Əmrah Əmrahov

Əmrah Bala oğlu Əmrahov (1923, Kürdəxanı18 noyabr 1988, Bakı) — jurnalist, "Azərbaycan pioneri" qəzetinin baş redaktoru.

Əmrah Əmrahov
Doğum tarixi 1923
Doğum yeri
Vəfat tarixi 18 noyabr 1988(1988-11-18)
Vəfat yeri
Təhsili
Fəaliyyəti jurnalist

1923-cü ildə Bakının Kürdəxanı kəndində anadan olub. Kürdəxanı kənd məktəbinin 1-ci sinfində bir neçə ay oxuduqdan sonra göz həkimləri ona oxumağı qadağan ediblər. Beş il müalicə olunduqdan sonra 1936-cı ildə yenidən məktəbə gedir. 1944-cü ildə 9-cu sinfi bitirərək Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsinə daxil olub. 1945-ci ildə ADU-nin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Eyni zamanda "Azərbaycan pioneri" qəzeti redaksiyasında xüsusi müxbir işləyib. 1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirib və həyatını həmişəlik "Azərbaycan pioneri" qəzeti ilə bağlayıb. Əmrah müəllim ömrünün sonuna kimi, 38-il bu qəzetdə çalışıb. Əbədi işçi, şöbə müdiri, məsul katib, nəhayət qəzetin redaktoru. Onun sayəsində "Azərbaycan pioneri" o dövrdə nəinki məktəblilərin, hətta böyüklərin də ən sevimli qəzetinə çevrilib.

Əmrah Əmrahov əbədi fəaliyyətə şeirlə başlayıb. İlk şeirləri 1938-ci ildə "Azərbaycan pioneri", "Abşeron kolxozçusu" qəzetlərində çap olunub. Sonra oçerk və hekayələri dövrü mətbuatda dərc olunub. Bədii tərcümə ilə də məşğul olub. "Ürək Vətən üçün döyünəndə", "Əbədi şöhrət", "Zastavaya gedən yol", "Sənin həyatının qanunu", "Ulduzlar gecə parlar", "Ölməzlər", "Dağ bənövşəsi","Gizli aləmlər", "Lalələr apreldə açır", "Tapılmış kitab", "Yaxşıların dünyası" kimi əsərlərində yazıçı-jurnalist illərlə ürəyində gəzdirdiyi, beynində yaşatdığı düşüncələri, vətənpərvərlik duyğularını oxucuya çatdırmağa çalışıb. Ə. Əmrahov Azərbaycan LKGİ-nin bütün qurultaylarında komsomolun Mərkəzi komitəsinin üzvü seçilib. 1960-cı ildən ömrünün sonuna kimi respublika pioneri Mərkəzi Şurasının üzvü olub.

Əmrah Əmrahov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

1988-ci il noyabrın 18-də Bakıda vəfat edib.