Ənvər Məhəmməd oğlu Həmidov (17 fevral 1952, Ərəfsə, Sisian rayonu) — SOCAR-ın Geofizika və Geologiya İdarəsinin Mühəndis geologiya və geodeziya şöbəsində geoloq, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru
Ənvər Həmidov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Zəngəzur mahalı Sisian rayonunun Ərəfsə kəndi |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Elm sahəsi | geologiya |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru |
Elmi adı | geoloq |
İş yerləri | SOCAR Geofizika və Geologiya İdarəsinin Mühəndis geologiya və geodeziya şöbəsi |
Alma-mater | Bakı Dövlət Universiteti |
Təhsili | Ali |
Mükafatları | SSRİ |
Ənvər Həmidov 1952-ci il fevralın 17-də Zəngəzur mahalında Sisian rayonunun Ərəfsə kəndində anadan olmuşdur. 0, Ərəfsə kəndində səkkizillik məktəbi 1967-ci ildə bitirdikdən sonra orta təhsilini Naxçıvan şəhərində Əkbər Ağayev adına internat məktəbində 1969-cu ildə başa vurmuşdur.
Ənvər Həmidov 1975-ci ildə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək “mühəndis-geoloq” ixtisasına yeni iş yerləriələnmişdir. O, həm də 1988-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Sənaye istehsalının təşkilatçıları” fakültəsində “Sənaye istehsalı təşkilatçısı” ixtisasına yiyələnmişdir.
Bundan sonra Ənvər Həmidov Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun aspiranturasını bitirmiş və dissertasiya işini müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi adını almışdır. O, bundan əlavə Moskva, Sankt-Peterburq və Voronej Dövlət Universitetlərində ixtisasartırma kursları da keçmişdir.
Ənvər Həmidov ali təhsili başa vurduqdan sonra təyinatla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Naxçıvan Geoloji-kəşfiyyat Ekspedisiyasına işə göndərilmişdir. O, baş texnik-geoloq kimi əmək fəaliyyətinə başlayaraq, tezliklə geoloq, böyük geoloq, baş geoloq və ekspedisiyanın baş mühəndisi vəzifələrində çalışmışdır. O, Naxçıvan Muxtar Respublikası ərazisində müxtəlif faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı işləri ilə məşğul olmuş, həmin işlərin yerinə yetirilməsinə başçılıq etmişdir.
Ənvər Həmidov Naxçıvan dərinlik qırılması ətrafında yayılmış üçüncü dövr maqmatik əmələgəlmənin yayıldığı sahələrdə civə, sürmə və nadir elementləri öyrənmiş, Əylis-Qoruqlar sahəsində sürmə, Naxçıvan filizli dərinlik qırılmasının perspektivli sahələrində kompleks faydalı qazıntılar, Paradaş çökəkliyinin mərkəzi hissəsində polimetal, Naxçıvançayın yuxarı hissəsində yerləşən Batabat sahəsində qızıl və kompleks filiz yataqları, Sakkarsu və Nəsirvaz sahələrində mis-molibden yataqlarının axtarışında, geoloji-kəşfiyyat işlərinin aparılmasında yaxından iştirak etmişdir.
Aparılan tədqiqatlar nəticəsində bir sıra perspektivli sahələrdə gələcəkdə geoloji-kəşfiyyat işlərinin aparılması qərara alınmışdır. Ənvər Həmidov Naxçıvan çökəkliyi hüdudlarında bir sıra qeyri-filiz yataqlarının axtarış və kəşfiyyat işlərini də yerinə yetirmişdir. Onun rəhbərliyi altında Kəngərli rayonu ərazisində Qabullu palıqorskitli gil yatağının ilkin və dəqiq kəşfiyyatı aparılmışdır. Həmin yataq sənayedə istifadə edilməsi üçün Dövlət Ehtiyatlar Komitəsinə təhvil vermişdir.
Ənvər Həmidov 1984-cü ildə Moskva şəhərində keçirilmiş 27-ci Beynəlxalq Geologiya Konqresinin Qafqazın Devon süxurları kəsilişlərinin öyrənilməsi ekspedisiyasının təşkili komitəsinin, həmçinin Naxçıvan şəhərində keçirilmiş Karpat və Qafqazın geologiyası üzrə Ümumittifaq Konfransın təşkilat komitəsinin üzvü olmuşdur.
Ənvər Həmidov Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Vayxır su anbarının tikintisinin davam etdirilməsi üçün onun tikintisi yarımçıq qalmış bəndinin cari vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə 2002-ci ildə Dövlət əhəmiyyətli tapşırığın yerinə yetirilməsində yaxından iştirak etmişdir. Su anbarı bəndinin tikintisinin davam etdirilməsi üçün tövsiyə verilmişdir.
Ənvər Həmidov faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatında və onların proqnozlaşdırılmasında ən müasir informasiya texnologiyalarının (qeyri-səlis riyazi sistemin prinsipləri) tətbiq edilməsi üzrə dünyada ilkin olan tədqiqat işləri aparmış, nəticələri haqda məqalələr çap etdirmişdir. Bu işlər üzrə bir ixtiranın həmmüəllifidir (Patent İ 2004 0214). Ənvər Həmidov 2000-ci ildən Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika Elmi-tədqiqat İnstitutunda əvvəl elmi işçi, sonra isə elmi katib vəzifələrində çalışıb. O, 2006¬-cı ildən SOCAR-ın Geofizika və Geologiya İdarəsinin Mühəndis geologiya və geodeziya şöbəsində geoloq vəzifəsində işləyir.
Əmək fəaliyyətində qazandığı nailiyyətlərinə görə Ənvər Həmidov 1981-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. Elmi ədəbiyyatda 15 məqalə çap etdirmiş, 5 elmi-tədqiqat və çoxsaylı elmi-texniki hesabatların müəllifi və həmmüəlifidir. Müxtəlif beynəlxalq konfrans və seminarlarda məruzələrlə çıxış etmişdir. Ənvər Həmidov iki övlad atasıdır.