Maşınqayırma

Maşınqayırma — ağır sənayenin bir sahəsi olub müxtəlif maşınlar, avadanlıqlar, cihazlar, həmçinin müdafiə əhəmiyyətli məhsullar və istehlak malları istehsal edən iqtisadiyyat sahəsi.

Ümumi xarakteristika

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatın bütün sahələrini əmək aləti ilə təmin etdiyinə görə mütəxəssislər maşınqayırmanı sənayenin ürəyi adlandırırlar. Maşınqayırma elmtutumlu sahədir və elmi-texniki tərəqqinin bələdçisidir. O eyni zamanda elmi-texniki nailiyyətlərin sınaqdan keçirilməsi poliqonudur. Yeni texniki, texnoloji, təşkilati, estetik, erqonomik ideyalar burada yaranır, burada həyata vəsiqə alır. Əhalinin daha savadlı hissəsi burada çalışır.

Maşınqayırma klassik mühəndislik elmi olub, təkcə maşınların, mühərriklərin və ötürmələrin hazırlanması ilə məhdudlaşmır. Müasir maşınqayırma texnikanın başqa sahələri ilə kəsişən bir çox yeni sahələri də əhatə edir. Bu sahənin kökü fizikaya əsaslanan mexanika, termodinamika, materialşünaslıq və o cümlədən konstruksiyaetmə, simulyasiya, modelləşdirmə kimi müasir informasiya texnologiyası ilə də bağlıdır. Maşınqayırma özü-özlüyündə 100-dən çox ayrı-ayrı istehsallar, sahələr, yarımsahələr, elmi-texniki komplekslərdən ibarətdir. Yeni iş yerlərinin yaradılmasında, yeni məhsulların bazara çıxarılmasında, ölkə iqtisadiyyatının güclənməsində, ölkənin iqtisadi müstəqilliyinin artmasında, hərbi cəhətdən güclü olmasında maşınqayırmaya alternativ sahə yoxdur. Bütün bunlarla yanaşı maşınqayırma ölkənin iqtisadi gücünün barometridir. Maşınqayırmanın səviyyəsinə görə ölkənin sosial-iqtisadi inkişafı haqqında fikir söyləmək olar: maşınqayırması yaxşı olan ölkənin inkişaf səviyyəsi də yüksək olur. Bu gün sənaye cəhətdən inkişaf etmiş ölkələrin iqtisadiyyatında aparıcı mövqe maşınqayırmaya və onunla əlaqədar olan istehsal və sosial infrastrukturlara məxsusdur. Geri qalmış ölkələr bir çox cəhətdən elə ona görə geri qalmış ölkələr adlandırılır ki, onların maşınqayırma sənayesi geri qalmışdır. İnkişaf etmiş ölkələr geri qalmış ölkənin yeraltı sərvətlərini daşıyıb aparırlar, emal sənayesinin inkişafı haqda düşünmürlər. Belə ölkələrdə maşınqayırma bir qayda olaraq ya heç inkişaf etmir, ya da çox zəif səviyyədə olur. Bu cür hal ölkəni, əmək alətləri əldə etmək nöqteyi-nəzərincə inkişaf etmiş ölkələrdən asılı edir. Sonda bu cür asılılıq hərbi münaqişələrə də səbəb olur.

Azərbaycanda maşınqayırma

[redaktə | mənbəni redaktə et]

Maşınqayırmanın sahələri

[redaktə | mənbəni redaktə et]

Ənənəvi olaraq maşınqayırma aşağıdakı sahələrə bölünür: ağır maşınqayırma, ümumi maşınqayırma, dəqiq maşınqayırma, orta maşınqayırma, metal avadanlıqların istehsalı, maşın və avadanlıqların təmiri. Azərbaycanda maşınqayırma üzrə mütəxəssislər Azərbaycan Texniki UniversitetiAzərbaycan Dövlət Neft və Sənaye Universitetinda hazırlanırlar.

İqtisadiyyatın bütün bölmələrində və maşınqayırmanın özündə texnoloji tərəqqi prinsipcə yeni cihaz, alət, tərtibat tələb edir. Bütün bunlar maşınqayırmada istehsal edilir və elm-tutumlu məhsullardır. İnkişaf etmiş ölkələr elmi-tədqiqat və layihə-təcrübə işlərinə çəkilən xərclərin yarısından çoxunu maşınqayırmaya yönəldirlər. Beynəlxalq statistika maşınqayırma sənayesini beş qrupa bölür: metalyayma, qeyri-elektrik maşınqayırması, elektrik maşınqayırması, nəqliyyat avadanlıqları və dəqiq alətlər. Maşınqayırmanın inkişafına yönəldilən vəsaitin sahələrdaxili bölüşdürülməsində bu bölmələrin inkişafına differensial yanaşılır, tələb və təklif nəzərə alınır.

İqtisadiyyatda rolu

[redaktə | mənbəni redaktə et]

Maşınqayırma məhsulunun ticarəti də dünya ticarətində mühüm yer tutur. Dünya ixracının ümumi həcmində maşın və avadanlıqların xüsusi çəkisi 37%-ə çatır. Ümumi ixracda maşınqayıma məhsulunun xüsusi çəkisi Yaponiyada 64%, ABŞAlmaniyada 48%, İsveçdə 44%, Kanadada 42%, təşkil edir. Maşın və avadanlıqların dünya üzrə ticarətinin 80%-i inikşaf etmiş ölkələrin payına düşür. İnkişafda olan ölkələrin payı 10%, Rusiyanın isə dünya maşınqayırma məhsulu üzrə ixracdakı payı cəmi 1%-dən də az təşkil edir. Bu rəqəmlər bir daha sübut edir ki, maşınqayırma aparıcı sahədir, lakin hər bir istənilən ölkə onu inkişaf etdirmək iqtidarında deyil. İnkişaf etmiş ölkələr isə bu problemin öhdəsindən uzun illərdir ki, bacarıqla gəlirlər. Bir qayda olaraq, bu ölkələrin sənayesində maşınqayırmanın xüsusi çəkisi yüksək (32–38%) olur. Dünya maşınqayırmasının sənaye məhsulu həcmindəki xüsusi çəkisi təxminən 35% təşkil edir. Emal sənayesinin də tərkibində maşınqayırma və metal emalı üstün yer tutur. Son illər dünya emal sənayesi məhsulunun həcmində maşınqayırma və metalemalı sahəsinin xüsusi çəkisi 42–44%-ə çatmışdır.

Maşınqayırma sənayesinin coğrafiyası

[redaktə | mənbəni redaktə et]

Dünya iqtisadiyyatına aid ədəbiyyatlarda planetimizdə dörd əsas maşınqayırma regionu fərqləndirilir. Birinci region — Şimali Amerikanı əhatə edir. Bu region digər regionlardan özünün aparıcı mövqe tutması ilə fərqlənir. Dünya maşınqayırmasının 30%-ə qədəri bu regionun payına düşür. Ən mütərəqqi maşınqayırma məhsullarının istehsalı (müasir kompüter texnikası, təyyarə, raket-kosmos texnikası, müxtəlif hərbi texnika və sursatlar) əsasən bu regionda istehsal edilir. Bu regionda baş mövqe ABŞ-yə məxsusdur. ABŞ-nin sənayesi dünya sənayesində dayanıqlı yüksək yer tutur. Amerika sənayesinin strukturunda aparıcı yeri maşınqayırma tutur.

Maşınqayırmanın strukturu da mütərəqqidir. Elektron, elektrotexnika, avtomobil sənayeləri maşınqayırmada xüsusi yer tutur. Aviaraket-kosmik texnika istehsalı da ABŞ maşınqayırma sənayesində xüsusi yer tutur. Elektron maşınqayırmasında yüksək xüsusi çəkiyə sənaye və hərbi tə-yinatlı məmulatlar malikdir, məişət tipli əşyalar nəzərə çarpacaq dərəcədə azlıq təşkil edir. Amerika sənayesində maşınqayırmadan sonra ikinci yeri kimya sənayesi tutur. Bu sahənin müəssisələri neft və qaz çıxarılan rayonlarda yerləşdirilmişdir. Kimya sənayesinin zavodları Meksika körfəzində və ABŞ-nin şimalında daha çoxdur. Bunun da səbəbi idxal neftin bu yerlərdən ölkəyə daxil olmasıdır. Amerika sənayesinin digər inkişaf etmiş ölkələrdən fərqli cəhəti hasilat sənayesinin yüksək inkişaf etməsidir. Amerika təbii resurslarla zəngin bir ölkədir. Burada zəngin neft, qaz, daş kömür, əlvan və qiymətli metal yataqlarıı vardır. Neft, qaz sənayesi qabaqcıl mövqelərdə dayanır. Maşınqayırma sənayenin bütün bu sahələrini yüksək texniki-iqtisadi göstəriciləri olan avadanlıqlarla təmin edir.

Şimali Amerikanın ikinci böyük ölkəsi olan Kanada da sənaye cəhətdən yüksək səviyyədə inkişaf etmişdir. Bu ölkədə sənayenin aktiv hissəsi — emal sənayesi daha çox inkişaf edib. Bununla yanaşı bu gün Kanada nikel, uran, asbest, alüminium kimi xammal materiallarını hasil və istehsal edir və bu sahədə dünya üzrə aparıcı mövqe tutur. İstehsalın artım sürətinə görə Kanada sənayesində "xammal" resursları sənayesi — neft və qaz sənayesi qabağa gedir. Təklifin azalması və qiymətin tez-tez dəyişməsi Kanadanın xammalla əlaqədar olan ənənəvi sahələrinin müəssisələrində mənfəət normasının və kapital qoyuluşunun azalması müşahidə olunur. Eyni zamanda sənayenin aparıcı sahəsi olan maşınqayırmada yüksəliş olur: burada son zamanlar elektron, elektrotexnika kimi elmtutumlu maşınqayırma sənayesinin məhsulları nəzərə çarpacaq dərəcədə yüksəlmişdir. Ümumi maşınqayırmanın inkişafında, telekommunikasiya vasitələrinin istehsalında, kimya və avtomobil sənayesində inkişaf sürətlə gedir. Kanada sənayesinin başlıca xüsusiyyətlərindən biri də sənayenin aktivində xarici investorların payının 40%-ə çatmasıdır ki, onların da 70%-i ABŞ kompaniyalarına məxsusdur. Sənayenin digər sahələrində isə xarici kapital daha üstün yer tutur. Məsələn, kimya sənayesində fəaliyyət göstərən kompaniyaların aktivlərinin 63%-i, elektrik enerjisi sənayesində — aktivlərin 62%, avtomobil sənayesində isə bu rəqəm hətta 92% təşkil edir.

İkinci region — Qərbi, Mərkəzi və Şərqi Avropanı əhatə edir. Bu region dünya maşınqayırma məhsulunun 30%-ni verir. Bu regionda ənənəvi baza sənaye sahələrindən olan metallurgiya, maşınqayırma və metal emalı, kimya sənayesi yaxşı inkişaf etmişdir. Maşınqayırmanın mikroelektronika, robototexnika, optik elektronika kimi müasir və qabaqcıl sahələrinin inkişafına görə Qərbi Avropa dünya güc mərkəzlərinin qalan ikinsindən — ABŞ-dən və Yaponiyadan geri qalır. Yüksək texnoloji məhsullar hələlik əsasən Almaniyada istehsal edilir. Mərkəzi və Şərqi Avropa ölkələri orta səviyyədə inkişaf etmiş ölkələr qrupuna daxildirlər. İqtisadiyyatın strukturunda sənaye və aqrar sənaye mühüm yer tutur. Lakin sosialist sisteminin dağılması sənayenin bu ölkələrdə inkişafına mənfi təsir göstərdi. Son illərdə bəzi dövlətlərdə (məsələn, Polşada) iqtisadi inkişaf özünü göstərir ki, bu da sənayenin inkişafı üçün yaxşı perspektiv yaradır. Bu ölkələrin Avropa Birliyinə daxil olması prosesi başa çatdıqdan sonra sənayenin inkişafı üçün yeni imkanlar yarana bilər.

Üçüncü region — Şərqi və Cənubi Şərqi Asiyanı əhatə edir. Dünya maşınqayırma məhsulunun təxminən 25%-i bu regionun payına düşür. Region gəmiqayırma, avtomobil sənayesi, məişət elektronikası sənayesi sahəsində irəlidə gedir. Yaponiya bu regionda maşınqayırmanın inkişafını idarə edir. Elmtutumlu maşınqayırma əsasən Yaponiyada inkişaf edir. Nisbətən çox da mürəkkəb olmayan məhsulların istehsalını isə Yaponiya yeni sənaye ölkələrinə istiqamətləndirir.

Dördüncü region — Rusiya və keçmiş SSRİ-yə daxil olan respublikaların daxil olduğu regiondur. Ümumi kontekstdə bu region maşınqayırmanın demək olar ki, bütün sahələri fəaliyyət göstərən regiondur. Lakin az miqdarda elmtumlu maşınqayırma məhsulu əsasən Rusiyada istehsal edilir. İstər Rusiyada və istərsə də MDB ölkələrində mürəkkəb olmayan maşınqayırma məhsulları istehsal edilir. Ümumdünya maşınqayırma məhsulunda regionun xüsusi çəkisi 12–15%-ə çatır. Regionun maşınqayırma sənayesi əsasən Rusiyada yerləşmişdir. Bu ölkədə raket-kosmik texnika istehsalı, aviasiya, maşınqayırma və məişət elektronikası yüksək səviyyədə inkişaf etmişdir.