Əyləc — fırlanan (val, çarx) və ya düzxətli hərəkətdə olan maşın və ya maşın hissələrinin hərəkətini ləngidən və ya dayandıran mexaniki, hidravlik, pnevamtik və ya elektrik işləyən qurğudur. Əyləc xarici (mexaniki) və daxili sürtünmə (mayelərdə) və ya elektrik enerjisini (burulğanlı cərəyanlı əyləc) istifadə etməklə yaradılır. Ümumi şəkildə əyləclərin aşağıdakı funksiyaları vardır:
Əyləclərin növləri onların işləmə prinsipindən asılı olaraq təyin edilir . Məsələn, sürtünmə əyləci kimi dodaqlı, barabanlı, diskli və çox diskli əyləclər; burulğanlı elektrik cərəyanla işləyən, müqavimət və cərəyanın əksinə; su ilə işləyən əyləc; hava müqaviməti (təyyarələrdə enmədə istifadə edilən lövhə) və təzyiq əleyhinə (buxar maşınlarında) işləyənlər mövcuddurlar. Mexaniki prinsiplə işləyən əyləclərdə hərəkətli hissədə olan kinetik enerji mexaniki enerjiyə, çox hallarda isə istilik enerjisinə çevrilir. Aşağıda bunlardan bir neçəsinin quruluşu təsvir edilmişdir.
Diskli əyləclə hərəkət edən hissəyə bərkidilmiş disk bir və ya iki tərəfli olaraq üzərinə qat çəkilmiş kötüklər arasında sıxılır . Kötüklərin disk üzərində sıxılması hidravlik olaraq yerinə yetirilir. Təzyiq götürüldükdə kötüklər yaylar vasitəsilə geriyə dartılırlar. Onlar sərt və ya hərəkətli olaraq bərkidilirlər. Diskli əyləclərin istismarı nisbətən asandır. Kötüklərin üz qatı yeyildikdə onları asanlıqla dəyişmək olur. Çatışmayan cəhəti dayandırma zamanı bu konstruksiyanın gücləndirici effektə malik olmamasıdır. Ona görə də, bu əyləclər tətbiq edilən maşınlarda əlavə olaraq aşağı təzyiq ilə işləyən sistemdən istifadə edilir. Onlar əsasən qabaq təkərlərdə tətbiq tapırlar. Diskli əyləclərdə sıxıcı qüvvənin yaradılması üsuluna görə hidravlik sistemlə bərabər yayla işləyən diskli əyləclər də mövcuddur. Yaylı diskli əyləc üfüqi və şaquli vəziyyətdə hərəkətləri saxlamaq üçün tətbiq edilir. Əsas tətbiq sahəsi maşınqayırma, külək dəyirmanları, nəqledicilərdir. Onlar böyük fırlanma momenti üçün nəzərdə tutulur və yüksək istilikötürmə qabiliyyətinə görə daha davamlıdırlar.
Barabanlı əyləc avtomobillər üçün nəzərdə tutulmuş sürtünmə əyləcidir. O, xarici baraban, daxildən təsir edəbilən iki əyləc dodaqları və dodaqları barbanın divarlarına sıxmaq üçün hidravlik silindrdən ibarətdir. Dodaqlar barabanın divarına hidravlik olaraq sıxıldıqda yaranan sürtünmə qüvvəsi hərəkəti ləngidir və ya dayandırır. Təzyiq götürüldükdə isə yaylar dodaqları geriyə çəkir və barabanın xarici fırlanan hissəsini sərbəst buraxır. Barabanlı əyləclərin üstün cəhəti ondan ibarətdir ki, qapalı sistemdə işləyən baraban əyləclər xarici mühitin təsirindən (məsələn: su, duz, toz) daha yaxşı qorunur. Buna görə də, təmir intervalı disk əyləclərinə nisbətən çox böyükdür. Çatışmayan cəhəti ondan ibarətdir ki, fasiləsiz işlədikdə qızır və nəticədə əyləc qatı yeyilir, baraban istidən deformasiya edərək öz formasını itirir və dodaqlar səthə düzgün sıxılmır.
Lentli əyləc də sürtünmə ilə işləyən əyləc olub, başqalarından fərqi ondadır ki, burada barabanın xaricinə lent dolamaqla sürtünmə yaradılır. Bu üsul texnikada çox az tətbiq olunur. Əsas tətbiq sahəsi kranlardır.