Əsasül-iqtibas — (fars. اساسالاقتباس) Məntiq elmində "bəşərin ustadı" hesab edilən Xacə Nəsirəddin Tusinin əsəridir. Öz sahəsində nadir və misilsiz olan bu qiymətli əsər, "şeyx-ər-rəis" adlanan İbn Sinanın "Şifa" adlı məntiq kitabından sonra məntiq elmi üzrə yazılmış ən yaxşı və ən mükəmməl kitab hesab edilir.[1] Qeyd etmək yerinə düşər ki, məntiqə həsr olunan Əsasül-iqtibas əsərində Nəsirəddin Tusi İbn Sinanın ardıcılıdır.[2]
Bu kitabın niyə məhz "Əsasül-iqtibas" adlanmasının səbəbi dəqiq məlum deyil. Ola bilsin ki, bu kitab məntiq barədə yazıldığından və bilidiyimiz kimi məntiq elmi digər elmlər üçün əsas rol oynadığından Xacə Nəsirəddin Tusi bu adı həmin kitaba münasib görmüş və kitabı belə adlandırmışdır.
Bu kitabın digər kitablardan üstünlüyü kimi onun fars dilində sadə yazılmasını, çox vaxt faydası olmayan irad və etirazlardan çəkinərək oxucunu sərgərdanlıqdan xilas etməsini, məntiqin bütün mövzularını əhatə etməsini qeyd etmək olar.
Tusinin yorulmaz tədqiqatçısı olan Mudərris Rəzəvi Əsas əl-iqtibas əsərinin önsözündə onun 113 əsərinin adını qeyd etdikdən sonra 21 əsərin də adını qeyd edərək onların Tusiyə məxsus olub-olmaması barədə fikir ayrılıqlarının olduğunu qeyd etmişdir.
Tusi mənitq barəsində bir neçə əsər yazmışdır ki, onların həcmcə ən böyüyü Əsas əl-iqtibas əsəridir.
Məntiqi ilk dəfə tərtib edərək sistem halına salan Aristotel, öz məntiqini altı hissəyə bölüb onu "Orqanon" adlandırdı. Sonra isə ona "nitq" və "şer" adlı iki traktat də əlavə etdi. Buna görə də Aristotelin məntiq kitabı səkkiz hissə və ya səkkiz kitabdan ibarət olmuşdur. Ondan sonra isə Tirli Porfiri, Aristotelin məntiq kitabına bir "giriş" yazıb onu "İsagoge adlandırdı. Buna görə də məntiq kitabı doqquz hissədən ibarət olmuşdur. İbn Nədim, özünün "Əl-fehrest" kitabında yazır:
"Aristotelin məntiq təlimləri onun özünün tərtibatına görə səkkiz hissədən ibarət olmuşdur. "İsagoge" adlanan fəsil isə Porfiri tərəfindən əlavə edilmişdir. Aristotelin tərtib etdiyi fəsillər birlikdə "Orqanon" adlanır".
İslam alimləri də çox vaxt öz yazdıqları kitablarda Aristotelin həmin təsnifatını əsas götürmüş və "İsagoge" kitabını Aristotel məntiqinə artırmaqla öz kitablarını "doqquz kitab" və ya "doqquz məqalə" formasında tərtib etmişlər.
O cümlədən "şeyx ər- rəis" kimi tanınan Əbu Əli Sina da "Şifa" adlanan öz məntiq əsərini doqquz bölməyə ayırmış və hər birini "kitab" adlandırmışdır. Hər bir kitabı fənnlərə bölmüş və hər bir fənni isə fəsillərə ayırmışdır. Xacə Nəsirəddin Tusi də bu kitabı yazarkən İbn Sinanın "Şifa" məntiq kitabında olan tərtibata uyğun olaraq, öz əsərini doqquz bölməyə ayırmış və hər birini "məqalə" adlandırmışdır.
"Əsasül–iqtibas" adlı digər bir neçə kitab da yazılmışdır. O cümlədən, onlardan biri də ərəb şer və nəsr kitablarından bəhs edən qazi İxtiyarəddin ibn seyyid Ğiyasəddin Əl-Hüseyninin "Əsasül-iqtibas" kitabıdır. Digər bir kitab isə Mirzə Tahir Vəhid Qəzvini tərəfindən II şah Abbas haqqında yazılan tarix kitabıdır.
Bu kitabın yazılma tarixinə gəldikdə isə əlyazma nüsxələrinin çoxunun sonunda qeyd edildiyi kimi onun yazılma tarixi [hicri qəməri tarixi ilə] 642-ci ildir (1244–1245-ci illərə təsadüf edir- tərcüməçi). Buna görə də bu kitab tarixi baxımdan "Əxlaqi- Nasiri" kitabından sonra və "Şərh əl- İşarat" kitabından isə əvvəl yazılmışdır.
Xacədən bir müddət sonra öz dövrünün üstün şəxsiyyətlərindən olan Məhəmməd ibn Əli Farsi Astarabadi, "Əsasül–iqtibas" kitabını Xacənin digər bir neçə kitabı ilə birlikdə ərəb dilinə tərcümə etmişdir.