansara, bazar və dini binaların qalıqları, o cümlədən qədim qəbiristanlıq aşkar edilmişdir. 1939–1940-cı illər ərzində Culfa şəhərində aparılan arxeoloji qazıntılar zamanı isə tunc dövrünə aid monoxrom və polixrom boyalı gil qablar, tunc xəncər, ox və nizə ucluqları, toppuz, bilərzik, boyunbağı və s. aşkar edilmişdir.
Culfa Səfəvilər dövlətinin başlıca şəhərlərindən biri kimi tanınmışdır. XVI əsrin ikinci yarısında Culfa beynəlxalq ipək ticarətinin iri mərkəzi kimi şöhrət qazanmışdır. Şəhər Avropa-Asiya ipək ticarətinin iri birja və anbar yeri olmuşdur. Culfa Böyük ipək yolu üzərində yerləşmiş, beynəlxalq ipək ticarətinin inkişafı ilə əlaqədar XVI əsrdən şəhər kimi daha da təşəkkül tapmışdır. XVI əsrdə, qısa bir dövr ərzində Culfa yüksək səviyyədə inkişaf etmiş, Səfəvilər dövlətinin ölkə əhəmiyyətli Azərbaycan şəhərləri arasında ticarət və sənətkarlığın mühüm mərkəzlərindən hesab edilən Təbriz, Şəki, Ərdəbil, İsfahan şəhərləri ilə bir sırada dayanmışdır. Buna səbəb olan mühüm amillərdən biri də Səfəvilər dövründə Azərbaycanın qərb bölgələrinin əsas ticarət yollarının Culfa şəhərindən keçməsi idi.[2]
Səyyah və tacirlər öz kitablarında Culfanın XVI əsrin 80–90-cı illərində inkişafının yüksək sürətlə davam etdiyini qeyd ediblər. 1603-cü ildə burada olmuş alman səfiri Tektonder şəhərin möhkəm qala divarları ilə əhatə olunmağı, hər evdə səhərə kimi şamların yandırılmağı və s. haqqında məlumat vermişdir. Səfirin qeydlərindən göründüyü kimi, o dövrdə Culfa güclü müdafiə olunan qala olmuş, evlər dəbdəbəli tikilmiş, əhali zəngin həyat tərzi yaşamışdır.[2]
1727-ci ildə Culfa ərazisi Naxçıvan sancağının Dərəşam, Dərənürgüt, Sair-Məvazi və Əlincə nahiyələrini əhatə etmişdir.[3]
Culfa inzibati rayon kimi 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 1930-cu ildə Naxçıvan MSSR-in tərkibində Şahbuz, Şərur, Naxçıvan, Culfa, Əbrəqunis və Ordubad inzibati rayonları olmuşdur. 1948-ci ildə Əbrəqunis, 1963-cü ildə isə Ordubad rayonları ləğv edilərək əraziləri Culfa rayonunun tərkibinə daxil edilmişdir. 1965-ci ildə isə Ordubad rayonu yenidən təşkil olunaraq Culfadan ayrılmışdır.[4]
Culfa Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə xüsusi rola malik olmuşdur. 1989-cu ilin dekabr ayının 4-dən etibarən Rayonda etiraz tonqalları qalanmış, minlərlə insanın iştirakı ilə Sovet hökumətinə qarşı nümayişlər keçirilmiş, nümayişlərdə Azərbaycanın müstəqilliyinin bərpası, Dağlıq Qarabağda erməni separatçılarının özbaşınalıqlarına, həmçinin Ermənistan SSR-dən azərbaycanlıların kütləvi şəkildə deportasiyasına son qoyulması Sovet hökumətindən tələb olunmuşdur. Bu nümayişlər sonradan Dünya Azərbaycanlılarının Həmrəyliyi münasibətilə hər il qeyd edilən əlamətdar Günün formalaşmasına səbəb olan Sərhəd Hərəkatına çevrilmişdir.[5][6]
Qeyd olunur ki, Culfa rayonunun adı orta əsrlərdə "cükki" adını daşıyan tacir təşkilatının adı ilə əlaqədardır. Culfanın adı bəzi mənbələrdə "Culağ" kimi də çəkilir. Şəhərin adı haqqında olan digər mülahizələrə görə isə, "Culfa" adı müxtəlif variantlarda işlənib. Bəziləri bu sözün "toxucu" mənasını verdiyini, müxtəlif mənbələrdə "Cula", "Cülahə", "Culh", "Culha" şəklində qeyd olunan bu sözün fonetik dəyişikliklərə uğrayaraq "Culfa" şəklinə düşdüyünü söyləyirlər. Tarixi mənbələrdə də bu şəhərdə vaxtilə toxuculuqla məşğul olunduğu göstərilir. Bildirilir ki, Culfa Şərq və Qərb arasında mühüm ticarət əlaqələrinin keçid məntəqəsi olmaqla yanaşı, burada həmçinin müxtəlif istehsal sahələri də mövcud olmuşdur.
Culfa ərazisinin əksər hissəsi dağlıq zonada yerləşir. Rayon ərazisi relyef xüsusiyyətlərinə görə 4 zonaya: dağətəyi, alçaq dağlıq, orta dağlıq və yüksək dağlıq zonalara ayrılır. Rayonun cənub hissəsi — Culfa şəhəri yaxınlığı dağətəyi, alçaq və orta dağlıq, mərkəz hissəsi dağətəyi və yüksək dağlıq, şimal hissəsi isə yüksək dağlıq zonada yerləşir. Rayon ərazisi dəniz səviyyəsindən 1290 m yüksəklikdədir.
Rayonun Ermənistan ilə sərhədindən Culfa şəhərinə qədər, demək olar ki, rayonun bütün ərazisini əhatə edən Zəngəzur dağ silsiləsi uzanır. Silsilə Culfa şəhəri yaxınığında, Araz çayına doğru alçalaraq Culfa maili düzənliyinə keçir. Rayonun ən yüksək nöqtəsi 3364 metr hündürlüyündə olan Dəmirli dağıdır.[2]
Culfada təbaşir-neogen çöküntüləri geniş yayılmışdır.
Naxçıvan şəhərindən Culfaya istiqamətlənən yol boyunca Culfa dağları öz qeyri-adi fərqliliyi ilə seçilir, belə ki, burada geoloji faktor (süxurların tərkibi, onların yaşı və s.) dağların xarici görünüşə öz təsirini göstərmişdir. Bu dağlar zahirən nəhəng, qübbəvari tikililəri xatırladır.
Rayonun torpaqları, əsasən, dağ-çəmən, dağ-meşə, dağ-şabalıdı, qəhvəyi, boz və çəmən-boz torpaqlarından ibarətdir. Culfada dağ-bozqır, meşə bitkiləri, subalp və alp çəmənlikləri geniş yayılmışdır.
Culfada enliyarpaqlı dağ meşələri (palıd, fıstıq, vələs və s.) geniş yayılmışdır. Bundan əlavə, Rayonda pulcuqyarpaqlı seyrək arid meşələrinə (ardıc) də rast gəlmək mümkündür. Culfa ərazisində kəskiniyli ardıc, boylu acılıqotu, torlu süsən, müsəlman süsəni, qurdqulağı süsəni, üçfutlu nektaroskordum, zərif buynuzlalə, şamdanvari öldürgən, yevgeni öldürgəni, Qafqaz dağdağanı, qrossheym südləyəni, ikirəng iyli itburnu, iriqanad kuziniya və s. kimi nadir və endemik bitkilər geniş yayılmışdır. Culfada muflon, dağ keçisi, ayı, canavar, tülkü, boz dovşan, ular, kəklik, vaşaq, çöl pişiyi, çaqqal, porsuq, daşlıq dələsi, qaban, ağdöş kirpi, hind tirəndazı, qonur palazqulaq, cırtdan şəbpərə, bataqlıq bayquşu, səhra zəvzəyi, dam bayquşu, qarabaş çaydaçalan, böyük və kiçik qayalıq sittası, dağ kətanquşu, adi sığırçın, xəzər uları, radde dağ gürzəsi, müxtəlif növ təlxələr və s. kimi fauna nümayəndələrinə rast gəlinir.
Culfada əsas çaylar Əlincə, Qaradərə və Arazdır. Bunlardan əlavə, Rayonda Xəzinədərə, Ləkətağsu, Kolasu, Teyvaz və digər çaylar da axır.
Rayonun Ərəfsə, Ləkətağ, Boyəhməd kənd yaşayış məntəqələrində təbiət qoruq və yasaqlıqları mövcuddur.
Həmçinin, Zəngəzur Milli Parkının əhəmiyyətli hissəsi Culfa rayonunun payına düşür.
Culfa ərazisində qışı və yayı quraq keçən soyuq iqlim tipi hakimdir. Orta temperatur yanvarda −10–3 °C, iyulda isə 19–28 °C-dir. İllik yağıntının miqdarı 200–600 mm, orta illik yağıntının miqdarı isə 215 mm-dir.[7]
Culfada yay aylarında, axşam saatlarında sərin cənub-şərq küləkləri əsir.
Rayonda 1 şəhər, 22 kənd vardır. Rayonun iri yaşayış məntəqələri Culfa şəhəri, Yaycı, Əbrəqunus və Bənəniyar kəndləridir.
Rayonun əhalisi 51,2 min nəfərdir. Əhali 1980-ci illə müqayisədə 68%, yəni təqribən 17 min nəfər artmışdır. Orta sıxlıq 1 km²-də 54 nəfərdir.[2] Əhalinin 71%-i Rayonun kəndlərində, 29%-i Culfa şəhərində yaşayır.
Culfa əhalisinin etnik tərkibi əsas etibarilə azərbaycanlılardan, cüzi miqdarda isə kürdlərdən (Teyvaz kəndində) ibarətdir.[8]
Ermənistanın işğalçı siyasəti nəticəsində Culfa rayonunda 36 ailədən ibarət 108 nəfər qaçqın, 7 ailədən ibarət 18 nəfər məcburi köçkün məskunlaşmışdır.
Culfanın Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda Qarabağ və Sədərəkdə gedən döyüşlərdə xeyli şəhidi olmuşdur.
Culfa, əsasən, üzümçülük, heyvandarlıq, əkinçilik və arıçılıq rayonudur. Torpaqların 30 min hektara yaxını əkinçilik üçün yararlıdır. Suvarılan torpaqlar 7920,8 hektardır. Bunun 3329 hektarı üzümlük sahələridir. Rayonda dənli və dənli paxlalı bitkilər, yem bitkiləri və s. əkilir. Taxılçılıq inkişaf etmişdir.
Rayonda Əlincə çayı üzərində 1982–1987-ci illər ərzində faydalı həcmi 17 mln. m³ olan Bənəniyar su anbarı inşa olunmuşdur. Bunun hesabına 6 min ha sahə əkin dövriyyəsinə daxil edilmişdir.[2]
Bunlardan əlavə, Rayonda arıçılıq da inkişaf etmişdir. Xüsusən, Culfanın şimal kəndlərində arıçılıq əhalinin əsas məşğuliyyət sahələrindən biridir.
Naxçıvan MR-dəki qaramalın 23%-i, o cümlədən inək və camışların 27%-i və davarın 29%-i Culfa rayonunun payına düşür.
Rayonda karbon qazı zavodu, gəc sexi, kənd təsərrüfatı və dəmiryol texnikası təmiri müəssisələri, yüksəkgərginlikli elektrik transformatorlarının sarğısı sexi fəaliyyət göstərir. 1970-ci ildə Naxçıvan MR-də sənaye məhsulunun 9%-i, 1980-ci ildə 16%-i, 1990-cı ildə isə 10%-i Culfa rayonunun müəssisələrində istehsal edilmişdirsə, XXI əsrin əvvəllərində bu göstərici 21% olmuşdur.[9]
Culfada böyük iqtisadi əhəmiyyəti olan çoxlu mineral su yataqları yerləşir. Rayon ərazisində 85 mineral bulaq (onlardan 42-si mexaniki üsul ilə) qazılmışdır. Xüsusilə Araz və Əlincə çayları vadiləri boyunca soyuq sulu mineral bulaqlar vardır. Lakin buradakı mineral sular elmi şəkildə tam öyrənilməmişdir.
Rayon ərazisində Darıdağ və s. mineral sular çıxır. Qeyd edək ki, Darıdağın ətəyindəki bulaqdan (Darıdağ mineral bulağı) gündə 500 min litrə yaxın güclü minerallaşdırılmış su çıxır. Ümumilikdə, rayon ərazisində çoxlu mineral su qaynaqları və bulaqlar mövcuddur.[10]
Faydalı qazıntılarını, əsasən, mərgümüş, gəc, gips və s. təşkil edir. Culfada, həmçinin bir çox faydalı qazıntı yataqları yerləşir:
Rayonda 30 kitabxana, 37 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, "Əlincə" kinoteatrı fəaliyyət göstərir.
27 ümumtəhsil məktəbi, peşə məktəbi, 6 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi Culfada fəaliyyət göstərən təhsil müəssisələri sırasına daxildir.
Bunlardan əlavə, Rayonda Epidemiologiya Mərkəzi və Mərkəzi Xəstəxana, 1 sahə xəstəxanası, 15 həkim ambulatoriyası, 8 feldşer-mama məntəqəsi də fəaliyyət göstərir.[11]
Vaxtilə Rayonun indiki ərazisinin bir hissəsini əhatə edən Əbrəqunis rayonunda 1932-ci ildən 1948-ci ilədək "Zərbəçi heyvandar" qəzeti, Culfa rayonunda isə 1935-ci ildən 1949-cu ilədək "Bolşevik yolu" qəzeti nəşr olunmuşdur. 1949-cu ildən 1991-ci ilədək isə Culfa rayonunda "Sovet Culfası" və "Zəfər" qəzetləri nəşr olunmuşdur.[12]
1991-ci ildən Rayonda "Arazın səsi" qəzeti nəşr olunur.[13]
Naxçıvan-Ordubad avtomobil yolu, Bakı-İrəvan, habelə Naxçıvan-Bakı dəmir yolu Rayon ərazisindən keçir. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ölkə ilə dəmir yolu və digər nəqliyyat əlaqələri pozulmuşdur.
Rayon ərazisində avtomobil yolunun uzunluğu 273 kilometrdir. Onun 100 kilometri ikinci dərəcəli kateqoriyaya, 9 kilometri isə 3-cü dərəcəli kateqoriyaya aiddir. Avtomobil yollarının 164 kilometri isə rayondaxili yollardır.
Culfa rayonunun ərazisindən keçən dəmir yolu birinci kateqoriyaya aid olmaqla 85 kilometr uzunluğundadır. Rayonda Naxçıvan MR-in ilk, ən böyük və mərkəzi dəmir yolu şəbəkəsi olan beynəlxalq əhəmiyyətli Culfa Dəmir Yolu Stansiyası yerləşir.[2][14] Stansiya ümumilikdə Azərbaycanın nəqliyyat sahəsində mühüm rol oynamaqla, həm Sovet hakimiyyəti illərində, həm də müstəqillik dövründə sərnişin və yük daşımaları üzrə əhəmiyyətli mövqeyə malik olmuşdur. Qeyd edilməlidir ki, hazırda Ermənistanın işğalçı siyasəti və hərbi təcavüzü nəticəsində sözügedən stansiya öz fəaliyyətini qismən dayandırmış, Azərbaycanın əsas hissəsi ilə əlaqəsi kəsilmişdir.
Naxçıvan MR ərazisindən İran İslam Respublikasına əsas sərhəd-keçid məntəqəsi Culfa rayonundadır. Naxçıvan MR blokada vəziyyətinə düşdükdən sonra Culfanın İranla olan keçid məntəqəsinin əhəmiyyəti daha da artmışdır.[15][16]
Əsasən Kür-Araz mədəniyyətini özündə əks etdirən Culfada 6 dünya, 72 ölkə və 119 yerli əhəmiyyətli tarixi abidə vardır.
Rayonda turizm xüsusilə inkişaf etmişdir. Rayonun tarixi və dini abidələri, təbiəti, özünəməxsus coğrafi mövqeyi həm yerli, həm də xarici turistləri cəlb edən əsas amillərdir. Culfa hər il təqribən 30 min nəfər turist qəbul etməklə Naxçıvan Muxtar Respublikasında ən çox turist qəbul edən rayon hesab edilir.[17][18]