Əsra Pənahi (az-əbcəd. عصرا پناهی; 5 mart2007, Ərdəbil – 13 oktyabr2022, Ərdəbil) — 12 oktyabr 2022-ci ildə Ərdəbil şəhərində Məhsa Əmini etirazları zamanı qətlə yetirilmiş İran azərbaycanlısı yeniyətmə.[1][2] O, Şəhid Qızlar Liseyində hökumətyönlü nümayişə qatılmaqdan və "Salam Fərmandeh" mahnısını ifa etməkdən imtina edən bir qrup tələbə arasında idi.[3] Şagirdlərin məktəbə çağırılan mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü bildirilmişdir. Pənahi aldığı ağır xəsarətlərdən sonra Ərdəbildə yerləşən Fatimi xəstəxanasında vəfat etmişdir.[4]
Pənahi üzgüçü kimi tanınmış, 28–29 noyabr 2018-ci il tarixlərində Azərbaycan qızlarının sərbəst üzgüçülüyündə (Azərbaycan Kuboku 2017) 50 m və 100 m məsafələrə sərbəst üzgüçülükdə üçüncü yeri (bürünc), fərdi hesabda (11–12 yaş qrupu) və 4 x 50 metr yarışında sərbəst üzgüçülük üzrə komanda (11–12 yaş qrupu) üçüncü yeri (bürünc) qazana bilmişdir. Bu yarışlar Təbrizdəki Abadgəran hovuzunda keçirilmişdir.[9][10][11][12]
Pənahi həm də 2017-ci ildə Şərqi Azərbaycan ostanının qadınlar arasında üzgüçülük liqasında 12 yaşa qədər qrupda ən yaxşı üzgüçü seçilmişdir.[13][14] O, 2018-ci ilin sentyabr ayında İranın ən yaxşı üzgüçülük istedadlarının olimpiadasında Şərqi Azərbaycan ostanının nümayəndəsi kimi iştirak etmiş, 13–14 yaş qrupunda 50 metr arxası üstə üzmə üzrə respublika üzrə altıncı yeri tutmuşdur.[15]
Əsra Pənahi 12 oktyabr 2022-ci ildə mülki geyimli qüvvələrin Ərdəbildə Şəhid Qızlar Liseyinə basqın etməsindən sonra qətlə yetirilmişdir.[2] Məktəbin rəsmiləri tələbələri hökumətyönlü nümayişdə iştirak etməyə[4] və Əli Xamneyini tərifləyən ideoloji "Salam Fərmandeh" mahnısını oxumağa məcbur etmək istəyirdilər.[16] Məktəbə toplaşan bəzi məktəbli qızlar Məhsa Əmininin öldürülməsinə, hökumətə və məcburi hicaba etiraz olaraq burada iştirak etməkdən imtina etmişdir. Şagirdlərdən birinin valideyni demişdir ki, müəllimlər və tələbələr "diktatora ölüm" şüarları səsləndirmişdilər.[4] Məktəb rəsmiləri tərəfindən çağırılan mülki geyimli təhlükəsizlik qüvvələrinin şagirdlərə hücum etdiyi, onları döydüyü və qızlardan 10 nəfərinin həbs edildiyi bildirilmişdir. Pənahi hücumdan sonra Fatimi xəstəxanasına aparılan 12 tələbə arasında olmuşdur. O, aldığı ağır xəsarətlər, o cümlədən daxili qanaxma səbəbindən vəfat etmişdir.[17][18][19][20][2]
Əsra Pənahinin ölümü İslam Respublikasına son qoyulmasını tələb edən nümayişçilərin, xüsusən də Ərdəbildə nümayişlər üçün çağırışa çevrilmişdir. 15 oktyabr 2022-ci ildə Pənahinin ölümü ilə bağlı Ərdəbildə genişmiqyaslı etirazlar və nümayişlər keçirilmişdir.[6][7]
Pənahinin ölümünün hansı şəraitdə olması dövlət rəsmiləri tərəfindən mübahisələndirilmişdir. İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Dana" informasiya şəbəkəsi Pənahinin əmisi olduğunu iddia edilən maskalı şəxsin müsahibəsinin videosunu yayımlamışdır. O, Pənahinin anadangəlmə ürək xəstəliyinin olduğunu və xəstəxanaya aparıldıqdan sonra gecə yarısı vəfat etdiyini demiş, onun ölümünün "heç bir mitinq və ya üsyanla bağlı olmadığını" vurğulamışdır.[6][16] İranın dövlət rəsmiləri və dövlət xəbər agentlikləri Pənahinin ürək xəstəliyindən əziyyət çəkdiyini iddia etmişdilər.[21] Onun əmisi dövlət televiziyasında onun ölümünün təhlükəsizlik qüvvələri tərəfindən deyil, ürək problemindən qaynaqlandığını iddia edən müsahibə vermişdir.[21] Ərdəbil parlamentinin üzvü Kazım Musəvi Pənahinin intihar edərək öldüyünü iddia etmişdir.[21]
2022-ci il noyabrın 28-də Azərbaycan Respublikasındakı gənc qızlar İranda qadın hüquqları uğrunda mübarizə aparan insanlara və orada öldürülmüş azərbaycanlı qızlar Hədis Nəcəfi, Əsra Pənahi və Aylar Həqqinin xatirəsinə fləşmob keçiriblər.[22][23][24][25] Fləşmobun sonunda Əsra Pənahi və digər öldürülmüş azərbaycanlıların şəkilləri nümayiş etdirilib və "Xəbərimiz var, sizinləyik!" yazısı yazılıb.[26]
İran Mütəxəssislər Məclisinin üzvü və Ərdəbil imam cüməsi Həsən Amili verdiyi müsahibədə tələbələrin valideynlərinin icazəsi olmadan Ərdəbildə "Salam Fərmandeh" mərasiminə aparılmamalı olduğunu bildirmi.dir. O, Pənahinin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsini təkzib etmi.? onun təbii yolla vəfat etdiyi iddiasını dəstəkləmişdir.[27]
İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası ilkin olaraq Pənahinin ölümünün məktəbə mülki geyimli təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində baş verdiyini bildirmişdir. Saatlar sonra onlar ifadələrində dəyişiklik edərək qeyd etmişdilər ki, tələbənin ölüm səbəbini nə təsdiq, nə də təkzib edə bilməyiblər.[8][2]
Keçmiş iranlı futbolçu, azərbaycanəsilliƏli Dayi demişdir: "Bu müəssisədə elmi və bilik bazalarımı inkişaf etdirdiyim Şərif Texnologiya Universitetinin tələbələrinin etirazlarına və onlara təhqirlərə qarşı hökumətin təzyiqi nəticəsində yaranan səssizlik bu gün Ərdəbilin məktəblərində günahsız şagirdlərə hücum doğma şəhərim Ərdəbildə məktəblilərin döyülməsinə və digər qızlarımın qanının axıdılmasına səbəb oldu. Bu susqunluq ölümlə başa gəlir və hər gün İranın ürəyinə başqa hərarət gətirir. Bu, insanlığa və ölkəmə xəyanətdir".[28]