Bu məqalə Laçın rayonu haqqındadır. Şəhər üçün Laçın səhifəsinə baxın. |
Laçın rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Laçın şəhəridir. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.
Rayon | |
Laçın rayonu | |
---|---|
39°38′ şm. e. 46°33′ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Şərqi Zəngəzur |
İnzibati mərkəz | Laçın |
İcra başçısı | Aqil Nəzərli[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 1 835[2][3] km² |
Hündürlük | 1.164 m |
Əhalisi | |
Əhalisi | 80.163 nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-LAC |
Telefon kodu | +994 26 |
Poçt indeksi | 4100 |
Avtomobil nömrəsi | 41 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.
Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı.
Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1868-ci ildən isə indiki Laçın yeni yaradılan Zəngəzur qəzasına qatılır. Zəngəzur qəzası Yelizavetpol quberniyasına (Gəncə quberniyası) daxil idi, 1918-ci ildən 1922-ci ilədək isə Qarabağ quberniyasının tərkibində olmuşdur.
1905–1907 və 1914–1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlarla davam edir. Erməni komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.
Bu məğlubiyyətdən sonra da erməni silahlıları tez-tez bölgədə qırğınlar törədir. Andranik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrini göndərir. Dağ istiqamətində aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstələri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, Dağı əldə saxlamaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olundu.
1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə Zəngəzur bölgəsi 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən [4] 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Azərbaycan SSR-in tərkibində qalan hissə Şuşa qəzasına daxil edildi. 1923-cü il iyulun 7-də DQMV-nin yaradılması nəticəsində Şuşa qəzası 2 hissəyə bölündü — Şuşa şəhəri də daxil olmaqla Şuşa rayonu DQMV-nin tərkibinə keçdi. Artıq bu dövrdə Şuşa qəzasının DQMV-nə daxil edilməyən hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. İndiki Laçın, Qubadlı və Kəlbəcər rayonlarının ərazisini əhatə edən ərazidə Kürdüstan qəzası yaradıldı. İnzibati mərkəz müvəqqəti olaraq Şuşa şəhərində yerləşsə də, elə həmin il — 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında kiçik bir şəhər salındı və qəza mərkəzi ora köçürüldü. Relyef və ora yaxın kəndin adı nəzərə alınmaqla Tağı Şahbazinin təşəbbüsü ilə şəhərə Laçın adı verildi.
Qəza inzibati cəhətdən Kəlbəcər, Qoturlu, Kürdhacı, Qarıqışlaq, Həkəri (Muradxanlı) və Püsyan (Qubadlı) nahiyələrindən ibarət idi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində rayonlar yaradıldı. Kürdüstan qəzası ərazisində yuxarıda qeyd edildiyi kimi 3 rayon — Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı.
Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970–1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.
Laçın şəhəri və ətraf ərazilər (Laçın dəhlizi) 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildi.
Qondarma Respublikanın baş naziri Vəkil Mustafayev[4] seçilir və bu işin təşkilatçıları kürdləri Laçına çağırması bir nəticə verməmişdi.[5]
2020-ci ildə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində 9 noyabrda Güləbird, Səfiyan, Türklər kəndləri işğaldan azad olunmuşdur.
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı Qarabağ atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonunun, Laçın dəhlizinə düşən ərazilər (Laçın şəhəri və Sus ilə Zabux kəndləri) istisna olmaqla 1 qəsəbəsi Qayğı qəsəbəsi və 122 kəndi Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq mərkəzi Laçın şəhəri 2 kəndi Sus, Zabux (Laçın dəhlizi) Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir.
26 avqust 2022-ci ildə Laçın şəhəri və Sus, Zabux kəndi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçmişdir. 2022-ci ilin avqustundan etibarən Laçın dəhlizini əvəz edən alternativ yol işə düşdüyünə görə Laçın rayonunun 1 qəsəbəsi (Qayğı) və 7 kəndi Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir.
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatlarından sonra Qayğı qəsəbəsi, Ağanus, Dəyirmanyanı, Ərəb, Malxələf, Məlikpəyə, Mığıdərə, Unannovu kəndləri yenidən Azərbaycanın suverenliyinə keçmişdir.
Hər il 26 Avqust Laçın şəhəri günü kimi qeyd olunur.
Laçın rayonunda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, camaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaqdoldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur.
Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.
Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Ağoğlan dağı, Alagöllər, Altıntaxta, Böyük İşıqlı, Cüdələr, Çalbair, Dəlidağ, Farmaçtəpə, Hocaztəpə, İşıqlı, Keşiştəpə, Kiçik İşıqlı, Qabaqtəpə, Qatırdaş, Qəhrəmanbəy təpəsi, Qırxqız dağı, Qəzılboğaz, Qəzılqaya dağı, Qızıltəpə, Qoruğundağ, Qurqundağ, Tərxanyalı, Yəhərtəpə yüksəklikləri yerləşir. Çayları Həkəri və onun qollarıdır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ qara torpaqlara malikdir. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Heyvanat aləminə qayakeçisi, çölsiçanı, cüyür, çöldonuzu, sincab, süleysin və s. aiddirlər. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim üstündür. Orta temperatur yanvarda −10 °C-dən 0 °C-yədək, iyulda 10–22 °C-dir. İllik yağıntı 600–900 mm-dir. Rayonun cəmi torpaq sahəsi 166488 hektardır. Ondan da 75781 hektarı kənd təsərrüfatına yararlı, 12102 hektarı isə əkin yeridir.
Rayon bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənddən ibarətdir.Ağalaruşağı, Ağanus, Ağbulaq, Ağcakənd, Ağcayazı, Ağoğlan, Alxaslı, Alı Xəlifə ocağı, Alıcan, Alıqulu, Alpout, Arduşlu, Aşağı Cicimli, Aşağı Fərəcan, Aşağı Qarasaqqal, Avazlar, Ayıbasar, Baldırğanlı, Bəylik, Birinci İpək, Birinci Tığik, Bozdağan, Bozgüney, Bozlu, Budaqdərə, Bülövlük, Bülüldüz, Cağazur, Cicimli, Çəmbərəkənd, Çıraqlı, Çıraqlı, Çorman, Dambulaq, Daşlı, Dəyhan, Dəyirmanyanı, Əhmədli, Ələkçi, Ərdəşəvi, Ərəb, Ərikli, Əyrik, Fərraş, Fətəlipəyə, Fingə Güləbird,, Hacıxanlı, Hacılar, Hacısamlı, Haqnəzər, Hətəmlər, Hoçaz, Hüsülü, Xaçınyalı Xanalılar, Xırmanlar, Xumarta, İkinci Tığik, İmanlar, İrçan, Kaha, Kalafalıq, Kamallı, Katos, Kəravuz, Korcabulaq, Köhnə Çorman, Köhnəkənd, Kürdhacı, Qalaça, Qarabəyli, Qaraçanlı, Qarakeçdi, Qarasaqqal, Qarıkaha, Qarıqışlaq, Qazıdərə, Qılınclı, Qışlaq, Qızılca, Qorçu, Qoşasu, Qovuşuq, Qozlu, Quşçu, Lolabağırlı, Malxələf, Malıbəy, Mayis, Mazutlu, Məlikpəyə, Mığıdərə, Minkənd, Mirik, Mişni, Mollalar, Nağdalı, Narışlar, Nurəddin, Oğuldərə, Piçənis, Pircahan, Sadınlar, Sarıbaba, Seyidlər, Səfiyan, Sonasar, Soyuqbulaq, Suarası, Sus, Şamkənd, Şeylanlı, Şəlvə, Tərxanlı, Təzəkənd, Turşsu, Türklər, Uludüz, Unannovu, Vağazin, Vəlibəyli, Yuxarı Fərəcan, Zabux, Zağaltı, Zerti, Zeyvə, Ziyrik kəndləri aiddir. Abdallar, Babadin, İkinci İpək, Laçınkənd, Məzməzək, Muncuqlu, Yuxarı Qarasaqqal kəndləri ləğv olunmuşdur.
İşğal olunmuş rayonun yerli əhalisi 01 yanvar 2014-cü il tarixə 80 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.[6] Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirir. Bu məqsədlə əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonuna ermənilərin qanunsuz məskunlaşdırılmasını həyata keçirir. ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8–11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır.[7]
2009-cu il əhalinin siyahıyaalınması məlumatına əsasən rayon əhalisinin 66671 nəfərini azərbaycanlılar, 1914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir.
Etnik qrup | 1959 sa.[8] | 1970 sa.[9] | 1979 sa.[10] | 1999 sa.[11] | 2009[12] sa. |
---|---|---|---|---|---|
cəmi əhali | 24 734 | 35 642 | 47 261 | 63 162 | 69 087 |
azərbaycanlı | 24 466 | 33 186 | 44 665 | 58 058 | 66 671 |
kürd | [q 1] | 2 125 | 2 437 | 5 073 | 1 914 |
türk | … | … | … | 8 | 464 |
rus | 84 | 130 | 27 | 12 | 28 |
ukraynalı | … | 19 | 1 | 6 | … |
ləzgi | 3 | 9 | 23 | 2 | 3 |
tatar | … | 1 | 1 | 1 | 2 |
avar | … | 5 | 10 | 1 | … |
erməni | 137 | 72 | 34 | … | … |
gürcü | 4 | 13 | 9 | … | … |
yəhudi | 1 | 2 | 1 | … | … |
udin | … | 2 | … | … | … |
tat | … | 1 | 1 | … | … |
digər | 39 | 77 | 53 | 1 | 5 |
Qarabağ müharibəsindən sonra imzalanan atəşkəsdən dərhal sonra Ermənistan hakimiyyəti tərəfindən Laçın şəhərinin və rayonun bir neçə ətraf kəndin məskunlaşdırılmasına dair məxfi əmr verilmişdi. Ermənistan bununla Dağlıq Qarabağı aparan yeganə yolun keçdiyi strateji mühüm ərazini nəzarətdə saxlamağa çalışırdı. Ermənistan o vaxt hesab edirdi ki, Laçın rayonunun dörd yaşayış məntəqəsinin məskunlaşdırılması kifayətdir. Lakin ermənilərin və müharibə veteranlarının planları daha böyük idi. Onlar iddia etdilər ki, işğal etdikləri ərazilərin hamısında məskunlaşmağa haqları var, çünki bu ərazilər "qədim erməni torpaqlarıdır". Nəticədə 1995-ci ildə Laçın rayonunun 4 yox, 12 kəndində ermənilər qanunsuz məskunlaşmışdı. 2004-cü ildə isə Laçın və kəndlərində, o cümlədən digər ətraf rayonlarda yaşayan ermənilərin sayı 13.500-ə çatmışdı.[13]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |