Salamzadə Ərtegin Əbdül Vahab oğlu — Sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (30.06.2014),[1] Azərbaycan Dizaynerlər İttifaqının üzvü.
Ərtegin Salamzadə | |
---|---|
Salamzadə Ərtegin Əbdülvahab oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Kiyev şəhəri |
Atası | Əbdülvahab Salamzadə |
Elmi dərəcəsi | Sənətşünaslıq üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yerləri | |
Alma-mater | M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu |
Ərtegin Salamzadə 1987-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Təsviri sənət tarixi və nəzəriyyəsi» bölməsini bitirmişdir. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışır[2].
1992-ci ildə Bakıda namizədlik, 2002-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. Sənətşünaslıq üzrə elmlər doktoru, professordur[2].
1996-2010-cu illərdə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmiş, 2010-cu ildən İnstitutun direktorudur. 2010-cu ildən etibarən eyni zamanda İnstitutun «Təsviri və dekorativ-tətbiqi sənətləri» şöbəsinə rəhbərlik edir. 2010-cu ildən «İncəsənət və mədəniyyət problemləri» Beynəlxalq elmi jurnalının baş redaktorudur. 2009-cu ildə Memarlıq və İncəsənət üzrə Respublika Problem Şurasının sədri təyin edilmişdir[2].
Hal-hazırda Azərbaycan Memarlıq-İnşaat Universitetinin «Dizayn» kafedrasının professorudur. Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür[2].
Bakı, İstanbul, Daşkənd, Almatı, London, Budapeşt, Tunis, Moskva, Sankt-Peterburq və Krasnodar şəhərlərində nəşr olunmuş, Azərbaycan sənətşünaslığının tarixi və metodologiyasına, dizayn və heraldikanın vizual dilinin problemlərinə həsr olunmuş 160-ə yaxın elmi əsərin müəllifidir. Onlardan «Azərbaycan sənətşünaslığı. XX əsr» (2001), «Elçin Əlibəyli: rəssam və bədii ənənə» (2001), «Dizayn və informasiya» (2006), «İncəsənət və sənətşünaslıq» (2009) monoqrafiyaları, «Dizayn tarixi» (1995), «Vizual informasiya» (2003) ali məktəblər üçün tədris vəsaitləri, «Məlik Ağamalov. Boyakarlıq» (2000), «Tofiq Rəsulov. Şəbəkə» (2009) və «Akmal Nur. Boyakarlıq» (2011) kataloqları qeyd olunmalıdır[2].
Türkoloji sənətşünaslıq sahəsində ixtisaslaşır. Moldovada keçirilmiş MDB ölkələri yaradıcılıq və elmi ziyalıların IV Forumunun, Rusiya, İtaliya və Tunisdə keçirilmiş bir sıra elmi konfransların iştirakçısıdır[2].