İncəsənət və mədəniyyət problemləri — Beynəlxalq elmi jurnal, Memarlıq və İncəsənət İnstitutunun orqanı. Jurnalın baş redaktoru Sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadədir[1].
İncəsənət və mədəniyyət problemləri | |
---|---|
Baş redaktor | Ərtegin Salamzadə |
Tiraj | 200 |
Təsisçi | Memarlıq və İncəsənət İnstitutu |
Qərargah | Azərbaycan. Bakı şəhəri. |
Dil | Azərbaycan dili |
2007-ci il jurnal üçün növbəti ciddi yeniləşmə ili olmuşdur. Həmin ildən jurnal indiki formatında, 200 nüsxədə, öz dizaynı və loqosunu saxlayaraq çap olunur. Hazırda jurnalın dövriliyində də kəmiyyət dəyişikliyi baş vermişdir və o rüblük nəşrə çevrilmişdir. Ən ciddi yenilik isə jurnalın statusu ilə bağlıdır. Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə jurnal təklif olunan nəşrlər siyahısına daxil edilmişdir. İndi məcmuə, məqalələr üçün rəylərin mütləq alınması da daxil olmaqla AAK-ın bütün formal tələblərinə cavab verir[2].
Jurnalda dərc olunan müəlliflərin coğrafiyası saydan-saya genişlənir. Məcmuənin səhifələrində əcnəbi alimlərin imzaları görünməyə başlayır ki, onların da sırasından professor Vladimir Petrovun (Rusiya), professor İvan Santonun (Macarıstan), professor Georgi Poçerçovun (Ukrayna), sənətşünaslıq doktoru Rauf Fərhadovun (Rusiya), fəlsəfə doktoru Meysera Kayanın (Türkiyə) adlarını xüsusi qeyd etmək istərdik. Bundan əlavə, son üç il ərzində jurnalda Türkiyə, Misir və İran vətəndaşı olan doktorant, aspirant və magistrların da məqalələri dərc olunur[2].
"İncəsənət və mədəniyyət problemləri" jurnalında mütəmadi olaraq Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Macarıstan, Rusiya, Ukrayna, Misir və İrandan olan müəlliflərin araşdırmaları dərc edilir[1].
"İncəsənət və mədəniyyət problemləri" beynəlxalq elmi jurnalının WEB-saytı yaradılıb. Üç dildə – Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən WEB-sayt dörd bölmədən: beynəlxalq redaksiya heyətinin tərkibi, jurnalın tarixi, jurnalın cari sayları və xəbərlər bloku bölmələrindən ibarətdir. WEB-saytın təşkili jurnalın beynəlxalq statusunu əks etdirir, həmçinin müəlliflər dairəsinin və jurnalın səhifələrində dərc olunan elmi ideyaların nüfuz edəcəyi informasiya məkanının sərhədlərini genişləndirməyə xidmət göstərir[2].
Jurnalın məzmun baxımından təbii keyfiyyət dəyişikliyi prosesi professor Vladimir Petrovun (Rusiya), professor Gülnarə Abdrasulovanın (Qazaxıstan, baş redaktorun müavini), professor Kamola Akilovanın (Özbəkistan) və professor Oğuz Ceylanın (Türkiyə) daxil olduğu beynəlxalq redaksiya heyətinin yaradılması aktında bir daha özünün məntiqi davamını tapdı[2].
Azərbaycanı həmin redaksiya heyətində əvvəlki kimi baş redaktor, professor Ərtəgin Salamzadə, Azərbaycan MEA-nın müxbir üzvləri Şamil Fətullayev, İnqilab Kərimov, Zemfira Səfərova, Rəna Məmmədova, professorlar Rəna Abdullayeva, Sevil Fərhadova təmsil edir. Jurnalın məsul katibi vəzifəsini bu günədək sənətşünaslıq doktoru Səltənət Tağıyeva yerinə yetirir[2].