Ərəstun Kərimov

Ərəstun Əhməd oğlu KərimovQarabağ müharibəsi iştirakçısı, şəhid.

Ərəstun Kərimov
Ərəstun Əhməd oğlu Kərimov
Doğum tarixi
Doğum yeri Mişni, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (24 yaşında)
Vəfat səbəbi şəhid
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı

Ərəstun Əhməd oğlu Kərimov 3 may 1956-cı ildə Laçın rayonunun Mişni kəndində anadan olub. Orta məktəbi doğma kəndində bitirdikdən sonra Azərbaycan Neft-Kimya İnstitutuna daxil olaraq mühəndis-elektromexanik ixtisasına yiyələnib. Qarabağ müharibəsinə qədər "Azərelektroterm" Elm İstehsalat Birliyinin Bakı Elektroterm avadanlıqları zavodunda işləyib.

Savadlı mütəxəssis, vətənpərvər bir igid olan Ərəstun Kərimov 1992-ci ildə Bakı Ali Hərbi Komandirlər Məktəbinin müdavimi olub. Baş leytenant xidmət etdiyi poliqonda olarkən taqım komandiri vəzifəsini daşıyıb. Öz taqımının şəxsi heyətinin döyüş hazırlığının artırılması uğrunda daim səy göstərib. Axı erməni qəsbkarlarına qarşı səfərbərliyə nail olmaq ən ümdə vəzifə idi. Ərəstunun komandirlik etdiyi taqım ilk dəfə 1993-cü il martın 10-da taborun başqa bölmələri ilə birlikdə döyüş zonasına göndərildi. Martın 15-də Ərəstun öz taqımı ilə ilk döyüşdə iştirak etdi. Döyüş hazırlığı elə ilk gündən özünü göstərdi,düşmən layiqli cavab alıb geri çəkilməyə məcbur oldu. Bu döyüşdə Kərimovun taqımı düşmənin iki PDM-ni və bir tankını vurub sıradan çıxartdı. Döyüş meydanında çoxlu düşmən əsgərlərinin cəsədləri qaldı.

İlk qələbə əsgərlərin mənəvi ruhunun yüksəlməsinə, onlara öz qüvvələrinə inamı artırmağa kömək etdi. Hər gün qazanılan qələbələr erməniləri daha artıq qüvvə ilə döyüşə girməyə məcbur etdi. Martın 24-də düşmənin daha böyük qüvvə ilə həmləsi yenə də boşa çıxdı. Düşmənin texnika və canlı itkisi komandanlıq tərəfindən diqqəti özünə cəlb etdi. Ən ağır müdafiə sahəsi Ərəstun və onun əsgərlərinə etibar edildi. 1993-cü il martın 28-də düşmənlər yeni qüvvə ilə Ərəstunun taqımının müdafiə zonasına hücum etdilər. Güclü artileriya və çoxlu miqdarda erməni piyadalarına qarşı döyüş başlandı. Düşmən xeyli itki versə də, əsgərlərimizin mövqeləri arxasına keçə bildilər. Ərəstun və üç əsgəri mühasirəyə düşdülər. Artıq patron qurtarmışdı, düşmən isə səngərin önündə idi. Əsir düşməyin nə olduğunu Ərəstun çox gözəl bilirdi. Şərəfli ölüm, yoxsa düşmən əlində alçaldıcı əsirlik? Qərar qəti idi – şərəfli şəhid ölümü. Əsir düşməmək üçün Ərəstun və 3 əsgəri özlərini qumbara ilə partlatdılar. Düşmənlər bu cəsarəti görüb bir müddət yaxına gələ bilmə-dilər. Bu vaxt ərzində köməyə gələn qüvvələrimiz ermənilərin cəhdlərinə baxmayaraq döyüş dostlarının cəsədlərini götürməyə nail oldular. Ərəstun bu döyüşdə qəhrəmanlıqla həlak oldu və sübut elədi ki, o, Vətənimizin ən layiqli övladlarından biridir.

Ərəstunun həyat yoldaşı Mənsumə də çox əziyyətlərə qatlaşdı, amma qürurunu sındırmadı. Ərəstunun yadigarı olan Sahil və Röya balalarını Ərəstunun arzuladığı kimi böyütdü. Oğlu Sahil 587 balla BDU-nun iqtisadi kibernetika fakültəsinə daxil olub və oranı bitirdikdən sonra magistratura təhsili alır. Qızı Röya isə Diaqnostika Tibb Mərkəzinin əməliyyat şöbəsində tibb bacısı işləyir. Atasına layiq nəsil davamçılarıdır.

Dövlətimiz də Ərəstunun bu qəhrəmanlığını yüksək qiymətləndirərək Bakı şəhəri, Həzi Aslanov qəsəbəsində (Xətai rayonu) 3-cü dairə küçəsinə və Laçın rayonu Mişni kənd mədəniyyət evinə onun adını vermişdir.

Mişni kəndində adına küçə var.

Mənbə[redaktə | mənbəni redaktə et]

Laçın yurdu (jurnal) №2(5), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2012.